Saçları necə qorumalı?

Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran nədir? 
Bəlkə xərçəng xəstəliyinin dərmanının tapılmasıdır, ümumdünya maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının məhdudlaşdırılmasıdır? Yox, yenə də yox. Böyük alman yazıçısı Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I Dünya müharibəsindən çox adi diş ağrısı narahat edir. Bəli, insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır, onu yalnız öz «qapısını döyən» problemlər maraqlandırır. Məsələn, bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad olmaqdır. Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz ümumidən danışaq, birincidən başlayaq. Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların əsas problemidir. Bundan istifadə edən televiziya və qəzetlər də bar-bar bağırır, problemin qarşısını almaq üçün cürbəcür metodlar və dərmanlar təklif edir. Amma son nəticədə bunların heç biri fayda vermir, çünki adi reklam (oxu: fırıldaq) xarakterlidir. 

saç tökülməsiDüşünürəm ki, burda mətləbə aydınlıq gətirmək üçün mətləbdən uzaqlaşmağa, gənclik illərində rastlaşdığım bir hadisəni danışmağa dəyər. Universiteti təzə qurtarmışdım, Elmlər Akademiyasına təyinat almışdım. Bizim elmi institutda bir komsomol katibimiz vardı, şirindil, boylu-buxunlu oğlandı. Əslən Qazaxdandı, məşhur familiyadandı, odur ki, adını çəkmirəm. Rusca-azərbaycanca sərbəst danışa, böyük-kiçiklə asan dil tapa bilirdi, komsomol rəhbəri kimi yerində idi. İndi ARDNŞ-də işləyir, yenə rəhbər vəzifədədir. Həmin dövrdə üçüncü onilliyi xırdalasa da, hər şeyi, Bakıda evi, maşını vardı, artıq elmlər namizədi idi, evlənmişdi və partiyaya keçmişdi. Bir sözlə, bizim gənclik arzularımızın və ideallarımızın zirvəsi idi. Amma onun da problemi vardı, bizim uşaqlardan sıx, qıvrım saçları olanlara həsədlə baxırdı. Dostumuzun saçları sürətlə tökülürdü, əməlli-başlı seyrəlmişdi. Qarşısını almaq istəyirdi, imkanı da var idi, amma çarə tapa bilmirdi. Ürəyi təmiz, səmimi insan olduğundan dərdini bizimlə bölüşürdü. 

Orta yaşlı nəslin yadına gələr, 80-ci illərdə «Neftçilər» metrosunun yaxınlığında bir Kosmetoloji poliklinika açılmışdı, insanların burunlarını, qulaqlarını sahmana salırdı. Doğrudur çox baha idi, amma dəbdə olan yer idi. Həmin poliklinikada saçların tökülməsini də müxtəlif dərmanlarla və otlarla müalicə edirdilər, hər halda belə deyirdilər və hər gün Az.TV-də reklam edirdilər. Bizim komsomol katibimiz də bu poliklinikaya bir neçə ay gedib gəldi. Doğrudur, bir dəyişiklik yox idi, amma biz ürək-dirək verirdik, hər görəndə "saçların sıxlaşır" deyirdik. Qeyd etdiyim kimi, dostumuz şirindil, səmimi oğlan idi, insanlarla asan dil tapa bilirdi. Kosmetoloji poliklinika da yaxşı bir həkim tapmışdı, əməlli-başlı dostlaşmışdı. Həkim də dediyinə görə, savadlı, insaflı adamdı. Müalicədən bir ay keçir, iki ay keçir, dostumuz pul xərcləməkdə davam edir. Günlərin bir günü həkim dostumuza deyir, qardaş, sənin atanın saçları necədir? Dostum deyir nə saç, keçəldir. Həkim soruşur, bəs dayıların? Dostum gülür ki, onlar hətta atama da qibtə edir. Həkim deyir, qardaş, sən yaxşı oğlansan, özün də savadlı adamsan, amma atan, dayıların keçəlsə, sən də keçəl olacaqsan. Get işinlə məşğul ol, niyə boş yerə pul xərcləyirsən?! 

