Nağılın uşaqlara faydası

Nağıl, uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir. Nağılları dinləməklə uşaqlarda qorxu hissi məhv olur, onlarda özgüvən və sərbəstlik hissi artır.
Uşaqlar artıq iki yaşından etibarən nağılları dərk edirlər. Nağıllar vasitəsilə uşaqlar həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir. Uşaqlarla ünsiyyəti ana bətnində olan vaxtdan yaratmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır. Mütəxəssisin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə olunabilən olur. Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün körpələrə layla oxuyaraq uşağı yatızdırmaq məsləhətdir. Bu üsulla, uşaqlarda dinləmə qabiliyyəti formalaşır.
Uşaqlarda dinləmə mədəniyyətini inkişaf etdirmək üçün nağıl danışmaq lazımdır. Bu prosesə uşaq 2 yaşında olarkən başlamaq olar. Düzgün dinləmə qabiliyyəti formalaşan uşaqlar 2 yaşından nağıl dinləmək istəyəcəklər. Bu qabiliyyət düzgün formalaşmayıbsa, uşaqlar nağıl eşitmək istəməyəcəklər. Bu da onların gələcək psixi inkişafı üçün mənfi təsir göstərəcək. Çünki uşaqların idrak fəaliyyətinin inkişafı üçün, yəni duyğusunun, qavrayışının, yaddaşının, diqqət-hafizəsinin, həmçinin təfəkkür və təxəyyülünün inkişafı üçün nağıl dinləmə və oxuma çox önəmli rol oynayır.
Nağıl uşağa gerçəkliyi anlamağa kömək edir. Həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətindir. Həm də bunun nəticəsində uşaq psixi travma ala bilər. Nağıllar isə real həyatı daha yumuşaq formada izah etdiyi üçün uşaq tərəfindən daha asan qavranılır.


Nağıl uşağın yaşına və psixoloji inkişafına uyğun seçilməlidir. Artıq iki yaşında uşaq nağılda baş verən sadə hadisələri və obrazları yadında saxlaya bilir. Bu yaşda uşaqlar, xüsusilə də heyvanlarla bağlı nağılları dinləməyi sevir. Onlar həvəslə nağıldakı obrazların hərəkətlərini və sözlərini təkrarlayırlar. Nağıllarda təkrarlanan hadisələr daha yaxşı yadda qaldığından uşaqlar nağılların bu hissələrini xoşlayırlar. Nağıl kitablarının maraqlı və rəngli şəkillərlə tərtib olunması da nağılları daha yaddaqalan edir. Valideynlər özləri nağıl danışarkən şəkil əvəzinə oyuncaqlardan istifadə edə bilərlər. Nağıl obrazı kimi oyuncaqların iştirakı uşaqların çox xoşuna gəlir.
İki və beş yaş arasında olan uşaqların təxəyyülü daha da inkişaf etdiyindən sehirli, macəralı nağıllara qulaq asa bilirlər. Lakin bu dövrdə uşaqda sehirli nağıllardakı mənfi obrazlara qarşı qorxu hissi yarana bilər. Nağıl danışarkən uşaqların sevdiyi və sevmədiyi obrazlara fikir verməlidir. Əgər uşaq hansısa bir obrazdan qorxursa, ona başqa nağıl danışmaq lazımdır. Uşaq nağıldakı hadisələri başa düşməyəndə isə ona hadisələri izah etməyə çalışılmalıdır. Bəzən valideynlər uşaqlara nağıl danışmır və bunu mənasız bir məşğuliyyət hesab edirlər. Amma nəzərə almaq lazımdırki bununla da uşağın normal inkişafının qarşısı alınır. Nəticədə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi vaxtından əvvəl yanlış anlamasına, düzgün nəticə çıxarmamasına səbəb olur.
Beş və yeddi yaş arasında olan uşaqlara isə istənilən nağılları danışmaq olar. Beş yaşından başlayaraq, uşaq artıq eşitdiyi nağılları danışmağa başlayır. Əgər uşaq bu dövrdə nağılları yadda saxlayıb danışa bilmirsə, ona nisbətən sadə nağılları danışmağa başlayın. Əgər uşaq buna baxmayaraq, sözləri deməyə çətinik çəkirsə, demək onun psixoloji inkişafında problemlər var. Bu halda mütəxəssisə müraciət etmək lazımdır.
Uşaq özü oxumağı öyrənsə belə, ona nağıl danışmaq lazımdır. Əgər uşaq bunu istəyirsə, onu nağıllardan birdən-birə ayırmayın. Nağılların birgə oxunması həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Nağıllar böyüklər və balacalar arasında münasibətin düzəlməsinə, bir-birini daha yaxşı başa düşməsinə kömək edəcək.
Nağıl dinləmək uşaqda təxəyyülün genişlənməsi, sosiallıq və bu kimi müsbət məqamlar yaranmasına kömək olacaq.

