Birinci dünya müharibəsi

Britaniya tarixçisi Erik Hobsbaumun fikrincə, XIX əsr öz başlanğıcını 1789-cu ildən, yəni Böyük fransız inqilabından götürür və 1913-cü ildə başa çatır. Öz növbəsində, XX əsr – təqvimlə yox, tarixi olaraq – 1914-cü ildən, yəni I Dünya Müharibəsindən başlayır və 1991-ci ilə – dünyada qlobal dəyişikliklərin başladığı, 1990-cı ildə Almaniyanın birləşdiyi və 1991-ci ildə SSRİ-nin süqut etdiyi dövrə qədər davam edir.

Belə xronologiya Hobsbauma da, onun ardınca bir sıra başqa tarixçilərə də “uzun XIX yüzillik” və “qısa XX əsr” haqqında danışmağa imkan verir.

Beləliklə, I Dünya Müharibəsi qısa sürən XX əsrin bir növ proloqudur. Yüzilliyin açar mövzuları – sosial ixtilaflar, geopolitik ziddiyyətlər, ideoloji mübarizə, iqtisadi qarşıdurmalar, məhz, burada müəyyənləşib. Hərçənd XIX əsrlə XX əsrin kəsişməsində çoxlarına elə gəlirdi ki, Avropada müharibələr artıq tarixə qərq olub. Qarşıdurmalar olursa da, yalnız periferiyalarda, müstəmləkələrdə olur. Əksər müasirlərə görə, elm və texnikanın inkişafı, incə “Fin de siècle” mədəniyyəti milyonlarla insanın həyatını itirməsi və dörd böyük imperiyanın süqutu ilə nəticələnən “qanlı qırğınları” nəzərdə tutmurdu.

I Dünya Müharibəsi həm də dünyada total xarakter daşıyan ilk müharibədir: o, əhalinin bütün sosial təbəqələrinə, həyatın bütün sahələrinə toxunmuş, müharibəyə cəlb olunmamış heç nə qalmamışdı.

Fin de siècle (fr.—«əsrin sonu») — Avropa mədəniyyəti tarixində XIX və XX əsrlərin kəsişməsində mövcud olan hal.

-MXFZiUZnGc3EUSCtrvPRe-2x_8eSp-O

GÜCLƏRİN DÜZÜLÜŞÜ

Əsas iştirakçılar: Antanta ölkələri- bura Rusiya imperiyası, Fransa respublikası və Böyük Britaniya daxil idi; Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası və Bolqarıstanın təmsil etdiyi mərkəz dövlətlər.

Sual yaranır: bu ölkələri bir-biri ilə nə bağlayırdı? Münaqişə iştirakçılarından hər biri ayrılıqda hansı məqsədləri güdürdü?

Bu suallar həm də ona görə vacibdir ki, 1919-cu il iyunun 28-də Versal sülh müqaviləsi imzalanandan sonra müharibənin başlamasına görə bütün məsuliyyət Almaniyanın üzərinə düşəcəkdi (231-ci maddə).

Təbii ki, universal “Vae victis” prinsipinə istinad edərək bütün olanlara bəraət qazandırmaq mümkündür.

Vae victis – “vay məğlub olanların halına” – latın məsəlidir, “şərtləri həmişə qaliblər diktə edir” anlamını verir.

Lakin sözügedən müharibədə təqsirkar təkcə Almaniya idi? Müharibənin başlamasını təkcə o və onun müttəfiqləri arzulayırdı? Əlbəttə, yox.

Almaniya bu müharibəni nə qədər istəyirdisə, Fransa da, Böyük Britaniya da o qədər istəyirdi. Münaqişənin ən zəif halqaları olan Rusiya, Avstriya-Macarıstan və Osmanlı imperiyası müharibənin başlamasında onlar qədər maraqlı deyildilər.

ƏSAS İŞTİRAKÇILARIN MARAQLARI

1Vn3ZUYMmIafj9Q1N5QFAzLYNOpT_j0L

1871-ci ildə Versal sarayının Güzgülü zalında Almaniyanın təntənəli birləşməsi baş verdi, ikinci imperiya yaradıldı. İmperiyanın elanı Fransa-Prussiya müharibəsinin fonunda, Fransanın faciəvi məğlubiyyətə məruz qaldığı məqamda baş verirdi.

