Polislər

Avtobusda, metroda polisin qalxıb qadına yer verməsini çox görmüşəm. Doğrusu, ürəkbulandıran mənzərədir. Necə olur, metroda qalxıb yer verdiyi qadını polis mitinqdə, piketdə saçından tutub sürüyür, söyür, təpikləyir. Polis mitinqə çıxan qadınlar haqda heç də yaxşı şeylər düşünmür. Bizim dəyərlərimizin necə çürük olduğu, hər bir «yaxşı» görünən hərəkətin reklama hesablandığı ortaya çıxır. Lap Moyemin «Ay və qara şahı» (Ola bilsin «Teatr» romanında) əsərindəki kimi. Ədabaz bir rəssamı guya adamların fikri maraqlandırmır. O, guya özü üçün rəsm çəkir. Əsərlərinə baxan adamların fikirləri onun üçün əhəmiyyətsizdir. Bir gün rəssamı adaya atırlar. O, adada heç nə çəkmir. Çünki adada rəssamdan başqa heç kim yox idi.
Metroda qadına yer verən polis ətrafındakı adamlar üçün ayağa qalxır. Əksər oruc tutanlar imanları üçün yox, ətrafdakılar üçün oruc tuturlar. Ona görə də qaşqabaqlı gəzib, müxtəlif jestlərlə oruc tutduqlarını ətrafdakılara bəyan edirlər. «Allah qəbul eləsin» sözünü eşidəndə rahatlanır, eşitməyəndə birtəhər olurlar. Məsələn, mən dünən axşam mağazaya girib qarğıdalı salatı alırdım. Başımın üstündən mömin bir müsəlman düz üç dəfə satıcıya dedi ki, onu tez yola salsın, iftara özünü yetirməlidir. Xüsusi statuslu bu cənab hər dəfə öz diliylə oruc tutduğunu bəyan etdikdən sonra adamların sifətinə baxıb, xoş bir reaksiya gözləyirdi. O, həm də gözləyirdi ki, oruc tutduğuna görə, növbəmi ona verim. Bu isə mənim oxuduğum kitablara xəyanətim olardı. Marks, Trotski, Lenin bir tərəfə, Axundovdan ayıbdır…
Azərbaycan polisi
İllərlə Azərbaycan müxalifəti polisi ələ almaqla, polisə qarmaq atmaqla məşğul oldu. Guya polis özü də bezib, onu zorla mitinqə çıxardırlar. Boş sözdür. Mitinqə zorla çıxan polis adama yüngülvari bir zərbə vurub, işini yola verər. Mən onların sifətini görmüşəm. Onlar heç də işini zorla yerinə yetirənlərə oxşamırlar. Polislərin böyük çoxluğu mülki həyatın heç bir sahəsində özünə yer tapa bilməyən adamlardır. Ona görə polislər işini itirməmək üçün hər bir qəddarlığa hazırdılar. Mitinqə çıxmış adamları polislərə göstərib deyirlər: "Əgər bu adamlar hakimiyyətə gəlsə, siz işsiz qalacaqsız. Qırın, bu kafirləri". «Babək» filmində ərəb qoşunlarının sərkərdəsi xürrəmiləri göstərib deyir: «Qırın, bu kafirləri. Qanları halaldır». Beləcə, həyatın heç bir sahəsində uğur qazana bilməyən polis, işini itirmək qorxusundan daha da qəzəblənərək, mitinqə çıxanları qırır, söyür, təhqir edir, işindən zövq alır.
Qəribədir, bütün bu qəddarlıqlar polisə qarşı nifrət oyatmır. Polis müqəddəsdir. Polisin hər bir hərəkəti cəmiyyətimiz tərəfindən zərurət kimi qəbul edilir və əsla ikrah doğurmur. Bizlərdən heç birimiz polisdə çalışan qohumumuzu, tanışımızı, qonşumuzu boykot edə bilmirik. Bizim düşüncəmizə görə, polisin peşəsi onun xarakterini formalaşdırır. Nəhayət, polisin də balası var. Üstəlik, polislər həm də dindardılar. Onlar oruc tutur, ibadət edirlər. Əgər siz iftar zamanı şəhərin mərkəzində yerləşən "Əriştə" kafesinə getsəniz, yarım stəkan qaynadılmış suyu asta-asta içib, üstündən xurma yeyən polisləri görə bilərsiz. Heç də təsadüfi deyil ki, Həcc ziyarətinə gedənlərin çoxu polisdə çalışanlar, prokurorluq, məhkəmə işçiləridir. Rütbənin üstünə bir Hacı titulu əlavə etmək heç kimə mane olmur. Əksinə, iki qorxu əlaməti birləşərək ətrafdakı adamlarda xüsusi hörmət hissi oyadır.

