Səfəvilər dövrü Azərbaycanının tarixi-siyasi coğrafiyası

XV əsrin sonları — XVI əsrin ilk illəri Azərbaycanda Ağqoyunlular dövlətinin zəifləməsi, parçalanması və süqutu və Səfəvilər dövlətinin təsisi ilə səciyyəvidir. Bilindiyi kimi, səfəvi şeyxləri uzun müddət hakimiyyət uğrunda mübarizə aparmış, əvvəlcə Ərdəbildə şiəlik məzhəbinin başçıları kimi tanınmışlar, sonra isə ağqoyunlular dövründə yaranmış siyasi vəziyyətdən istifadə edərək hakimiyyətə gəlmişlər. Bu işdə Şeyx Cüneyd, Şeyx Heydər və əlbəttə, I İsmayılın fəaliyyəti mühüm rol oynamışdır. 1501-ci ildə İsmayılın qurduğu Səfəvilər dövləti 1736-cı ilə kimi fəaliyyət göstərmiş və 236 il mövcud olmuşdur.
Səfəvilər dövləti geniş əraziləri əhatə edirdi. Onun tərkibinə Azərbaycan, Ermənistan, Şərqi Gürcüstan, Kiçik Asiyanın şərq hissəsi və demək olar ki, bütün İran ərazisi daxil idi. Dövlətin cənub sərhədləri İran (Fars) körfəzindən, şimal sərhədləri Dərbənd mahalının şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi. Səfəvilər orta əsrlər Şərqində fəaliyyət göstərmiş böyük imperiyalardan idi. Dövlətin paytaxtları müxtəlif dövrlərdə Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri olmuşdur.

Azərbaycan vilayəti geniş əraziləri əhatə edən Səfəvilər imperiyasının mərkəzi vilayəti idi. Dövlətin digər əraziləri, vilayətləri Azərbaycandan idarə olunurdu. Azərbaycan şəhərlərindən Təbriz dövlətin siyasi mərkəzi, Ərdəbil isə dini mərkəzi idi. Təbriz XVI əsrin ortalarında öz mövqeyini əldən verdisə də, Ərdəbil dini mərkəz kimi imperiyanın bütün mövcudluğu dövründə öz rolunu saxladı.
Səfəvilər dövrü Azərbaycanını səciyyələndirən digər mühüm cəhət ölkənin bütün ərazilərinin vahid dövlətin tərkibində birləşməsi idi. Bu baxımdan səfəvilər dövrü başqa dövrlərdən fərqlənir. Səfəvilər ilk növbədə az-çox öz müstəqilliyini mühafizə etmiş dövlət qurumlarını ləğv etdi; 1538-ci ildə şirvanşahların, 1551-ci ildə Şəki məliklərinin fəaliyyətinə son qoyuldu. Beləliklə də, Azərbaycanın bütün əraziləri bir dövlətin tərkibində vahid şəkildə birləşdirildi. Bu səfəvilərin fəaliyyətində ən mühüm müsbət hal kimi qiymətləndirilir. Azərbaycanın vahid şəkildə mövcudluğu iki əsrə qədər mühafizə olundu.
Səfəvilər dövlətinin təsisi və fəaliyyəti nəticəsində Azərbaycanın, bir vilayət kimi, hüdudları da genişləndi. Bu cəhət ölkənin şimali-qərb istiqamətində daha bariz şəkildə nəzərə çarpır. Səfəvilərin apardığı siyasət bu bölgədəki ərazilərimizin çoxalmasına gətirib çıxardı. Müasir Borçalı mahalı, Göycə mahalı tam şəkildə Azərbaycan vilayətinin tərkibində idi. Azərbaycanın həmin bölgədəki sərhədləri təxminən Tiflisə yaxın ərazidən keçirdi. Kartli və Kaxetiya əraziləri də Azərbaycan vilayətinin tərkibində idi. Səfəvilər dövlətinin şimali-qərb ərazilərinin əsasını Azərbaycan və qismən də, Gürcüstan əraziləri əhatə edirdi. XVIII əsr müəllifi Azər Beydili yazır ki, Azərbaycan sərhədləri ilk vaxtlarda Fars (Əcəm) İraqı, Gürcüstan, Ermənistan, Kürdüstan, Şirvan, Muğan əraziləri ilə hududlanırdı, hal-hazırda isə bütün Şirvan, Muğan, Gürcüstan və Ermənistan Azərbaycanın tərkibinə daxildir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, səfəvilər Azərbaycanının, mərkəzi vilayət kimi, ərazisi bütün orta əsrlər Azərbaycanının ən geniş, əhatəli ərazisi olmuşdur. Göstərildiyi kimi, bu dövr Azərbaycanı bir tərəfdən bütün ərazilərinin vahid dövlətin tərkibində birləşməsi ilə diqqəti cəlb edirsə, digər tərəfdən torpaqlarının çoxluğu, hüdudlarının genişliyi ilə fərqlənirdi. Bununla belə, ölkə ərazisinin nə qədər olduğunu bir mənalı söyləmək mümkün deyil. Təxmini hesablamalar Azərbaycanın həmin dövrdəki ərazilərinin 400.000 kv. km-dən artıq olduğunu deməyə imkan verir.
Səfəvilər dövründə Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycanda 4 bəylərbəylik var idi: Azərbaycan (və ya Təbriz) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (və ya Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (və ya İrəvan) bəylərbəyliyi.

