Uşaq tərbiyəsində nələrə diqqət etməli?

Son zamanlar, demək olar ki, hər gün «3 yaşlı uşaq quyuda boğuldu», «2 yaşlı uşağı elektrik cərəyanı vurdu», «6 yaşlı uşaq dənizdə boğuldu» kimi xəbərləri eşidirik. Əlbəttə, bu tip hadisələrin baş verməsinin əsas səbəblərindən biri valideynlərinin övladlarına düzgün nəzarət etməməsi, yetərincə diqqətli davaranmamasıdır. Ümumiyyətlə, bizdə uşaq tərbiyəsində, valideyn-uşaq münasibətlərində bəzi problemlər var. Biz tərbiyəli uşaq deyərkən sakit, heç nəyə qarışmayan, valideynlərindən qorxan uşaqlar başa düşürük. Halbuki, bu cür uşaqlar sonralar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər.
Bundan başqa, bu gün analar uşaq tərbiyəsində yeni bir üsul tapıblar. Belə ki, televiziya kanallarının sayının artması onlar üçün yeni və əlverişli imkan yaradır. Ana ev işləri ilə məşğul olur, bu zaman da uşağı otuzdurur televizorun qarşısında. Daha sonra ananın sevimli teleserialları başlayır və onlara baxarkən də uşaq onun yanında olur. Bununla da telemanyankların sayı artır, həmin uşaqların bütün dünyası televiziya, teleserial qəhrəmanları olur.
Bu yaxınlarda bir tanışımız uşaqları ilə birlikdə bizə qonaq gəlmişdi. 5 yaşlı balaca qızın davranışı və danışıqları məndə böyük təəccüb və təəssüf doğurdu. Bu qızcığaz bir neçə saat ərzində mənə ancaq bəzi Türkiyə kanallarında yayımlanan teleserialların qısa məzmununu və böyüyəndə hansı serialdakı qız kimi olmaq istədiyindən danışdı. Bu azyaşlı uşağın maraq dairəsinin belə lazımsız istiqamətlərə yönəlməsi, doğrudan da bugünkü cəmiyyətin əsas problemlərindəndir. Əlbəttə, bunun günahı o qızda yox, bütün günü onunla bu seriallara baxan valideynində idi.

Əti sənin, sümüyü mənim


Bizdə uşaqların tərbiyəsinə iki cür yanaşma var. Bir qisim onları hər şeydən məhrum edib, qadağalarla böyüdür, digərləri isə uşağa heç bir çərçivə qoymur. Əslində isə bunların hər ikisi də yanlış düşüncədir.
İlk olaraq uşaqları qadağalarla böyüdənlərdən danışaq. Uşağı «xəyali» şeylər — cin, xoxan, qaraçı, damdabaca ilə qorxudurlar ki, səs salsan, onlar gələcək. Bəzi valideynlər isə "əlini vurma, az sual ver, az danış, qonaq getdiyimiz evdə sakit otur, danışma" və bu kimi əmrlər verirlər. Sabah da həmin uşaq nə bağçada, nə məktəbdə, nə də universitetdə və ümumiyyətlə heç bir mühitdə özünə yer tapa bilmir. İçinə qapalı olan bu uşaqların intiharı halları da artır.
Bir qisim valideynlər isə uşaqlara heç bir qadağa qoymayanlardır. Onların fikrincə, «uşaqdır, hər şey edə bilər, böyüyəndə özü hər şeyi başa düşəcək». Həmin uşaqlar daha məsuliyyətsiz olurlar. Əgər axşam saat 12-də uşaq evə gəlməyibsə, valideyn də onun üçün narahat olub maraqlanmırsa, bu, ciddi problemlərin yaranacağından xəbər verir. Belə valideynlərin diqqətsizliyi nəticəsində də elə bədbəxt hadisələr baş verir. Əslində isə balaca uşaq olan evdə hər şey onlara uyğun yerləşdirilməlidir. Məsələn, elektriklə işləyən cihazlar, şüşə qablar, uşaqlar üçün təhlükəli olan əşyalar uşaqların əli çata bilməyən yerlərdə yerləşdirilməlidir.
Bundan başqa, bizdə uşağı bağçaya, məktəbə yazdırarkən "əti sənin, sümüyü mənim" prinsipini əsas tuturlar. Yəni onlar maraqlanmırlar ki, «müəllimlər onlarla necə davranır, uşaqlar necə oxuyurlar, məktəbə gedir, dərs oxuyurmu?» və s. Bir birinci sinfə aparırlar, hərdən-bir də bayram, valideyn iclası olanda gedirlər.
Məktəblərin də uşaqlara tam nəzarət edə biləcəyini deməkdə çətinlik çəkirik. Məsələn, əgər uşaq dərsə gecikibsə, müəllim onu dərsə buraxmır. Nəticədə həmin şagirdin o vaxtda hansı yanlış işlərlə məşğul ola biləcəyi, müxtəlif qruplara qoşulub, məktəbdən tamamilə uzaqlaşacağı və ya küçə uşaqlarına çevrilə biləcəyi də şübhə doğurmur.
uşaqlar

