Günəş gözlərimizə necə təsir edir?

Günəş şüaları bütün canlıların həyatı və sağlamlığı üçün çox faydalıdır. Müsbət təsiri ilə yanaşı mənfi təsirləri də olan bu şüalardan düzgün yararlanmadıqda səhhətimizə mənfi təsiri qaçınılmaz olur. Günəş şüaları insanın əhvalına xoş təsir edir, depressiyanı aradan qaldırır, sümüklərin möhkəmlənməsinə yardım edir, döş və bağırsaq xərçəngi riskini azaldır. Bu şüaların orqanizmə yararları ilə yanaşı, günəşdən aldığımız ultrabənövşəyi şüaların bəzi zərərli təsirlərini də yaddan çıxarmaq olmaz. Bildiyiniz kimi, bu şüalara qarşı ən hassas orqanımız isə gözlərimizdir.

Günəş şüaları ilə gözlər uzun müddət təmas etdikdə görmə qabiliyyəti zəifləyir, büllur və torlu qişanın zədələnməsi baş verir (el arasında “mirvari suyu” deyilən – kataraktanın, “qara su” kimi tanınan qlaukoma xəstəliyinin yaranmasına səbəb ola bilər). Gözlərin bu zərərli şüalardan qorunması üçün gün eynəklərindən istifadə edilməsi zəruridir. Bu eynəkləri seçən zaman xüsusilə diqqətli olmaq, keyfiyyətli gün eynəklərdən istifadə etmək lazımdır. Çünki keyfiyyətsiz, UV (mənfi ultrabənövşəyi) filtri olmayan gün eynəkləri gözləri zərərli şüalardan qorumaq əvəzinə, əksinə, həmin şüaların gözlərimizə daha çox ziyan verməsinə səbəb olur. Belə ki, işıq az olduqda bəbək genəlir və UV filtrsiz gün eynəkləri zərərli şüaları genişlənmiş bəbəkdən daha çox keçirməklə böyük təhlükə yaradır. Zərərli ultrabənövşəyi şüaların hətta xərçəng xəstəliyinin əmələ gəlməsini sürətləndirir. Sağlamlığının qeydinə qalan hər kəsin ultrabənövşəyi şüaları keçirməyən (UV filtrli) gün eynəklərindən istifadə etməsi məsləhətdir. Gün eynəklərini kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli qruplarına ayırmaq olar. Aksesuar kimi istifadə olunan kosmetik eynəklərin gözlərə ciddi zərəri yoxdur. Gözləri hər hansı bir zərərli şüanın təsirindən qorumayan bu eynəklər sadəcə aksesuar funksiyasını yerinə yetirir. Çox yüksək müdafiəli eynəkləri daha çox hündür daqlıq ərazi və ya qütbarxası ərazilər üçün nəzərdə tutlsa da, gündən qoruyan eynəkləri hər kəs istifadə etməlidir. Müasir dövrümüzdə zərərli şüalardan qorunmaq üçün UV fitrli kontakt linzalar da geniş yayılıb. Bu linzaların gün eynəklərindən fərqi ondan ibarətdir ki, gün eynəklər yalnız gözləri deyil, həm də göz qapaqlarını da qoruyur. Saxta və keyfiyyətsiz eynəklərin gözlərə yetirdiyi ziyanı sıralasaq bitməz. Eynək seçərkən ilk növbədə mütəşəkkil optikalara müraciət etmək lazımdır. Çünki keyfiyyətli eynəklə yanaşı, yüksək ixtisaslaşmış, peşəkar optika işçilərinin məsləhətləri də vacibdir. Onlar alıcının üz quruluşuna, refraksiyasına, şikayətlərinə uyğun məsləhətlər verəcəklər ki, bu da düzgün eynək seçimində çox böyük əhəmiyyət kəsb edir. Üz quruluşuna, şəxsi xüsusiyyətlərə görə eynək seçimi fərqli ola bilir. Məsələn, burun çəpərində əyrilik olan şəxslər ağır eynək taxmaqdan çəkinməlidirlər. Ağır eynəklər burunu sıxaraq çətinləşmiş tənəffüsün qarşısını biraz da alaraq baş ağrılarına, hipoksik vəziyyətin artmasına səbəb olur. Belə şəxslərə titan (yüngül) eynəklərdən istifadə etmək məsləhətdir. Astiqmatizmi olan şəxslər oval formalı, üzə yapışan eynəklərdən uzaq durmalıdırlar. Allergik gözlərə xüsusi qoruyucu örtüyü olan eynəklər məsləhətdir. Əsas eynəyin rahatlığına fikir verin. Ağır və sizi sıxan eynəklər, sizə problemdən başqa heçnə qazandırmayacaq. Eynək üzə tam oturmalıdır. Gözlərlə yanaşı göz qapaqlarını da qorumaq üçün iri linzalı eynəklərə üstünlük verilməsi məqsədəuyğundur. Bu nüansa qadınlarımız xüsusilə diqqət etməlidirlər. Çünki qadınlarda ultrabənövşəyi şüalar göz qapaqlarında vaxtından əvvəl qırışların yaranmasına səbəb olur. Gözlərin narahatlığı və zərərli amillərdən müdafiəsi üçün eynək linzalarının rəngləri də vacib rol oynayır. Qəhvəyi, boz, qara, yaşıl rəngli linzalar daha faydalı sayılır. Əgər gözdaxili təzyiqiniz varsa və yaxud gözlərinizdə xroniki yorğunluq hiss edirsinizsə, yaşıl rəngli linzalara üstünlük verin. Bu rəng spektrləri rəng dalğalarını bərabər payladığına görə gözləri tam müdafiə edir. Gününün çoxunu kompüter arxasında çalışan şəxslər göz zəifliyinə, ağrılarına daha çox məruz qalırlar. Gözlərimizin nurunu daim qorumaq üçün vaxtı-vaxtında həkim müayinəsindən keçmək, oftalmoloqların məsləhət və tövsiyyələrinə əməl etmək lazımdır.
 

0 şərh