Yayda saçlara qulluq

Bəzən yay saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz — əladır, amma saçları qorumasaq, problemlər yarana bilər.

Quruluq
Yayda dəri qurulaşır, qoruyucu qatının təsiri aşağı düşdüyündən qaşıntı və həssaslıq əmələ gəlir. Bu zaman xüsusi qidalandırıcı və nəmləndirici maskalardan istifadə edin. Nəmləndiricidən hər gün yararlanmaq olar. O, saçı ultrabənövşəyi şüaların təsirindən qoruyur. Qidalandırıcı isə daha dərindən təsir göstərir: maddələr saçın kökünə daxil olaraq daxildən hidrobalansı bərabərləşdirir. Ondan həftədə 2-3 dəfə istifadə edin.

Elektrikləşmə
Buna səbəb rütubətdir. Mütləq saç üçün kondisionerdən istifadə edin. Çalışın saçınızı bulaq suyu ilə yuyasınız. Bir sıra kosmetik brendlər xüsusi nəmləndirici spreylər istehsal edirlər ki, onların istifadəsi yalnız xeyrinizədir.

Tərləmə
Yayda biz daha çox tərləyirik, baş da istisna deyil. Toz və külək situasiyanı daha da korlayır. Yağlı dəri üçün arı yapışqanından hazırlanan vasitə xeyirlidir. O, dəri piyilə qarışaraq dezinyeksiya yaradır. Yağlı saç kökləri disbalansdan xəbər verir ki, bu da saçtökülməsi ilə nəticələnir. Tərləmənin qarşısını alan inqrediyentlərdən (pıtraq, palıd, tozağacı, ayıpəncəsi) istifadəni unutmayın.

Şampun
Yayda 2-si 1-də şampunlarından istifadə etməyin. Yay üçün nəzərdə tutulan xüsusi şampun və balzamlar alın.

Daraq
Seyrək dişli daraqlardan istifadə edin. Belə ki, daraqlar quru və haçalanmış saçları tez zədələyir.

Bitki yağı
Saçların yumşalması üçün həftədə 2-3 dəfə istənilən bitki yağından istifadə edin: bir neçə damcı yağı ovcunuza yayın və saçınıza sürtün.

A vitamini
Saçlarınızı təkcə üzdən yox, daxildən də qidalandırın. A vitamini ilə zəngin olan ərzaqlar — kök, yumurtanın sarısı, kərə yağı, çaytikanı saçlara çox xeyirlidir.

Balzam
Saçların nazilməsinin qarşısını almaq üçün balzamı əvvəl yaş saça vurun, 10 dəqiqə saxladıqdan sonra şampunla yuyun.

Lak
Əgər saçınız nazikdirsə, saç lakından imtina edin. Zəif teksturalı sprey, krem və ya muslardan istifadə edin.

Düzüm
Saçınızı elə yığın ki, ucları günəşdən qorunsun, baş örtüyü barədə də unutmayın.

Tökülmə
Dəniz suyu proteini yuyaraq saçın kökünü zədələyir. Dənizdə çimdikdən sonra saçınızı pH səviyyəsini bərpa edən şampunla yuyun. Tərkibində B5 vitamini olan şampun alın.

Solğunlaşma
Yayda saçlar parlaqlığını və elastikliyini itirir. Fendən imtina edin və ya soyuq qurutma rejimilə qurudun. Feni saçınızdan 25 sm aralı tutun. Prosedurdan əvvəl saçınıza xüsusi vasitə vurun.

Uclar
Ultrabənövşəyi şüalar nəticəsində saçın strukturu pozulur, haçalanma ən incə yerdə — uclarda əmələ gəlir. Haçalanmış ucları geri qaytarmaq mümkünsüzdür. Ona görə də problemi qabaqlamaq lazımdır: ucları məzuniyyətdən sonra deyil, qabaqcadan kəsdirmək lazımdır.

Hörüklər
Yayda ən yaxşısı saçı qısa kəsdirməkdir. Əgər buna risk edə bilmirsinizsə, afrikan hörüyü hördürə bilərsiniz. Bununla həm orijinal görünüş alacaq, həm də bir sıra süni tellər saçınızı günəşdən qoruyacaq. Həmçinin belə hörüklərlə saç düzləşdirməsi barədə unutmaq olar. Amma başınızda anadangəlmə ləkə, kəpək varsa, hörüklər məsləhət deyil. Qüsurlar gözə daha tez çarpacaq.

