İnkişaf və yaş psixologiyasının mövzusu və vəzifələri

Plan:

  1. Yaş psixologiyasının mövzusu
  2. Yaş anlayışı və onun növləri
  3. Yaş psixologiyasının vəzifə və problemləri
  4. Yaş psixologiyasının bölmələri və başqa elmlərlə əlaqəsi

 Sual 1. Müasir dövrdə sosial-psixoloji hadisələr vüsət alır, demokratik proseslər genişlənir, ictimai həyatın bütün sahələrində insan amilinin rolu artır, elm və texnika sürətlə inkişaf edir. Hazırda informasiyalar sürətlə artsa da, insanın beyninin dərketmə imkanları həddən artıq genişlənir. Belə ki, yarımkürələr qabığındakı 15-16milyard hüceyrədən insanın idrak fəaliyyətində yalnız 4% iştirak edir, 96% isə ehtiyatda qalır. Belə bir mülahizə vardır ki, yer üzərində yaşayan insanlardan yalnız 1faizi beynin imkanlarından səmərəli istifadə edir. Beləliklə, gələcəkdə beynin ehtiyatda olan imkanlarından daha çox istifadə etmək, effektli işləmək, optimist olmaq lazımdır. İnformasiya nə qədər artsa da, həyat yeni məlumatlarla zənginləşsə də, insan beyninin imkanları, idrakı onları dərk etməyə, mənimsəməyə qadirdir. 

Həll edilməli problemlərdən biri fövqəladə sürətlə dəyişən, mütəhərrik olan müasir həyatda yaşayıb yaratmaq, müvəffəqiyyətlə fəaliyyət göstərmək, işləmək, çalışmaq üçün fərd bir birinə zidd olan ikiqütblü bir sıra xüsusiyyətlərə malik olmalı, müəyyən keyfiyyətlərə yiyələnməlidir:

1) Şəxsiyyətin möhkəm nüvəsi formalaşmalı, o, davamlı keyfiyyətlərə, elmi dünyagörüşünə, ictimai məsuliyyət hissinə yiyələnməlidir. Əks təqdirdə, gənclər tarixin mürəkkəbliyində qeyri-sabit olacaq, nevrotik-əsəbi və neqativ vəziyyətə düşəcək, sarsılacaq və üzələcəklər.

2) İnsan elə yüksək mənəvi-psixoloji zirəkliyə, əqli çevikliyə, cəsarətə, müstəqil mənimsəmə qabiliyyətinə malik olmalıdır ki, müasir elmləri, yeni informasiyakarı sərbəst surətdə mənimsəyib, həyatda müstəqil şəkildə tətbiq edə bilsin.

Gələcək nəsil indiki nəslin yaşadığı dünyadan əsaslı surətdə fərqlənən bir aləmdə yaşayacaq. Belə ki, onlar bizim adət etdiyimiz ölçülərlə, meyarlarla işləməyəcək, problemləri, məsələləri yeni şəraitdə, yeni qaydalarla həll edəcəklər. Bu da şəxsiyyətin strukturunu, təlim prosesində şagirdlərin idrak fəaliyyətini, təfəkkür tipini, düşüncə tərzini dəyişmək, inkişaf etdirməkdir. Beləliklə, yetişməkdə olan gənc nəslin hərtərəfli, ahəngdar inkkşafı, onlarda müvafiq bilik, bacarıq və vərdişlərin, yüksək mənəvi keyfiyyətlərin, elmi dünyagörüşünün təşəkkülü, gənclərin ehtiyat imkanlarından səmərəli istifadə müasir təlim-tərbiyə prosesinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu vəzifələrin həyata keçirilməsi üçün tərbiyəçi və müəllimlər müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişaf qanunauyğunluqları, psixi inkişafın hərəkətverici qüvvələri, inkişaf şəraiti, yaş və fərdi xüsusiyyətləri, onda təzahür edən psixi dəyişikliklər, biliklərə yiyələnmə imkanları, beynin ehtiyatda olan potensialı, fəaliyyətin psixoloji strukturu, onun mexanizmi və motivləri haqqında geniş və zəruri biliyə malik olmalıdır. 