Nağıllar uşaqların dünya görüşünü formalaşdırır. Çünki uşaqlar yaxşı, pis xarekterləri nağıllardan öyrənərək tərbiyə alırlar.
Nağıl kitabları uşaqların həm psixoloji, həm də ictimai inkişafında əhəmiyyətli rol oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və hadisələrdən doğru çıxmaq kimi xüsusiyyətlərin təkmilləşməsinə kömək edən hekayələr, uşaqların yaşlarına uyğun seçildiyi halda xarakterin inkişafına da doğru yöndə təsir edir. Demək olar ki, bütün uşaqlar hekayə və nağıllarla böyüyür, xəyal dünyasına çoxlu qəhrəmanlar qonaq edir və onları yuxularında görürlər. Bu xəyallar və xəyali qəhrəmanlar, o uşağın eyni zamanda xarakterinin də meydana gəlməsində böyük rol oynayır. Nağıllar uşağın zəkasını inkişaf etdirməsi, qavrama və diqqət gücünü artırması, söz ehtiyatını zənginləşdirməsi, öyrənmə istəyini və maraq hissiyatını artırması yönü ilə uşağın inkişafında əhəmiyyətli rol oynayır. Psixoloqlar bildirir ki, nağıllarla uşağın dünyasına girmək və xarakterin inkişafı dəstəkləmək olar. Uşaq nağıllarda özünü tapır. Nağıldakı xarakterlə qaynaşır, inteqrasiya olunur, ondan təsirlənir. Psixoloqlar nağılların diqqətli seçilməsini məsləhət görürlər. Çünki nağıllar uşaqların təxəyyülünü genişləndirir. «Ailələr nağıl oxumaq üçün uşaqlarına vaxt ayırmalıdır. Bu nağıllar haqqında uşaqlarla danışmalıdırlar. Nağıllar uşaqların öz dünyalarında qarşılaşdıqları çətinlikləri həll etməsinə köməkçi olub, mühakimə, məntiq, səbəb-nəticə əlaqəsi qurma bacarıqlarını təkmilləşdirir.
Ailə, hekayə və nağıllar vasitəsilə uşaqlarına çatdırmaq istədiklərini — məsələn, yaxşı ilə pis, çalışqan ilə tənbəl, məsuliyyətli ilə məsuliyyətsiz xarakterlərini uşaqlarının dünyasında canlandıraraq, hekayələr vasitəsilə çatdıra bilər. Psixoloqlar uşaqlar üçün hekayə seçimi ilə bağlı bunları təklif edir. 1-3 yaşda olanlar üçün qalın kartonlu və ya parça kitablar, şəkillərin olduğu, parlaq, uşağın diqqətini cəlb edən kitablar seçilməlidir. 3-5 yaşda uşaqların həyatın içindən olan şəkillərlə zəngin, təxəyyülü inkişaf etdirən hekayə kitabları ola bilər. 5-8 yaşlı uşaqlar üçün nağıllarda doğrunu və səhvi bir yerdə saxlayan və daha çox gerçək hekayələrdən ibarət olan bol şəkilli, uşağın diqqətini cəlb edən nağıl kitabları seçilməlidir. 8-12 yaşlı uşaqlar üçün kitabları isə uşağın istədiyi, təxəyyülü inkişaf etdirə bilən macəra, nağıl, hekayə, lətifə, şeir, tapmaca, roman və əfsanələrdən ibarət ola bilər.
Psixoloqlar deyir ki, nağıllarla uşaqlar ətraf aləmi dərk edir. Çünki hər bir nağıl insanların münasibətindən bəhs edir. Nağıl dili isə uşağa tanışdır. Uşaq məntiqi düşünmür, nağıl isə ondan məntiq tələb etmir. Uşaq məcburiyyəti sevmir, nağılın isə məqsdi öyrətməyə məcbur etmək deyil. Nağıllar uşaqlara obrazlar təqdim edir, məsələn, cırtdan, tıq-tıq xanım. Vacib informasiyaları onlar yavaş-yavaş özünküləşdirir.
Valideyinlərin əksəriyyəti isə uşaqlara nağıl oxumağa və ya izah etməyə çalışmır. Buna görə də uşaqlar ana-atayla söhbətdən, ünsiyyətdən məhrum olur. Halbuki nağıllar uşağın dünyasındakı gerçəklərə və duyğulara təsir edir. Uşaq o nağıllarda özünü tapır, özünü axtarır. Nağıl qəhrəmanlarının qarşılaşdıqları maneələri saymaqla bitməz. Uşaq özünü onların yerinə qoyarkən, öz-özlüyündə çıxış yolu axtarır. Beləcə uşağınız nağıldakı qəhrəmanlarla qorxularını paylaşıb, duyğularını dilə gətirir. Bu səbəbdən psixoloqlar uşağın fərdi inkişafında nağılların çox böyük bir əhəmiyyəti olduğunu bildirirlər. Eyni zamanda onların söz ehtiyatı daha zəngin olur. Çünki uşaqlar danışılan nağılla bağlı çoxlu sual verirlər. Bu sualların əksəriyyəti onların aktual dərdlərini ortaya qoyur. Bu yolla hətta uşağın qorxularına və ümumi problemlərinə də bir çarə tapmaq olar. Amma nağıllar qorxulu olmamalı, yaxşı bir sonluqla nəticələnməlidir.
Həyatda qarşılaşdıqları çətinlikləri dəf etmək və problemləri həll etmək üçün müalicəvi nağılların uşaqlara çox faydası var. Buna görə valideynlərin uşaqlara nağıl danışması onların borcudur. Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurularkən, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Ümumiyyətlə qız uşaqları qız, oğlan uşaqları isə oğlan xarakterlərini cəmləşdirərək irəlidəki şəxsiyyətlərinin təməllərini atarlar. Təxminən 4-5 yaşına çatmış uşaqlar nağıllarda izah edilən bir çox hadisənin əslində doğru olmadığını bilirlər.
Bununla yanaşı nağılı izah edən adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını söyləmələrində fayda vardır.
Nağıllar heç bir zaman ümidsizliyə qapılmamaq lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.
Nağıllar vasitəsilə uşaqlar, onlara qayğı göstərən şəxslərlə isti bir əlaqə içərisində, sənət və təhsil məzmunlu bir zaman keçirirlər və bu vəziyyət onların həm idrak, həm də ictimai-psixoloji inkişaflarına olduqca əhəmiyyətli təsir edir. Hər axşam ana və ya atanın təkrar-təkrar eyni nağılı oxuması onu xoşbəxt edər, inkişafına müsbət təsir göstərər. Hekayələrin „xoşbəxt son“ ilə bitməsi, kiçik yaşlı uşaqlarının gerçəkliyinə uyğundur, doğru istiqamətə xidmət edər. Nağıllarda yer alan „qazanan-itirən“, „yaxşı-pis“ və s. anlayışlar, mühakimə bacarığı qazandırmada da əhəmiyyətli rola malikdir. Uşaqlara oxunacaq nağıllar, yaşa uyğun seçilməlidir. Uzunluğu və məzmunu yaşa görə fərqli ola bilər.
Daha çox dağıdıcılıq, döyüş və s. nağıllarındansa, sadəlövh nağıllar seçə bilərsiniz. Bilmək lazımdır ki, kitab oxumaq, yemək yemək kimidir, sevmədinizsə davam edə bilməzsiniz. Buna görə uşağınıza kitablara dair seçki hüququ verməniz, həm sizi maraq və səbirlə dinləməsi, həm də gələcəkdə oxumağı sevən, oxuma marağı olan bir fərd olması üçün əhəmiyyətlidir. 

