Məktəbəqədər yaşlılarda şəxsiyyət və motivasiya

  • Məktəbəqədər yaşda uşaq şəxsiyyətinin formalaşması şəraiti
  • Davranış motivlərinin inkişafı və uşaqların özünü dərketməsi
  • Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması
  • Emosional-iradi aləmin təşəkkülü
  • Xarakter və qabiliyyətlərin formalaşması

Sual 1 Məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin inkişaf şəraiti əvvəlki dövrlərdən əsaslı surətdə fərglənir.Beləki yaşlıların onlara verdiyi tələblər artır və uşaqdan ümumi davranış normalarını gözləmə tələb olunur.Həm də uşağın yaşlıdları ilə oyunları zamanı hərəkətlərinin uzlaşdırılması ,onlarda yaşıdların maraq və rəyi ilə hesablaşma təşəkkül edir. 
Məktəbəqədər yaş dövründə uşağın fəaliyyəti mürəkkəbləşir və xarici aləmlə əlaqəsi, dərk etmə imkanları genişlənir, onlarda müəyyən dəyişiklik gedir, tədricən uşağın şəxsiyyətinin formalaşması imkanları reallaşır. Bu, iki cəhətlə səciyyələnir:
Hər şeydən əvvəl uşaq onu əhatə edənləri tədricən anlayır, öz yerini, mövqeyini müəyyənləşdirir, bu, uşaqda yeni tip davranış motivi yaradır və onlar yeni davranışlara yiyələnir.