Yaş və fərdi xüsusiyyətləri, o cümlədən uşağın hansı yaşda, hansı fəaliyyət sahəsində daha çox meyl göstərdiyini, idrak imkanlarının xüsusiyyətlərini, ən çox nə ilə maraqlandığını, fizioloji və psixoloji inkişafında baş verən dəyişiklikləri, yeni insan formalaşdırılmasının əsas problemlərini həll etmək yollarını bilməyən müəllim onun fəaliyyətini idarə etməkdə, tənzimləməkdə çətinlik çəkəcəkdir. Görkəmli rus pedaqoq və psixoloqu K.D.Uşinskinin dediyi kimi, insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır.

Uşağın, məktəblinin inkişaf prosesinin səmərəli şəkildə idarə olunması həmin inkişafın şərt və qanunauyğunluqları barədə biliklər olmadan mümkün deyildir. Ona görə də təlim-tərbiyə prosesində uşaqların inkişaf səviyyəsi, normal inkişaf, inkişafdan geri qalması (zəif oxuması), sürətli inkişafı (talantlı olması) diqqəti daha çox cəlb edir.

Dünyaya gələn uşaq fərd kimi insan nəslinə, onun növünə mənsub olub psixoloji baxımdan biri digərinə oxşamır, fərdi xüsusiyyətlərilə, o cümlədən,yaşı, cinsi, səsi, dəsti-xətti, manerası, mimikası, görünüşü, davranışı, hərəkətilə bir-birindən psixoloji mahiyyətinə görə fərqlənir, seçilir. Uşaq dünyaya bir fərd kimi gəlir və təlim-tərbiyə sayəsində,ictimai münasibətlərdə davamlı psixoloji sistemə-şəxsiyyətə çevrilir .

Beləliklə, y psixologiyası insanın psixi inkişafının dinamikasını, qanunauyğunluqlarını, mexanizmini, hərəkətverici qüvvələrini, şəraitini, formalaşmaqda olan şəxsiyyətin xüsusiyyətlərini, onun bilikləri mənimsəmə imkanlarını öyrənir.

Sual 2. «Yaş» anlayışı ilk baxışda sadə görünür, əslində isə geniş və mürəkkəb bir məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasınl ifadə edəb bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsuaiyyətlərində həm kəmiyyət (yəni müəyyən yaşda diqqətin həcmi,yadda saxlamanın, uşaq fantaziyasının və s. artması və ya azalması), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi, psixi törəmələr fərqlənir. Yaş fərqlərinin, tipik xüsusiyyətlərin əmələ gəlməsində təlim-tərbiyə, sosial mühit, həyat tərzi, təbii imkanlar, uşağın özünəməxsus mövqeyi mühüm rol oynayır.

Yaşın 4 növü fərqləndirilir:
1. Xronoloji, yəni pasport yaşı
2. Bioloji və ya funksional yaş.
3. Sosial və ya vətəndaşlıq yaşı
4. Psixoloji və ya psixi yaş.

Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı-mütləq yaşı müəyyənləşdirilir və bu, uşağın anadan olduğu gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə adamın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir. Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyildir. Çünki çağalığın, körpəliyin, cavanlığın, qocalığın hansı gündə, hansı saatda və anda başlanıb qurtaracağını hələlik elm də dəqiq müəyyənləşdirməmiçdir. Fərdi yaşın hüdudları mütəhərrikdir, dəyişkəndir və mövcud tarixi dövrdən, təlim-tərbiyədən, sosial-iqtisadi şəraitdən, həyat tərzindən asılıdır. 
Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişgənliyi, orqanizmin inkiçafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar. Bioloji yaş: orqanizmin inkişafı, yetkinləşməsi, qocalmasl-psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.

Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində (uşaqlıqda-start, yaşlıda-optimum, qocalarda-finiş fəaliyyəti), tarixi inkişafın gedişində dəyiçir, kamilləşir və beləliklə, şəxsiyyətin təşəkkül tarixi olur.
Psixoloji yaş isə xronoloji, bioloji və sosial yaşdan fərqli olaraq,

1) İnsanın fərdiyyətilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır.

2) insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin, tutacağı mövqeyin, nüfuzun samballığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.

3) psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailə sahəsində bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində onun psixoloji imkanları hələlik sərf olunmamış qala bilər.
Psixologiyada xronoloji, sosial, psixoloji yaşın keyfiyyəti kimi ağıl yaşı (ing. Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara müvafiq məsələləri yaş norması çərçivəsində həll edə bilməsilə müəyyənləşdirilir. Ağıl yaşı-MA xronoloji yaşa, başqa sözlə desək, yaş normasına uyğun gəlirsə, uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur, əgər bunlar bir-birinə uyğun deyilsə, onda uşağın ya ağlı kəmdir və ya intellektual səviyyəsi yüksəkdir. İntellektual səviyyəsi yüksək olan şagirdlərdə təlinə qabillik olur, onlar dərsi, elmi asanlıqla, tez bə yaxşı mənimsəyir, mücərrəd simvollarla əməliyyatı müvəffəqiyyətlə aparır, hər şeyi başa düşür, dərrakəlidir, fəhmlidir, həyata, yeni şəraitə tez uyğunlaşır. Məktəbliləri ağlın (zehnin) inkişaf səviyyəsinə görə istedadlılara,normal zehinlilərə, istedadsızlara, kəmağıllara ayırmaq mümkündür.

Sual 3. Yaş psixologiyasının əsas vəzifəsi şəxsiyyətin inkişaf problemlərini, müxtəlif yaş mərhələlərində onun xüsusiyyətlərini və psixi inkişafın bir mərhələsindən digərinə keçidin qanunauyğunluqlarını tədqiq etməkdən ibarətdir. O, təlim-tərbiyənin, sosial amillərin təsiri altında inkişaf edən insanın ayrı-ayrı yaş dövrlərində psixi proses və xassələrinin dinamikasını, habelə şəxsiyyətin inkişafının hərəkətverici qüvvələri, mexanizm, şərait və amilləri və s. məsələləri araşdırır.

Şəxsiyyət və qrupun qarşılıqlı münasibətlərinin öyrənilməsi sahəsində psixologiyada müəyyən tədqiqatlar aparılmışdır. Lakin buna baxmayaraq,hazırda müxtəlif qrupların uşaq şəxsiyyətinə, yeniyetmə və gənclərə göstərdiyi təsirin psixoloji xüsusiyyətlərinin, gənclik və yaşlılıq dövrlərinin psixologiyasının, ümumi milli şüurun formalaşması və s. məsələlərin yaş aspektində tədqiqi də qarşıda duran əsas vəzifələrdəndir.

Müstəqil, suveren respublikamızın indiki dövründə istedadlı uşaqları seçmək, onları inkişaf etdirmək üçün yeni psixodiaqnostik metodlar işləmək, optimal şərait, yol və vasitələt müəyyənləşdirmək mühüm vəzifə kimi qarşıya çıxır.

Müasir dövrdə yaş mərhələlərinin psixoloji meyarlarını işləyib hazırlamaq, psixi proseslərin əsas xassələrini müəyyənləşdirmək, şəxsiyyətin prinsipiallığı, məsuliyyət hissi, əməksevərlik kimi keyfiyyətlərin inkişaf və tərbiyəsinin psixoloji şərtlərini sistemləşdirmək, təlimə qabilliyin psixoloji xarakteristikasının aşkara çıxarılması, hərtərəfli, dünyagörüşlü, ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşmasında məktəb, ailə və ictimaiyyətin istiqamətini müəyyənləşdirmək və s. kimi məsələlər ən aktual problemlərdir.

Yaş psixologiyasının ən mərkəzi problemlərindən biri təlim və əqli inkişafın qarşılıqlı əlaqəsi, asılığı məsələsidir. Bununla əlaqədar olaraq, bir sıra psixoloji problemlərin kompleks halda araşdırılması vacibdir.

Təlim prosesində təhlil, tərkib, mücərrədləşdirmə, ümumiləşdirmə kimi fikri əməliyyatlar mühüm rol oynayır.

