KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı? (Ardı...)

2. Şəxsiyyətin tədqiq üsulları

Beləliklə, individlərin psixi vəziyyətinin dinamikasını şərtləndirən cəmi psixi komponentlər barədə bu qədər. İnsanın istənilən fəaliyyəti məhz bu faktorların birgə təsiri altında, onların kombinasiyasında meydana çıxır və istər ayrıca fərdlərin, istərsə də nəhəng kütlələrin psixoloji idarəçiliyi də, sadalanan həmin bu faktorlara müxtəlif metodlarla müdaxilə hesabına mümkün olur. Bu baxımdan, davranış və düşüncələrin idarəçiliyinə aid hər hansı bir konsepsiyada motivlər yerində yeganə olaraq Freydin dediyi həmin irrasional həvəslər ansamblını, yaxud Adlerin dediyi həmin defekti əvəzləmək məramını və ya Olportun dediyi individual xüsusiyyətləri və s. ayrı-ayrılıqda əsas götürmək, təbii olaraq birtərəfliliyə və məhdudluğa gətirib çıxarardı, bu konsepsiyanın universallığına və işləkliyinə ciddi əngəl törədərdi. Həqiqət, deyildiyi kimi, bunların məxrəcində və ya kombinasiyasındadır ki, yuxarıda biz bu məxrəclərdən birini tapmağa cəhd etdik. Və öz konsepsiyamızı da həmin bu inteqral baza üzərində quracağıq.

Kiməsə təsir halında düzgün taktika seçə bilməyin ən zəruri şərtlərindən biri - onun həmin ontogenez və filogenezini, başqa sözlə, kimliyini, onun psixikasının ümumi xüsusiyyətlərini, verilmiş andakı dəyişikliklərini, xasiyyətini, ümumi tələbatlarını, maraqlarını, ehtiyaclarını, təmənnalarını və s., kütlənin idarəçiliyi halı üçünsə - kütlə içərisində hansı hisslərin, məramların üstünlük təşkil etdiyini dəqiq bilməkdir. Bunlarsız qarmaqarışıq münasibətlər labirintində düzgün oriyentasiya əldə etmək, kütlənin və ya ayrıca fərdin rəy və baxışlarını lazımi istiqamətə yönəltmək üçün səmərəli iş apara bilmək qeyri-mümkündür. Bu səbəbdən, ilk olaraq tərəf-müqabilin deyilən baxımdan olan parametrlərini təyin etmək qaydaları barədə:


Ünsiyyət zamanı düzgün taktika seçə bilmək işinin tərkib hissəsi olan bu məsələni müxtəlif konkretlik səviyyəsində, əsasən üç yolla həll etmək mümkündür:

1)   Cəmi insanlara xas olan ümumi psixi əlamətləri tərəf-müqabilə də aid etməklə - ümumi formada;

2)   Mənsub olduğu irqə, irsə, cinsə, sinfə, dinə, millətə və s. xas olan ümumi cəhətləri ona da aid etməklə - xüsusi formada;

3)   Konkret olaraq onun öz psixi konturlarını müəyyən etməklə - fərdi formada.

Aşağıda bunların hər biri barədə nisbətən ətraflı məlumat verilir.

2.1. Diaxronik tədqiq üsulu

Ümumi sinif əsasından ayrıca fərd barədə nəticə çıxarmaq ümumi oriyentasiya üçün, təqribi proqnoz baxımından əhəmiyyət kəsb etsə də, hər halda, dəqiq proqnoz üçün mütləq fərdin özünün individual cəhətləri, spesifik xüsusiyyətləri və s. aşkar edilib nəzərə alınmalıdır. Burada artıq nə psixoloji alqoritm olan stereotiplər, nə irqi, irsi, cinsi, dini, milli və s. şablonlar, nə transferlər kara gəlmir. Burada oxşarlıqlar, ümumiliklər deyil, fərqlər və unikallıqlar prinsipial mahiyyət kəsb edir. İndividi kütlədən, ümumidən ayıran, seçən bu xüsusiyyətləri (appersepsiyaları) tapıb üzə çıxarmadan, istənilən eniş-yoxuşda ünsiyyəti normal yola verə bilmək və tərəfdaşın individual dünyasının astanasından o yana keçmək qeyri-mümkündür.

