Boşanmiş qadina "JEK"dəki təklif

 

«Bu urusun orospuları da kitab okuyor...” Bu sözlər çox sevdiyim bir türk filmində (“Sonbahar”) kiçik bir qəsəbənin kitab mağazasından kitab alıb çıxan qadının arxasınca satıcı kişinin dediyi sözlərdir.

Xalqın kütləvi şəkildə kitabdan uzaq durduğu və ya məqsədli şəkildə uzaq tutulduğu bir zamanda fahişə (orospu) sözü mahiyyətcə mübahisəlidir. Savadsız cahil kütlənin içində hər kəs öz qafasına görə əxlaq parametrləri cızır. Və bunlar üçün heç bir kitaba sığmayan kriteriyalara uyğun gəlməyən hər kəs fahişədir. Deməli bu “oxumamış alimlər”imizin ayrı-ayrılıqda da olsa düşüncələrini ümumi belə izah edə bilərik.

İctimai yerdə saqqız çeynəyən, gülən, açıq-saçıq geyinən çox vaxt sadəcə fərqli, zövqlü geyinən, həyatını ətraf mühitə hesablamayıb öz istədiyi kimi, öz doğrularıyla yaşayan, küçədə qısıla-qısıla getməyən, kişi görəndə başını utancaq halda aşağı salmayan, kompleksləri olmayan, özünü cəmiyyətdə ikinci sinif varlıq kimi hiss etməyən, bütün həyat və yaradıcılığı ərə gedib, uşaq doğub, ərinə qulluq etməkdən ibarət olmayan, öz ayaqları üzərində durmağa çalışan, hüquqlarını bilən və yeri gələndə tələb etməyi bacaran və s. xanımlar potensial fahişələrdir.

Belə qadınlarla yalnız qeyri-ciddi münasibətlərə can atmaq olar. 
Sadaladığım “normativ”lərin heç birinin kişilərimizə aidiyyatı yoxdur. Yəni əxlaq sandıqları yalnız qadınlara aiddir. Əxlaq aaa!

Axı bu namus bəkçilərinə necə qandırasan ki, əxlaqsızlıq insanın özünə aid həyatını, ruhunu, cismini öz istədiyi kimi yaşamasına və zövq almağa çalışmasına mane olmaq, başqalarının özəl həyatına müdaxilə etmə haqqını özündə görməkdir. 

Sözü gedən filimdəki kitab satan kişi, qəsəbənin barında işləyən, bədənini sataraq həyatını qazanan qadın obrazları bugünkü real həyatımızda nə qədər aktualdır? Amma mənim heç bir halda insanımıza fahişə deməyə dilim varmır.

Məncə adamlar fahişə olmur. Adamlar cahil olur, savadsız olur, nadan olur, bədbəxt olur, yazıq olur, fahişə şərtlərin, fahişə sistemin, fahişə mühitin sayəsində.

Mütaliəyə, sivilizasiyaya maraqlı, meylli qadınlarımızın bu manqurtlaşdırılmış kütlənin arasında özünü yadplanetli kimi qərib, tənha, yabançı hiss etməsi normaldı. Nə qədər dirənirsən dirən, zamanla bu cəmiyyətlə aranda uçurum yaranır. Sənin oxuduğun kitabların ruhuna hopmuş ətri bu kitabsız adamların üfunət qoxulu ortamında qəbul olunmur. Təklənirsən, dışlanırsan...

Bəzən elə özləyirəm ki, uşaqlıq illərimi. Cənnət kimiydi dünyamız. Qarışıb oğlan uşaqlarına oynamağımız, çayda çimməyimiz, güləşməyimiz...

Cinsəllikdən bixəbərdik. Sonra başladı möcüzəvi aləmimizin sehri pozulmağa.

Artıq ətrafımızdakı adamlar başladılar öz baxışlarıya bizə aramızdakı fərqləri izah etməyə, sərhədlər cızmağa. Artıq biz sadəcə adam olmadığımızı anlayırdıq. Artıq çəkinməyə, utanmağa məcbur hiss edirdik özümüzü.