Bu, Fransa üçün milli rüsvayçılıq oldu: bütün fransızların imperatoru III Napoleonun əsir götürülməsi azmış kimi, Fransada ikinci imperiyanın yalnız xarabalıqları qalmışdı. Paris kommunası, növbəti inqilabi mühit yarandı. Fransada bu tez-tez baş verir.

Müharibə onunla bitdi ki, Fransa Almaniyanın onu məğlubiyyətə uğratması ilə barışdı və 1871-ci ildə Frankfurt müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə, Elzas və Lotaringiya Almaniyanın xeyrinə ayrılaraq imperiyanın ərazisinə çevrilirdi.

Həmçinin Fransa 5 milyard frank məbləğində təzminat ödəmək öhdəliyi götürdü.

Bu məbləğin böyük hissəsi alman iqtisadiyyatının inkişafına sərf olundu. Ki, bu da 1890-cı illərə doğru alman iqtisadiyyatının görünməmiş yüksəlişinə gətirib çıxardı.

Amma problem məsələnin maliyyə tərəfindən daha çox, fransızların millət olaraq alçalması idi. 1871-ci ildən başlayaraq düz 1914-cü ilə qədər bir neçə nəsil bu duyğunu unutmayacaqdı.

Fransa-Prussiya müharibəsinin sobalarında doğulan Üçüncü respublikanı kiçiyindən-böyüyünə qədər birləşdirən revanş ideyası, məhz, onda meydana çıxmışdı. (Üçüncü Fransa Respublikası -1870-ci ilin sentyabrından 1940-cı ilin iyununa qədər Fransada mövcud olmuş siyasi rejimdir). Kimin kim olduğu – sosialist, monarxiyaçı, mərkəzçi – əhəmiyyətini itirmişdi. Almaniyadan qisas almaq və Elzasla Lotaringiyanı geri qaytarmaq ideyası hamını birləşdirmişdi.

BRİTANİYA

Almaniyanın Avropa və dünyadakı iqtisadi dominantlığı Britaniyanı narahat edirdi. 1890-cı illərdə Almaniya ümumi daxili məhsulun həcminə görə, Avropada Britaniyanı ikinci yerə sıxışdırmış və birinci yerə keçmişdi.

Britaniya hökuməti bu faktla barışa bilmirdi. Nəzərə alaq ki, Britaniya uzun yüzilliklər boyu dünyanın emalatxanası, iqtisadi baxımdan ən inkişaf etmiş ölkə olmuşdu. Odur ki, artıq Britaniya da bir növ qisas arzusu ilə alışıb yanırdı, amma onun qisası iqtisadi xarakter daşıyırdı.

RUSİYA

Rusiya üçün ən vacib mövzu slavyanlarla, daha doğrusu, Balkanlarda yaşayan slavyan xalqları ilə bağlı məsələ idi. 1860-cı illərdə vüsət almağa başlayan panslavizm ideyaları 1870-ci illərdə Rusiya-Türkiyə müharibəsinə gətirib çıxarır (1877-1878-ci İllərdə baş verən rus-türk müharibəsi Balkanların slavyan əhalisində milli özünüdərkin yüksəlməsi təkan verib).

Bu ideya 1880-1890-cı illərdə də qalır və olduğu kimi XX əsrə ötürülür, 1915-ci ilə doğru isə bütünlüklə reallaşır.

Bu ideyanın təməlində İstanbul -Konstantinopolu geri qaytarmaq və Müqəddəs Sofiyanın (Aya Sofya) üzərinə xaç qoymaq arzusu yatırdı. Digər tərəfdən Konstantinopolun qaytarılması körfəzlərlə, Qara Dənizdən Aralığa keçməklə bağlı bütün problemləri həll etməli idi.

Rusiyanın əsas geopolitik hədəflərindən biri bundan ibarət idi. Bir də, təbii ki, almanları Balkanlardan çıxartmaq lazımdı.