İnsanın məqsədyönlü psixi vəziyyətinin formalaşmasının birinci şərti - onun uzunmüddətli yaddaşında bu şəraitə uyğun vəziyyətin enqramının mövcudluğudur. İkinci şərt - onun özünün individual psixi parametrləri və bu parametrlərin öz aralarında qarşılıqlı rabitəsidir. Psixikanın əsas komponentləri bu məqamda afferent sintez prosesini şərtləndirən sistemyaradıcı faktor funksiyasında çıxış edir. İstənilən biosistem ətraf dünyaya uyğunlaşmaq fəaliyyətində özünün daxili proseslərini analiz edib, bunlara uyğun olaraq hansı qərar qəbul etmək lazım olduğunu öz-özü üçün müəyyən edir. Məhz buna görə də, qarşı tərəfin reaksiyalarını proqnozlaşdıra bilmək üçün onun daxili aləmini öyrənmək zəruri şərtdir.

Prinsip baxımından, dünyada mövcud olan cəmi tədqiqat üsullarını iki kateqoriyaya ayırmaq mümkündür: diaxroniksinxronik metodlar. Bunlardan birincisi - keçmişə, ikincisi isə - bugünə aid faktları öyrənməklə aparılan araşdırma üsuludur. İstənilən individi öyrənməyin metodları da bu təsnifata tabedir. Kimisə onun şəxsi işinə, anket və kartoteka göstəricilərinə, xatirə dəftərinə, köhnə məktublarına, yazışmalarına və s. əsasən öyrənmək məhz diaxronik tədqiqata nümunələrdəndir. Sinxronik tədqiqata isə biz bugünlə əlaqədar faktların öyrənilməsi prosedurasını aid edirik ki, bunu da müşahidə və eksperiment olmaqla iki qrupa ayırırıq (diaxroniya və sinxroniya terminlərini linqvistikadan əxz etmişik). İndividlərin bu ikinci metodla tədqiqi psixologiyanın əsas problemlərindən olduğuna görə, burada ona xüsusi yer ayırırıq.

2.2. Sinxronik tədqiq üsulu

2.2.1. Müşahidə

Yuxarıda diaxronik tədqiqatın bir neçə növü sadalandı: şəxsi işlərə, kartoteka göstəricilərinə, xatirə dəftərinə, köhnə məktublara, yazışmalara və s. əsasən aparılan araşdırma. Sinxronik tədqiqatınsa, əsasən iki növü mövcuddur: Müşahidə və eksperiment. Bunlardan birincisi - bilavasitə, ikincisi isə, dolayısı tədqiqat üsuludur. Gündəlik ünsiyyətdə insanların bir-birinin daxili dünyasına nüfuz etmək üçün istifadə etdikləri çoxsaylı fəndlər də məhz izah edilən bu iki variantın ayrı-ayrı növmüxtəlifliyindən ibarətdir.

Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsi ilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır.

Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə «sən» deyə müraciət etmək mümkündür. Qocalar quş və heyvanların, cücü və otların davranışından havanın necə olacağı barədə nəticə çıxarır, həkimlər simptomlara əsasən xəstəliyin gedişini proqnozlaşdırırlar. Çünki onlar təbiətin jest dilini adi insanların danışıq dilindəki formaya tərcümə etməyi öyrəniblər. Adi insan da təbiətin bir parçasıdır və onun bütün əlamətlərini özündə gəzdirib, hər an daxilindəki bütün dəyişikliklər barədə ətrafa sonsuz sayda informasiyalar göndərir. Ətraf insanlarsa bunlardan yalnız çox cüzi birini - danışıq dili ilə dediklərini qavrayıb, dərk edirlər. Özü də, hətta bu dillə ifadə olunan mənalardan da hamısını yox. Belə ki, nitqin forma və məzmunundakı emosional çalarlar, demək olar ki, əksər adamlar tərəfindən qavranılmamış qalır və dillə deyilənlərin doğru, yoxsa yalan, səmimi, yoxsa qeyri-səmimi və s. olduğunu ayırd etməyə onların konkret heç bir vasitəsi olmur. Jest, mimika, poza və s.-in mənasını «oxumaq» barəsində isə heç danışmağa dəyməz. İnsanların daxili aləminə sinxronik tədqiqat vasitəsilə müdaxilə məhz bu alternativ dillərlə işləmək məsələlərini əhatə edir.

