Super süni zəka nəyimizə lazımdır?

Bəşəriyyətin humanizmdən post-humanizmə keçidinin labüdlüyü artıq müasir fikir adamlarında şübhə doğurmur.
İnsanın düşünməyə başlayandan müstəsna xüsusiyyəti saydığı şüur artıq bu sakrallığını itirib. İntellektual prosseslərin alqoritmləri artıq bəllidir və bu alqoritmlər əsasında qurulan proqramlaşdırma dillərində süni intellekt modulları yaradılır və uğurla tətbiq edilir. Nəinki gələcəyi, hətta hal-hazırkı həyatımızı belə bu cür Sİ iştiraklı sistemlər olmadan təsəvvür etmək çətin görünür.
Heç şübhəsiz ki, indi buna müqavimət olsa da, qlobal super süni intellektin də yaradılması yalnız zaman məsələsidir. Bu isə insanı tədricən sözsüz ki, ikinci plana keçirəcək, çünki texnikanın, xüsusən də data və robototexnikanın müasir və gələcək inkişafı, ona qoşulmuş süni intellekt idarəetməsi ilə insana bu sistemdə heç bir şans tanımayacaq.
Süni intellekt, gen mühəndisliyi və robototexnika sahəsində işləyən, ümumiyyətlə insanlığın gələcək taleyi barədə düşünən insanlar bu perspektivlərdən sözsüz ki, xəbərdardırlar. Özlərinin də insan olduqları üçün, onlar bizim bir növ kimi yox olmağımızı istəmirlər. Amma eyni zamanda da elmin məhz bu istiqamətdə inkişafının başqa alternativi yoxdur.
Bunun ən əsas fundamental səbəbi sivilizasiyamızın multiplanetar, hətta transqalaktik mərhələyə çıxması labüdlüyüdür. Əks halda məhvimiz qaçılmazdır. İnsanın isə bioloji xüsusiyyətləri bu şəraitdə, həm də belə uzunmüddətli səyahətlər üçün əlverişli deyil.
Perspektivdə insanın transqalaktik səyahəti ən yaxşı halda genetik material halında mümkün ola bilər. Realistik yanaşma isə ümumiyyətlə informasiya, proqram formatını daha ağlabatan hesab edir.
Hal-hazırda süni intellektlə yanaşı insan beyninin rəqəmsal interfeysinin yaradılması üzrə də işlər aparılır. Bu istiqamətdə xüsusən aktiv işləyən Elon Musk, işlərin bu templə gedəcəyi təqdirdə ilk insan beyni interfeysinin artıq yaxın 20 ildə hazır ola biləcəyini söyləyir.
Bu müəyyən mənada dijital ölümsüzlük demək olacaq, amma bu medalın başqa üzü də var. Hətta dijitallaşdırılmış şəkildə belə insan beyninin müəyyən məhdudiyyətləri qalacaq ki, bu da onu əvvəla təmiz süni intellektlə müqayisədə zəif mövqeyə salacaq, ikincisi də bu cür dijital şüur tam olaraq potensialda yaradılacaq süni intellektdən asılı vəziyyətə salacaq. Yəni dijital insanın proqram şəklində mövcudiyyəti daha üst sistem olan süni intellektdən asılı olacaq.
Burda isə ən əsas sual ortaya çıxır – insan, istər bioloji olsun, istərsə də rəqəmsal, bütün bu qüsurları ilə, gələcəyin super süni zəkasının nəyinə lazım olacaq? Super süni intellekti insanı məhv etməməyə nə motivə edə bilər?
Hal-hazırda bu istiqamətdə ən əsas yanaşma budur ki, biz üstünlüyü maşınlara verməmək üçün mümkün qədər sürətlə özümüz bu sistemin bir hissəsinə çevrilməliyik. Muskun Neurolink layihəsinin əsas məqsədi də budur.
Amma mənim düşüncəmə görə bu, bizi mümkün ola biləcək fəlakətdən sığortalamaq üçün o qədər də güclü arqument deyil.
Düşünürəm ki, insan bir yerdən sonra, belə bir imkan olduqca, yaratmaqda olduğu qlobal süni intellektin matriksinə qeyri-rasional, aksiomatik insana loyallıq komponentini əlavə etməlidir. Yəni insan bir növ öz yaratdığı sistem üçün allahlaşmalıdır.
Bu fikirdən çox spekulyativ nəticələr çıxarmaq olar. Amma bu məsələ dini doqmatik deyil konkret fəlsəfi-epistimoloji yanaşmalar tələb edən məsələdir.
Təbii ki, bu yanaşmanın da zəif tərəfləri var.

Əvvəla texniki olaraq bunu etmək mümkündürmü?
İkincisi mümkün olduğu təqdirdə, bu yaradılmaqda olan super zəkanın effektivliyini azaltmayacaqmı?
Və ən nəhayət super zəka öz təməl strukturuna yaradılış mərhələsində inteqrasiya edilmiş loyallıq komponentini bloklaya bilərmi?
 
 
 
Müəllif: Hacı Hacıyev
Mənbə: sinema.az
 

0 şərh