30JOFFE-superJumbo

Gördüyümüz kimi, əsas iştirakçı ölkələrin eyni anda bir neçə maraqları kəsişirdi. Odur ki, sözügedən mövzudan danışarkən həm siyasi, həm geopolitik, həm iqtisadi, həm də mədəni səviyyəni nəzərdən keçirmək eyni dərəcədə vacibdir.

Unutmaq lazım deyil ki, müharibə zamanı, ən azından, müharibənin ilk illərində mədəniyyyət ideologiyanın təməl hissəsinə çevrilir. O cümlədən antropoloji səviyyə də yuxarıda sadalananlar qədər əhəmiyyətlidir. Müharibə insana müxtəlif yönlərdən toxunur və o, bu müharibənin içində mövcud olmağa başlayır. Başqa bir sual da ondan ibarətdir ki, insanlar bu müharibəyə hazır idilər, ya yox? Onun necə olacağını təsəvvür edirdilərmi?

I Dünya Müharibəsindən keçənlər, həmin müharibənin şərtlərində yaşayanlar müharibə bitdikdən sonra tamamilə dəyişmişdilər. Füsunkar Avropadan əsər-əlamət qalmamışdı. Hər şey dəyişmişdi: sosial münasibətlər, daxili siyasət, sosial siyasət. Artıq heç bir ölkə, 1913-cü ildə olduğu kimi deyildi.

MÜNAQİŞƏ ÜÇÜN BƏHANƏ

Müharibəni başlamaq üçün axtarılan bəhanə Frans Ferdinandın ölümü oldu. 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxtının varisi, ershersoq Frans Ferdinand və həyat yoldaşı Sarayevoda güllələndi. Qatil, serb milli təşkilatı “Mlada Bosna”nın üzvü olan terrorçu çıxdı. Sarayevoda baş verən bu qətl görülməmiş qalmaqala səbəb oldu. Münaqişənin əsas iştirakçılarının hamısı bu qalmaqala qarışmışdı və hər biri onda müəyyən dərəcədə maraqlıydılar.

Avstriya-Macarıstan Serbiyaya etiraz bəyənatı verdi və Avstriya-Macarıstan əleyhinə fəaliyyət göstərən terrorçu təşkilatları üzə çıxarmaq üçün avstriya polisinin iştirakı ilə istintaq aparılmasını istədi. Paralel olaraq bir tərəfdən Serbiya və Rusiya imperiyası, digər tərəfdən Alman imperiyası ilə Avstriya-Macarıstan arasında gizli diplomatik məsləhətləşmələr gedirdi.

world-war-1-solider-sleeping

Yaranmış vəziyyətdən çıxış yolu vardı, ya yox? Məlum oldu ki, yoxdur. İyulun 23-də Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və cavab üçün ona 48 saat vaxt verdi. Öz növbəsində Serbiya biri istisna olunmaqla bütün şərtlərlə razılaşdı. Sözügedən şərtdə deyilirdi ki, Avstriya-Macarıstanın məxfi orqanları serb tərəfinə xəbərdarlıq etmədən ölkə ərazisində həbslər həyata keçirməyə, terrorçuları və şübhəli şəxsləri Avstriya-Macarıstana aparmağa başlayacaqlar.

Almaniyanın dəstəyi ilə güclənmiş Avstriya 1914-cü il iyulun 28-də Serbiyaya müharibə elan etdi. Bunun cavabında Rusiya imperiyasında səfərbərlik elan olundu. Rusiyanın qərarına rəsmi bəyanatla etirazını bildirən Almaniya səfərbərliyi dayandırmağı tələb etdi və bildirdi ki, əks halda alman tərəfi də səfərbərliyə başlamaq hüququnu özündə saxlayır.

İyulun 31-də Rusiya imperiyasında ümumi səfərbərlik elan olundu. Buna cavab olaraq, 1914-cü il avqustun 1-də Almaniya Rusiyaya müharibə elan etdi və müharibə başladı

Avqustun 3-də Fransa, 4-də Böyük Britaniya müharibəyə qoşuldu, həmçinin əsas iştirakçıların hamısı hərbi əməliyyatlara başladılar.