Azərbaycan (Təbriz) bəylərbəyliyinin mərkəzi Təbriz şəhəri idi. Onun cənub sərhədləri Zəncan, Sultaniyə, Bidlis, Van ərazilərinə çatırdı. Azərbaycan bəylərbəyliyinin tərkibinə Talış, Astara, Qaradağ, Vərqaxan, Sarab, Mişkin, Kapanat, Xoşkrud, Gərmrud, Muğan, Ucarud, Zunuz, Cors, Marağa, Urmiya, Xoy, Salmas, Lahıcan, Saucbulaq, Mərənd və s. mahallar daxil idi. Dövrün mənbələrində Ərdəbil və Xalxalın Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu göstərilmir. Bunun, irəlidə görəcəyimiz kimi, müəyyən səbəbləri olmuşdur. Əksinə Sulta-niyə ərazisi Azərbaycan (Təbriz) bəylərbəyliyinin tərkibində idi. Bunun səbəbi Sultaniyə mahalının əhalisinin etnik və dil baxımından Azərbaycan əhalisi ilə yaxınlığı olmuşdur. Ümumiyyətlə, 18 mahalı birləşdirən Təbriz bəylərbəyliyi Muğan ərazisini də əhatə edirdi. Təbriz bəylərbəyliyi ərazisində sonralar bir neçə müstəqil xanlıq — Təbriz, Urmiya, Xoy, Marağa, Qaradağ, Sarab və s. xanlıqlar təşəkkül tapdı.

Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Bəylərbəyliyin cənub sərhəddi Kür çayı, şimal sərhəddi Samur çayı və Böyük Qafqaz sıra dağlarının ətəklərindən keçirdi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibində idi. Dərbənddən şimalda olan Dağıstan əraziləri farsdilli mənbələrdə «Diyari-Çərkəs» (Çərkəs diyarı) adlanırdı. Bəylərbəylik qərbdə Kartli və Kaxetiya ərazisinə çatırdı. Şirvan bəylərbəyliyinin tərkibinə Salyan, Bakı, Quba və Kolxan, Dərbənd, Şəki, Ərəş, Alpaut, Ağdaş, Mahmudabad, Çəmişgizək (Kürün sol sahilində, Şamaxının qərbində) əraziləri daxil idi. Bəylərbəyliyin ərazisində Quba, Şamaxı, Bakı, Dərbənd və Şəki xanlıqları təşəkkül tapdı.

