Рейтинг
+10.70

Azərbaycan kinosu

30 üzv, 83 topik

Nəcibə Məlikova

Nəcibə MəlikovaBir çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmədən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dünyaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca dayısı Ruhulla Axundov kimi “xalq düşməni” damğası ilə həbs edilib ilim-ilim itirilərdi. 

Ailənin böyüyü bu qızın atası da sənət adamı idi, Haşım bəy Saqib. Odur ki, qızcığazın uşaqlığı səksəkə ilə, meşin çəkmələrin səsi onların kandarında bir də eşidilər deyə, qorxu ilə keçdi. Bir də gördü ki, Baki Teatr Texnikomunun tələbəsidir, üstəlik, ilk uğurları da var. Müəlliməsi Fatma Qədri onun oynadığı obrazlara qürurla baxıb dodaqaltı gülümsəyirdi.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən doğan təsadüfmü? Kim bilir… Bəlli olan odur ki, sənət taleyi ilə bahəm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və çox cazibədar təbəssümü var. Çox keçmədi, Azərbaycan teatr sənətinə bu gözəlliklə bahəm, həm də istedadlı bir aktrısanın gəlişi bəlli oldu — Nəcibə Məlikovanın. 
Ardı →

Turizm və kino

Tarixi 1896-cı ildən hesablanan dünya kinosu yarandığı ilk gündən kommersiya xarakteri daşıyıb. İncəsənətin bu yeni növündən qazanc əldə etmək istəyən Fransa iş adamları dünyanın maraqlı məkanlarını lentə almaq üçün xarici ölkələrə «kameralı adam»lar — operatorlar göndərdilər. Onların çəkdiyi kinokadrlar sonradan müxtəlif yerlərdə nümayiş olunurdu. Bu kinosüjetlər həm də dünyada ilk turizm-reklam çarxları sayıla bilər. Kinosüjetlərə baxan varlı adamlar bu lentlərdə əks olunan yerlərə səyahətə çıxırdılar.
Azərbaycan kinosu dünya kinosundan 2 il sonra, 1898-cı ildə yaranıb. Azərbaycanda yaşamış fransalı fotoqraf Mişonun Bakıda çəkdiyi ilk kinosüjetlər milli kinomuzun əsasını qoydu. Həmin süjetlərdən biri olan «Balaxanıda neft fontanı» həm də Bakının, Azərbaycanın Fransada və ümumilikdə Avropada reklamı idi.


Ardı →

Məlik Dadaşov

Məlik DadaşovHəyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır.

Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı. Məlik Dadaşov 1924-cü il iyunun 27-də Bakıda doğulmuşdu. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində oynamışdı.

Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, A. İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.

 
Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, (“Axırıncı aşırım”), Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, “Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a… Kərbəlayi” ifadəsi hamıya yaxşı tanışdır.

“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor T.Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.

Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Ə.İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. “26 Bakı komissarı” və “Ulduzlar sönmür” filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.

“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) “sovetin” mükafatını ala bilməz. Və bir də “Dəli Kür”dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.

M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun «Sənsiz», İ.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.

 
Kino sahəsində rolları:
1.
Bir məhəlləli iki oğlan
2. Koroğlu
3. Dəli Kür
4. Dağlarda döyüş
5. Ulduzlar sönmür
6. 26 Bakı Komissarı
7. Birisigün gecəyarısı
8. Axırıncı aşırım
9. O dünyadan salam
10. Müharibə görən adam
11. Fəryad


Mənbə: «Film Fiction» jurnalı 

Davamı →

“Dəli Kür” filmi haqqında

Sevdiyimiz filmlərimizdən biridir. “Dəli Kür” filmi 50 ildir eyni maraqla baxılır. Əsər İsmayıl Şıxlınındır. Filmin çəkilməsi üçün ssenari yazmaq söhbəti düşəndə İsmayıl Şıxlının yaxın dostu İsa Hüseynov deyib ki, İsmayıl, ssenari yazmaq sənlik deyil.  Hüsü Hacıyev küçəsində bir həyətdə çoxlu yazıçı yaşayırdı. Biri bir hekayə yazan kimi həyətdə oturub onu müzakirə edirlərmiş. Ssenarini kimin yazması da belə müzakirəyə çıxarılıb.  Kinostudiyanın o vaxt baş redaktoru olan və “Nəsimi”, “Tütək səsi ” filmlərindən ssenari təcrübəsi olan İsa Hüseynov  İsmayıl Şıxlını prinsipə salıb. Köhnə dostların bu dialoqu İsmayıl Şıxlının ssenarini tez bir zamanda yazması ilə nəticələnib.  Sonradan İsa Hüseynov deyib ki, İsmayıla qalsa tənbəllik edib yazmayacaqdı, bilə-bilə belə etdim ki, tez yazsın.