Müasir məktəblinin təlim fəaliyyəti mürəkkəb prinsiplər üzərində qurulur. Həmin prinsiplər aşağıdakılardır:

  • Elmi-texniki tərəqqi ilə əlaqədar mənimsənilən biliklərin, məlumatların zənginləşdirilməsi
  1. Təlimin sürətinin artırılması
  2. Şagirdlərin daha artıq nəzəri biliklərlə silahlandırılması
  3. Təlim prosesində məktəblilərin dərketmə imkanlarının, bilikləri təcrübədə tətbiq etmək bacarığının genişləndirilməsi və s.

Sual 4.Yaş psixologiyasının bölmələri aşağıdakılardır:

  1. Uşaq psixologiyası
  2. Yeniyetmələrin psixologiyası
  3. Gənclik yaşının psixologiyası
  4. Yetkin yaşın psixologiyası
  5. Herontopsixologiya
  6. Differensial psixologiya

Yaş psixologiyasının bir sıra elmlərlə əlaqəsi vardır. Bu elm sahələri aşağıdakılardır:

  1. Ümumi psixologiya
  2. İnkişaf psixologiyası
  3. Pedaqoji psixologiya
  4. Sosial psixologiya
  5. Fiziologiya
  6. Pedaqogika
  7. Yaş biologiyası
  8. Seksologiya
  9. Somatologiya
  10. Erqonomika
  11. Semiotika
  12. Aksiologiya

Yaş psixologiyasının ümumi psixologiya ilə əlaqəsi xüsusilə böyükdür. Yaş psixologiyası ümumi psixologiya sahəsində əldə edilmiş qanunauyğunluqlara istinad edir, digər tərəfdən yaş psixologiyası sahəsində aparılan tədqiqatlar ümumi psixoloji qanunauyğunluqları zənginləşdirməyə kömək edir.

Yaş psixologiyasının pedaqoji psixologiya ilə də sıx əlaqəsi vardır. Hər ki elmin tədqiqat obyekti uşaq və gənclərdir. Həmin obyekti yaş psixologiyası yaş dinamikası planında, pedaqoji psixologiya isə şəxsiyyətin inkişafında təlim-tərbiyənin oynadığı rol baxımından tədqiq edir. Ona görə də yaş psixologiyası və pedaqoji psixologiya arasında elə bir ciddi sədd yoxdur; çünki uşaq təlim-tərbiyə prosesində böyüyüb inkişaf edir, təlim-tərbiyə isə öz-özlüyündə uşaqsız-obyektsiz mümkün deyildir. Bu vəziyyət yaş və pedaqoji psixologiyasının vəhdətini, onların tədqiq etdiyi problemlərin isə şərti olaraq ayrılmasını tələb edir.

Həmçinin yaş psixologiyası orqanizmin inkişafı, yetkinləşməsi, qocalması və ahıllıq məsələlərini öyrənən yaş biologiyası, yaxud antofiziologiya elmi ilə əlaqədardır. Cinsi dimorfizmin istər filogenezdə, istərsə də ontonogenezdə inkişaf qanunauyğunluqlarını öyrənən seksologiya ilə əlaqədardır. İnsan bədəninin, onun struktur-dinamik təşkili, bədən quruluşu tiplərinin bütövlüyü və bu kimi təlimlərdən bəhs edən somatologiya ilə əlaqədədir. Ali sinir fəaliyyətinin tipologiyasını öyrənən fiziologiya, insanın əmək fəaliyyətini öyrənən erqonomika, işarə sistemlərini tədqiq edən semiotika, insan və cəmiyyətin mənəvi inkişafının mühüm cəhətlərini, şəxsiyyətin daxili aləmi və sərvət meyllərinin məzmununu araşdıran aksiologiya elmlərilə də qarşılıqlı əlaqədədir.

Müəllif: Kamilə KazımovaBakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Ağayev Ş.S., Mehdizadə Z.M., Fərəcov İ.A. Yaş və pedoqoji psixologiya (I hissə), B., ADPU-nun nəşri 1977.
  2. Çələbiyev N.Z. Uşaq psixologiyası. Bakı, 2005.
  3. Əzimli Q.E. Yaş və pedaqoji psixologiyanın müasır problemləri. Bakı 2006.
  4. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  5. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  6. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  7. Мухина В.С. Возрастная психология, М., Изд-во «Академия», 1998.
  8. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.
 

0 şərh