Aşağıda bu yolla insanların daxilində gedən bir sıra psixi prosesləri aşkar etməyin nümunələri sadalanır:

Bunlar insanın psixi sferasında cərəyan edən proseslərin müəyyən qismini izləməyə imkan verən başlıca zahiri əlamətlər (''indikatorlar'') idi. Bunlardan əlavə, müxtəlif assosiativ reaksiyalar, ehtiyatsız deyimlər (çaşmalar), sayıqlamalar, məntiqsizliklər, ayrı-ayrı intonasiya və rəftar mimikaları, beyin biocərəyanlarında, dərinin elektrik müqavimətində, orqanizmin damar reaksiyalarında, əzələlərin titrəyişində və b.-da baş verən dəyişikliklər də, insanın fikir apparatına müdaxilə etməyə imkan verən vasitələrdəndir.

Göstərilən əlamətlər tərəf-müqabilin fikirlərinin məcrasını müəyyənləşdirmək üçün bir indikatordur ki, onların vasitəsilə onu lazımi diapazona kökləmək və ondan kənara çıxmağa qoymamaq mümkündür: tərəf-müqabil sizə maraqla, yoxsa «xala xətrin qalmasın» qulaq asır, onu hansı mövzu maraqlandırır, nəyə meyl edir, dedikləri səmimidirmi və s.? Əgər maraqsız qulaq asırsa, deməli, nəsə yerində deyil və mövzunu tez-tez dəyişməklə «indikatorların» qırmızı işığının «yandığı» məqamı axtarıb tapmaq olar və bununla da, daim onun ürəyinin «sarı simindən» vurmağı öyrənəcəksiniz. Bu, eynilə təzə tanış olanların bir-birində özlərinə qarşı maraq oyada bilməsi üçün, eynilə yol-yoldaşlarının həmsöhbəti bezdirməməsi üçün, eynilə məclisdə məclisin ruhunu tuta bilmək üçün, eynilə müəllimin tələbə və şagirdlərin ürəyinə yola tapa bilməsi üçün, eynilə, müsahiblərin bir-birinin səmimi, yoxsa qeyri-səmimi olduğunu müəyyən edə bilmələri üçün, kimisə ram edərkən ona üsyan, qiyam, inciklik şansı verməmək üçün və eynilə də, köhnə tanışların bir-birinin ürəyini «oxuya» bilmələri, dərdlərinə şərik ola bilmələri, başa düşən dost olduqlarını nümayiş etdirə bilmələri və s. üçün əhəmiyyətlidir.

2.2.2. Eksperiment 

İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır. Lakin bəs, əgər insan xoşa-xoşluqla, təbii surətdə belə hala düşmürsə, onda nə etməli? Gözləməlimi ki, «nə zaman yaz gələr, onda da yonca bitər?».

İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq («modelləşdirib»), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın.

İnsanı nisbətən yaxından tanımaq üçün on illərlə vaxt lazımdır. Yalnız bu müddətdə müxtəlif situasiya və münasibətlər onun daxili aləmini açmağa və xasiyyətinin incəliklərini üzə çıxarmağa imkan verər. Bundan sonra isə. istənilən halda proqnozlaşdırmaq mümkün olur ki, kimdən nəyi gözləmək olar və kimə hansı rəftar xoş gedib-getmir. Bu qədər müddətsə, göründüyü kimi, olduqca böyük limitdir və yaxşı olardı ki, hər şey cəmisi bir neçə gündə, hətta bir neçə saatda həll olunaydı. Ələlxüsus da ki, on illərlə tanıdığın bir adamla əlaqədar belə, hələ hər şey tam aydınlaşmır və onun sizdən gizlətdiyi nə qədər sirləri, zəiflikləri, istəkləri ola bilir. Bütün bunları üzə çıxarmaq, özü də çox tez müddətdə üzə çıxarmaq üçünsə həqiqi «qəlb mühəndisi» olmaq lazımdır. Bu hissədə söhbət, məhz bu məqsədə xidmət edən bəzi fəndlərdən gedəcək.

