Yengə

Yengə xidmətlərinin göstərilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
1. Bu Qanun Azərbaycan Respublikasında yengə xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, yengələrin funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edilməsini, toy gecəsinin təşkil edilməsi ilə bağlı ictimai nəzarət (qohum nəzarəti) sisteminin yaradılmasını nəzərdə tutur.

Maddə 1. Anlayışlar.


  1. Yengə — toy gecəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təşkil edilməsi və lazımi sübutların əldə edilməsini təmin edən fiziki şəxs.
  2. Yengə xidmətləri – toy gecəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təşkil edilməsi və lazımi sübutların əldə edilməsindən ibarət olan xidmətlər.
  3. Yengə şirkəti – yengə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, qeydiyyatdan keçmiş hüquqi şəxs.
  4. Toy gecəsi prosesinin iştirakçıları dedikdə bəy  və gəlin nəzərdə tutulur
  5. Bəy dedikdə nikaha daxil olan kişi, gəlin dedikdə nikaha daxil olan qadın nəzərdə tutulur.
  6. Əlaqəli şəxslər – toy gecəsi iştirakçılarının (bəy və gəlinin) qohum-əqrəbası
  7. Birinci dərəcəli əlaqəli şəxslər – hər iki tərəfdən qayınata ilə qayınana.
  8. Qayınanalıq – gəlin hədəf tutulmaqla məişət səviyyəsində hüquqa zidd hərəkətlərin törədilməsi.
  9. Qayınatalıq – qayınanalıq işlərinə müdaxilə edilməməsindən ibarət olan hərəkətsizlik.
  10. Toy gecəsi – toy mərasiminin başa çatması vaxtı ilə — 05.00 saatı arasında keçən vaxt.
  11. Toy gecəsi prosesi – toy gecəsi zamanı bəy və gəlin arasında baş verən və hamını maraqlandıran proses.
  12. Texniki yardım — yengə tərəfindən, yoxlama funksiyalarına əlavə olaraq, toy gecəsi iştirakçılarının təlimləndirilməsi deməkdir.

Maddə 2. Yengə xidmətinin məqsədi.


2.1 Yengə xidmətinin məqsədi – toy gecəsi prosesinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şəffaf keçirilməsinin təmin edilməsidir.

Maddə 3. Yengə xidmətinin təşkili.


3.1 Yengələr yengə şirkətləri vasitəsilə əhaliyə xidmət göstərirlər. 
3.2 Yengə şirkəti yengə bazarında fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və Səhiyyə Nazirliyindən müvafiq lisenziya almalıdırlar.
3.3 Yengə şirkətinin möhürü, balansı və bankda hesablaşma hesabı var.
3.4 Yengə xidmətinin obyekti toy gecəsidir.
3.5 Yengə xidməti toy gecəsindən öncə toy gecəsi iştirakçılarının təlimləndirilməsindən, toy gecəsi prosesi nəticəsində alınan sübutların əldə edilməsindən və həmin sübutların yoxlanmasından ibarətdir.
3.6 Yengə xidməti sübutların məhkəmə ekspertizası vasitəsilə təsdiq olunmasından  və birinci dərəcəli əlaqəli şəxslərə açıqlama verilməsindən sonra başa çatmış hesab olunur. 
3.7 Toy gecəsi prosesində çalışan yengələrin sayı ən azı 2 olmalıdır.

Maddə 4. Sübut.


4.1 Sübutun texniki göstəriciləri (eni, uzunluğu, rəngi, keyfiyyəti) Yengə Xidmətinin Göstərilməsi Qaydalarında verilir.
4.2 Sübut yengəyə bəy tərəfindən toy gecəsi prosesinin başa çatmasından sonra verilir.
4.3 Sübutun yengəyə verilməsini təsdiq etmək üçün təhvil-təslim aktı imzalanır.
5. Yengə xidmətinin namuslu surətdə həyata keçirilməsi.
5.1 Yengə xidmətlərini vicdanla yerinə yetirməlidir.
5.2  Toy gecəsi iştirakçılarından pul və ya natura şəklində hər hansı hədiyyələrin alınması qadağandır.

6. Yekun müddəalar


6.1 Bu qanunun tələblərini pozan şəxs qanunvericiliklə müəyyən qaydada məsuliyyət daşıyır.

9 şərh

asel
YERİ YOXDU YAZININ
Medikamentoz
Bunun qanuniləşdirildiyini bilmirdin.Mən tamamilə əleyhinəyəm.Çox sarsaq qanundur.
asel
utanc keçirerek oxudum
Medikamentoz
Utanmaq lazım deyil,qoy bunu qanuniləşdirənlər utansınlar.
asel
bele bir qanun yoxdu. sadece bu adetimizin menfiliklerini göstərmək üçün yazılıb
Medikamentoz
İnanki çox məmnun oldum,yoxsa onsuzda buralardan getmək həvəsim var,lap başımı götürüb qaçmaq istəyirdim :)
asel
QACMAQ LAZIM DEYİL. 
Medikamentoz
Sadəcə bu sahədə maarifləndirilmək lazımdır.Bir də ki,qaçanların demək olar ki,böyük əksəriyyəti savadsız və cahil insanlardır,savadlı insanlar bunu təhqir kimi qəbul edirlər.
Gülnar
Milli Məclisə seçkilərin qeyri-leqal yolunu əks etdirən məlum, tragikomik videodan sonra camaat qanunverici hakimiyyətdən hər şey gözləyir deyəsən (rəylərdə inananları nəzərdə tuturam:))