Kişilərin sayəsində biz qadın olduğumuzu anladıq həmişə. Həm pis, həm yaxşı mənada. 

Bu yerdə yadıma öz başıma gələn bir hadisə düşdü.

Yoldaşımdan ayrılalı uzun zaman olmuşdu. Artıq həyətdəki zibil qutularının yanında yatan pişiklərə üzüm doğma gəlirdi. Bazardan ət, kartof və soğanın yaxşısını almaq, qiyməti endirmək üçün bayağı ağızlı kişilərlə çənə döyməkdən utanmırdım...

Sənəd-sünədə adi bir möhür vurdurub qol çəkdirmək üçün idarələrə gedib qarnı eyvan kimi qabağa çıxmış qırmızıyanaq, ətsifət kişilərin ürəkbulandırıcı baxışları altında saatlarla gözləməyə, yeri gəldi-gəlmədi bu adamların ən iyrənc təkliflərini eşidib var gücümlə qışqırmağa, söyməyə, sonra əlimdəki sənədlərə tüpürüb yol boyu allaha, valideynlərimə, eks ərimə, özümə lənətlər yağdıra-yağdıra evə gəlməyə öyrəşmişdim. 

Bir gün səhər tezdən zibil dolu torbaları atdıqdan sonra oğlumu bağçaya qoydum. Dönərkən beynimdə mağazadan alacağım ərzaqların siyahısını tuturdum. Yenicə köçdüyüm lakin hələ qeydiyyata düşmədiyim küçədəki “JEK”ə nə vaxt çatdığımı bilmədim. İçəri girib stol arxasında əyləşən kişidən yaşayış yerindən arayış istədiyimi bildirdim.

Qeydiyyata düşmədiyim üçün arayışı yaza bilməyəcəyini dedi.
Xahiş-minnət… Vəzifədə işləyən bir qadın qohumumun adını verib, qanunla mümkün olan şeyə razı sala bildim adamı. Kişi arayışı yazıb dedi:

– İndi müdir burda yoxdu. Gələndə, peçatlayar, keçib götürərsiz.

Həmin gün işlərim çox idi, odur ki, ona dedim:

– Xahiş edirəm… Uşağı qoyub tez-tez gələ bilməyəcəm. Dəqiq bir saat deyin gəlib götürüm.

Kişi oturduğu yerdən mənə tərəf əyilib asta səslə bildirdi:

– Qapını örtün, bir söz deyim sizə.

Yəqin pul istəyəcəyini fikirləşib əlimi çantama uzatdım.

Sakit səslə davam etdi:

– Siz allah səhv başa düşməyin (Adını çəkdiyim vəzifəli qadını nəzərdə tutaraq). Müəllimədən ayıb olar, düzgün anlayın məni...

Təəccüb içində kişinin ağzından çıxacaq sözləri diqqətlə dinləyirdim.

Demək istəyirəm ki, əgər istəyirsinizsə buranın telefon nömrəsini götürün, əlaqə saxlayın, sənəd hazır olanda gələrsiniz.

Gülməkdən özümü güclə saxlayıb dedim: 

– Lap yaxşı. Yazın mənim nömrəmi, hazır olan kimi xəbər edin.

Kişi hələ də dil-ağız edirdi.

– Siz allah səhv başa düşməyin. Müəllimədən ayıb olar. Ona böyük hörmətimiz var.

Nəhayət mənə çatdı ki, başqa məqsədlə nömrə almaq istədiyini fikriləşəcəyimdən qorxub.

– İnsanıq də, qadından nömrə istəyə...

– Ay rəhmətliyin oğlu, nə qadın, nə nömrə, nə səhv başa düşmək?

Qadın olduğumu unudalı çox oldu. Qadın ki, bazar-dükan, idarə, sənəd-sünəd, zibilxana yolunu tanıdı, özünü unudur – deyib qapıdan çıxdım, amma hələ də pıçıltıyla sözlərimə davam edirdim:

Gün ərzində bir az ana, bir az ata, bir az qulluqçu, bir az usta olur. Qadın olmaq şansını itirir. Hər gecə içindəki bu obrazları çıxarıb yorğun ruhunu atır yatağa. Sabah vəzifə başında olacaq. Yatıb dincəlməlidir.