2.Digər tərəfdən bu, uşağın emosional-iradi cəhətdən inkişafı ilə sıx bağlıdır. Bunlar həmin keyfiyyətlərin, əlamətlərin reallaşmasını təmin edir, davamlı davranış yaradır və uşaq xarici şəraitdə gedən dəyişikliyi dərk etməyə başlayır.
Uşaq şəxsiyyətinin inkişafına böyüklərin təsiri özünü əxlaq normalarının mənimsənilməsi prosesində göstərir. Həmin normalar nümunəvi və düzgün davranışın formalaşması zamanı mənimsənilir. Uşaq şəxsiyyətinin inkişafında yaşlıların nümunəvi davranışı, qarşılıqlı münasibəti və işi mühüm rol oynayır. Bu istiqamətdə uşağa ən çox təsir edən onun yaxın adamlarıdır. Uşaqlar yaşlıların qiymətləndirdikləri keyfiyyətlərə, ədalara, əşyalara meyllənir, onu daha çox təqlid edir.
Uşağın təqlid etdiyi ən nümunəvi davranış, o adamların davranışı olur ki, o, uşağa qayğı göstərsin, məhəbbətini, hörmətini hiss etdirsin. Uşaqlara kim daha çox mehriban yanaşırsa, qayğı göstərirsə, uşaq onları nümunə kimi qəbul edir.Nümunəvi davranışların mənimsənilməsində yaşlıların onlara verdiyi qiymət, insanlar haqqında söylədikləri nağıl, hekayələr mühüm rol oynayır.
Məktəbəqədər yaşlı uşaqlar oyuncaqla düzgün davranmaq, gün rejimini gözləmək kimi mədəni-gigiyenik vərdişlər mənimsəməyə başlayır. Burada uşaq yalnız yaşlının tələbini yox, həm də özü o qaydaları mənimsəməyə cəhd edir.
Uşaq şəxsiyyətinin inkişafında yaşlıların nümunəvi davranışı,qarşılıqlı münasibəti mühüm rol oynayır. Bu istiqamətdə uşağa ən cox təsir edən onların yaxın adamlarıdır. Uşaqlar yaşlıların qiymətləndirdikləri keyfiyyətlərə əşyalara meyillənir ,onu daha çox təqlid edir. Əgər böyüklərin davranışı uşağın uğurlu hərəkətinə səbəb olursa müsbət emosional hal yaradır. Bu zaman usaq onu əhatə edənlərlə asanlıqla təmasa girir, əgər böyükləri uşağa münasibətdə mənfidirsə, uşaqların sosial aktivliyi azalır ve öz daxili aləminə qapanır.Onda inamsızlıq,həmyaşıdlarına qarşı agresiv hərəkətlər yaranır. Məktəbəqədər yaşlı uşaqlarda emosional iradi cəhətdən inkişaf şəxsiyyətin formalaşmasına təsir göstərən amillərdəndir.
Bu dövrdə uşaqlarda unsiyyət xüsusi əhəmiyyətə malikdir. Belə ki,həm yaşıdları, həm də yaşlılarla olan ünsiyyət önəmlidir. 3-5 yaşında uşağın yaşlılarla ünsiyyəti qeyri formal şəraitdə ətraf aləmlə qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsinə yönəldilmiş idrak fəaliyyətində həyata keçirilir.(M.İ.Lisina)
Uşaq şəxsiyyətinin inkişafında hislərin də rolu böyükdür. Uşağın iftixar, utancaqlıq hissi nümunəvi davranış qaydalarının mənimsənilməsində müəyyən rola malikdir. Uşaqların bəziləri böyüklərin onlardan nə gözləməsini, hərəkətlərinin qiymətləndirilməsini istəyir.
Utancaqlıq hissi bəzən uşağın müəyyən qaydaları səhv yerinə yetirdikdə böyüklərin onlara tutduğu iradla birbaşa qarşılaşması ilə əmələ gəlir. Uşaq başa düşür ki, müəyyən qaydanı pozmuşdur, ona əməl etməmişdir. Bununla əlaqədar olaraq uşaq özündə qorxaqlıq hiss edir, avam hərəkət etdiyini duyur. Məktəbəqədər yaşlı uşaq hələlik emosional cəhətdən başqa həmyaşıdlarından asılı olur. Yaşlının davranışı daima uşağı formalaşmağa yönəldir. Əgər böyüklərin davranışı uşağın uğurlu hərəkətinə səbəb olursa, müsbət emosional hal yaradır, onda çətinliyə qarşı getmək hissi əmələ gəlir və bu zaman uşaq onu əhatə edənlərlə asanlıqla təmasa girir. Böyüklərin uşağa münasibəti mənfi olduqda isə, uşaqların sosial aktivliyi azalır və öz daxili aləminə qapanır, onda inamsızlıq yaranır, hətta həmyaşıdlara qarşı aqressiv hərəkət edir. Bəzən də uşaqların çoxu böyüklərin onlara olan mənfi münasibətinin təsiri altında fəaliyyətini dayandırır, əznik olur, onda laqeydlik baş verir. Bəzən istisnalar da olur.