Səfəvilər dövründə Azərbaycanın inzibati-ərazi bölgüsündə olan digər 2 bəylərbəyliyin -Qarabağ (Gəncə) və Çuxur-Səəd (Irəvan) bəylərbəyliklərinin ərazisi barədə tarixi faktlar daha çoxdur. Məlum olduğu kimi, osmanlı Türkiyəsi Gəncə-Qarabağ əyaləti barədə 2 dəfə müfəssəl dəftərlər tərtib etmişdir. 1593-cü və 1727-ci illərdə tərtib olunmuş həmin dəftərlərdə əyalətin ətraflı şərhi verilir. Onları müqayisə etdikdə XVI əsrin sonu — XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisinin əsaslı dəyişikliyə uğramadığı bəlli olur. Aşağıdakı cədvəllər bunu daha qabarıq şəkildə nəzərə çarpdırır:
Deməli, Gəncə-Qarabağ əyaləti 1593-cü ildə osmanlılar tərəfindən tərtib olunmuş «İcmal dəftəri»nə görə 7 sancaqdan və onların tərkibindəki 36 nahiyədən ibarət olmuşdur.
1727-ci ilin dəftərində həmçinin 3 şəhər (Gəncə, Bərdə və Xılxına) və 1 qalanın (Lori) mövcudluğu da qeyd edilmişdir. Lakin, cədvəlin 8-ci bölgüsündəki 5 nahiyənin hansı livaya (sancağa) aid olduğu bilinmir. Bununla belə, onların 1593-cü ildə mövcud olmuş Xaçın sancağına daxil olduğunu söyləmək mümkündür. Belə ki, XVI əsrin sonunda Xaçın sancağı həmin 5 nahiyənin 2-sini — Xaçın və Çelaberdi özündə birləşdirirdi.

Gəncə-Qarabağ əyalətinin 1727-ci ildəki inzibati-ərazi bölgüsü
Gəncə-Qarabağ əyalətinin 1727-ci ildəki inzibati-ərazi bölgüsü
 
Cədvəldən göründüyü kimi, əyalətin sərhədləri şimalda Kür çayı boyunca şimali-qərbə doğru, cənubda isə Kür-Araz qovşağından Araz çayı boyunca cənubi-qərbə doğru uzanmışdır. Qərbdə sərhədlər Çuləndər, Bərgüşad, Həkəri, Keştasf, Keştək, Gəncəbasar, Qaraqaya, Türkənlər, Tavus və Həsənlu nahiyələrinin qərbindən (bəzilərinin cənubi-qərbindən), Göycə gölünün şərqindən keçərək şimala doğru davam etmiş, Tiflis əyalətinə daxil olan Borçalı və Taşır nahiyələri ilə həmsərhəd olan Lori qəzasına gedib çatmışdır. Lori ərazisi bu əyalətin tərkibində olmuşdur. Osmanlılar dövründə Qafqazda ən böyük inzibati-ərazi vahidi olan Gəncə-Qarabağ əyalətinin əhalisinin sayı hesablamalara görə 121.975 nəfər olmuş, bunun 65,9%-ni türklər (80.340 nəfər), 31%-ni ermənilər (37.885 nəfər) və 3,1%-ni kürdlər (3.750 nəfər) təşkil etmişdir. Bəylərbəylik əsasən qacar tayfasından olan Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Onun ərazisində sonralar Qarabağ və Gəncə xanlıqları təşəkkül tapmışdır.
Çıtxıtr-Səəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi və İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxur-Səəd Arazın hər iki sahilindəki düzənlikləri əhatə edirdi. Bəylərbəyliyin tərkibinə Naxçıvan (XVII əsrdən), Maku, Paşak və s. ərazilər daxil idi. Bilindiyi kimi, Çuxur-Səəd bəylərbəyliyinin ərazisi müəyyən vaxtlarda osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. Osmanlılar burada da iki dəfə məlumat xarakterli dəftərlər tərtib etmiş və əyalətin vergi ödəmə imkanını müəyyənləşdirmişlər. 1728-ci il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndən aydın olur ki, əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Karni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyələri, Şuragöl livası və Naxçıvan sancağı. XVI əsrin I yarısında İrəvan və Naxçıvan əraziləri ustaclu qızılbaş qəbiləsinin məskəni olmuşdur. Sonralar Çuxur-Səəd bəylərbəyliyi qacar qəbiləsi tərəfindən idarə olunurdu. İrəvan (Rəvan) şəhəri və mahalı əsrlər boyu türklər tərəfindən idarə olunmuşdur. Ermənistan Respublikası ensiklopediyasında verilmiş məlumat bu baxımdan diqqəti cəlb edir: erməni tarixçisi Kaxin Ovaoannes Şaxxatunyan dəqiq xronologiya üzrə XIV əsrin sonlarından başlayaraq 438 il ərzində (1390-1828-ci illərdə) İrəvanın ərazisinə Naxçıvanın azərbaycanlı hakimlərinin başçılıq etdiyini xəbər verir. Sonralar bəylərbəyliyin ərazisində İrəvan və Naxçıvan xanlıqları meydana gəldi.

