Fikrət Qoca şeirləri

Xoşum Gəlir | Fikrət Qoca

Göy güləndə xoşum gəlir,
Həya ilə üfüqdə dan
Söküləndə xoşum gəlir.
Mən göz yaşı sevməyirəm,
Yarpaqlardan şeh damlası
Töküləndə xoşum gəlir.

Yaş o yaş deyil | Fikrət Qoca

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim sonuncu məhəbbətimsən.

Fikrət Qoca şeirləri

Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.

 

 

Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü –
Yaş o yaş deyil ki… heyif ki, deyil.

Gəmilər | Fikrət Qoca

Gəmilər həmişə sahilə gedər,
Dözər yollarının çətinliyinə.
Sevinər sahilə çatana qədər,
Görər ki, bu sahil o sahil deyil,
Başqa bir sahilə üz tutar yenə.
Bilməzlər nə qədər yolu qalıbdır,
həyatları sudur, ölümləri su…
Sahildə gəmilər ölü balıqdı,
dənizin dibində gəmi ölüsü.

Odla Su Arasinda | Fikrət Qoca

Saçları ağ ipəkdi,
gözləri mavi dalğa,
Yerişi elə bil ki,
xoş ətirli küləkdi.
Görüb mat qalmışam mən,
insandı, ya mələkdi.
Istədim yaxınlaşım,
yadıma düşdü yaşım.
Istədim dönüb gedim,
nalə qopardı ürək.
Sancılıb yol yanında
axşama kimi qaldım
bir işıq dirəyi tək.
Qız baxdı, güldü, getdi,
naz-qəmzəsi üstümə
od tək töküldü getdi.
Yerə dikdim gözümü,
danladım öz-özümü:
«Baxmağa utanırsan,
baxmayırsan, yanırsan,
Durma yol ayrıcında,
Ya buza dön, ya da yan,
Ya qoca ol, ya cavan»
.

Gizli sevgi | Fikrət Qoca

Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.

Məhəbbət | Fikrət Qoca

Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!

Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!

Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!

Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…

Yolüstü mənzil | Fikrət Qoca

Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.

Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.

Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.

Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil…
Gələn, gedən nəfəsdi.

Tale Mənimlə Oyun Oynayir | Fikrət Qoca

Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…

Asandı | Fikrət Qoca

İnsan ən uca zirvə-

Ucalmağa başlasa.

İnsan ən kiçik zərrə-

Kiçilməyə başlasa.

Bu fərqin arasında

İnsan, insan, insandı,

Ucalmaq da asandı,

 

Kiçilmək də asandı.

 

0 şərh