Polis həm də ağsaqqaldır. Polis toyda, yasda hər cür diqqət və qayğıyla əhatə olunur. Polis həm də təbiəti, şeiriyyəti sevir. Heç də təsadüfi deyil ki, meyxana deyənlər həmişə efirdən hacılara salam göndərir, hacılardan dəstək gözləyirlər. Polislərin həcc ziyarətinə getməsi heç də təsadüfi deyildir. Diqqətli oxucular üçün bu cümləni bir daha təkrarlayım. Polis həccə gedir, oruc tutur, Ənvər Seyidov ədalət haqqında roman yazır, meyxanadeyənlər efirdən hacılara öz ehtiramlarını bildirməklə dəstək gözləyirlər. Bütün bunlar müstəqilliyin əleyhinə səs vermiş və müstəqil Azərbaycanın "İstiqlal" ordenini almış Zeynəb Xanlarovanın yaşadığı ölkədə baş verir. Köşə yazarlarının Ramazan ayında araq içməməyinə sevinən Zahid Səfəroğlu üçün Babək tarixi qəhrəmandır. Zahid bəy, kimdir Ramazan ayında araq içməyən köşə yazarı? Zamin Hacı və Şahvələd Çobanoğlu ilə iki gün əvvəl pivələmişəm. Tural, Elnur, Natiq içir. Xaliq Bahadırın və Xalid Kazımlının dinə münasibəti yazılarında dəfələrlə göstərilib. İçməyənlərin yazıb-yazmamağı o qədər də önəmli deyil. Onlar yazıdan yox, şəkildən tanınan yazarlar kateqoriyasına aiddirlər.
Azərbaycan mətbuatında oxunan köşə yazarların əksəriyyəti ateistdir. Lap dərinə getsək, Azərbaycanda dindar olub, həm də oxunan bir nəfər yazar yoxdur. Gerçəkdən maraqlı mənzərədir. İslam dininin gözəlliyindən danışanlara ən gözəl cavab İslam ölkələrini sadalaqmaqdır. İran, Pakistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Banqladeş, Fələstin… Hamısında antisanitariya, cəhalət, savadsızlıq, insan haqlarının pozulması… Burada mütləq qanunauyğunluq var. Əgər siz «o ölkələrin heç birində İslam yoxdur» ənənəvi cümləsini eşitsəniz, klassik sualı təkrarlaya bilərsiz: «Bəs, İslam hardadır?».

«Din-tiryəkdir». Marks kimi nəhəng düha sahibi boş yerə bu sözü deməmişdi. Din tarix boyu despotizmi, qılıncı, zoru, dar ağacını dəstəkləyib. Din hakimiyyətin yanındadır. Hətta qatı dindar xristian ölkələr ateist ölkələrdən insan haqları, həyat tərzi baxımından geri qalırlar. Məsələn, İspaniya və İtaliya ateist Skandinaviya ölkələrindən rifah baxımından geridədirlər. Bütün bunlar ağıllı adamlara bəlli olan faktlardır. O boyda Türkiyədə məktəbi məscidindən böyük kənd, qəsəbə görə bilməzsiniz.
Son

«Qəm pəncərəsi» filminin sonu çox mükəmməldir. Təkcə o kadra görə Anar müəllimin bütün günahlarından keçmək olar. Ziyarətə gedən zəvvarlarla bir faytonun yolu ayrılır. İki yol ayrıcında zəvvarlar faytonda oturan uşağa baxırlar. Baxışlar toqquşur. Faytonda əyləşən uşaq təhsil almağa gedən Mirzə Cəlil idi. O, Azərbaycan xalqına "Ölülər", «Usta Zeynal», «Poçt qutusu» kimi əsərlər, yüzlərlə məqalələr bəxş etdi. Zəvvarlar isə günahlarını yumağa getdilər. Başları günah yumağa o qədər qarışdı ki, axırda yox oldular.
 

0 şərh