Heyvanların başını kəsməyin və ovlamağın hökmləri

Məsələ 2592: Əti haram olmayan heyvanlar istər vəhşi olsun, istər ev heyvanı (onların adları yemək və içmək hökmlərində çəkiləcək) əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin başı kəsilməmiş yeməsi halal olur.
Məsələ 2593: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Məsələ 2594: Əti halal olan vəhşi heyvan o halda ovlamaqla pak olar ki, qaça bilsin ya uça bilsin. Buna görə də, qaça bilməyən ceyran balası və uça bilməyən kəklik balası ovlamaqla pak və halal olmaz. Əgər ceyran və qaça bilməyən bir güllə ilə ovlasalar, ceyran halal, balası isə haramdır.
Məsələ 2595: Balıq kimi, sıçrayan qana malik olmayan, əti halal olan bir heyvan öz-özünə ölərsə, pakdır. Amma onun ətini yemək olmaz.
Məsələ 2596: Əti haram olan və qanı sıçramayan heyvanın, məsələn; ilan ölüsü pakdır. Amma başını kəsmək ilə halal olmaz.
Məsələ 2597: İt və donuzu ovlamaqla və başını kəsməklə pak olmaz və onların ətini yemək də haramdır. Əti haram olan heyvanı, məsələn; qurd, yırtıcı və ət yeyən pələng, əgər deyiləcək qayda ilə başını kəssələr ya güllə və s. ilə ovlasalar pakdır, amma əti halal olmaz. Əgər onları ov itləri ilə ovlasalar, bədəninin pak olması şübhəlidir.
Məsələ 2598: Fil, ayı, meymun əvvəlcə deyilmiş hallarda, yırtıcı və heyvanların hökmündədirlər, amma həşəratlar və yerin daxilində yaşayan siçan və kərtənkələ kimi kiçik heyvanların, qanı sıçrayan olsa da, onların başını kəssələr ya ovlasalar, onların əti və dərisi pak olmur.
Məsələ 2599: Əgər diri heyvanın qarnından ölü bala çıxsa ya onu çıxarsalar, onun ətini yemək haramdır.
 

HEYVANLARIN BAŞINI KƏSMƏYİN QAYDALARI


Məsələ 2600: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam kəsməlidirlər. Əgər onları yarıya qədər kəssələr və ya hülqumu kəsərlərsə, ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hülqum çıxıntısının altından kəsilməsə, düz olmaz. Bu dörd damar nəfəs borusu, yem borusu və nəfəs kənarlarında iki qalın damarlardan ibarətdir.
Məsələ 2601: Əgər dörd damardan bəzisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra qalanını kəssinlər, faydası yoxdur. Amma bir halda ki, dörd damarı can verməmişdən qabaq kəssələr, adi qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır. Hərçənd müstəhəbb ehtiyat odur ki, bir-birinin ardınca kəsilsin.
Məsələ 2602: Əgər canavar qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olar və həmçinin əgər hülqumundan da bir şey qalmasa, hətta əgər bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa ya bədənində qalsa, o qoyun ehtiyata əsasən haram olar, amma bədəninin başqa bir yerini yırtsa, əgər qoyun diri olsa, deyilmiş qayda ilə başını kəssələr, halal və pak olar.
 

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ŞƏRTLƏRİ


Məsələ 2603: Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
  1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn; nəvasib firqəsindən, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, ehtiyata əsasən o heyvan halal olmur.
  2. Heyvanın başını dəmirdən olan şey ilə kəsməlidirlər. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək bir şey ilə, məsələn; şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
  3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Heyvanın üzü qibləyə olmağı istər ayaq üstə olsun ya uzanmış halda, insanın bu iki halda namazda üzü qibləyə olan halı kimidir və əgər heyvan sağ ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa, ya qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, eybi yoxdur. Heyvanın başını kəsənin də üzü qibləyə olması, ehtiyat müstəhəbbdir.
Heyvanın başını kəsən vaxt ya bıçağı boğazına qoyduqda baş kəsmək niyyəti ilə Allahın adını çəksə və «Bismillah» desə kifayətdir, əgər yalnız «Allah» desə də, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, o heyvan pak olmaz və əti də haramdır. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
Heyvan başı kəsildikdən sonra gözünü ya quyruğunu hərəkət etdirməklə ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
Heyvanın başı şərən göstərilən yerdən kəsilməlidir. Ehtiyat müstəhəbb odur ki, onun başını boynun qabaq hissəsindən kəssinlər və bıçağı boynun arxasından batırmasın. Əzhər budur ki, hülqumun altından kəsilsin.
Məsələ 2604: Ehtiyata əsasən, ruh bədənindən çıxmamış heyvanın başını ayırmaq caiz deyil. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma əgər bilmədikdən olsa ya bıçağı iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin ehtiyata görə heyvanın boynunu yarmaq və boynundan quyruğuna qədər uzanan və nuxa adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək caiz deyildir.
 