Davamı →

“Ordan burdan” filmi haqqında

Film-tamaşa o vaxtkı Sovet pulu ilə 8972 rubla və çox böyük əziyyətlər hesabına başa gəlib. Məbləğ isə kollektivə gəlib çatıncaya qədər yarıbayarı azalmışdı. Rejissor məcbur olub sədrə müraciət etdikdən sonar kəsilən vasait kollektivə qaytarılıb.
Azərbaycan televiziyasının tarixində ilk dəfə iştirakçılardan ötrü  40-a yaxın kostyum tikdirilmişdi. Çəkilişlər düz 13 pavilyonda aparılmışdı. Rəssam Rafael Əsədov 13 dəfə dekorları dəyişdirmişdi.
Söhbət bir az  “O, olmasın bu olsun”, “Arşın mal alan”ı, bir az da  “Uzuncorab Meri Poppins” bədii filmini xatırladan məşhur “Ordan burdan” muziklından gedir.

Davamı →

"Günahsız Abdulla" tamaşası haqqında

Abdulla (Mikayıl Mirzə) sakit bir kəndlidir. Günlərin bir günü şərə düşüb, 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı mənəvi əzabları əks olunur. Adam günahsız olduğundan həbsxana əzabı birə beş artır. Gündən-günə onu şərə salana qarşı aqressiyası və qisas arzusu artır.  Bir gün səbr kasası dolur və Abdulla həbsdən qaçıb qisas almaq üçün kəndinə qayıdır. Kənddə isə onun yolunu heç kim gözləmirdi. Ailəsi də dağılmışdı, anası dünyasını dəyişmişdi. Abdullanın başqa yolu qalmır, kəndiri salıb boğazına özü özünü boğur. Tamaşa belə bitir. Amma tamaşa. Əslində əsərdə belə sonluq yoxdur.

Davamı →

“Ac həriflər” filmi haqqında

Adları teatr və kino tariximizə həkk olunmuş bir çox rejissorlarımızı tamaşaçı kütləsi üzdən tanımır. Bəlkə də çoxlarının adları da artıq yaddaşlardan silinib. Tamaşaçı çox zaman kadr arxasında qalanların əməyi ilə deyil, görünən, üzdə olan aktyorla və onun işi ilə maraqlanır.  Fərqinə çox az varırıq ki, aktyoru da, o işi də ərsəyə gətirən, yetişdirən rejissordur.
Bu baxımdan bütün rejissorları bir araya gətirib, onları yalnız işləri ilə deyil, simaları ilə də tarixə salan bir rejissor var.  Söhbət Ramiz Həsənoğlu və onun televiziya tarixinə yazdığı “Ac həriflər” teletamaşasından gedir.
Artıq 26 ildir ki, o tamaşa ekranlarda sevilərək baxılır və hər baxılanda yeniymiş kimi qarşılanır.

Davamı →

“Nəsimi” filmi haqqında

1972-ci il elə 2019-cu il kimi böyük Azərbaycan şairi, filosofu Nəsiminin ili imiş. Bu belə elan olunmasa da şairin 600 illlik yubileyinə ithaf olunmuş “Nəsimi” filminin çəkiliməsi üçün göstəriş verilib.
Nəsimişünaslar, dilçilər, filoloqlar, rejissor və ssenaristlər məşvərətə yığılıb və hamı İsa Hüseynovun “Məhşər” romanı üzərində dayanıb ki, Nəsimi barədə ən yaxşı film çəkmək üçün məsləhətli əsərdir. Məhz ən yaxşı, göstəriş elə olub ki, indiyə qədər çəkilən Azərbaycan filmlərinin ən yaxşısı bu olmalıdır, yəni şairin adına layiq.

Davamı →

“Axırıncı aşırım” filmi haqqında

Kino sevərlər Azərbaycan kinosunda bu filmi Azərbaycan kişisinin  simvolu kimi qəbul edirlər. Bəy, ağa, kişi məhz belə olmalıdır.  Filmdə əsil kişi obrazı Kərbəlayi İsmayılın şəxsində öz əksini tapır. Yəqin bi filmi sevməyən  kişi də az tapılar.
Söhbət “Axırıncı aşırım” filmindən gedir. Film yazıçı Fərman Kərimzadənin  “Qarlı aşırım" romanı əsasında 1971-ci ildə ekranlaşdırılıb. Hadisələr məlum dövrdə ölkəmizdə baş verdiyindən, yəni tarixi faktlara əsaslandığından dəqiq yerin göstərilməsinə önəm verilmir. Önəmli olan film çəkilən vaxtlarda Sovet ideologiyasına xidmət etmək idi. Yəni Kərbəlayi İsmayıl, Qəmlo kimi kişilər Sovetə düşmən qismində qələmə verilməklə bahəm, həm də öz xalqının, qara camaatın bədxahı kimi təqdim olunur.
Davamı →