Beləliklə, saçların tökülməyi, ya qalmağı, hətta ağarmağı, bir qayda olaraq, irsi məsələdir, əsasən ana tərəflə əlaqəlidir. Yəni bizim həkim demiş, sənin dayılarının saçı tökülübsə, səni də bu aqibət gözləyir. Təbii ki, burda da yaxşı və pis tərəfə istisnalar olur, amma müşahidə olunan qanunauyğunluq budur. Və haqlı sual meydana çıxır: Bəs saçların tökülməsinin qarşısını almaq olarmı və mümkündürmü?! Bu sahədə müalicənin hazırkı səviyyəsi danışdığım komsomol dövründən çox da uzağa getməyib. Yəni müxtəlif müalicələrlə, yaxşı pul xərcləməklə saçların tökülməsini ləngitmək olur, amma qarşısını almaq mümkün olmur. Bir qayda olaraq, müalicəni, yəni pul xərcləməyi saxlayan kimi, saçlar daha sürətlə tökülməyə başlayır və əvvəlki qaydasını alır. Bunu yuxarıdakı kimi, vaxtında pasiyentə deyən və onu əlavə xərclərdən çəkindirən yaxşı və insaflı həkimlərin sayı isə sürətlə azalır. Bəs nə etməli?

Hazırda Moskva şəhərində və Avropanın bir çox səhiyyə mərkəzlərində saçların «əkilməsi» üçün xüsusi cərrahi üsullar tətbiq edilir və pozitiv nəticələr verir. Amma burda da bəzi neqativ məqamlar yox deyil. Əvvəla, bu, həddindən artıq bahadır, ağrılı və riskli əməliyyatdır. Həm də hər insana tətbiq oluna bilmir, bunun üçün başının arxa tərəfində - peysərində sıx saçları olan xüsusi pasiyentlər seçilir. Əməliyyatı xəstəxanada, tam steril qaydada iki həkim və 5-6 tibb bacısı tərəfindən, sözün əsil mənasında, zərgər dəqiqliyi ilə həyata keçirir. Əvvəlcədən xəstənin başının tük bitən hissəsi tam yerli narkoz edilir. Həkimlər gözlərinə xüsusi böyüdücü linza geyir. Sonra həkimin biri pasiyentin peysərindən, saçın sıx olduğu hissədən bir neçə tükü dəri ilə (oxu: kökü ilə) birlikdə, dama-dama qaydada kəsib götürür. İkinci həkim eyni zamanda başın saçlar seyrək olan hissəsində xüsusi yuvalar açır. Tibb bacıları kəsilən damaları açılan yuvalarda sürətlə əkməli və qanı kəsməlidirlər. Damalar kəsildikdən sonra bir neçə dəqiqə ərzində əkilməlidir, yoxsa tələf olur. Saçı əkən tibb bacılarının sayının çox olması da buna görədir. Əməliyyat bir neçə saat çəkə bilir. Burda səbirsiz oxucu soruşa bilər ki, niyə məhz pasiyentin öz saçları əkilir, peysəri kəsik-kəsik edilir, başqa sahələrdə olduğu kimi donorlardan istifadə oluna və bu metod hamıya tətbiq oluna bilməzmi? Səbirli olun... Saç əkildikdən sonra pasiyent bir müddət həkim nəzarətində olur, başını istidən, soyuqdan qoruyur. Təxminən bir aydan sonra yeni əkilən saçlar tamamilə tökülür. Burda da əməliyyatın əsil sirri, yəni sizin sualın cavabı meydana çıxır. Əgər, başa donor saçlar əkilmişsə, orqanizm onları yad cisim kimi (məsələn, barmağa batan tikan kimi) rədd edir, yəni saçlar bitmir. Yox, əgər biz deyən qaydada, pasiyentin öz saçları əkilibsə, bir-iki aydan sonra yenidən çıxır və ömürlük qalır. Amma başın arxasında saçların kəsildiyi yerlərdə çapıqlar da qalır. Deməli, pasiyent arxadan saçını uzun saxlamalı və çapıqları gizlətməyi bacarmalıdır.