DƏVƏ KƏSMƏYİN QAYDASI


Məsələ 2605: Əgər dəvəni, can verdikdən sonra pak və halal olacaq şəkildə kəsmək istəyərlərsə, heyvanları kəsmək üçün söylənilən şərtlərlə birlikdə bıçağı yaxud da dəmirdən düzəldilmiş və kəsici olan aləti sinə ilə boyun arasında yerləşən çuxur yerə batırmalıdır. Dəvənin ayaq üstə olması daha yaxşıdır. Amma dizlərini yerə qoymuş və ya yam üstə uzanmış olduğu halda da bıçağı boynundakı boşluğa batırmanın, bədəninin ön tərəfi qibləyə olduğu təqdirdə, işkalı yoxdur.
Məsələ 2606: Əgər bıçağı dəvənin boynunun çökəkliyinə batırmaq əvəzinə onun başını kəssələr ya qoyun, dəvə və bu kimi heyvanları dəvə kimi boyunlarının çökəkliyinə bıçaq batırsalar, onların əti haram, bədənləri isə nəcisdir. Amma əgər dəvənin dörd damarını kəssələr və deyilmiş göstərişə əsasən diri olan halda bıçağı boynunun çökəkliyinə batırsalar, onun əti halal və bədəni pakdır. Həmçinin əgər inək, qoyun və bu kimi heyvanların boynunun çökəkliyinə bıçaq batırıb diri ikən başını kəssələr, halal və pakdır.
Məsələ 2607: Əgər dəvə özbaşınalıq etsə və onu şəriətdə deyilən qayda ilə kəsə bilməsələr və ya məsələn; quyuya düşsə və orada öləcəyinə ehtimal verərlərsə və onu şəri qayda ilə kəsmək mümkün olmasa, bədəninin hər hansı yerinə bir yara vurub və o yaranın təsirindən can verərsə, halal olar, onun üzünü qibləyə çevirmək də lazım deyil. Amma heyvanın başını kəsmək üçün o biri şərtlərin də olması gərəkdir.
 

HEYVANIN KƏSİLMƏSİNDƏ MÜSTƏHƏBB OLAN ŞEYLƏR


Məsələ 2608: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə şeyi müstəhəbb bilmişlər:
  1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; dəvə kəsərkən oturaq halda iki qabaq ayağını aşağıdan dizə qədər və ya gövdəsinə qədər bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq; toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbbdir.
  2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq.
  3. Heyvanın az əziyyət çəkəcəyi şəkildə hərəkət etmək, məsələn; bıçağı yaxşı itiləmək və heyvanın boynunu tez kəsmək.
 

HEYVANIN KƏSİLMƏSİNDƏ MƏKRUH OLAN ŞEYLƏR


Məsələ 2609: Bəzi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır:
  1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq.
  2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək.
  3. Heyvanı gecə və ya cümə günü zöhrdən əvvəl kəsmək, amma ehtiyac olduğu halda, eybi yoxdur.
  4. İnsanın özü böyütdüyü heyvanı kəsməsi.
 

