Рейтинг
+10.70

Azərbaycan kinosu

30 üzv, 83 topik

"Bəxt üzüyü" filmi | Maraqlı məqamlar

Film dramaturq Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında 1991-ci ildə çəkilib. Bəxt uzuyu filmi
Bəxt üzüyü” çəkilməzdən öncə Sumqayıt teatrında bu əsərin çox uğurlu tamaşa həlli olub. O, həmin illərin dillər əzbəri olan tamaşalarından idi. Ona film çəkmək də həmin tamaşanı tarixə salmaq istəyindən yaranıb. 

Bir gün Ramiz Əzizbəyli “Bəxt üzüyü” filmini çəkmək qərarı barədə Vaqif Səmədoğluna bildirib. Bu arada aktrisa Afaq Bəşirqızı özünün baş rola çəkilməsi şərtilə bu filmi çəkəcək rejissor axtarırmış. Təsadüfən istəklər üst-üstə düşdüyündən birləşib filmi çəkməyə başlayırlar.

Film qəhrəmanlardan biri – Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Burda söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadır.
Ardı →

Qısametrajlı filmlər: ənənə və yeniliklər

Dünyanın mədəniyyət tarixində əvəzsiz rola malik kinematoqrafiyanın yaranması qısametrajlı filmlərin istehsalı ilə başlanıb. Bu filmlərdə zaman məhdudiyyəti ilə yanaşı, personaj sayı və cərəyan edən hadisələrin əhatə dairəsi də məhduddur.
Zaman ötdükcə, kino özünün inkişaf mərhələlərini keçdikcə qısametrajlı filmlər tammetrajlı filmlərlə əvəzləndi. Bununla belə, qısametrajlı filmlər heç də tamamilə sıradan çıxmadı, əksinə, özünə yeni meydan qazandı. İndi dünyada qısametrajlı filmlərlə bağlı müxtəlif müsabiqələr, festivallar da keçirilməkdədir.
Azərbaycan kinosunda da qısametrajlı filmlərin müəyyən ənənəsi var. Ötən əsrin 30-cu illərindən başlayaraq “Dostlar”, “Rəqs edən qurbağalar”, “Kazbek”, “Liftçi qız”, “Qaraca qız”, “Afroditanın qolları”, “Dəvətnamə”, “Dairə”, “Boş yer”, “Yapon və yaponiyalı” və s. filmlər çəkilib. Daha sonra “Debüt” qısametrajlı filmlər studiyasının fəaliyyəti ilə qısametrajlı film çəkilişi kinomuzda ənənə halını alıb. Son illərdə çəkilən qısa filmlərə Şamil Əliyevin “Təsadüfi görüş”, Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün”, Samir Kərimoğlunun “Qanadlarıma sığal çək”, Fariz Əhmədov və İsmayıl Məmmədovun “Qocalar”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Nəfəs”, “Koramal” və s. nümunə göstərmək olar.


Ardı →

Filmləri "toxuyan" Rasim Ocaqov

Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı adam idi, fikirli görkəmi vardı.

Onu həmişə barmaqlarının arasında siqaret nə isə düşünən görərdin. Özü heç vaxt ünsiyyətə can atmazdı.Amma elə ki, səni tanıdı məmuniyyətlə söhbət edərdi, cana yaxın biri idi.

Rasim 1933-cü ildə Şəkidə dünyaya gəlmişdi.  Uşaqlıqdan foto ilə maraqlanmağa başladı.  Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. MÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır.

Çox filmlərdə operator kimi çalışıb. O cümlədən “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı. 


Ardı →

40-cı qapı | The 40th Door

Qapını açmaq üçün azacıq da olsa cəsarət lazımdır. Ən doğma, hər gün açdığın qapıya çatdıqda da bir qədər ayrı atmosferdəsən, bir addımla çox fərqli -ya rahat, ya da məcburi gəlməli olduğun məkana daxil olacaqsan. Üstündə “Satılır” yazılan qapılar isə yiyəsinin ayrılıq nisgili, alıcının yenini sevmə məcburiyyətidir. Qapı- ədəbiyyatımızın, folklorumuzun simvollarından, tez-tez adı çəkilən elementlərindəndir. Nağıllarda padşahın da, kəndlinin də oğlu 40-cı qapıda tərəddüd edir. Amma o qapı hər zaman açılır. Arxasında ölüm də olsa, “Min bir gecə” nağıllarındakı kimi yatağında qıvrılıb yatan gözəl də olsa o qapı hər zaman açılır. Bəlkə də qapını açmayanlar da olub, amma onlar haqqında nağıllar yazılmayıb. Qəhrəmanlar cəsarətlidir. Qapını açanlar cəsarətlidir. Tərəddüdsüz yaşayanlar cəsarətlidir.

40-cı qapı sirrlidir, ondan əvvəlki 39 qapı isə məhz sonuncu qapıya hazırlıqdır, getdikcə artan həyəcan isə sonluğun əslində kulminasiya olmasının xəbərçisidir… Tərəddüdlərə son qoymaq üçün 40-cı qapı vasitədir, bəhanədir, şansdır. Ona qarşı düzgün davranmasan cəzalanacaqsan, divin canı elə şüşədə qalacaq, ya da gözəl bir qız qapı arxasında səni gözləyərək qarıya çevriləcək. Kino ədəbiyyat deyil, Tarkovskinin dediyi kimi ədəbiyyatın xarabalıqları arasında ucaldılmış saraydır. Rejissor Elçin Musaoğlunun “40-cı qapı”sı elə gözəl saraylardan biridir. son illərdə Azərbaycanda ən uğurlu filmlərdəndir.