Göründüyü kimi, bu yol da hamı üçün deyil, ənənəvi müalicədən daha səmərəli olsa da, daha bahalıdır və müəyyən risklərlə əlaqədardır. Yenə də həmin suala qayıdırıq: Bəs nə etməli? Oxucuların diqqətinə çatdırım ki, saçları qorumaq, hətta bərpa etmək üçün yoqların min illərdən bəri işlətdiyi, hamının istifadə edə biləcəyi adi, sadə metodlar da var. Bu metodlara keçməzdən əvvəl bir suala cavab verməyə çalışaq: Saçlar niyə və necə tökülür? Yuxarıda deyildiyi kimi, saçların tökülməyinin müxtəlif səbəbləri, hətta irsi kökləri olsa da, əsas səbəb saçların pis qidalanmasıdır. Yəni saçların kökü kifayət qədər qanla qidalanmır, oksigen və vitamin almır və zəifləməyə başlayır. Burda bizim oxucu üçün əsil sensasiya olacaq bir məqamı diqqətə çatdıraq. Saçlar heç zaman, bizim başa düşdüyümüz kimi, tam tökülmür, saçların kökü ölmür. Ən çox saçı tökülmüş adamın başına hətta ən zəif binokulyarla (onlarla dəfə böyüdən optik aparat) baxanda belə görmək olur ki, saçlar qətiyyən tökülməyib, onlar sadəcə olaraq zəifləyib, nazikləşib və adi gözlə görünmür. Deməli, söhbət saçları bərpa etməkdən, ya yuxarıdakı kimi əkməkdən yox, sadəcə olaraq, gücləndirməkdən gedir. Odur ki, yoqlar saçları gücləndirmək üçün onları yaxşı qidalandırmağı məsləhət görürlər. Yəni saçların dibinə qan axınını gücləndirmək, saçların dibini masaj etmək lazımdır. Və bunun üçün harasa getməyə, mütəxəssisə müraciət etməyə ehtiyac yoxdur. Bunu hamı evində gün ərzində həyata keçirə bilər. Səhər yuyunanda yaş əllərlə saçları sürətlə hərəkət etdirmək məsləhət görülür. Bu prosedur hardasa 5-10 dəqiqə çəkir. Gün ərzində isə bir neçə dəfə stol arxasında oturub dirsəkləri stolun üstünə qoymaqla, barmaqlarla saçların dibini (əsasən seyrələn yerlərdə) masaj etmək lazımdır. Bu proses də 5-10 dəqiqə çəkə bilər. Sadəcə olaraq, səbirli və iradəli olmaq, bu prosesi illərlə aylarla davam etdirmək, yəni həyat tərzinə çevirmək (məsələn, dişləri yumaq kimi) lazımdır. Nəticə isə olacaq, arxayın olun. Yoqların metodları min illərin sınağından keçib və keçməkdədir...

müəllif : Qalib Arif

həmçinin bax: Saçınıza zərər verən səbəblər
Saçların 9 problemi və həlli yolları

2 şərh

puma
Menim cox gur saclarim var idi.hetta saclarinda ayircagi gorunen insanlari gorende hesedle baxardim.  hemiwe ellerim saclarimda- diblerini masaj eleyerek- kitab oxuyrdum.Mektebde oxudugum vaxtdan ta indiyie qeder.Bu menim en pis ve en nifret etdiyim verdiwimdir.Ne qeder tergitmek istesemde alinmadi ki alinmadi.Ve o gur saclarimdan eser-elamet qalmayib.Meni qorenler deyir ki-hami sacinla oynamaginin neticesidir.Neticede-careni senin yazdiglarin kimi yazili tovsiyelerde aradim.harda yazi gorurem tez atiliram oxumaga ki.belke bir faydasi oldu.Amma- ci fayda-yox ki yox.Kim ne yaxwi meslehet verirse -ele ozumun de oxuduqlarimdan -ona emel edirem.Amma yox qardas.Senin bu yazdiqlarini uwaqliqdan elemisem.inanmiram ki.ne mene ne de menim kimilerine faydasi olsun.Mene gore saclarimizi itrmeyimizin sebeblerini- yediyimiz suni yemeklerde-atmosferin cirklenmesinde-eseblerimizin tarima cekilmesinde umumiyyetle bizi ehate eden neqativliklerde axtarmaliyiq.Esas da hessas insanlar.Cox vaxt sac tokulmesi hessas insanlarda daha cox muwahide olunur.   Indi sen de:-Men bu YOQA METODUNA nece inanim?...He unutmadan onuda deyim ki.ne ata- ne de ana terefde neinki kecel- hec saci tokulen bele insan yoxdur.
dr_mahmud
Mənim qonşumun saçında belə problem var idi, Fitoton-1 xınası istifade etdi. Hardasa nesillerinin yaridan coxu bunu istifade edir. hamisi yaxsidilar.