Aşıq Ələsgər şeirləri

BƏNZƏRSƏN
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.

Əyricə, Verst dağı, Xankirt baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr elər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.

Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı
Oylaq, bizim oylaqlara bənzərsən.

Aşıq Alı deyər, üç gözəl dərə:
Çiçəkli, Şaqaylı, Xoş gözəl dərə,
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üç dağlara bənzərsən.



Aşıq Ələsgər şeirləri asiq elesger

Aşıq Ələsgər şeirləri

GƏRƏK
Yaxşı yerdə düşdün mənim cəngimə,
Cəngimdən çıxmağa bir hünər gərək.
Maya dura bilmoz nər qabağında,
Meydana girməyə nərə nər gərək.

Saxla dilin, özün üçün qadağa,
Əlimdən gedərsən arana, dağa.
Şahin kimi göydə qanad açmağa,
Havada süzməyə balü-pər gərək.

Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə-bir gərək.

OLDU
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.

Aşıq Alı sənə qurban,
Gəl eyləmə bağrımı qan,
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.

YALVARA-YALVARA
Yad olanda yar peymana,
Qaldım yalvara-yalvara.
Keçən günü xəyalına
Saldım yalvara-yalvara.

Sonaları gölə çəkdim,
Cananımı dilə çəkdim,
Telli sazı zilə çəkdim,
Çaldım yalvara-yalvara.

Bəyaz sinə, şəhla gözü,
Görən kimsə çətin dözü.
Alı deyər bir «hə» sözü
Aldım yalvara-yalvara.

DAĞLAR QOYNUNDA-QOYNUNDA
Tənha qaldı nazlı yarım,
Dağlar qoynunda-qoynunda.
Cüt şamama peymanını,
Bağlar qoynunda-qoynunda.

Peşkəş olmaz nar gələnə,
Meyvə qalmaz qar gələnə.
Amanatı yar gələnə
Saxlar qoynunda-qoynunda.

El yox bizim ellər kimi,
Sadiq siyah tellər kimi,
Yarsız sular-sellər kimi,
Çağlar qoynunda-qoynunda.

Alını yarı şad eylər,
Bir kəs birini ad eylər,
Bülbül gülsüz fəryad eylər,
Bağlar qoynunda-qoynunda.

EYLƏSİN
Peymanında qalan yarı,
Xaliq müdam var eyləsin.
Baxt ulduzu şölələnsin,
Haqqı ona yar eyləsin.

Dağ, dağ olmaz, qarsız ola,
Bağ, bağ olmaz, barsız ola.
Bir gözəl ki, arsız ola,
Dövran onu xar eyləsin.

Zənən bəddisə ərinə,
Məzarın qazdır dərinə;
Qoyma Alının sərinə,
Bu dünyanı dar eyləsin.

SƏNƏ
Leylü-nəhar fərağından,
Yetmir naləm bəyəm, sənə?
Ərz etməyə pünhan sözüm
İmkanım yox deyəm sənə.

Elimin tərlan tavarı,
Ömrümün ilkin nubarı,
Qoyma qala intizarı,
Sanma yad kimsəyəm sənə.

Səmanın ayaz sabahı,
Sevən qəlbin yox günahı, -
Olsan Alı səcdəgahı –
Xanəmdə baş əyəm sənə.

OLMUR
Bizim elin gözəlinin
Camalından doymaq olmur.
Boy-buxunu can alandı,
Ləbləri tək qaymaq olmur.

Əydi budaq bar əlindən,
Dağ zinhardı qar əlindən,
Eşq badəsin yar əlindən
Alsan, yerə qoymaq olmur.

Bir söz dedim yada, qandı.
Bu məkanda qada-qandı,
Sevmək nədi? — Qadağandı;
El-obaya yaymaq olmur.

Aralıyam sirdaşımdan,
Həbibimdi ilk yaşımdan,
Səxa süzür göz-qaşından,
Qeyrisinə uymaq olmur.

Bir əlif yaz, qoy məddini,
Dağıtsan qəmin səddini,
Alı aşdı dərd həddini,
Sana çəkib saymaq olmur.

DAĞLAR
Bahar fəsli, yaz ayları gələndə
Süsənli,sünbüllü, lalalı dağlar
Yoxsulu,ərbabı, şahı,gədanı
Tutmaz bir-birindən alalı* dağlar.

Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən Abi-Həyat** car(i) olur,
Dağıdır möhnəti,məlalı dağlar.

Yazın bir ayıdı® — çox yaxşı çağın;
Kəsilməz çeşməndən gözəl yığnağın.
Axtarma motalın, yağın, qaymağın…
Zənbur çiçəyindən bal alı®,dağlar!

Yayın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yetkin bostana.
Payızın zəmhəri*** qoyur virana,
Dağıdar üstündən cəlalı, dağlar!

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı®.
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

UZAQ YOLLARA-YOLLARA
Badi-səba, ərzim budur,
Dəymə tellərə-tellərə.
Seyraqub gözü tutulub,
Düşsün əllərə-əllərə.

Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm, qaçım
Bizim ellərə-ellərə.

Alı deyər bir gül əkdim,
Gülün çox cəfasın çəkdim.
Qürbət eldə gözüm dikdim
Uzaq yollara-yollara.


ARASINDA
Təzə aşnalıqla köhnə dostluğun
Fərqi var qış ilə yaz arasında.
Namərddə qaydadı: kəsər basdığın,
Hər kəs hеsab çəksin öz arasında.

Qüdrətdən ucalan zülm ilə еnməz,
Haqdan yanan çıraq bad ilə sönməz.
Dost dostdan inciyər, qəlbində dönməz,
Olar bir az ərki naz arasında.

Ələsgərəm, qəmü-möhnətdi yüküm,
Fil çəkməz bu dərdi, mən nеcə çəkim?!
Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.

 

İÇƏCƏK
Qoca dünya çoxun yola salıbdı,
Köçən köçüb, köçməyənlər köçəcək.
Qafil, içmə bu gün əcəl şərabın,
İçən içib, içməyənlər içəcək.

Necoldu var üçün qanlar tökənlər?
Əziz canın al qumaşa bükənlər,
Unutmasın şərmü-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.

Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.

NƏ QALDI
Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora halqa salma dəmirdən;
Aydır, gündür gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?

Lənət gəlsin pis arvadın pirinə,
Cəhd eylər ki, ərin sala dərinə.
Yetən söyər mazarratın goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?

Bilmək olmaz təqdir yazan yazım,
Biri elmin arar, biri nazını.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı?

Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü;
Bir gün deyəcəklər Alı da köçdü,
Sındı telli sazı, təzənə qaldı?

 

0 şərh