Aşağıda bu kateqoriyadan olan yeddi vasitə sadalanır, hansı ki, onların bir çoxu psixoanalitika üçün də yeni olduğundan, eyni zamanda, təbabətdə də maraqlı ola bilər:

2.2.2.1. Sərbəst assosiasiya metodu

Psixoanalitikanın başlıca alətlərindən olan bu fənd, adi ünsiyyət zamanı da, tərəf-müqabilin daxili dünyasına nüfuz edə bilmək üçün əla vasitədir. Burada, cəhd edilir ki, tərəf-müqabil öz danışdıqlarına maksimum aludə olsun və bununla da, hissləri, fikirləri üzərində nəzarəti əldən buraxsın, özünü unutsun, ehtiyatı yaddan çıxarsın. Bu zaman, «sərbəst assosiasiya» deyilən prinsipə uyğun olaraq, beyində ətalətə oxşar bir hal yaranır, fikirlərin axını «zəncirvari reaksiya» və ya «domino effekti» deyilən akt tərəfindən stimullaşdırılır, «söz-sözü çəkər» prinsipinə uyğun olaraq hər yeni fikir yaddaşdan özünə uyğun digər fikirləri qurcalayıb üzə çıxarır - beləcə, fikirlərin eskalasiyası fasiləsiz olaraq tənzimlənir.

Mexanizm baxımından bu metod autohipnoz halının bir variasiyasıdır. Burada diqqətin tutulub saxlanılması üçün, hipnozdakı kimi, hansısa bir parlaq kürəcikdən və ya düyməcikdən deyil, tərəf-müqabilin öz söhbətlərindən istifadə olunur. Fənd və vasitələr baxımındansa, bu hal hipnozla qismən kəsişir. Belə ki, burada da əsas məqsəd, tərəf-müqabilin psixikasını relaksasiya halına gətirməkdir. Lakin məzmun deyil, forma baxımından burada ciddi fərqlər mövcuddur, çünki hipnozun öz, sərbəst assosiasiya halınınsa öz vasitələri var. İnsanı belə hala gətirməyin bəzi primitiv üsulları hələ öz dövründə freydizm və sonradan onun bazasında yaranan «psixodinamik psixoterapiya» tərəfindən müəyyənləşdirilsə də, bu gün onları daha da dolğunlaşdırıb ümumiləşdirmək mümkündür, o cümlədən:

a) İnsanı belə hala gətirməyin BİRİNCİ ŞƏRTİ - heç vədə onun fikirlərini kəsməməkdir. Danışdığı mövzu sizin üçün maraqsız, mənasız, azinandırıcı, cəfəng, darıxdırıcı, səviyyəsiz, təhqiramiz və s. görünə bilər. Burada siz öz əleyhinizə fikirlər eşidə bilərsiniz. Bütün bunların heç biri hələ sizə onun sözünü kəsmək ixtiyarı vermir. Nəzərə alın ki, o, hipnoz vəziyyətindədir və indi danışdıqları onun ürəyinin, beyninin dərinliklərində indiyə qədər gizlətdikləridir və sizin də məqsədiniz məhz onları üzə çıxarmaqdır, daha onunla haqq-hesab çəkmək və ya onunla ünsiyyətdən zövq almaq yox. Bunlar tamam başqa vaxt və söhbətin vəzifəsidir. İndi vacib olanı onun zəifliklərini, ürəyində gizlətdiyi sirlərini, münasibətlərini, təmənnalarını və s. üzə çıxarmaq, yaxud onun vasitəsilə özgələrinin sirlərini öyrənməkdir. Bunlardan ona və ya bir başqalarına qarşı necə istifadə etmək məsələsi sonranın işidir. İndi isə onun fikirlərinin cəmisi bir dəfə kəsilməsi kifayətdir ki, o, ayılsın, vəziyyətə sağlam düşüncə ilə baxsın, özünü ələ alsın və s. Əksinə, «xoda» düşüb danışdığı anlarda fikri bütün dünyadan təcrid olub, diqqəti yalnız danışdıqlarının üstündə cəmlənir ki, hipnozçuların bildiyi kimi, bu da hipnoza aparan sadə yoldur. Sözü kəsildikdə isə «fəth olunmuş» diqqət azad olur və bundan sonra nəyəsə nail olmaq üçün hər şey yenidən başlanmalıdır. Bir sözlə ki, təki danışsın, ağzına nə gəldi, fikrindən nə keçdi, qoy danışsın. Sizin üçün maraqlı olanı onun danışdıqları yox, danışıqarası dilindən qaçırdıqlarıdır. Yerdə qalanı isə yalnız bunu açmaq üçün olan vasitələr, buna gətirən yollardır;

