Uşaq tərbiyəsində cəzalandırma necə olmalıdır?

Uşaqda arzuolunmaz davranışı aradan qaldırmaq üçün adətən valideynlər cəza tətbiq edirlər. Ailələr ümumiyyətlə evdə asayişi qorumaq və uşağın intizam şüurunu artırmaq üçün cəza metodundan istifadə edirlər. Cəza, uşaq üçün lazımlı və uşaq tərbiyəsində vacib rol oynayan məqamlardan biridir. Amma bu üsul düzgün tətbiq edilmədikdə, həddindən artıq sərt olduqda, uşaqlara psixoloj və ya fiziki zorakılıq hesab oluna və uşağın valideynə olan inamını sındıra bilər. 

Özümüzü tərbiyələndirək. 
Uşaq dünyaya gələn andan artıq onunla xüsusi maraqlanmaq, onu ikinci plana atmamaq lazımdır. Çünki o, həyat və yaşam barədə anlayışı olmayan, təcrübəsiz bir insandır. Uşaqlarda ilkin tərbiyə, müşahidə yolu ilə olur. Çünki hələ danışmağı və fikirlər deməyi-anlamağı bacarmayan yeni bir insan, ancaq müşahidə edərək ətraf mühiti və davranışları öyrənə bilər. 0-6 yaş aralığında uşaq üçün ana-ata nümunədir. Uşaq birbaşa ailənin davranışını qəbul edir və onu tətbiq etməyə çalışır. Ailədə şiddət, səs-küy, mənfi ünsiyyət olarsa, uşaqdan sakit və təmkinli olmağı tələb etmək absurddur. Zorakılığı müşahidə edən və hətta yaşayan uşağa nə qədər sakitliyin, düzgünlüyün gözəl olmasından danışsanız da, onun döyüşkən və ya aqressiv olmasının qarşısını ala bilməyəcəksiniz. Ona görə də uşaq tərbiyəsindən öncə özünütərbiyə ilə məşğul olmalısınız. Ədalətsizliyin və şiddətin hökm sürdüyü ailədə sağlam fərd böyütmək ehtimalı çox aşağıdır.


Psixoloji və fiziki zorakılıq uşaqlarda zamanla nələrə səbəb ola bilər ?
Döyülməyə, psixoloji zorakılığa məruz qalan uşaqlar ailələrinə qəzəblənir və zamanla onlara nifrət edirlər. Əksər hallarda uşaqlıqda fiziki və ya psixoloji zorakılığa məruz qalan umşaqlar böyüyüb yetkin fərd olduda, uşaqlıq travmalarının mənfi nəticələri ilə üz-üzə qalırlar. 
Yaşadıqları zorakılıqlar onlara ya şiddətə meyilliliklə, ya qorxaqlıqla ya da davamlı olaraq kimdənsə asılı olmaqla özünü biruzə verir. Həyatda qarşılaşdıqları problemləri şiddətlə həll etməyə meylli olurlar. Özlərinə və ətrafdakılara hörmət etmirlər, özlərinə inamları olmur.


Bəs necə etmək lazımdır ki, tətbiq olunan cəzalar uşaqda travmaya səbəb olmasın ?
Cəza heç vaxt uşağa nəyin doğru və nəyin yanlış olduğunu öyrətmir. Cəza sadəcə uşağa nizam-intizamlı olmağı və gələcək həyatda qanunlarla dolu bir həyatın onu gözlədiyini, hər istədiyini edə bilməyəcəyini, etdiyi hər yanlış hərəkətin bir cəzası olacağını izah etməyin, öyrətməyin bir yoludur. Amma uşağa cəza verərkən mütləq ona nə üçün cəzalandırıldığı izah olunmalıdır. Əks halda onun yanlış hesab etmədiyi bir şey üçün cəzalandırılması, valideynə qarşı nifrət hissini oyada bilər. Ona görə də uşağa etdiyi hərəkətin düzgün olmadığını izah etmək, buna görə də cəzalandırıldığını bildirmək və necə etməlidir ki, cəzaya məruz qalmasın deyə ətraflı izah etmək lazımdır. 