Qeyd etmək vacibdir ki, səfərbərlik elan edən ölkələrin heç biri öz təmənnalı maraqlarını dilə gətirmir, hamı müharibənin arxasında dayanan yüksək ideallardan danışırdı: məsələn, qardaş slavyan xalqlarına kömək edirik, qardaş alman xalqlarına və imperiyaya yardım göstəririk və s. Fransa və Rusiya arasında müttəfiqlik barədə müqavilələr olduğuna görə, onlarınkı müttəfiqə kömək adlanırdı. Bura Britaniya da daxil idi.

Maraqlıdır ki, artıq 1914-cü ilin sentyabrında Antanta ölkələri – yəni Böyük Briyaniya, Rusiya və Fransa arasında daha bir protokol – separatçı sülh müqaviləsinin bağlanmaması haqında deklarasiya imzalanır. Antanta ölkələri 1915-ci ilin noyabrında da bənzər sənəd imzalayacaqlar. Burdan belə nəticə çıxır ki, müttəfiqlər arasında bir-birinə güvənməklə bağlı şübhələr – birdən kimsə yolundan dönər və düşmən tərəflə separatçı sülh bağalayar – və ciddi əndişələr vardı.

I DÜNYA MÜHARİBƏSİ: MÜHARİBƏNİN YENİ NÖVÜ

Almaniya müharibəni Şliffenin planına uyğun şəkildə aparırdı (Şliffen planı – Alman imperiyası hərbi komandanlığının strateji planı; XX əsrin başlanğıcında Prussiya general-feldmarşalı və alman baş qərargahının əməkdaşı Alfred fon Şliffen tərəfindən I Dünya Müharibəsində tez qələbə qazanmaq məqsədilə hazırlanmışdı). Plana əsasən, bütün gücləri sağ cinahda cəmləmək, Fransaya ildırımsürətli zərbə endirmək və yalnız bundan sonra rus cəbhəsinə keçmək nəzərdə tutulurdu.

Şliffen bu planı, məhz, XIX əsrin sonunda hazırlamışdı.

b38642972f53ff19496e8c7d55ca2fe4Alman əsgəri

Gördüyümüz kimi, onun taktikasının əsasında “blitskriq” – düşməni karıxdıracaq, xaos yaradacaq və düşmən orduları arasında panika toxumları səpəcək ildırımsürətli zərbələr endirmək dayanırdı. II Vilhelm əmin idi ki, Rusiya ümumi səfərbərliyi bitirənə qədər Almaniya Fransanı darmadağın etməyə macal tapacaq. Bundan sonra alman qoşunlarının əsas kontingentini Şərqə, yəni Prussiyaya göndərmək və Rusiya imperiyasına hücum əməliyyatı təşkil etmək planlaşdırılırdı. II Vilhelm “səhər yeməyini Parisdə, şam yeməyini isə Peterburqda” yeyəcəyini deyəndə, məhz, bunu nəzərdə tuturdu.

Lakin elə müharibənin ilk günlərindən bu plandan məcburi yayınmalar başladı. Belə ki, alman qoşunları neytral Belçika ərazisində həddindən artıq ləng irəliləyirdilər. Elə Fransaya əsas zərbəni də Belçikadan vurmuşdular. Almaniya beynəlxalq razılaşmanı kobud şəkildə pozmuş və neytralitet anlayışına məhəl qoymamışdı. Yeri gəlmişkən, sonralar digər cinayətlər, ilk növbədə Belçikanın şəhərlərindən mədəni dəyərlərin çıxarılması ilə yanaşı bu da Versal Sülh müqaviləsində öz əksini tapmışdı və dünya ictimaiyyəti tərəfindən “alman barbarlığı” və vəhşiliyi kimi dəyərləndirilmişdi.

Almanların hücumunu dəf etmək üçün Rusiya imperiyasına müraciət edən Fransa ondan Şərqi Prussiyada təcili əks hücuma başlamasını istədi: Rusiyanın hücumları almanları, qoşunların bir hissəsini Qərb cəbhəsindən Şərqə köçürməyə məcbur edəcəkdi. Rusiya bu əməliyyatı uğurla həyata keçirdi və demək olar ki, Fransanı Parisi düşmənə təhvil verməkdən xilas etdi.