b) İKİNCİ ŞƏRT - onun təhlükəsizliyinə təminatın olması məsələsidir. Əgər nə vaxtsa onun sirlərini açıb yaymısınızsa, öyrəndiyiniz sirrinə görə onu tənə atəşinə tutmusunuzsa və ya elə indi açdığı hansısa bir sirrinə görəsə dərhal qışqırmısınızsa ki, «aha, axır ki, sən öz iç üzünü açdın» və yaxud «yaxşı ki, mən səni başına buraxdım, belə-belə şeyləri açıb danışdın, yoxsa mən də sənin bu cür işlərindən (əclaflıqlarından, sifətlərindən və s.) xəbərsiz qalardım» və s., onda çox çətin ki, indi lazımi effekti əldə edə biləsiniz. Etimad burada hər şeyi həll edir. Buna görə də, burada, birinci növbədə, etimad körpüsü yarada bilmək vacibdir.

-   Bu məqamda etimad qazanmağın bir şərti, yuxarıda deyildiyi kimi, onda sirlərinin gizli qalacağına ümid yarada bilməkdir;

-   İkinci məsələ - kömək edəcəyinizə gümanının olmasıdır. Özü də söhbət təkcə maddi köməkdən yox, eyni zamanda, mənəvi köməkdən də gedə bilər. Bir sözlə, bu məqamda kömək edəcəyinizə ümid yarada bilmək sizin əsas vəzifələrinizdən biridir;

-   Bu məqamda etimad qazanıb, tərəf-müqabilin təhlükəsizliyinə təminat verə bilməyin daha bir formulu - etiraflar mübadiləsidir. Silahını tullayaraq qarşınıza köməksiz vəziyyətdə çıxan tərəf-müqabil, sizə etimad nümayiş etdirir və sizdən də analoji addım gözləyir. Bu məqamda sizin də, öz ''mən''inizin bəzi neqativ tərəflərini aşkarlamanız, o qədər də «aydan arı, sudan duru» olmadığınızı nəzər-diqqətə çatdırmanız, vəziyyəti zahirən sığortalayar, ünsiyyətin bərabər əsaslarla inkişafına və tərəf-müqabilinin hürkmədən sizə doğru daha da yaxınlaşmasına səbəb ola bilərdi. Əks halda, tərəf-müqabil özünü aldadılmış vəziyyətdə hiss edib geri çəkiləsidir;

Ancaq bu sonuncu məqamla bağlı iki təhlükəli nüansı nəzərdən qaçırmamalı. Əvvəla, sizin özünüz barədə hər şeyi birnəfəsə açıb tökməniz effektsiz və azinandırıcıdır - hər şey addım-addım və sözgəlişi olmalıdır. İkinci məsələ isə, özgələri barədə olan söhbətlərlə bağlıdır: Tərəf-müqabil kiminsə sirrini açdıqca, qarşılıq xatirinə, sizin də həmin adamın bəzi sirlərini açmanız, haqqınızda «ağzıboş» adam təsəvvürü yarada bilər və gələcəkdə tərəf-müqabil də öz sirlərini sizə açmaqda ehtiyatlanar. Hər halda, hər şeyi vəziyyət və tərəf-müqabilin xarakteri ilə ölçüb-biçməli;

c) Tərəf-müqabili sərbəst assosiasiya halına kökləməyin ÜÇÜNCÜ ŞƏRTİ - passiv yox, aktiv dinləyici olmaq, başqa sözlə, onu öz dinləyicilik məharətinizlə stimullaşdırmaqdır. Yuxarıda heç vədə tərəf-müqabilin sözünü kəsməmək tövsiyyə olunmuşdu. Lakin bu, diqqətyayındırıcı, mövzunu dəyişdirən müdaxilələrə aid idi və mövzuya dəstək, emosiyalara təkan məqsədi güdən müdaxilələr bura aid deyil. Məsələ burasındadır ki, bir sıra elə verbal formullar mövcuddur ki, onlar bu halda mane olmayıb, əksinə, tərəf-müqabilin həmin bu, «ayıqkən hipnoz» vəziyyətini daha da dərinləşdirir, ona bir növ təkanlar verir və onu həqiqətən də, getdikcə qeyri-şüuri bir vəziyyətə gətirir. Bu cür formulların bəzilərisə aşağıdakılardır

Ümumi olaraq, tərəf-müqabilin sərbəst assosiasiya, eyforiya halının səviyyəsini yuxarıda sadalanan indikatorlar vasitəsilə müəyyən etmək mümkündür.

