Yayı olmayan il

Bu hadisələri təsvir edəndə adətən başdan danışırlar, amma bu dəfə icazə verin, mən sondan başlayım.
1816-cı ilin iyun ayıdır. Cenevrə gölünün sahillərinə istirahətə gələn bir qrup ingilis ziyarətçi özlərini dörd divar arasına könülsüz həbs edib. Hava o qədər soyuqdur ki, axşamlar villanı isitmək üçün az qala bütün buxarıları qalamaq lazım gəlir.
Villanın dustaqları arasında gələcəyin məşhurları Bayron, Persi Şelli və Meri Godvin də var – sonuncunun adı sizə tanış gəlmədisə, gələcəkdə Meri Şelli. Çox güman, uzun söhbətlərin mövzusu yenə də siyasət və qeybətdir, amma, inter alia, kültürdən və sənətdən də danışırlar. Bir də ən yaxşı XIX əsr adətlərinə uyğun şəkildə kitab oxuyurlar – yəni bir nəfər bərkdən oxuyur, digərləri diqqətlə qulaq kəsir. Onların hansı kitabı oxuduğu bizə dəqiq məlumdur: Fantasmagoriana. Alman qorxulu nağıllarının fransız dilində anonim antologiyası.
1816-cı il çağdaş avropalıların o günə qədər gördüyü ən qaranlıq illərdən biri idi – sözün həm hərfi, həm məcazi mənasında. Əkinlərin məhv olması, aclıq, qıtlıq və soyuq bir kənara, hətta Günəş də sanki sönmüşdü. Heç Napoleonun müsibəti belə olmamışdı. Şimal yarımkürəsinin insanlarının həmin ildə yaşadığı bədbinliyi və dünyanın sonu gözləntisini anlamaq üçün bu gün təkcə Bayronun Qaranlıq şeirini oxumaq bəs edər.
Ona görə də Cenevrə gölünün sahilindəki villada bütün söhbətlər qaranlıq və bədbin ruhdadır. Oxuduqları alman qorxulu nağılları bəs deyilmiş kimi, villanın dustaqları özləri də qorxulu nağıllar yazmaq barəsində sövdələşirlər.
Bax beləcə, soyuq və qaranlıq dünyadan qaçıb soyuq və qaranlıq villaya sığınan bir dəstə adam ingilisdilli ədəbiyyatda çevriliş sayılacaq əsərlər yaradacaq. Onların ən məşhurunu bir çoxumuz oxumuşuq: Frankenşteyn və ya müasir Prometey.
Kimin ağlına gələrdi ki, bu keşməkeşli, məşəqqətli ilin baiskarı əslində Uzaq Şərqdə baş vermiş gözlənilməz bir hadisədir?
Yayı olmayan 1816 yayı olmayan digər il – bizim 2020 kimi uzun il idi, amma bununla da bütün simvolika bitir.
Tambora vulkanı
Cenevrə gölünün sahilindəki toplantıdan bir il əvvəl, 1815-ci ilin aprelində İndoneziyada Tambora vulkanı qəfil püskürür. Müasir hesablamalara görə bir milyon Hirosima bombası gücündə olan partlayışın səsini min kilometr uzaqda yerləşən Bataviya şəhərində – indiki Cakartada da aydın eşidirlər. Təkcə birbaşa partlayışdan və püskürmədən ölənlərin sayı 70 min nəfərdən 100 min nəfərə kimi ehtimal olunur. Amma vulkan həm də atmosferə külli miqdarda kül və zərərli aerozollar buraxır.
Həmin ildən başlayaraq növbəti il də daxil olmaqla bütün dünyada iqlim anomaliyası baş verir. Dünyanı əhatə edən vulkanik mənşəli duman Günəşi “söndürür”. Püskürmənin təsirindən qlobal orta temperatur təxminən yarım dərəcə Selsi aşağı düşür. Havalar soyuyur, hətta yay aylarında uzun müddət Günəşi aydın görmək mümkün olmur. Avropada, Asiyada və Amerikada əkinlər məhv olur, aclıq və qıtlıq baş qaldırır. İrlandiya kimi bəzi ölkələr mövcudluq böhranı ilə üz-üzə qalır. Hindistanda meydana çıxan vəba xəstəliyi ilk vəba pandemiyasına çevrilir və 1822-ci ildə Cənubi Qafqaza da ayaq açır. Bəzi tarixçilər bir neçə onillik sonra baş tutacaq dağıdıcı tiryək müharibələrini də dolayı yolla bu təbiət hadisəsi ilə bağlayırlar.
Tambora vulkanının püskürməsi nəticəsində bəşəriyyətin üzləşdiyi bu ağır sınaq tarixdə baş vermiş bir sıra müəmmalı hadisələri – 50 il ərzində Şərqi Aralıq dənizi hövzəsində və Yaxın Şərqdə bütün əhəmiyyətli şəhərlərin dağıdılması ilə səciyyələnən son bürünc dövrü çöküşünü və ya bir sıra Orta Amerika mədəniyyətlərinin hələ Kolumba qədər tənəzzülü və məhvini izah etməyə də yardımçı olur.
Bir sözlə, insan cəmiyyəti nə qədər çox mürəkkəbləşirsə, bir o qədər də iqlimin, təbiətin, kosmosun şıltaqlıqları qarşısında aciz qalır.