Uşağı yalana sövq etməyin
Bəzən valideynlər «bu uşaqla normal davranmaq mümkün deyil gərək sərt olasan» deyib uşağa qarşı aqressiv, gərgin profil sərgiləyirlər. Amma sözə baxmayan, davamlı sərhədləri pozan uşaqlara qışqırıb və aqressiv davranıb onları yola gətirmək düzgün metod deyil. Bu, uşaqları yalana sövq edir. Artıq sizin anlayışlı olmadığınızı, onu anlamağa çalışmadığınızı görən uşaq, yalan deyib sizi sakitləşdirməyin ən asan yol olduğunu anlayır. Və "əsas odur bu an əsəb və stres keçsin" düşüncəsi ilə sizin əsəbi anınızı sakitləşdirmək üçün sizi qane edəcək amma əslində yalan fikrlərlə sizi sakitləşdirəcək. 


Düzgün cəzalandırma metodu necə olmalıdır ?
Cəza, alçaldılma, təhqir, qorxu olmadan, düzgün və ekspertlərin tövsiyə etdiyi kimi tətbiq edilməlidir. Əgər övladınızı yaxşı bir fərd kimi böyütmək istəyirsinizsə, cəza üsulunda nəzərə alınmalı olan nüanslara əməl etməlisiniz. Uşağın bir mövzuda səhv davranışını gördüyünüz zaman etməli olduğunuz ilk şey xəbərdarlıq etməkdir.

Burada vacib olan məqam, uşağın etdiyi səhvdən uzun müddət keçməməsidir. Səhvin üzərindən 30-40 dəqiqə keçdikdən sonra edilən xəbərdarlıq artıq öz ciddiyyətini və əhəmiyyətini itirir.  Buna görə də səhv hərəkəti müşahidə etdiyiniz anda övladınızı yanınıza çağırıb və ya özünüz ona yaxınlaşıb baş vermş mənfi halı ona izah edib, ilk xəbərdarlığı etmək lazımdır. 
Əgər izdihamlı bir mühitdəsinizsə, uşağınızla tək qalacağınız yerə çəkilin və xəbərdarlığınızı yalnız onun eşidəcəyi formada edin. Sıx mühitlərdə uşağınızın səhvini ona deməyin. Bu həm onun utanmasına səbəb ola bilər həm də sizə fokuslanmaqda çətinlik çəkə bilər.


Əgər xəbərdarlıq etmənizə rəğmən eyni səhv yenə baş verirsə, bu halda artıq övladınıza deyə bilərsiniz ki, onun pis davranışı sizi əsəbiləşdirir və onun səhv hərəkəti ailəniz tərəfindən bəyənilmir.

Və bu davranış bir daha təkrarlanarsa, artıq bu dəfə cəzalandırılacaq.
Onu da qeyd etmək lazımdır ki, heç vaxt uşağınızı sonradan tətbiq etməyəcəyiniz cəza ilə hədələməyin. Yəni ancaq edəcəyiniz, real cəzalarla övladınızı xəbərdar edin. 
Arzuolunmaz davranış hələ də baş verirsə, cəzanı xatırladın. Amma xatırlatma edərkən əsla övladınızla yüksək tonda və ya fiziki şiddət (qolundan tutub sıxmaq, qulağını dartmaq, itələmək və s.) göstərməyin.
Cəzaları isə sərt etməməyə çalışın. Sağlam və adekvat insan böyütmək istəyirsinizsə onun maraq dairəsində olan oyuncaq, oyun, gəzinti, şirniyyat və bu kimi fəaliyyətlərə ilk vaxtlarda qısamüddətli məhdudiyyətlər qoyaraq cəzalandıra bilərsiniz.

Cəza müddəti bitdikdən sonra uşağınızın cəzalandırılmasının səbəbini təkrarlayın və bir də bu halın baş verməyəcəyinə dair ondan söz verməsini istəyin. Daha sonra yaranmış problemə görə üzr istəməsini xahiş edin və bir daha bu davranışı etməyəcəyini söyləyin. Övladınızı qucaqlayın və onun üzrünü qəbul etdiyinizi deyərək cümləni bitirin. Beləliklə övladınız növbəti addımlarını düşünərək və heçkəsi incitməmək üçün ehtiyyatla atacaq. Çünki artıq edilən hər bir hərəkətin hesabatını verməli olduğunu bilir. 

Nəzərə alın ki, övlad əsas tərbiyəni müşahidə edərək alır. Bu səbəbdən siz tərbiyəyə özünüzdən başlamalısınız. Yanlış etdiyiniz zaman övladınızdan üzr istəməyi bacarmalısınız. Məsələn sizin qarderobunuzdan icazəsiz nəsə götürməyini istəmirsinizsə, siz də onun əşyalarını onun xəbəri olmadan götürməyin. Zamanla görəcəksiniz ki, sərgilədiyiniz davranışın eynisini o da sizə tətbiq edir.
 

0 şərh