RUSİYANIN GERİ ÇƏKİLMƏSİ

1914-cü ildə Rusiya bir sıra qələbələr qazanırdı, xüsusən, Cənub-Qərb cəbhəsində. O, Avstriya-Macarıstana sarsıdıcı zərbələr endirir, Lvovu (həmin vaxt ora Avstriyanın Lemberq şəhəri idi), Bukovinanın – yəni Çernovitsi, Qalisiyanı ələ keçirib Karpatlara yaxınlaşırdı.

Lakin 1915-ci ildə rus ordusu üçün faciəyə çevrilən böyük geriçəkilmələr başlayır, hərbi sursat çatışmazlığı yaranır. Məlum olur ki, sənədlərdə sursatların olduğu göstərilsə də, əslində yoxdur. 1915-ci il ərzində Rusiya Polşanın öz əlində olan hissəsini, yəni Polşa Çarlığını (Privislinski bölgəsi – 1815-1917-ci illər arasında Rusiyanın tərkibində olmuş Avropa ərazisi), yenicə işğal etdiyi Qalisiyanı, Vilnonu, müasir Qərbi Belorusiyanı itirir. Almanlar Riqaya yaxınlaşırlar və rus qoşunları Kurlandiyanı tərk edir. Bu, rus cəbhəsi üçün fəlakətə çevrilir. 1916-cı ildən orduda, xüsusən də, əsgərlərin arasında miharibədən yorulma halları müşahidə olunur, rus cəbhəsində narazılıqlar başlayır. Şübhəsiz ki, bu, ordunun parçalanmasına təsir edir və 1917-ci ildə baş verən inqilabi hadisələrdə faciəvi rol oynayır. Arxiv sənədlərindən məlumdur ki, əsgər məktublarına nəzarət eləyən senzorlar 1916-cı ildən başlayaraq, düşkün əhval-ruhiyyənin çoxaldığını, hərbi ruhun yoxluğunu qeyd edirdilər. Maraqlıdır ki, kütləvi şəkildə kəndlilərdən ibarət olan rus əsgərləri özlərinə xətər yetirməyə, cəbhəni tez tərk etmək, öz kəndlərinə qayıtmaq üçün öz silahları ilə ayaqlarını, qollarını yaralamağa başlamışdılar.

Z27 (1)

TOTAL XARAKTERLİ MÜHARİBƏ

1915-ci ildə zəhərli qazlardan istifadə olunması I Dünya Müharibəsinin əsas faciələrindən biri idi. Belə ki, alman orduları Qərb cəbhəsində, İpr şəhəri (Belçika) ətrafında gedən döyüşlərdə tarixdə ilk dəfə kimyəvi silah – xlor tətbiq etmişdilər. Bunun nəticəsində beş min insan həlak olmuşdu.

I Dünya Müharibəsi texnoloji savaş, mühəndis sistemləri, ixtiralar, yüksək texnologiya müharibəsi idi. O, təkcə torpaqda yox, suyun altında da gedirdi. Alman sualtı qayıqları Britaniya donanmasına sarsıdıcı zərbələr endirirdi.

Müharibə havada da davam edirdi: aviasiya həm düşmənin mövqelərini müəyyənləşdirmək (kəşfiyyat funksiyası), həm də zərbələr endirmək, yəni bombardmanlar üçün istifadə olunurdu.

I Dünya Müharibəsi – igidliyə, şücaət göstərməyə artıq o qədər də imkan verməyən müharibə idi.

O, artıq 1915-ci ildə pozisiya müharibəsi xarakteri almışdı, birbaşa toqquşmalar baş vermirdi, düşmənin üzünü görmək, onun gözlərinin içinə baxmaq mümkün deyildi. Burda düşmən görünmürdü, ölüm naməlum istamətdən peyda olduğuna görə, tamamilə fərqli qavranılırdı. Bu mənada, qaz hücumları müqəddəsliyini və mifikliyini itirmiş ölümün simvolu idi.