Koronavirus pandemiyasından çıxarılacaq ən böyük dərs, məncə, insanların həm fiziki, həm də cəmiyyət səviyyəsində mövcudluqlarının necə kövrək olması faktının dərkindən ibarətdir.
Biz özümüzü planetin ağası hesab edirik, onu sağa-sola baxmadan istismar etməkdəyik, ancaq unuduruq ki, biz əslində mikrobların planetində və mikrobların icazəsi ilə yaşayırıq. Konsensusla razı olmayan bircə mikrob kifayətdir ki, bizim bütün həyat tərzimizi alt-üst etsin. Hələ bunun vulkanları, zəlzələsi, iqlim dəyişikliyi və Günəş sistemində başıpozuq gəzişən çoxsaylı meteor və asteroidləri var – geniş yayılmış qənaətin əksinə, bütün bəşəriyyətin kollektiv texnologiyası Yer kürəsini hədəfə almış hər hansı asteroidi öncədən müəyyən edib zərərsizləşdirmək bacarığına heç də sahib deyil.
Üstəlik, bizim həyat tərzimiz özü də uzun vədədə dayanıqlı deyil. Bu gün üçüncü dünya ölkələrində milyardlarla insan nə vaxtsa yaxın gələcəkdə avropalılar və ya amerikalılar kimi yaşamaq ümidi ilə çarpışır, vuruşur. Amma bir tədqiqata görə, planetin bütün əhalisinin orta statistik amerikalı kimi yaşaması üçün bizə beş Yer kürəsinin resursları lazımdır. Hətta kasıb Rusiyanın orta statistik vətəndaşının həyat tərzinin bütün insanlığa əlçatan olması üçün üç Yer kürəsi tələb olunur. Əgər dünyada hamı istehlak mədəniyyəti baxımından bərabər olacaqsa, bəşəriyyət bugünkü texnoloji bilik və bacarıqları və bugünkü resurslar ilə maksimum Hindistanın həyat tərzini yaşaya bilər.
Bəli, bu gün bir nəfərin gündə üç dəfə yemək yeməsi və iPhone işlətməsi üçün başqa bir nəfərin elementar gigiyenik rahatlıqlardan məhrum olması lazımdır. Bizim bugünkü gerçəkliyimiz başqa alternativi qəbul etmir.
Ona görə də saysız-hesabsız ekspertlərin və quruların pandemiyadan sonra dünya dəyişəcək, daha dayanıqlı həyat tərzinə keçəcəyik, daha ağıllı olacağıq kimi moizələrinə inanmaq lazım deyil. Xüsusilə də azsaylı resursların hesabına başa gələn və milyonları doyuzdura bilən əslində zərərsiz GMO tərkibli qidalara qarşı səlib yürüşü aparan, böyük həcmdə resursların məhdud istifadəsini tələb edən bahalı orqanik qidaları təbliğ edən müasir müqəddəslərə heç qulaq asmaq lazım deyil. Hər kəsi kompyuter arxasına oturtmaqla problemi həll edənlər də bu kompyuterlərin, onlayn sistemlərin, onlara xidmət edən nəhəng serverlərin istehsalını, tələb etdiyi resursları və ömrünü başa vurandan sonra arxasında buraxdığı çirklənməni nəzərdən qaçırırlar.
Plastik paketləri qadağan etmək ya da Qreta Tunberqin yelkənli qayıqla Amerika səfəri – bütün bunlar, obrazlı danışsaq, türkəçarədir.
Dünya koronavirusdan sonra bir bâlaca silkələnəcək, sonra yenə öz ənənəvi həyat tərzinə geri dönəcək. Yer kürəsinin ağası növbəti üsyankarı – bu dəfə yeni növ koronavirusu əhilləşdirib yenə öz qamçısını əlinə alacaq. Yenə çoxsaylı reklamlar, filmlər, seriallar milyardlarla insana əslində əlçatmaz olan həyat tərzini təbliğ edəcək. Yenə yaxşı idarəçiliklə, korrupsiyasız, düzgün iqtisadi və institusional islahatlar aparsanız, sizin gözəl Afrika ölkəsi bir gün Niderland kimi olacaq nağılları davam edəcək.
Ən fundamental məsələ – bizim dayanıqlı olmayan həyat tərzimizin həqiqətən kollektiv sorğulanması, kollektiv dərk edilməsi, kollektiv dəyişdirilməsi cəhdləri yenə təxirə salınacaq. Növbəti yayı olmayan ilə. Bəlkə də daha sonrakı yayı olmayan ilə.

1816-cı il ingilis rəssamı Törnerin həyatını tamam dəyişir. Yaxşılığa doğru.
Həmin il səma əsrarəngiz rənglərə boyanır. Günəşin zühuru və qürubu az qala hər gün fövqəladə nəfəskəsən hadisələrdir. Bütün o rənglər, rəng çalarları insanların ağlını başından almağa qadirdir – əgər ac olmasaydılar. Bütün bu dəyişiklikləri görmək üçün iti gözlərə sahib olmaq lazımdır, dəyərləndirmək üçün iti ağıla. Həmin il dünyada yüzlərlə rəssam arasında məhz Törner bu dəyişiklikləri yaxşı görür və yaxşı anlayır. Nəticədə, 1816-cı ildən başlayaraq Törnerin yaradıcılığı keyfiyyətcə yeni mərhələyə keçir. Həmin il çəkdiyi rəsmlərdən biri də məhz belə adlanır: Səmanın öyrənilməsi.

Bir cüt iti göz. İti ağıl. Öyrənmək üçün. Bizə də pis olmazdı.
 
 
 
Müəllif: Əli Novruzov
Mənbə: azlogos.eu
 

0 şərh