Hər hansısa bir nağılla tanış olduqdan sonra uşaqla ünsiyyəti dərinləşdirmək, uşağın nağıldan necə nəticə çıxardığını anlamaq və ümumiyyətlə nağıl barədə fikirlərini öyrənmək üçün bəzi məşğuliyyətlər eləmək olar. 
Məsələn:

  1. Gecə nağıl danışdığınız təqdirdə, səhər uşağa „dünənki nağıldan hansı qəhrəman qalıb yadında onu mənim üçün çəkə bilərsən?“
  2. Nağıldan olan qısa epizodları birlikdə canlandırmaq
  3. Nağıl qəhrəmanlarından hansınınsa yediyi faydalı bir yeməyi birlikdə bişirmək
  4. Nağıldaki kralın qılınc-qalxanını evdə düzəltmək və s.

Bu və bu kimi fəaliyyətlər ilk növbədə övladınızla aranızdaki əlaqələri gücləndirəcək. Onun maraq dairəsinə zaman və efor sərf etmək sizi övladınızın gözündə daha xoşagələn hala bürüyəcək. İkincisi isə yuxarıda sadalanan nümunədəki fəaliyyətlərlə siz, övladınızın hansı personajları daha çox sevdiyini, nələrə marağı olduğunu və necə bir ruha sabib olduğunu analiz edə bilərsiniz.

 

0 şərh