SİLAH İLƏ OV ETMƏNİN HÖKMLƏRİ


Məsələ 2610: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal və bədəni pak olar.
  1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun ya nizə və ox kimi iti olsun ki, iti olmaqla heyvanın bədənini parçalasın. Əgər tələ, ağac və ya daş vasitəsilə bir heyvanı ovlasalar, pak olmaz və onu yemək də haramdır. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsinin ucu iti olub, heyvanın bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır. Əgər güllə iti olmayıb, heyvanın bədəninə zorla daxil olsa və heyvanı öldürsə ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması şübhəlidir.
  2. Ov edən şəxs gərək müsəlman ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər əhli-kitab olmayan kafir ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o ov halal deyil. Əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, ehtiyata əsasən o heyvan halal olmur.
  3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır.
  4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəf tutmazdan əvvəl Allahın adını çəkərsə, əqvaya əsasən kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin yaddan çıxarsa, eybi yoxdur.
  5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməz və heyvan ölərsə, o heyvan haramdır.
Məsələ 2611: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan birinin ovu yuxarıda deyilən şərtlərə əməl olunsa, amma o birinin ovu isə əməl olunmasa, məsələn; ikisindən biri
Allahın adını çəksə, o biri isə bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil.
Məsələ 2612: Əgər bir heyvan nizə ilə vurduqdan sonra suya düşsə və insan nizə və suya düşməklə heyvanın can verdiyini bilsə, halal deyil.
Məsələ 2613: Əgər qəsbi it və ya qəsbi silahla bir heyvanı ovlasa, ov halaldır və öz malıdır, amma günah etməyi bir tərəf, gərək silah ya itin ücrətini sahibinə versin.
Məsələ 2614: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən birisini ayırarsa, o üzv haram olar. Amma əgər 2610-cu məsələdə deyilən şərtlərə uyğun olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başı bir tərəfə düşsə və insan heyvanın can verən halına çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma əgər heyvanın başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa, baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə şəriətdə göstərilən təlimata uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır.
Məsələ 2615: Əgər ağac, daş ya onunla ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki yerə bölsələr, baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə onun başını kəssələr, halal olar. Əgər belə olmasa, o hissəsi də haram olar.
Məsələ 2616: Əgər bir heyvanı ovlasalar ya başını kəssələr və ondan diri bala çıxsa, belə ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa, haramdır.
Məsələ 2617: Əgər bir heyvanı ovlasalar ya başını kəssələr və onun qarnından ölü bala çıxarsalar, əgər o bala o heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış olub, bədəninin tük və ya yunu çıxıbsa, pak və halaldır.
 

OV İTİ İLƏ OV ETMƏK


Məsələ 2618: Əgər ov iti ilə əti halal olan vəhşi bir heyvanı ovlasa, o heyvanın pak və halal olmasının altı şərti vardır:
  1. İt elə tərbiyə olunsun ki, onu nə vaxt ovu tutmaq üçün göndərsələr getsin və nə vaxt getməyinin qarşısını alsalar, dayansın. Amma ova yaxınlaşdığı və onu gördüyü zaman qarşısını almaqla dayanmazsa, zərəri yoxdur. Həmçinin sahibi gəlməyənədək ovdan yeməyi adət etməsi də lazım deyildir. Hətta sahibi çatmadan ovdan yeməyi adət etmiş olsa da, eybi yoxdur. Həmçinin əgər ovun qanın yeməyi adət etmiş olsa da, eybi yoxdur.
  2. Sahibi onu göndərsin, əgər özü ovun dalınca getsə və bir heyvanı ovlasa, o heyvanı yemək haramdır. Hətta əgər it özü ovun dalınca getsə və sonradan sahibi səslənsə ki, iti daha tez ova çatdırsın, sahibinin səsi ilə tələssə də vacib ehtiyata əsasən, o ovu yeməkdən çəkinsinlər.
  3. İti göndərən şəxs, silahla ovlama bəhsində deyildiyi kimi gərək müsəlman olsun.
  4. İti göndərən vaxt Allahın adını çəksin. Əgər bilə-bilə Allahın adını çəkməsə, ov haramdır. Amma əgər yaddan çıxarsa, eybi yoxdur.
  5. Ov, itin dişindən yaralanaraq ölsün; əgər it ovu boğsa ya ov qaçmaqdan ya qorxudan ölsə, halal deyil.
  6. İti göndərən şəxs, ora yetişən vaxt heyvan ölmüş olsun ya əgər diridirsə, baş kəsməyə vaxt olmasın (amma ova yetişməkdə gecikmək qeyri-normal cəhətindən olmasın). Amma əgər heyvanın başını kəsə biləcək qədər vaxtın olduğu halda yetişsə və heyvan ölənə qədər başını kəsməsə, halal deyildir.
Məsələ 2619: İti göndərən şəxs, ora yetişən zaman heyvanın başını kəsə bilərsə, belə ki, bıçağı çıxartmaq kimi hazırlıq görəndə vaxt keçsə və o heyvan ölsə, halaldır. Amma əgər heyvanı kəsmək üçün yanında bir şey olmasa və heyvan ölsə, ehtiyata əsasən, halal olmaz. Əlbəttə bu halda heyvanı buraxsa və it onu öldürsə, halal olar.
Məsələ 2620: Əgər bir neçə iti göndərsə və birlikdə bu heyvanı ovlasalar, belə ki, onların hamısında 2618-ci məsələdə deyilmiş şərtlər olsa, ov halaldır, əgər onların birində o şərtlər olmayıbsa, ov haramdır.
Məsələ 2621: Əgər iti bir heyvanı ovlamaq üçün göndərsə və it başqa heyvanı ovlasa, o ov halal və pakdır. Həmçinin əgər o heyvanı başqa bir heyvan ilə birlikdə ovlasa, onların hər ikisi halal və pak olar.
Məsələ 2622: Əgər neçə nəfər birlikdə iti göndərsələr və onlardan biri bilə-bilə Allahın adını çəkməsə, o ov haramdır. Həmçinin əgər göndərdikləri itlərdən biri 2618-ci məsələdə deyildiyi kimi tərbiyə olunmasa, o ov haram olar.
Məsələ 2623: Əgər qırğı ya ov itindən başqa bir heyvan bir heyvanı ovlasa, o ov halal deyil. Amma ovlanan heyvana canlı olduğu halda yetişərlərsə və onu İslamı qaydalara görə kəsərlərsə, halaldır.
 