Səfəvilər dövründə Azərbaycanın bir neçə ərazisi adı çəkilən bəylərbəyliklərin tərkibinə daxil olmamışdır. Ərdəbil və Xalxal əraziləri bu baxımdan diqqəti cəlb edir. Ərdəbil Səfəvilər xanə-danının dini mərkəzi, şiəliyin məskəni olduğundan xüsusi idarə statusuna malik idi və səfəvi şeyxləri tərəfindən idarə olunurdu. Ərdəbilin cənubunda, Gilanın (Dar ül-mərz) cənubi-qərbində yerləşən Xalxal ərazisi isə şah sarayının təyin etdiyi məxsusi hakimlər tərəfindən idarə olunurdu və buna görə də, Təbriz bəylərbəyliyinə daxil deyildi.

Məlum olduğu kimi, Səfəvilər dövlətinin təsisi osmanlı Türkiyəsinin mənafeyinə toxunurdu. Odur ki, XVI-XVIII əsrin I rübündə qısa fasilələrlə davam edən səfəvi-osmanlı müharibələri baş verdi. Bu müharibələr əslində Cənubi Qafqaz, Kürdüstan və İraq ərazilərini, strateji və beynəlxalq ticarət yollarını ələ keçirmək uğrunda aparılmış və dini pərdə altında həyata keçirilmişdir; tərəflər sünni-şiə məsələsi ətrafında mübahisələrə girişərək öz niyyətlərinə nail olmağa çalışırdı. Həmin müharibələr 7 mərhələdə həyata keçirilmişdir və onların əksəriyyəti Azərbaycan ərazisini də əhatə etmişdir. Səfəvi-osmanlı müharibələri Azərbaycanın tarixi-siyasi coğrafiyasına ciddi təsir göstərmiş və ölkə ərazisinin azalıb-çoxalmasına, sərhədlərinin daralıb-genişlənməsinə, inzibati-ərazi bölgüsündə dəyişikliklərə səbəb olmuşdur. Tərəflər arasında bağlanmış sülh müqavilələrinin şərtlərinə uyğun Azərbaycan ərazisi də təbəddülata uğramışdır. Osmanlı-səfəvi müharibələrinin şərhinə varmadan tərəflər arasında bağlanmış müqavilələri (Azərbaycana təsiri baxımından mühüm olanlarını) nəzərdən keçirmək ölkənin tarixi-siyasi coğrafiyasında baş verən dəyişiklikləri xronoloji olaraq izləmək imkanı verir.
1514-1555-ci illərdə davam etmiş səfəvi-osmanlı müharibəsi Amasiya sülhü ilə başa çatdı (29.05.1555). Azərbaycanda möhkəmlənə bilməyən osmanlılar İraqi-Ərəb, Qərbi Ermənistan və Qərbi Gürcüstan ərazilərini ələ keçirdilər. Qars rayonu iki dövlət arasında bitərəf zona elan olundu. Azərbaycan ərazisi Səfəvilər dövlətinin tərkibində qalsa da, məhz bu müharibə nəticəsində dövlətin paytaxtı Təbrizdən Qəzvinə köçürüldü və Təbriz ölkə idarəsindəki yüksək mövqeyindən məhrum oldu.

