Sərxoş insanlar niyə fərqli davranırlar?

İçki şəxsiyyəti dəyişmir, sən demə, əslində olanı ortaya qoyurmuş. Britaniya mətbuatında bu haqda maraqlı bir fakt dərc olunub. “The Telegraph”ın yazdığına görə, alimlər araşdırıb ki, alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir. Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb. Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert — yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar. Yazıda həmçinin qeyd edilir ki, sərxoşluq əslində adamların şəxsiyyətinin “ucadan ifadə olunmuş” versiyasıdır. Beləliklə də insan sərxoş olarkən başqa adama çevrilməsinə dair inam əsassızdır.

Bunun səbəbi sərxoşluq halında insanın alt şüurunun oyanması və buna bağlı əsl kimliyinin üzə çıxmasıdır.
Sərxoş olan insanın özünü aparmasına baxıb, nələr yaşadığını təxmin etmək olar. Ümumiyyətlə, özündən küskün insanlar daha çox özünə qapanır, özü ilə bağlı ciddi travmaları problemleri olan insanlar sərxoş olanda ağlıyırlar. Özünə qarşı aqressiyası olan insanlar isə dava salırlar.
Özüynən barışıq olan insanlar isə yeyib içdikdən sonra sərxoşluq halında əylənir, gülür və daxilən rahat olurlar.

Spirtli içkilərin şəxsiyyətin dəyişməsinə səbəb olub-olmadığını öyrənmək üçün alimlər 156 iştirakçı üzərində müşahidə aparıblar.
Təcrübədən əvvəl onlara xüsusi anket formaları paylanıb. Burada onlar öz qənaətlərinə görə ayıq və sərxoş vəziyyətdə necə adam olduqları barədə suallara cavab verməli idilər. Bundan sonra iştirakçılar laboratoriyaya aparılıb və burada onlara içmələri üçün araq və limonad kokteylləri verilib. Daha sonra onlar içkili vəziyyətdə müxtəlif qrup tədbirlərində iştirak ediblər. Bu tədbirlər zamanı müəyyən şəxsiyyət xüsusiyyətləri də müzakirə olunurdu. Spirtli içkilərin qəbulundan sonra iştirakçılar səmimiliklərinin və razılaşma hisslərinin azaldığını bildiriblər. Bunun əvəzində onlar sərxoş vəziyyətdə çılğınlıq və coşqunluq hisslərinin artdığını deyiblər. Lakin onları kənardan müşahidə edənlər yalnız ekstraversiyanı, yəni çılğınlıq və coşqunluğu görə biliblər.

Qeyd edək ki, britaniyalı alimlərin bu araşdırması ölkəmizdə də maraqla qarşılanıb. Çünki bu günə qədər cəmiyyətdə spirtli içki içib sərxoş olan insanın özündən asılı olmayaraq hərəkət və davranışlarının dəyişdiyini, anlaşılmaz olduğunu düşünənlər var. 

Ekspertlər qeyd edir ki, mədəyə düşən spirt dərhal mərkəzi sinir sisteminə təsir etməyə başlayır. Bir neçə dəqiqə sonra da beyinə qalxaraq sinir hüceyrələrinə təsir göstərir. Əgər spirtli içki içməyə davam edilsə, beyindəki görmə, tarazlıq, danışma və mühakimə mərkəzlərinə də təsir edir. Beləliklə, çox miqdarda spirtli içki qəbul edib sərxoş olan insan əsasən özünü idarə edə bilmir, hərəkətləri və danışığı anlaşılmaz olur.


Bəs həqiqətən içki şəxsiyyəti dəyişə bilərmi?

Psixoloq Azad İsazadə mövzuya bu cür şərh bildirdi: “Konkret olaraq biz vəziyyəti bir-birindən ayırmalıyıq. İçki nəticəsində yaranmış xroniki alkoqolizm xəstəliyi sözsüz ki, ilk növbədə insanın şəxsiyyətini dəyişir. Lakin adi insan içki içəndə davranışı sanki dəyişir, ancaq bünövrəsində, kökündə, daxilində oturan hansısa komplekslər, qadağaların yox olması nəticəsində o daha təbii olur. Ona görə də yüngülvari içmiş insan daha sərbəst rəqs edə bilir, xarici dildə danışır, çünki kompleksdən uzaq olur. Lakin bir daha qeyd edirəm söhbət yüngülvari içki içməkdən gedir. Ancaq biz təəssüf ki, yüngülvari sərhədi tez keçirik və daha pis vəziyyətdə qalırıq. Bir daha deyə bilərəm ki, içkini içən insan xroniki vəziyyətdədirsə sözsüz ki, şəxsiyyəti dəyişir”.

 

0 şərh