BALIQ VƏ ÇƏYİRTKƏ OVU


Məsələ 2624: Əgər əsl yaradılmışında pulcuğu olan balıq, sonradan bir səbəbə görə pulcuğu tökülmüş olsa da, sudan diri tutub, sudan kənarda can verərsə, pak və onu yemək halaldır. Belə ki, suda ölsə pak, amma onu yemək haramdır. Əgər balıqçının torunda suda ölərsə, bu halda onu yemək halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də, haramdır.
Məsələ 2625: Əgər balıq sudan kənara düşsə ya dalğa onu kənara atsa ya su çəkilsə və balıq quruda qalsa, belə ki, ölməmişdən qabaq bir kəs onu əl ilə ya başqa bir şey ilə tutsa, can verəndən sonra halal olar.
Məsələ 2626: Balıq tutan adamın müsəlman olmağı və tutan zaman Allahın adını çəkməsi lazım deyil. Amma gərək müsəlman, onun sudan diri tutulduğunu və ya suyun içində balıqçının torunda öldüyünü görsün ya da başqa bir yolla buna xatircəm olsun.
Məsələ 2627: Sudan diri ya ölü tutulması məlum olmayan balıq, müsəlmanın əlində olsa, halaldır. Əgər kafirin əlində olsa, diri tutduğunu desə də, haramdır. Amma əgər insanın, onun sudan diri tutulduğuna və ya suda balıqçı torunda öldüyünə xatircəmliyi olarsa, halaldır.
Məsələ 2628: Canlı balığı yemək halaldır, amma əvla odur ki, çəkinilsin.
Məsələ 2629: Əgər diri balığı qızartsalar ya sudan kənarda can verməmişdən qabaq öldürsələr, onu yemək caizdir, amma əvla (odur ki, onu yeməkdən çəkinsinlər).
Məsələ 2630: Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri halda suya düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir. Müstəhəbb ehtiyat odur ki, onu yeməkdən çəkinsinlər.
Məsələ 2631: Əgər çəyirtkəni əl ilə ya başqa bir şey ilə diri tutsalar, can verəndən sonra halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım deyil. Amma əgər ölü çəyirtkə, kafirin əlində olsa, onun diri ya ölü tutulması məlum olmasa, «diri tutmuşam» — deməsinə baxmayaraq, haramdır.
Məsələ 2632: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh