Döşəməyə tökülmüş bir fincan qəhvə...

Hava olduqca küləkli idi. Bir azdan yağış yağacaqdı.  O da tutqun idi. Dolmuşdu. Indi bu saat ağlayacaqdı. Amma nədənsə ağlamadı. Özünü sakitləşdirməyə çalışmırdı, sadəcə göz yaşları sözünə baxmırdı.  Otağın sükutu da bir yandan.  Əslində divar da danışırdı, tavan da, çarpayı da, hətta döşəməyə tökülmüş qəhvə, fincan da danışırdı, amma hər kəs ürəyi ilə danışırdı. Cavabsız suallar o qədərdir ki...  O, bu sükutla barışa bilmədi.   Pencəyini  götürdü və bayaqdan bir yerdə durmayan küləklə görüşə getdi.  Küçələri dolaşır və hər şeyin mənasızlığını bir daha duyurdu. Qəlbindəki kədəri, ağrını unutmaq istəyirdi. Lakin bacarmırdı, bacarmadı. Qəlbindəki ağrı get –gedə lap kütləşirdi. Yenidən evə qayıtdı, stolun arxasına keçdi  və qələmini götürdü. Nəsə yazmağa, dərdini ağ kağızla bölüşməyə başladı, çünki belə anlarda onu yalnız qələmi və kağızı anlayırdı. Içindəki acını kiməsə danışa bilərdi, yükünü yüngülləşdirə bilərdi,  amma sözlər ondan qaçacaqdı.  Yorğun gözlərini otağına gəzdirdi. Elə bil hər kəs, hər şey ondan küsüb. Hamını incidib elə bil. Qəhər boğdu onu, qəlbi daha da inildədi. Indi bu vəziyyətdən xilas olmaq üçün o, hər şeyə hazır idi. Niyə hər şey bu qədər mənasızdı? Zənn edirsən ki, xoşbəxtsən, amma bir də görürsən ki, gözləmədiyin anda qar yağdı, neçə il sevgiylə bəslədiyin çiçəklərin hamısı  məhv oldu, yox oldu. Xatirələrdə qızınmaq daha da ağırdı. Buna dözmək, yoxluqla barışmaq – buna güclü iradə lazımdı, daş qəlb, soyuq ağıl. Bunları düşünə- düşünə başını ağır –ağır yellədi. Yenidən döşəməyə tökülmüş qəhvəyə və fincana baxdı. Gözlərini yumdu, ciyərdolusu dərindən nəfəs almağa çalışdı.  Çünki nəfəsi sanki kəsilirdi. Cəld qalxıb pəncərəni açdı. Külək otağı bürüdü. Kağızlar masadan döşəməyə səpələndi.  Kağızların xışıltısı, xoş sədası ətrafa yayıldı. O  da çevrilib bu mənzərəyə elə diqqətlə tamaşa edirdi ki… elə bil anlayırdı bu kağızların dilini. Qəfildən nəsə yadına düşürmüş kimi üzü pəncərəyə çevrildi və acgözlüklə havanı udmağa, içinə çəkməyə başladı.
O gülümsəyirdi artıq, çünki anlayırdı, artıq mənasızlığı da anlamağa başlayırdı.  Hər başlanğıcın bir sonu var. Son nöqtə deməkdi.
“ Mənim mənalı həyatım olub” – deyən kəslər, necə də mənasız danışırsınız?!  Mənasız ona görə danışırsınız ki, mənasız danışdığınızı bilmirsiniz.
Başlayan hər şey bitər –deyirlər, sizin bu “mənalı” həyatınız da bitəcək və mənasızlıq başlayacaq. Bitməsə də mənasızlıqdı, çünki bir şey çox uzun sürərsə mənasızlaşır, bitsə də mənasızdır, çünki yaşadıqların unudulacaq, elə bil heç vaxt olmamışdır, yaşanmamışdır. Vəssalam.
Həyatda  məna sevgidədi.  O, insanı yaşadır, həyata səsləyir, köməyi, dayağı olur. Amma o da ideal deyil.  Qəzəbləndikdə, qısqandıqda onun qədər amansız, mənasız hərəkətlər edən olmur. Xəyanəti də o yaradır, yaşatdığı qədər məhv edir insanı.  Daha nə məna oldu!!!
 Etibarsızlığı, yalanı, vəfasızlığı da, nəfsi də o yaradır. Daha nə məna axtarırsan, ey həmsöhbətim?! 
Insanı içindən çürüdən nifrəti də, hiyləni də sevgi yaradır- ağılsız, çirkli, qandallı sevgi!
Amma xoş, gözəl ana məhəbbəti var, həqiqi insanın insana sevgisi var.
Anlamaq hissi var, o sevgidən də gözəldir.
Bağışlamaq hissi var, o daha da böyükdür, daha da ali bir hisdir.
Ulu tanrıya sevgi var, o daima harayındadır.
Külək düz üzünə vururdu.  O  qəfil hiss etdi ki, bayaqdan bunları düşünə -düşünə gözlərini yummuşdur.  Elə bil yatmışdı, dincəlmişdi. Beləcə, ayaqüstə, pəncərə önündə, küləyi dinləyə- dinləyə uyumuşdur. O yenə də gözlərini döşəməyə dağılmış qəhvəyə və fincana dikdi. Fikirləşdi: “ Nə olsun ki, fincan yerə düşmüş, içindəki qəhvə tökülmüş, döşəməyə yayılmışdır və bir azdan buxarlanacaqdı?!  Fincan ki sınmayıb, heç çatlamayıb da!" O hətta bu ani fikirdən gülümsədi də və tələsik saatına baxdı. Getmək vaxtı idi. Bəzi işləri görməli, bitirməli idi. O, tələsik otağını səliqəyə saldı, yazı masasını, kitablarını, otaq boyu səpələnmiş əşyalarını, paltarını yerbəyer etdi. Artıq səliqə işi başa çatmışdı. O, qapıya doğru yeridi.  Dəstəkdən yapışdı, sonda yenidən çevrilib fincana, döşəmədəki yarıbuxarlanmış qəhvəyə baxdı. Hər şeyi yığmışdı, bircə bu fincana və qəhvəyə əl vurmamışdı. “ Qoy onlar qalsınlar” –düşündü və otaqdan çıxdı, qapını astaca örtdü.
Müəllif: Zeynalova V.M
26. 08. 2004
 