Səfəvi-osmanlı müharibələrinin 1578-1590-cı illərdə baş vermiş ikinci mərhələsi Azərbaycanın taleyində daha ciddi rol oynadı, ölkə ərazisinin iki hissəyə parçalanmasına səbəb oldu. 1590-cı il martın 21-də bağlanmış İstanbul sülhünə görə bütün Azərbaycan (Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna olmaqla), Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri (Nəhavənd, Luristan və s.) Osmanlı imperiyasına birləşdirildi. Zəbt olunmuş ərazilərdə paşalıq və sancaqlıqlar təşkil olundu. İki dövlət arasında bölünən Azərbaycan ərazisində aşağıdakı sərhəd xətti müəyyənləşdirildi: cənubi-qərbdə Marağa mahalının şərqindən (Miyanə, Sarab, Əhər şəhərlərinin qərb tərəfindən) şimala istiqamətlənən sərhəd xətti Xudafərin körpüsünə çatırdı və oradan düz şərqə tərəf uzanıb Bərzənd şəhərinin cənubundan keçərək Lənkəranın şimalında Xəzərə birləşirdi. Azərbaycanın Zəncan, Sultaniyə, Kağızkonan, Miyanə, Xalxal, Sarab, Ərdəbil, Xiyav, Əhər, Astara, Lənkəran şəhərləri səfəvilərin ixtiyarında qalmışdı. Səfəvilər dövlətinin tərkibində qalmış ərazilər vahid bəylərbəylikdə birləşdirildi. Azərbaycanın qalan ərazisi isə, istər cənub, istərsə də, şimal torpaqları osmanlıların nüfuz dairəsinə keçmişdi. Göründüyü kimi, 1590-cı il müqaviləsi vahid Azərbaycan ərazisinin 2 hissəyə parçalanmasına səbəb oldu və ölkənin tarixi-siyasi coğrafiyasına əsaslı təsir göstərdi. Çox keçmədən paytaxt yenidən dəyişildi və Qəzvindən İsfahana köçürüldü (1598). Nəticədə Azərbaycan dövlətin mərkəzi vilayətindən ətraf vilayətinə çevrildi. Osmanlılar isə Azərbaycan torpaqlarında yeni inzibati bölgü apardılar. Ölkənin mühüm məntəqələrində hərbi qarnizonlar yerləşdirildi. Şirvan Şamaxı və Dərbənd vilayətlərinə bölündü və onlara tabe olan dairələrlə — sancaqlarla birlikdə, ayrı-ayrı bəylərbəyliklərə çevrildi. Şamaxının tərkibinə 16 sancaq (Şamaxı, Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Səədru, Qaraulus, Diku, Siryan, Osmani, Xudat (Xudavərd), Mahmudabad, Ərəş), Dərbəndin tərkibinə isə 8 sancaq (Dərbənd, Şabran, Axtı, Quba, Müskir (Müşkür), Kürə, Çıraq və Rustov) daxil idi. Bu bölgü növbəti səfəvi-osmanlı müharibəsinə kimi dəyişilmədi.

Səfəvi-osmanlı müharibələrinin 1603-1612-ci illərdə baş vermiş üçüncü mərhələsində səfəvilər görkəmli qələbə əldə etdilər, Azərbaycan, Ermənistan və Şərqi Gürcüstan ərazisi geri qaytarıldı. Bu işdə I Şah Abbasın (1587-1629) xüsusi rolu olmuşdur. 1612-ci ildə İstanbulda bağlanmış sülhün şərtlərinə görə osmanlılardan geri alınmış ərazilər Səfəvilər dövlətinin tərkibində qaldı. Azərbaycan ərazisi yenidən vahid şəkildə, bir dövlətin tərkibində birləşdi. 1616-1618-ci illərdə aparılmış səfəvi-osmanlı müharibələri İstanbul sülhünün şərtlərinin təsdiqlənməsi ilə nəticələndi. 1618-ci il sazişinə görə, iki dövlət arasında sərhədlər 1555-ci ilin sərhədlərinə uyğunlaşdırıldı və qərbdə Maku, İrəvan və Tiflisin qərb istiqamətindən müəyyənləşdirildi.

