SSRİ-də totalitar sovet cəmiyyətinin qurulması

1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurması yeni mərhələyə qədəm qoydu. Hakimiyyətə gəlmiş bolşeviklərlə — qırmızılarla devrilmiş qüvvələr – ağlar arasında mübarizə başlandı. Sovet hökumətinin nəzarət etdiyi ərazilərdə də narazı qüvvələr bolşeviklərə qarşı ağ terrora keçdilər.

Bolşeviklər düşmənlərinin ağ terroruna qarşı qırmızı terror elan etdilər. RSFSR XKS 1918-ci il sentyabrın əvvəllərində qırmızı terror barədə dekret qəbul etdi. Sovet dövləti vətəndaş müharibəsi dövründə hərbi kommunizm siyasətini tətbiq etdi. Bu siyasətə görə bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdirildi; istehsal və bölgü üzərində möhkəm nəzarət qoyulurdu; kəndlilərdən ərzaq sapalağı alınırdı. Bu siyasət bolşeviklərin vətəndaş müharibəsində qələbə çalmasına çox kömək etdi. 1918-1920-ci illərdə baş vermiş hərbi müdaxilə və vətəndaş müharibəsi bolşeviklərin qələbəsi ilə başa çatdı. Sovet hökuməti 1921-ci ildə Yeni iqtisadi siyasətə (YİS) keçdi. Ərzaq sapalağı ərzaq vergisi ilə əvəz edildi. Ərzaq vergisinin sapalaqdan fərqi onda idi ki, indi kəndli istehsal etdiyi məhsulunun artığının sahibi olur, onu bazarda satmağa icazə verilirdi. Bu da kəndlinin maddi marağını artırırdı. Yeni iqtisadi siyasətdə maliyyə-kredit, icarə, təsərrüfat hesablı müştərək müəssisələrin yaradılması, kooperasiyanın inkişafı, azad rəqabət və s. tədbirlər də nəzərdə tutulurdu. Bu dövrün ən mühüm cəhətlərindən biri də vahid partiyalı siyasi sisteminin formalaşması idi. Bu proses vətəndaş müharibəsi dövründən başlamış, 20-ci illərdə tamamilə və qəti olaraq başa çatdırılmışdı. Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) ölkədə yeganə siyasi qüvvəyə çevrilmişdi. Digər siyasi partiyalar qadağan olunmuşdu. Sovet cəmiyyətinin təşəkkülündə 20-ci illərin ortalarından başlanan sosialist yenidənqurmaları mühüm mərhələ olmuşdur.

Bu yenidənqurmalar sisteminə sənayeləşdirmə, kollektivləşdirmə, mədəni və mənəvi həyatı kommunist ideologiyası əsasında formalaşdırmaq daxil idi. Sənayeləşdirmə birinci dərəcəli vəzifə kimi hələ 1925-ci ilin sonunda irəli sürülmüşdü. 1928-1932-ci illəri əhatə edən Birinci beşillikdə sənayeləşdirmə yolunda iri addımlar atıldı. Artıq ikinci beşilliyin (1933-1937) axırında SSRİ aqrar ölkədən güclü sənaye ölkəsinə çevrilmişdi. Sosialist yenidənqurmalarının ən faciəli tədbirlərindən biri də kollektivləçdirmə idi. Burada məqsəd fərdi kəndli təsərrüfatlarını kolxoz və sovxozlarda birləşdirmək idi. 1929-cu ilin ikinci yarısından etibarən başlanılan kollektivləşdirmə ümumən kəndlilərə, xüsusən o zaman kənddə nüfuzlu sima olan qolçomaqlara qarşı çevrilən tədbir idi. Belə ciddi tədbirlər sayəsində 30-cu illərin ortalarında SSRİ-də kolxoz quruluşu formalaşdı. Kollektivləşdirmə nəticəsində kəndlilər cəmiyyətin ən hüquqsuz hissəsinə çevrildilər. 1932-ci ilin sonlarından pasportlaşma sisteminə keçilməsi kəndlilərə tətbiq olunmadı. Pasportu olmayan kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilməzdi. Beləliklə, SSRİ-də keçirilən sosialistcəsinə yenidənqurmalar nəticəsində sənaye və kənd təsərrüfatı üzərində ictimai və dövlət nəzarəti bərqərar oldu. Sosialist yenidənqurmaları nəticəsində əhalinin sosial tərkibi dəyişdi: cəmiyyətdə fəhlə təbəqəsi, kolxozçu kəndlilər və onların içərisindən çıxan ziyalılar qaldı. Sosialistcəsinə yenidənqurmaların siyasi nəticəsi ölkədə totalitar dövlət sisteminin yaranması oldu.

Bütün bunlar 1936-cı ilin dekabrında qəbul edilmiş “qalib gəlmiş sosializm” konstitusiyası adlandırılan Əsas qanunda təsbit olundu. Sosialist yenidənqurmaları təqib, terror və kütləvi siyasi repressiyalar şəraitində həyata keçirilirdi. Sovet totalitarizminin özünəməxsus xüsusiyyətləri var idi. O da mahiyyətcə avtoritar-totalitarizm idi. O, alman totalitarizmindən öz məqsədlərini gizləməyi ilə fərqlənirdi. O,əhalini SSRİ-də dünyada ən demokratik və ədalətli cəmiyyət qurulduğuna inandırmışdı. Əslində, SSRİ-də də totalitar-avtoritar rejim hökm sürürdü.

 

0 şərh