I Dünya Müharibəsi əvvəllər görünməmiş sayda qurbanlar, bəşərin ən böyük faciəsi demək idi.

f53b8bb231e3eaa819d455f4a9ce5cfa

Məsələn, “Verden qırğını” adlanan döyüşü xatırlaya bilərik. “Verden qırğını” – 1916-cı il fevralın 21-dən dekabrın 18-ə qədər Qərb cəbhəsində, Verden şəhəri ətrafında gedən döyüşlərə verilmiş addır. Sözügedən döyüşlərdə Fransa və İngilitərə tərəfdən 750 min, Almaniya tərəfdən 450 min insan həlak olmuşdu. Bu rəqəmləri cəmləyəndə bir milyondan çox insan edir! Tarix hələ belə böyük miqyaslı qırğın görməmişdi.

Baş verənlərin yaratdığı dəhşət hissi, ölümün məchulluqdan gəlməsi aqressiya və frustrasiyaya səbəb olurdu. Məhz, bunlar I Dünya Müharibəsindən sonrakı dinc dövrdə aqressiya və zorakılıq partlayışlarına çevrilən yüksək kin, hiddət yaranmasına gətirib çıxarmışdı. 1913-cü illə müqayisədə məişət zorakılığı halları – küçə davaları, ailə zorakılıqları, iş münaqişələri və s. artmışdı.

Bütün bunlar araşdırmaçılara, əhalinin totalitarizmə və zorakı, repressiv praktikalara hazır olduğu barədə danışmaq imkanı verir.

Burda hər şeydən əvvəl Almaniyanın təcrübəsini xatırlamaq yerinə düşər – orda 1933-cü ildə nasional-sosializm qalib gəlmişdi. Bu da bir növ I Dünya Müharibəsinin davamı idi.

Məhz, buna görə, belə fikir var ki, I və II dünya müharibələrini ayırmaq olmaz, əslində, bu, 1914-cü ildə başlayan və 1945-ci ildə bitən bir müharibə olub. 1919-cu ildən 1939-cu ilə qədər olanlar isə – sadəcə atəşkəsdir, çünki əhali hələ də müharibə ideyası ilə yaşayırdı və savaşı davam etdirməyə hazır idi.

I DÜNYA MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ

1914-cü il avqustun 1-də başlayan müharibə 1918-ci il noyabrın 11-ə – Almaniya ilə Antanta ölkələri arasında sülh müqaviləsi bağlanana qədər davam etmişdi. 1918-ci ildə Antanta artıq Fransa və Britaniya ilə təmsil olunurdu. Rusiya imperiyası bu ittifaqı 1917-ci ildə – inqilabi xarakterli bolşevik çevrilişi baş verəndə tərk etmişdi. Leninin ilk dekreti 1917-ci ilin 25 oktyabrında verdiyi, döyüşən bütün dövlətlərə qarşı anneksiyasız və təzminatsız sülh haqqında Dekret olmuşdu. Hərçənd, Sovet Rusiyasından başqa, döyüşən dövlətlərin heç biri bu dekreti dəstəkləməmişdi.

Lakin Rusiya müharibədən rəsmi şəkildə 1918-ci il martın 3-də- Brest-Litovskda məşhur Brest müqaviləsinin bağlanması ilə çıxacaqdı. Müqaviləyə müvafiq olaraq, bir tərəfdən Almaniya və onun müttəfiqləri, digər tərəfdən Sovet Rusiyası bir-birilərinə qarşı hərbi əməliyyatları dayandırırdılar. Həmçinin müqaviləyə görə, Sovet Rusiyası ərazilərinin bir qismini itirirdi – söhbət Ukrayna, Belorusiya və bütün Pribaltikadan gedirdi. Polşa haqqında artıq heç kim düşünmürdü, əslində, o, heç kimə lazım deyildi. Leninlə Trotskinin bu məsələyə məntiqi yanaşması çox sadə idi: “biz ərazilər uğrunda alver eləmirik, onsuz da dünya inqilabı qalib gələcək!” Üstəlik, 1918-ci ilin avqustunda Brest müqaviləsinə əlavə olaraq daha bir razılaşma imzalanacaq, Rusiya Almaniyaya təzminat ödəmək öhdəliyi götürəcək, hətta 93 ton qızıldan ibarət ilk köçürmə həyata keçiriləcəkdi. Və beləcə, Rusiya müharibədən çıxacaqdı. Ki, bu da Çar hökumətinin üzərinə götürdüyü, Müvəqqəti hökumətin də sadiq qaldığı müttəfiqlik öhdəliklərinin pozulması demək idi.