1623-1639-cu illərdə davam etmiş səfəvi-osmanlı müharibəsi Qəsri-Şirin sülhü ilə başa çatdı (17.05.1639) və onun şərtlərinə görə, İraqi-Ərəb Osmanlı imperiyasına qatıldı, iki dövlət arasındakı sərhəd 1612-ci il müqaviləsi əsasında təsdiq edildi. Bu vəziyyət təxminən bir əsrə qədər sabit qaldı.
Səfəvi-osmanlı müharibələrinin sonrakı mərhələsində (1723-1727) osmanlılar yenidən Azərbaycanın Marağa, Xoy, Naxçıvan, Ordubad, Təbriz, Gəncə, Ərdəbil ərazilərini və eləcə də, Şərqi Gürcüstan, Şərqi Ermənistan və Qərbi İranı zəbt etdilər. Onların qələbəsi Rusiyanın Xəzər dənizi hövzəsindəki mənafeyinə ciddi təhlükə törədirdi. Bilindiyi kimi, hələ 1722-23-cü illərdə rus qoşunları Dərbənddən Ənzəliyə qədər Xəzər dənizi sahillərini işğal etmişdi. Həmin ərazilər 1723-cü il sentyabrın 23-də bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiyanın tərkibinə keçdi. Rusiya ilə Türkiyə arasında müharibə təhlükəsi yaransa da, razılıq əldə olundu. Azərbaycan ərazisinin müəyyən hissəsi osmanlıların, bir hissəsi Rusiyanın tərkibinə qatıldı. Osmanlılar tutduqları ərazilərdə yenidən inzibati-ərazi bölgüsü apardılar və sancaqlar sistemi tətbiq edildi.
Səfəvi-osmanlı müharibələrinin son mərhələsində (1730-1736) Nadirin müvəffəqiyyətli hərbi yürüşləri nəticəsində İstanbul sülhü bağlandı (17.10.1736). Onun şərtlərinə görə 1723-cü ildən başlayaraq osmanlılar tərəfindən işğal olunmuş bütün ərazilərin geri qaytarılması razılaşdırıldı. Lakin müqavilənin şərtləri həyata keçirilmədi. Sonralar Nadir şahın apardığı uğurlu müharibələr 1746-cı ildə tərəflər arasında yeni sülh müqaviləsinin bağlanması ilə başa çatdı və osmanlılar 1639-cu ilin sərhəd zonalarını tanımalı oldular.
Göründüyü kimi, səfəvi-osmanlı müharibələri Azərbaycanın ictimai-iqtisadi, mədəni həyatı ilə yanaşı ölkənin tarixi-siyasi coğrafiyasına da ciddi təsir göstərmiş, Azərbaycan ərazilərinin əldən-ələ keçməsinə, inzibati-ərazi bölgüsü baxımından dəyişilməsinə səbəb olmuşdur. Lakin, ayrı-ayrı vaxtlarda ölkə ərazisinin osmanlıların nüfuz dairəsində olmasına baxmayaraq, səfəvilərin fəaliyyətinin əksər dövrlərində Azərbaycan vahid halda onların nüfuz dairəsində olmuşdur.

Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından səfəvi şahı I Şah Abbasın həyata keçirdiyi islahatlar müəyyən maraq doğurur. Tarixi ədəbiyyatda həmin islahatlar ikili qiymətlən-dirilir. Bir qisim tədqiqatçılar Şah Abbasın fəaliyyətinə müsbət, digərləri mənfi qiymət verirlər. Bilindiyi kimi, Şah Abbasın həyata keçirdiyi tədbirlər nəticəsində Səfəvilər dövləti özünün Azər-baycan dövləti mahiyyətini itirib İran (fars) dövləti mahiyyəti kəsb edir. Dövlətin idarəsinə farsların cəlb olunması səfəvilərin mövqeyinə ciddi təsir göstərdi. Dövlət hüquqi cəhətdən səfəvi sülaləsinə mənsub olaraq qalsa da, onun idarəsində farslar əsas qüvvəyə çevrildilər. Paytaxtın İsfahana keçirilməsi isə Azərbaycanın Səfəvilər dövlətindəki aparıcı mövqeyinə ziyan vurdu və Azərbaycan dövlətin ətraf vilayətinə çevrildi. Şah Abbasın fəaliyyətinin bu cür nəticələnməsi əlbəttə Azərbaycan dövlətçiliyinə mənfi təsir göstərdi. Digər tərəfdən Şah Abbasın hakimiyyətə gəldiyi dövrdə Səfəvilər dövləti və eləcə də, Azərbaycan tənəzzül dövrü keçirirdi və dövlətin müxtəlif hissələrə parçalanması, qonşu dövlətlər, xüsusilə də, osmanlı Türkiyəsi tərəfindən zəbt olunması təhlükəsi göz qabağında idi. Şah Abbasın islahatları bu təhlükənin qarşısını aldı. Bir tərəfdən Səfəvilər dövləti öz itirilmiş qüdrətini bərpa edə bildi, digər tərəfdən Azərbaycan vilayəti yenidən vahid şəkildə birləşdirildi və bir dövlətin tərkibində qaldı. Azərbaycan siyasi idarəçilik baxımından ikinci plana çəkilsə də, dini baxımdan dövlətin mərkəzi vilayəti olaraq fəaliyyətini davam etdirdi. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda Şah Abbasın fəaliyyəti və həyata keçirdiyi tədbirlər, islahatlar müsbət qiymətləndirilməlidir. Məhz onun dövründə möhkəmlənmiş Səfəvilər dövləti sonralar 140 ildən çox mövcud oldu və Azərbaycan öz vahidliyini, demək olar ki, qoruyub saxladı.