Rəngləmə və kimyəvi burma
Bunlar qurumuş saçları daha da zədələyəcək. Əgər rəngləmə və kimyəvi burma sizin stilinizdirsə, onda bunları istirahətə getməmişdən iki həftə əvvəl etdirin. Bu zaman ərzində saçın strukturu bərpa olunacaq, rəng piqmenti stabilləşəcək və hovuzun xlorundan rəngini az dəyişəcək.

Şlyapa
Günəşdən ən yaxşı müdafiə baş örtüyüdür. İdeal variant isə havanı buraxan və şüaların qarşısını alan həsir şlyapadır. Alternativ variant olaraq panama və ya təbii materialdan (dərinin nəfəs alması üçün pambıq və ya ipək yaylıq) əlvan yaylıq da seçə bilərsiniz. Tünd rənglərdən uzaq durun — onlar günəş şüalarını cəlb edirlər ki, bu da günvurmaya gətirib çıxara bilər.

Rezin papaq
Şlyapa saçınızı sahildə olarkən qoruyur, suda isə sizi rezin papaq müdafiə edəcək. Amma bu qeyri-seksual aksesuarı çoxları taxmaq istəmir.

Gündən qoruyan kremlər
Çimərliyə getməmişdən öncə saçınıza xüsusi gündən qoruyan krem vurun. Əgər belə kreminiz yoxdursa, adi təbii yağlardan istifadə edin: zeytun və ya badam yağı. Müdafiədən başqa, onlar saçlara parıltı və təbii gözəllik verəcək. Bu vasitəni yumaq üçün quru saçlara şampun vurun, köpükləndirin, sonra su ilə yaxalayın.

Professional vasitələr
Yayda saçlara qulluq üçün lazım olan vasitələr xüsusi mağazalarda və gözəllik salonlarında satılır. Onları adi vasitələrlə əvəz etmək də olar. Saça qulluq vasitələri istehsal edən şirkətlər malın adından sonra qablaşdırmada «SUN» (günəş) sözünü yazırlar.

Suyadavamlı sprey
Çimərliyə getməmişdən öncə yaş saçlara ultrabənövşəyi müdafiəsi olan suyadavamlı sprey vurun. Və onu yumayın! Bu losyonların tərkibində hidrolizə olunmuş keratin var ki, günəş şüası və fenin istisi nəticəsində onun hissəcikləri saçın daxili qatına daxil olur. Bu da protein çatışmazlığını aradan qaldıraraq saçları təbii təsirlərə daha dayanıqlı edir. Hər tel nazik plyonko ilə örtülür ki, bu müdafiə qatı saçı şampunla növbəti dəfə yuyanadək davam edir, saçı gün ərzində qoruyur.

Diffuzor
Uzun saçları diffuzorla (fenin iri başlığı) qurudun. Saçlar daha həcmli olacaq. Təbii buruq və ya kimyəvi burma olan saçlar isə fərqli görünüş alacaq.

Yumşaq şampun
Yayda saçları qurumağa qoymayan xüsusi yumşaq şampunla yuyun. Belə şampunla saçı hər gün, hətta gündə bir neçə dəfə yuya bilərsiniz. Onlar çox faydalıdır, belə ki, tərkibində qidalandırıcı yağlar var. Saçlar zərif, həcmli olur və rahat daranır.

Hazır maska
Ultrabənövşəyi şüaların zərərli təsirini kompensasiya edən hazır maskalardan istifadə edin. Ondan istədiyiniz qədər yararlana bilərsiniz. Maskada olan müalicəvi komponentlər saçları bərpa edir, qoruyur və qidalandırır. Preparat baş dərisinə də yaxşı təsir edir — tonusu bərpa edir, normallaşdırır və zədələnmiş sahələri «sakitləşdirir».

Qoruyucu sprey (lak)
Bu sprey saçları qurumaqdan qoruyur və saçın rəngini saxlayır (rənglənmiş olsalar belə). Onların təsirindən saçlar yanmır. Eyni zamanda sprey saçın düzümünə də kömək edir: saçlar rahat daranır. Onun bir üstünlüyü də suyadavamlı olmasıdır.

Yaxalama
Dəniz və hovuzda çimdikdən sonra saçınızı adi su ilə yaxalayın. Çünki duz və xlorun dağıdıcı təsiri günəş şüaları altında daha da artır.

Təbii köməkçilər
Yayda saçları gündəlik olaraq bitki cövhəri və həlimi ilə yaxalayın, qidalandırıcı maska qoyun, baş dərisini kənəgərçək və ya kamfora yağı ilə masaj edin.

Mənbə «Aysel» jurnalı

 

0 şərh