6 şərh

soni_memmedzade
İnsanı yaşadan,ona qol-qanad verən,həyatı mənalı göstərən sevgidir.Tək insanın insana sevgisi yox.bir şeyə tutunmaq,işini sevmək,insanı sevmək,saxladığın bir heyvanı sevmək və s.İnsan bir şeyə tutunanda həyatın mənalı olduğunu hiss edir.sadəcə,bəzi anlarda yaşadığımız uğursuzluqlar,sevdiyimizə qarşı qısqanclıqlar,etdiyimiz dəlisov hərəkətlər bizi xəyal qırıqlığına uğradır.İnsan bəzən ətrafı insanlarla dolu olsa belə tənha olur,ya da belə deyək,tənha olmağa ehtiyacı olur.Bəzən bezir ,usanır hər şeydən.Ardına baxmadan hər şeyə nöqtə qoyub silmək istəyir.bəzən,bəzən.bəzən...haldan -hala düşməyi belə bəzən sevirik,acı çəkməyi demirəm heç...bəzən qəsdən yıxılmağı,bəzən" bu yaşadıqlarım nədir mənim?"- deyə gileylənməyi.bir sözlə həyatdan nə istədiyini belə bilmir insan.Anında xoşbəxt hisslər yaşayırıq və bu anın daimi olmasını istəyirik.Daha düşünmürük ki,bir müddət sonra indi bizi xoşbəxt edən an bir müddətdən sonra bizə mənasız görsənəcək.Bir sözlə desək," AC İNSAN"...Təşəkkürlər.sonda mənə maraqlı olan fincanı niyə olduğu yerdə buraxması oldu.Çox sağ olun maraqlıydı.bir an yenə hər şeyi düşünməmə səbəb oldu.çox duyğulandım…
soni_memmedzade
Mənim də tənhalaşan anımda yalnız qələmim köməyimə çatır.yazdığım şerlər.yalnız bir vərəq,bir də qələm.
ayxansevda
bəyəndiyinizə şadam
ceko665
Həqiqətən də süşündürücü olmaqla yanaşı təsirləndirici hekayədi.Sevgi barədə yazılanlar daha çox bəyənməyimə səbəb oldu.Həqiqətən də sevgini qısqanclıq,xəyanət,qürur mənasızlaşdırır.Hər kəsə mənasızlıqdan uzaq olmağı diləyirəm.
rezerv

Mənimsə daima hüzünlü anımda Dj Majestenin acil müdahile mahnısı əvəzolunmaz dərmanım olur. Nə olursa olsun o mahnını həmin an dinləməyə üstünlük verirəm. Hər kəs bir şeylərdə təsəlli arar. Kimi tapar kimisi də elə arayar-arayar durar ,tapa bilməz ki, bilməz. Çünki, aradığın artıq yoxdur. Nəyi aradığını isə çox yaxşı bilir.

DrPhilosophy
Optimist ruhda yazılan gözəl bir hekayə.Təbrik Edirəm