Səid Rüstəmov

Səid RustəmovAzərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov (12 may 1907 — 10 iyun 1983) Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.

Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.

S.Rüstəmov 1931-ci ildə Ü.Hacıbəylinin təşkil etdiyi ilk notlu Azərbaycan xalq çalğı alətləri orkestrinin yarandığı gündən əvvəl konsertmeyster, daha sonra isə həmin orkestrin bədii rəhbəri və baş dirijoru kimi uzun illər fəaliyyət göstərmişdir.

30-cu illərdə bəstəkarlığa başlayan S.Rüstəmovun ilk əsəri — «Bayatı-kürd» muğamı əsasında fantaziya məhz xalq çalğı alətləri orkestri üçün yazılmışdı. Sonralar o, həmin orkestr üçün «Cəngi» və «Qəhrəmani» pyeslərini, üç süita, tar konserti və bir sıra kantatalar bəstələmişdir.

Bəstəkarın yaradıcılığında mahnı janrı mühüm yer tutur. Mübaliğəsiz qeyd etmək olar ki, S.Rüstəmov professional musiqi tariximizə əsil mahnı ustadı kimi daxil olmuşdur. Geniş dinləyici kütlələri tərəfindən sevilən «Alagöz», «Qurban adına», «Bənövşə», «Haradasan» və s. mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır. Onun «Sürəyya», «Mən sülhə səs verirəm», «Sumqayıt» mahnıları Dövlət mükafatına layiq görülmüşdür. S.Rüstəmov həmçinin, 1957-ci ildə xalq çalğı alətləri orkestrlərinin Ümumittifaq baxımında Qızıl medal qazanmışdır.


S.Rüstəmovun Azərbaycanda musiqili komediya janrının inkişafı sahəsində mühüm rolu olmuşdur. O, müasir mövzuda yazılmış ilk musiqili komediyaların — «Beş manatlıq gəlin», «Durna», «Rəisin arvadı» komediyalarının müəllifidir. Bəstəkar habelə, dram tamaşalarına, o cümlədən — «Hacı Qara», «Vaqif», «Almas», «Bahar suları» və b. tamaşalara musiqi yazmışdır.

S.Rüstəmov 30-cu illərdən başlayaraq, əvvəl Bakı Musiqi Texnikumunda, 1958-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi kafedrasının tar sinfində müəllimlik etmiş, müəyyən illərdə kafedra müdiri kimi çalışmışdır. O, bu ixtisas üzrə professor elmi adını alan ilk mütəxəssis olmuşdur. Onun yetirmələri hazırda respublikanın görkəmli tarzənləri, bəstəkarları və dirijorlarıdırlar.

S.Rüstəmov 1935-ci ildə ilk dəfə olaraq «Tar məktəbi» tədris vəsaitini yazmış, Azərbaycan dilində ilk «Not savadı» dərsliyinin müəlliflərindən biri olmuşdur. S.Rüstəmov, həmçinin, orta və ali musiqi məktəbləri üçün S.R.Konüsün «İbtidai musiqi nəzəriyyəsi» və N.Rimski-Korsakovun «Harmoniya» dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir.

S.Rüstəmovun yaradıcılıq fəaliyyətinin mühüm sahəsini musiqi folklorçuluğu təşkil edir. S.Rüstəmov Cabbar Qaryağdıoğlunun oxumalarından «50 xalq mahnısı» məcmüəsini və görkəmli aşıqların ifasından yazılmış 4 aşıq mahnıları məcmuələrini tərtib etmişdir. O, xalq musiqisi nümunələrini toplayaraq «Rəng» və «Azərbaycan xalq rəqsləri» toplularını çap etdirmiş, Bülbülün redaktəsi ilə «300 xalq mahnısı» toplusunun nəşrə hazırlanmasına fəal kömək göstərmişdir.


S.Rüstəmov fəal ictimai musiqi xadimi kimi 1934-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə onun İdarə Hey'ətinin üzvü, 1949-1953-cü illərdə isə sədri olmuş, milli musiqi mədəniyyətimizin inkişafı naminə əzmlə çalışmışdır.
S.Rüstəmovun gözəl musiqisi xalqımızın qəlbində daim yaşayacaq. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri S.Rüstəmovun adını daşıyır.
 

1 şərh

asel
Allah rəhmət eləsin