Səfəvilərin etnik mənsubiyyətləri barədə müxtəlif və elmi əsasa malik olmayan mülahizələr mövcuddur. Onların kürd (Zəki Vəlidi Toğan, Ə.Kəsrəvi, S.Rəhimzadə, N.Şeybani), İran (M.Müşkür) mənşəli olduqları iddia olunur və beləliklə də, Səfəvilər dövlətinin guya əvvəldən İran dövləti olduğu vurğulanır. Akad. V.V.Bartold, İ.P.Petruşevski, O.Ə.Əfəndiyev və s. tədqiqatçılar bu cür mülahizələrin elmi əsasa malik olmadığını dəfələrlə qeyd etmişlər. V.V.Bartold yazır ki, səfəvilər «Ərdəbil şeyxləridir, şübhəsiz fars deyil, türk mənşəlidirlər». İ.P.Petruşevski isə ilk səfəvilərin ana dilinin azərbaycan dili olduğunu göstərir. İlk mənbələrin («Səffat əs-səfa») məlumatı da bunu təsdiq edir. Səfəvilərin əsasını qızılbaş tayfaları təşkil edirdi. Onların tərkibində şamlu, rumlu, ustaclu, təkəli, zülqədər və s. tayfalar əsas yer tuturdular. Səfəvilərin fəaliyyətində həmçinin əfşar, qacar, varsaq, bayat, qaramanlı, barahlı, alpaut, ərəşli, qazaxlı və s. türkdilli tayfalar da yaxından iştirak etmişlər. Bununla yanaşı ölkə əhalisinin tərkibində irandilli və alban tayfaları müəyyən yer tuturdu. Azərbaycan çoxsaylı qəbilələri birləşdirən ölkə olaraq qalırdı.
Səfəvilərin fəaliyyəti Azərbaycanda dövlətçilik ənənələrinin inkişafına və möhkəmlənməsinə xidmət etdi. Sələflərinin təcrübəsindən faydalanan səfəvilər Azərbaycan dövlətçiliyini daha iki əsr davam etdirə bildilər. Dövlət idarəçiliyində yerli ənənələrdən istifadəyə üstünlük verildi.

Səfəvilərin fəaliyyəti əhalinin dini görüşlərində ciddi təbəddülatın əmələ gəlməsinə səbəb oldu. Azərbaycanın, xüsusilə Təbriz əhalisinin əksəriyyəti sünni olmasına baxmayaraq, Ərdəbil şiəliyin mərkəzi kimi şöhrətlənmişdi. Ərdəbil şeyxləri (Cüneyd, Heydər) hələ XV əsrdə şiə təriqətini yaymaqda davam etmişlər və son nəticədə bu təriqətin varisləri kimi məşhurlaşmışlar. I İsmayıl hakimiyyətə gələn kimi ilk növbədə, yəni 1501-ci ilin payızında şiəliyi dövlət məzhəbi elan etdi. Şiə fanatiki hesab olunmayan I İsmayılın dini islahatı ilk növbədə vahid Azərbaycan, mərkəzləşmiş dövlət yaratmaq məqsədindən doğurdu və öz zəmanəsi üçün müsbət hal idi. Lakin, onun bu addımı da tarixşünaslıqda ikili qiymətləndirilir. Şiəliyin möhkəmləndirilməsi ilə Azərbaycanın vahidliyinə, Səfəvilər dövlətinin təsisinə və qüvvətləndirilməsinə nail olan Şah İsmayıl, eyni zamanda, bəlkə özü də hiss etmədən, müsəlman aləmini uçuruma yuvarladı, türk dünyası arasında ciddi qarşıdurma yaratdı. Məhz həmin anlardan pisləşən Türkiyə-İran müna-sibətləri indi də gərgin olaraq qalır və bu əslində İranda yaşayan azərbaycanlılarla (şiələrlə) Türkiyə türklərinin (sünnilərin) qarşıdurmasına çevrilmişdir.

tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI
 

0 şərh