Uşaqlarımızı maarifləndirək


Uşağa qadağalar qoymaqla yox, ona hər şeyi izah etməklə cəmiyyətə hazırlamaq lazımdır. Ailədə ən adi məsələlər belə, müzakirə olunmalıdır. Uşağın evdə, küçədə qarşısına çıxa biləcək təhlükələrə hazırlamaq lazımdır. Bunu, qorxudaraq, «sən küçəyə çıxsan, səni oğurlayarlar» kimi yox, məsələn, «tanımadığın adamlara özün və bizim haqqımızda danışma», «tanımadığın insanlara qapını açma» kimi sözlərlə, əlbəttə, səbəbini aydınlaşdırmaqla, etmək olar.
Bundan başqa, hansımızın evində fövqəladə vəziyyət baş verərsə, ən yaxın yanğınsöndürən, təcili yardım, polisin nömrələri hamının görə biləcəyi yerdə asılıb və ya uşaqlara əzbərlətmişik? Yəqin, «Evdə tək» filminə baxmısınız, orada evdə tək qalan bir uşaq evə gələn oğruları ram edə bilir. Bu film əyləncəli məqamlarla yanaşı, həm də uşağın nə dərəcədə məlumatlı olduğunu göstərir. Yəni o etdiklərinin hamısının nəticələrinə bələd olur, ən incə məqamlara belə, diqqətlə yanaşır.
Bizdə isə valideynlər övladlarına nəyisə izah etmək istəmirlər
— Ana bu nədir?
— Yumurta.
— Nə yumurtası?
— Toyuq.
— Hansı toyuq?
— Nərgiz nənənin toyuğu.
Beləliklə, bu dialoq uşağın sualları sona çatana qədər davam etməlidir...
Təəssüf ki, bu gün bizim valideynlərin uşağın suallarına cavab vermək kimi vərdişləri yoxdur. Bundan başqa, uşaqlara hər gün bir nağıl danışmaq, onlar üçün kitab oxumaq da onların düşüncələrinə təsir edir. O, nağılda danışılanları fikrində canlandırır, sabah qarşılaşdığı situasiyada həmin hadisəni yadına salır, necə davranmalı olduğunu müəyyənləşdirir. Bunun əyani sübutu «Uşaq şəhərdə» filmində oğurlanmış balaca bir uşağın oğruların əlindən qaçması, ən çətin məqamlarda təhlükəli vəziyyətlərdən belə, sağ-salamat qurtulmasında incə bir məqam dayəsinin ona oxuduğu kitabda göstərilən şəkillərin ona bələdçi olmasıdır.
Deməli, sadəcə, övladı dünyaya gətirib, onu yedirib-geydirmək hələ yaxşı valideyn olmaq deyil. Valideynlik həm də həyata normal vətəndaş hazırlamaq, qarşılaşdığı çətinlikləri təkbaşına həll edə biləcək bir insan yetişdirməkdir. Övladlarınıza nəzarət edin, amma bunu bütün günü evdə saxlayıb, heç yerə buraxmamaqla yox, hər şeyi ona başa salaraq edin.
Milli.Az
 

0 şərh