Unudur özünü belə qadınlar. Ta ki, bir kişi ona qadınlığını xatırladana qədər. Bu xatırlatma hər iki mənada (yaxşı və pis) ola bilər. Təəssüf ki, bizdə ikinci varianta daha çox rast gəlinir.
Qayğıların dalınca tələsdiyin küçədə yanından keçən hər 3 kişidən 2-si bir neçə dəqiqə içində səni baxışlarıyla on dəfə soyundurub geyindirir, ismətinə toxunur. Həyata, qadın olduğuna nifrət elətdirir.

Sadaladığım bunca problemin çözümü məmləkətimizdə qatı açılmamış, toz içində yatan kitabların arasındadır.
Müəllif: Sona Yaqubova.
Başqa saytdan oğurladi; Alixan İsmətli 

 

4 şərh

Consuelo
Vallah düzdü.Hər gün işə gedib gəlirəm.O yolda,küncdə-bucaqda vecsiz oturmuş cavanlar adamı elə süzürlər ki,içimdən-Ay insan,evindəki arvadın burdan keçsə və sənin yanındakı bu zibil cavanlar senin camaatın arvadına baxdığın kimi baxsa xoşuna gələr?-demək istəyirəm.Nəsə olanda da deyirlər ki,qız ola bilsin baxıb oglan da cesarətlənib.Elə o cür adamlar hər zaman qeyrətdən çox vaxt dəm vururlar.Özlərini bilirlər axı...
Əsas olan öz oğullarımızı düzgün tərbiyələndirməkdi.Sadəcə qıza deyil,artıq oglana da güclü nəzarət etmək lazımdı.
Mən özüm müəlliməyəm,dərs dediyim qədər uşaqlarla tərbiyəvi söhbət də aparıram.Onlara o yaşlarında bir çox şeyi öyrətmək lazımdı.
İndiki cavanlar qətiyyən kitab oxumur.Mən hər gün bir kitab oxuyuram.Təsiri böyükdü,insanları öyrənirsən.İnşallah,bu cəmiyyət özünə xeyirli olana can atar nə vaxtsa.
 
JAVIER_ZANETTI
Salam Cansuelo xanım. Bilirsiz məndə niyə axı belə pis vəziyyətə gəlib çatıb cəmiyyətimizdəki, gic gic fikirlərlə dolu dedi qodu, qeybət, babalyuma, böhtan atmalar. Böhtan deyəndə (Nəsə olanda da deyirlər ki,qız ola bilsin baxıb oglan da cesarətlənib) kimi böhtanları nəzərdə tutram)) (günahkar özünü sudan quru çıxartmalidi, ya yox?!)  Tək xanımlarımıza qarşı olan bu irgənc jestləri nəzərdə tutmuram, qohum qonşuya da, tanıdıq kəslərə də cəmiyyətimizdəki bir çox insanların irgən fikirləri, çox başağrısı verir. Necə oldu belə oldu diyə öz özlüyümdə (çoxda əziyyət çəkməyə ehtiyac olmadı) qısa araşdırmadan sonra tapdım. Bir çoxlarımız, bir çox şeyi internetde tapsaq da, bu dəfə vəziyyət elə deyildi. Böyüklərə müraciət elədim və araşdırmamın son dayanacağına gəlib çatdım. Və başqa saytdan oğladığım yuxarıdakı yazı və Cansuelo xanım sizin yazdığınız şərh də, araşdırmamın nəticəsinin doğruluğuna bir təkan və dəlildir ki, həqiqətən də, bu dövran KİŞİLİYİN ÖLDÜYÜ dövrandı. Kişiliyin öldüyü zaman, insansızlığın, insafsızlığın, vicdansızlığın, vəfasızlığın, namusuzluğun, qeyrətsizliyin, hörmətsizliyin, əxlaqsizliğin. mədəniyyətsizliyin, pisliyin, ən son, ən irgənc, ən bədbaxt sayılan oğraşliğın və oğraşların göbələktək baş qaldırma zamanıdır.
Gülnar
«Başqa saytdan oğurladı» sözünə görə + :)