1917-ci Amerika Birləşmiş Ştatları müharibəyə qoşulur. Daha sonra prezident Vudro Vilson müharibədən sonrakı sülh quruculuğu işlərində ən vacib rollardan birini oynayacaqdı. Millətlər Liqasını – yeni hərbi münaqişələrə və toqquşmalara yol verməmək məqsədi güdən beynəlxalq təşklat yaratmaq ideyası, məhz, ona məxsusdur.

chemical-weapons-soldiers-running-hist-01120h

MÜHARİBƏNİN SONU

1918-ci ilə doğru Almaniya rəhbərliyi üçün Antanta ölkələri ilə kompromiss yolları tapmaq zərurətə çevrilir. Eyni zamanda almanlar mümkün qədər az şey itirmək istəyirdilər. Elə bu məqsədlə də 1918-ci ilin yaz-yaz aylarında Qərb cəbhəsində əkshücumlar təşkil olunur, amma əməliyyat Almaniya üçün həddindən artıq uğursuz keçir. Kİ, bu da dinc əhali arasında və ordu sıralarında yaranmış narazılıqları artırır. Noyabrın 9-da Almaniyada inqilab baş verir. Onun başlamasına Kildə komandanlığın əmrlərini yerinə yetirmək istəmədikləri üçün qiyam qaldıran matroslar təkan vermişdilər.

1918-ci il noyabrın 11-də Almaniya ilə Antanta ölkələri arasında Kompyen sülh müqaviləsi imzalanır.

Qeyd edək ki, müqavilənin Kompyendə, marşal Foşun vaqonunda imzalanması təsadüf deyildi. Bu, Fransa-Prussiya müharibəsində qazandığı məğlub kompleksindən qurtulmağa çalışan, intiqam aktını, yəni satifikasiyanın baş verdiyini görmək istəyən fransızların təkidi ilə edilmişdi.

Sözügedən vaqon 1940-cı ildə yenə tarixin səhnəsinə çıxacaqdı – Hitler Fransanın kapitulyasiyasını həmin vaqonda qəbul edəcəkdi.

SÜLH MÜQAVİLƏSİ

Müqavilənin şərtlərinə görə, Almaniya bütün hərbi əməliyyatları dayandırır, Brest Sülh müqaviləsi denonslaşdırılır (müqavilənin əvvəlcədən nəzərdə tutulmuş şəkildə ləğv olunması). Həmçinin Almaniya öz qoşunlarını Belçika ərazisindən çıxarmaq, Elzasla Lotaringiyanı Fransaya qaytarmaq öhdəliyi götürür. Antanta ölkələrinin qoşunları Reynin sol sahilini ələ keçirir. Münaqişənin tam tənzimlənməsindən ötrü konfrans çağırılır. 1919-ci il yanvarın 18-də Paris Sülh Konfransı açılır. 1919-cu il iyunun 28-də Almaniya ilə sülh müqaviləsi imzalanır. Bu, Almaniya üçün alçaldıcı sülh olur, o, bütün müstəmləkələrini, Şlezviqin, Sileziya və Prussiyanın bir hissəsini itirir. Almaniyaya sualtı donanma saxlamaq, ən müasir silahlanma sistemləri hazırlamaq və sahib olmaq qadağan olunur. Müqavilədə təkcə Almaniyanın ödəməli olduğu təzminatın məbləği göstərilməmişdi, çünki Fransanın hədsiz iştahası ucbatından, Fransa ilə Britaniya məbləğ barədə razılığa gələ bilməmiş, nəticədə müqaviləyə məbləğ yazılmamışdı.

Fransanın bu qədər güclənməsi Britaniyaya sərf etmirdi.

Təzminatın həcmi yalnız 1921-ci ildə müəyyənləşdirilmişdi. 1921-ci ildə imzalanan London razılaşmalarına əsasən, Almaniya qaliblərə 132 milyard qızıl mark ödəməli idi.

