Qəzetsiz Azərbaycan

Bir-iki həftə əvvəlin söhbətidir.
Səhər ertəydi, necə deyərlər, qancıq it hələ tayadan düşməmişdi.
Yaşadığım Bakıətrafı qəsəbədən paytaxta gəldiyim manatlıq taksidən düşüncə ilk işim əlimi cibimə atıb siqaret qutusunu çıxarmaq oldu. Elə o anda qutunu axşamdan boşaltdığımı xatırladım. Gözüm ətrafda siqaret ala biləcəyim ünvanı aradı. Bir neçə addım aralıda qəzet köşkü gördüm.
Bəli, qəzet köşkü…
Qəzetsiz Azərbaycan
Vaxt vardı – hansı ki, ölkədə həqiqətən qəzet(lər) də vardı! – bu köşklər məni həyəcanlandırırdı. Sanki müqəddəs ocaq görürdüm. Gözlərim parlayırdı, içim işqılanırdı. Cibimdəki son qəpiyi onlarda xərclədiyim az olmayıb. İndi isə sadəcə adları qəzet köşküdür. Orada qəzetdən başqa hər şey tapa bilərsiniz: qazsız sudan saqqıza, siqaretdən alışqanacan…
Hətta bir neçə il əvvəl həmin köşklərdən birinə yaxınlaşıb “Azadlıq” qəzetini istəyincə satıcının mənə necə təəccüblə, heyrətlə baxdığını xatırlayıram. Sanki aptekdən dərman yerinə kartof, gül dükanından çiçək yerinə Gəncə dovğası, nə bilim, şərab evindən “Zolotoye koltso” yerinə təsbeh-zad istəmişdim.
Satıcının mat-məəttəl qaldığını görüncə “Qəzet satmırsınız?” deyə soruşmuşdum.
Dillənməyib yanımdakı müştəridən xəbər almışdı: “Siz nə istəyirdiniz?”
Müştəri nəm salfet istəyincə dərin bir nəfəs almışdı. Pis yuxudan ayılmış, həyata dönmüşdü. Qınamalı deyil. Qəzet? Köhnə bir Azərbaycan filmində deyildiyi kimi: “Yox bir qaşqaldaq!”
İnsafən, qarşısında xalaxətrin qalmasın deyə qəzet asanlar da az deyil. Di gəl, onlar da qəzet deyil. Uzaqbaşı kağız parçasıdır. Bir zamanların “Sovet kəndi”nin, “Kommunist”inin… uzaqbaşı rəngli variantıdır. Rənglidirlər, ancaq rəngarəng deyillər. Elə bil plazma televizorda Az.TV-yə baxırsan: tənqid yox, dartışma yox, fikir müxtəlifliyi yox, mövqe ayrılıqları yox. Bir zamanlar məktəblərdəki tənbəl, yaramaz şagirdlərin tənbeh edildiyi divar qəzetləri qədər açıqsözlülük yox. Nə var? “Baş üstə” var. “Qatıq qaradır” var. “Regionun lider dövləti” var. “Analoqsuz inkişaf” var. “Dünya bizi qısqanır” var. “Almaniya dağılır” var. Tək səs, tək rəng var. Olsa, olsa, “icazəli cəsarət” var. Səhifələdikcə zənn edərsən dünyanın xoşbəxti sənsən dünyada!
Yeni texnologiyaların, internetin yaratdığı imkanları danmaq ağılsızlıq olardı. İnformasiya daha əlçatandır. Daha əlçatan olduğu qədər də daha sürətlidir. Bu mənada qəzetçiliyin xeyli geridən gəldiyini burnu fırtıqlı uşaq da bilir.
Lakin indi Azərbaycan qəzetsizdirsə, səbəbi heç də yeni texnologiyalar, internet-filan deyil.

Azərbaycan hələ də onlarla qəzet nəşr olunduğu halda qəzetsizdir. Adları var, dadları yoxdur. Bir növ, Rokfeller üçün buraxılan qəzeti xatırladırlar.
Vaxtilə qoca maqnat Rokfellerin könlünü xoş etmək, “həssas” ürəyinə xal düşməsin deyə onu dünyada hər şeyin qaydasında olduğuna inandırmaq üçün tək nüsxəlik qəzet çap edilirmiş.
Bu gün Azərbaycanda da üç aşağı, beş yuxarı, elə eyni vəziyyətdir: “Rokfeller qəzetçiliyi” at oynadır. Üstəlik, hakimiyyətin açıq maliyyəsi ilə! Və bunun gerçək qəzetçilik üçün böyük ayıb olduğunu bilə-bilə! Bəli, bizdə jurnalistlərə ev tikməyə başlandığı gündən jurnalistikanın evi yıxıldı. Vaxtilə Həsən bəy Zərdabi evini satıb qəzet çıxarırdı, indi qəzetçiliyi satıb ev alırlar, orden-medal alırlar, deputat mandatı alırlar…
Kimsə məni köhnə fikirlilikdə qınamasın: internet, yeni texnologiyalar şübhəsiz ki, böyük şansdır. Bizim kimi üçüncü dərəcəli ölkələrin sakinləri üçün daha böyük şansdır – necə deyərlər, suda boğulanlardan ötrü saman çöpüdür.
Lakin mənim könlümdə qəzetin yeri ayrıdır. Həmişə də belə olacaq.
Çünki qəzetin tarixi bütün dünyada daha çox ali dəyərlər uğrunda mübarizənin tarixidir. İşığın tarixidir. Aydınlığın tarixidir. Bir o qədər də ağrının, qanın, göz yaşının tarixidir. Qısacası, tarixin özüdür qəzet…Bu sətirləri yazarkən sabahın ilk saatlarıdır. Bir-iki saat sonra evdən çıxacağam. Yolumun üstündə azı iki qəzet köşkü var. Onlardan hər hansı birinə yaxınlaşacağam və siqaret istəyəcəyəm.
Yadıma kəndçimiz Musa kişi düşəcək: uşaq vaxtı bizə gəlib tütün bükmək üçün atamın abunə olduğu qəzetlərdən istəyərdi… Nə böyük müdriklik, necə böyük uzaqgörənlik!
Hə, bir də əvəzsiz Üzeyir bəyin məşhur felyetonunu xatırlayacağam: “Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.
Qəzet oxuyan müsəlman bütün aləmin əhvalından xəbərdar olur. Dünyanın bu başında oturub o biri başında vaqe olan dürlü-dürlü hadisə və vaqeələri bilir. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.
Qəzet oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.
Qəzet oxuyan müsəlman… millətini təhdid edən müsibətlərdən xəbərdar olur. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.
Gərək müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri omasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar… Bunların hamısı “halaldır!””

Salamat qalın.
 
 
Müəllif: Elnur Astanbəyli
Mənbə: azlogos.eu
 

0 şərh