Bizi insan edən amillərdən biri - Empatiya

Empatiya nədir?
Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, eyni zamanda, başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. Yunan sözü olan empatiya termini “fiziki bağlılıq, meyil” anlamına gəlir.

İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilib. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırıb.

İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni, empatiya qabiliyyətli insan qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, mənəvi əziyyətlərini, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Empatiyanın əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamamışdan əvvəl onun niyə belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.

Empatiyanın növləri

Empatiya əsasən iki yerə ayrılır: Hissi empatiya, idrak empatiyası

Hissi empatiyaya, eyni zamanda, duyğu empatiyası da deyilir. Bu empatiya növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn, narahatçılıq empatiyası hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.

Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi-nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn, bu empatiya növünə sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup insan isə yaratdığı xarakterlərlə təsəvvür yaratmağa meyillidir.

Empatiya-simpatiya

Bir çox hallarda bu iki söz qarışıq salınır. Simpatiya dedikdə, bir insanın sahib olduğu hiss və düşüncələrə rəğbət bəsləmək başa düşülür. Empatiya isə qarşımızdakı şəxsin fikir və düşüncələrini anlamağa əsaslanır. Simpatiya hissi ilə yanaşdığımız insanların duyğu və fikirlərini dəstəklədiyir, empatiya hissi ilə yanaşdığımız insanların fikir və düşüncələrini anlaya, özümüzü həmin şəxsin yerinə qoya bilirik.

Empatiyanın əks anlamı antipatiya adlanır. Bu söz fransızcadan “qarşı duyğu, nifrət, sevməmək” kimi ifadə olunur.

Empatiya çox mühüm anlayışdır. Empatiyası olmayan şəxs normal insan düşüncəsinə sahib ola bilməz. Məsələn, İkinci Dünya müharibəsi dövründə alman əsgərlərinə “mən necə bir cinayət işləyirəm, mən nə edirəm” demək qadağa halını alıb və onun əvəzinə belə olmalıymış kimi fikir formalaşdırılıb. Beləliklə, belə təlim-tərbiyə görmüş insanlarda acıma hissi zamanla ortadan qalxmış və əziyyət çəkən tərəfə rəhm hissi tamamilə yoxa çıxmışdır. Bu cür psixologiya ilə həyat keçirən insanlarda empatiyadan söhbət gedə bilməz. Empatiya anlayışının yox olduğu cəmiyyətlərdə isə sonda çoxlu sayda cinayətlərin baş verməsi müşahidə olunur.

İstinad: ikisahil.az
 

0 şərh