Almaniya münaqişənin başlamasının yeganə günahkarı elan olundu. Əslində, ona qoyulan bütün məhdudiyyətlər və sanksiyalar da buna əsaslanırdı.

Versal müqaviləsi Almaniya üçün fəciəvi nəticələrə gətirib çıxardı. Almanlar özlərini alçaldılmış və təhqir olunmuş hiss etdilər. Ki, bu da ölkədə milliyyətçi qüvvələrin yüksəlişinə səbəb oldu.

Veymar respublikasının mövcud olduğu 14 çətin il boyunca – 1919-cu ildən 1933-cü ilə qədər – istənilən siyasi güc Versal müqaviləsinə yenidən baxılmasını qarşısına məqsəd qoyurdu. Hər şeydən əvvəl, heç kim şərq sərhədlərini qəbul etmirdi. Almanlar parçalanmış xalqa çevrilmişdilər – bir hissəsi Almaniyada, Reyxdə, bir hissəsi Çexoslovakiyada (Sudet vilayəti), bir hissəsi isə Polşada qalmışdı. Milli vəhdət hiss etməkdən ötrü böyük alman xalqının qovuşması vacib idi. Nasional-sosialistlərin də, sosial-demokratların da, mülayim konservatorların da, digər siyasi güclərin də siyasi şüarlarının təməlində bu ideya dayanırdı.

İŞTİRAKÇI ÖLKƏLƏR ÜÇÜN MÜHARİBƏNİN NƏTİCƏLƏRİ VƏ BÖYÜK DÖVLƏTLƏR İDEYASI

Avstriya-Macarıstan üçün müharibədə məğlubiyyətə uğramaq milli faciəyə çevrildi və çoxmillətli Habsburqlar imperiyasının süqutu ilə nəticələndi. 68 illik hökmranlığı ilə imperiyanın simvoluna çevrilmiş Avstriya imperatoru I Frans İosif 1916-cı ildə öldü. Onun yerini tutan I Karl imperiyanın mərkəzdən qaçan milli güclərini dayandıra bilmədi və bu, hərbi məğlubiyyətlə birlikdə Avstriya-Macarıstanın dağılmasına gətirib çıxardı.

I Dünya Müharibəsinin sobasında dörd böyük imperiya həlak oldu: Rusiya, Osmanlı, Avstriya-Macarıstan və Almaniya imperiyaları.

Onların yerində yeni dövlətlər yaranacaqdı: Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexoslovakiya, Macarıstan, serb, xorvat və slovenlərin krallığı.

Eyni zamanda bütün incikliklər və ixtilaflar, həmçinin ölkələrin biri-birinə qarşı ərqazi iddiaları da olduğu kimi qalırdı.

Macarıstan əldə olunan razılaşmalara müvafiq şəkildə onun üçün müəyyənləşdirilən sərhədlərdən narazı idi, çünki Xorvatiya da Böyük Macarıstanın tərkibində olmalı idi.

Bolqarıstan da ona çatan sərhədlərdən narazı idi. Çünki düz Konstantinopola qədər bütün ərazilər Böyük Bolqarıstanın tərkibində görmək istəyirdi. Serblər də özlərini aldadılmış hiss edirdilər.

Polşada dənizdən dənizə Böyük Polşa ideyası yayılmağa başlamışdı.

Deyəsən, yeni Şərqi Avropa dövlətləri arasında hər şeydən razı qalan yeganə ölkə Çexoslovakiya idi.

Hamıya elə gəlirdi ki, I Dünya Müharibəsi problemləri həll edəcək, amma o, köhnə problemləri dərinləşdirmiş və yeni problemlər yaratmışdı.

I Dünya Müharibəsindən sonra Avropanın bir çox ölkələrində milli əzəmət və əhəmiyyətlilik ideyası vüsət almağa başlamışdı. Ki, bu da milli müstəsnalıq barədə miflərin yaradılmasına və onların müharibələrarası dövrdə siyasi baxımdan rəsmiləşdirilməsinə gətirib çıxardı.

Mənbə: azlogos.eu

 

0 şərh