   n EKSPRESSİV İNDİKATORLAR: Tərəf-müqabilin poza və səsi təbii görkəm alır, onlarda gərginlik və həyəcan hiss edilmir. O, gözlərini gizlətmir, göz-gözə gəlməkdən qaçmır, əksinə, sizə daha tez-tez baxır, lakin gözlərini sizə zilləyib də durmur. Özünü sərbəst hiss edir və sizə daha yaxın durmağa çalışır, yaxud pozası sizə tərəf azacıq əyilmiş olur və s.;

   n PSİXOMOTOR İNDİKATORLAR: Bütün növ reaksiyaları, hərəkəti, nitqi çevikləşir, mimika və jestləri canlanır, suallarınıza cavabı, hər hansı qeydinizə reaksiyası pauzasız, çevik olur, düşünmədən danışır və s.;

   n KOQNİTİV İNDİKATORLAR: Nitqində hazırcavablıq, lakoniklik artır, yaddaşı güclənir, əksinə, diqqəti zəifləyir və s.;

   n EVOKATİV İNDİKATORLAR: Ünsiyyətə, ünsiyyətdə təşəbbüsü ələ almağa, özünüifadəyə, özünüböyütməyə və s. meylli olur.

Tərəf-müqabilin nitq və davranışında göstərilən əlamətlərin müşahidə olunması onun tamamilə «ayıqkən hipnoz» vəziyyətində olduğuna işarədir;

2.2.2.2. Mübahisə metodu

Tərəf-müqabilin daxili dünyasına müdaxilə etməyin, fikirlərini aşkarlamağın daha bir metodu onun münaqişəyə, mübahisəyə cəlb olunmasıdır. Fəslin əvvəlində intellektə verilən xarakteristikada qeyd edilmişdi ki, o, emosiyaların maksimum gərgin və süst hallarında öz funksiyasını dayandırır. İnsanın nəyisə gizlətməsinin, sirr saxlamasının, daxili aləmini ört-basdır etməsinin və s. əsas səbəbkarı da, məhz onun intellektidir. Belə ki, bu orqan özünün tənqidi-senzor funksiyası ilə zərərli olan, mənafeyə zidd olan heç nəyi orqanizmin yaxınlığına buraxmır, təhtəlşüura «senzuradan» keçməyən hər hansı kənar müdaxilələri qətiyyətlə dayandırır və s. - təbii ki, əgər «duysa».

Bu baxımdan, yuxarıdakı metoddan əsas məqsəd, emosiyaların həmin maksimum aşağı həddini, yəni relaksasiya, süst halını əldə etmək idi. Deyildiyi kimi, diapazonun yuxarı həddi, yəni emosiyaların maksimum gərginliyi də, intellektual fəaliyyəti tormozlamaq baxımından analoji effektlidir. Bu cəhətdən, mübahisə - əsəbləri tarımlamaq, emosiyaları gərginləşdirmək üçün ən sadə və əlverişli üsuldur.

«Əsəbi başda ağıl olmaz» - deyirlər. Mübahisəyə cəlb olunmuş adam öz üzərində, danışıqları, hərəkətləri üzərində nəzarətini itirir, iradə hesabına maskaladığı xüsusiyyətlərini büruzə verir, hər növ sünilikləri təbiiliklə əvəzlənir, indiyə qədər ürəyində saxladığı tənələrini, iradlarını, münasibətlərini açıqlayır, həqiqi fikirlərini aşkarlayır.

Bu hal, ekstremal situasiya kimi, eyni zamanda, onun xarakterinin bir sıra qaranlıq tərəfini də üzə çıxarır. Belə ki, məhz bu anda müəyyən etmək mümkündür ki, tərəfdaş nə dərəcədə inadkar və ya güzəştəgedən, təmkinli və ya tez özündənçıxan, kobud və ya taktikdir.

Ancaq ki, bu ziddiyyət axtarışını o qədər də dərinləşdirmək lazım deyil: Tərəf-müqabili inandırmağa çalışın ki, mübahisə, bəzi momentləri aydınlaşdırmaq istəyindən doğub. Sizin özünüz məcburən mübahisəyə cəlb olunmusunuzsa, çalışın o qədər də aludə olmayasınız və heç vədə üzərinizdə nəzarəti yaddan çıxarmayasınız;

Cabbar Mämmädovun
"Diplomatik Psixologiya" kitabından

 

0 şərh