Film 2009-cu ildə “Ritm Prodakşn” tərəfindən çəkilmişdir. İndiyə qədər beynəlxalq festivallarda 10-dan çox əsas mükafat qazanmış, müxtəlif nominasiyalar üzrə qalib olmuşdur. Bunların arasında Hyustonda (ABŞ) keçirilən 42-ci Beynəlxalq Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafat, ABŞ-ın Beynəlxalq Tiburon Film festivalının əsas bölməsində müsabiqədə İtaliya kino rejissoru Federiko Fellini adına mükafat, “New York Eurasian Film Festival”da “Ən yaxşı ssenari” nominasiyasında mükafat və digər dünya miqyaslı festivalların adını çəkmək olar.
Ardı →

Azərbaycan kinosunun əcnəbi qəhrəmanı Lev Bordukov

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı ekran əsəridir. 1958-ci ildə çəkilən kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr olunub.
Ardı →

Səməndər Rzayev

Səməndər RzayevNədənsə, adama elə gəlir ki, haçansa yenə teatrın pərdəsi qalxacaq və biz yenidən öz füsunkar səsi ilə insanı riqqətə gətirən Səməndər Rzayevin oyununa tamaşa edəcəyik. Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən 18 il ötsə də, hər an canlı bir insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub.

Səməndər Mənsim oğlu Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilmişdi.

Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.
Ardı →

Azərbaycan kinosunun yaranması

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri («Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi» və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun «Neft və milyonlar səltənətində» romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun «Arşın mal alan» operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Ardı →

Azərbaycan kino sənətinin tarixi

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetlər — «Bibiheybətdə neft fontanı yanğını», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi»ndən və bir bədii kinosüjetdən — "İlişdin«dən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun „Neft və milyonlar səltənətində“ romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolu Hüseyn Ərəblinskiyə həvalə edildi.
Ardı →

Şir evdən getdi və... güllələndi

şirİlk film “Qız, oğlan və şir” filmi olub. Berberovlar ailəsi öz mənzillərində çəkilib. Ata, ana, qızları Yeva və oğlanları Roma. Filmi Çingiz Rəhimov lentə alıb. Rəssamı Elçin Axundov olub, bəstəkarı Oqtay Rəcəbov. 

Bu məşhur şir barədə söhbətləşdiyimiz Elçin Axundov danışır ki, şir evə daxil olanı adamı yaxınlaşıb iyləyirdi: “Mənim də düz çiynimə qabaq pəncələrini qaldırıb qoydu, iyimi alıb dönüb getdi. Bir az dəm oldum, sonra özümə gəldim. Düşündüm və bununla da cəsarətləndim ki, bu şir yiyəsini yemir, uşaqlarla oynayır, artıq rejissorla dostlaşıb, məndə yeməli nə var ki, məni yesin. Eyni ilə Oqtay Rəcəbovu da iylədi, o da evdən çıxıb birbaşa öz evinə qaçdı. Filmin maliyyə işlərinə baxan oturub sənədləri yazırdı, şir yaxınlaşıb yan tərəfdən onun qıçını iyləyir, bu da ayağı ilə vurub deyir “paşol”, elə bilir itdir. Birdən çönüb görəndə ki, qarşısında şir oğlu şir dayanıb rəngi oldu əhəng kimi. 
Dedi adə, “mən ölüm”, bilmir, “sən öl” qanmır mən getdim, qaçdı. İşıqçılar da yuxarıdan aşağı düşmürdülər”.

Bu olub 1974-cü ildə. O vaxt şir balaca imiş. Ona tərəf müqabili dişi şiri Rostov heyvanxanasından tapıb gətiriblər. Çəkiliş vaxtı şirlər arasında sevgi macəraları da yaşanırmış, özü də cəmi 3 aylıq olublar. Film ekranlara çıxıb və uğurlu da nümayiş olunub. 
Ardı →

Nəsibə Zeynalova-Azərbaycan səhnəsinin əvəzolunmaz aktrisası

Nəsibə ZeynalovaNəsibə Zeynalova Azərbaycanın ilk xalq artisti adını almış qadınlardan biridir. Azərbaycan teatrsevərləri arasında «qaynana» kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", «Arşın mal alan» və «Məşədi İbad», Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların
ifası ilə bağlıdır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin «Azərbaycanfilm»in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli («Böyük dayaq»), Züleyxa («Ulduz»), Cənnət xala ("Qaynana"), Gülsüm («Molla Fətəlinin sərgüzəşti»), Əsli xala («Bəyin oğurlanması») rolları daha canlı və daha şöhrətlidir.


Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. «Hicran» musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə «Aktrisanın təbəssümü» televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, «Qaravəlli» oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. Aktyor Cahangir Novruzovun anası, Nəsibə Novruzovanın nənəsidir.
Davamı →