Məktəbəqədər yaşlı uşaqda nəvazişə, məhəbbət hissinə tələbat çox olur və burada əsas yeri uşağın anasına olan münasibəti tutur. Uşaqda bütün emosional hallar- məhəbbət, sevinc ananın vasitəsi ilə formalaşır. Uşaq ana istəyinə, nəvazişinə möhtacdır. Uşağın anaya olan məhəbbəti, münasibəti ən aparıcı, həlledici sosial inkişafdır. Burada uşağın yaşlılarla ünsiyyətinin məzmunu da əhəmiyyətlidir.
Nitq vasitəsilə ünsiyyət bu dövrdə ön plana keçir.Bu yaşda nitqin təfəkkürlə əlaqəsi müşahidə olunur.
Məktəbəqədər dövrdə oğlan və qızlar özünü dərk etməyə başlayır.Özünüdərketmə başqa adamları müşahidədə — yaşlılara münasibətdə formalaşır .Yaşlılar uşaqlara kömek edir ki,öz cinsi barədə təsəvvürü olsun .Uşağın öz cinsini müəyyənləşdirməsi ailədən başlayır. Məktəbəqədər yaşlı qız və oğlanın rollu oyunda fərqlənməsi özünü belə göstərir ki,oğlan ən çox oğlana, qız əksərən qızı seçib oynayır.
Məktəbəqədər yaşlı uşaqların həmyaşıdları ilə ünsiyyətə tələbatı onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır və ünsiyyət tələbatı başqa adama simpatiya-münasibətə gətirib çıxarır.
Ünsiyyət tələbatı uşaqların birgə fəaliyyət zamanı müəyyən əmək tapşırığı yerinə yetirərkən inkişaf edir, bu prosesdə uşaq kollektivə, ictimai qaydalara alışır.
Uşaq şəxsiyyətinin inkişafına təsir edən amillərdən biri də qrupa ictimai rəyin təsiridir. 3 yaşlılar qrupda predmet, hadisələr, hərəkətlər haqqında ümumi rəy olmur, bir uşağın rəyi başqasına təsir etmir. Lakin 4-5 yaşlı uşaqlar öz həmyaşıdları ilə razılaşır, əksəriyyətin rəyimi qəbul etməyə başlayırlar.
Oğlan və qızlar özləri haqqında məlumatı ən çox yaşlılardan alır.Yaşlılar uşaqlara kömək edir ki, öz cinsi barədə təsəvvürü olsun və uşağın öz cinsini müəyyənləşdirməsi ailədən başlayır.
Bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss etməyə başlayırlar.
Uşaqların cinsi mənsubiyyəti müəyyən oyunları seçməkdə də özünü göstərir. Oyun motivi uşaq davranışında daim təzahür edərək, onu maraqlandırır. Ailə oyunlarında hər kəs cinsi mənsubiyyətinə görə rola girir, xüsusilə də rollu oyunlarda oğlan və qız uşaqları böyükləri təqlid edir. Beləliklə, onlar oğlan və qız olduqlarını dərk etməyə başlayır.
Uşaq şəxsiyyətinin göstəricilərindən biridə onlarda iddia səviyyəsinin təzahürüdür.Uşaq şəxsiyyətinin inkişafında iddia səviyyəsi mühüm rol oynayır. Uşağın iddia səviyyəsi və özünü təsdiqinə ciddi cəhdi emosional münasibətlərin yarandığı zaman biruzə verir.
Uşağın iddia səviyyəsi tədricən müəyyən tələbata çevrilir və iddia edir ki, onun nailiyyətlərinə qiymət verilsin. Özü də uşaq həmyaşıdlarının yox, böyüklərin təsdiq etdiyi iddia səviyyəsini fərqləndirir. Ümumiyyətlə yaşlılar uşaqların müəyyən müvəfəqiyyətə nail olmasına kömək edir. Eyni zamanda iddia səviyyəsinə nail olmaq üçün uşaqlar bir-birinə kömək edir. Bu məsələ 2 planda gedir: 

  1. Uşaq çalışır ki, hamı kimi olsun, lakin müəyyən nailiyyətə nail olduqdan sonra cəhd edir ki, o birilərdən yaxşı olsun. Beləliklə də uşaq qüsur və nailiyyətlərini dərk edir.
  2. Uşaq həmyaşıdlarının iddiasına cəhd edərkən əgər həmkarı yaddırsa, onların davranışına uyğun hərəkət etməyə razı olur. Əgər həmkarı tanışdırsa, iddia səviyyəsini artırır və müstəqil hərəkət etməyə çalışır.
  3. İddiasına nail olan uşaq müəyyən rollarda çıxış edərkən bəzən onlarda başqasının nailiyyəti böyük olanda özünü tərifləyir, aşağı olanda isə başqasına paxıllığı tutur.

Sual 2. Məktəbəqədər yaşlı uşaqlar davranış motivlərinin sayəsində hərəkət edir, amma onlar təhrik edəni dərk edə bilmir. Bu dövrdə uşaqları səciyyələndirən motivlərdən biri də davranış motivinin təsiri altında yaşlı adam kimi hərəkət etməyə çalışmasıdır. Oyun motivi uşaq davranışında daim təzahür edərək, onu maraqlandırır. Yaşlılarla əlaqəyə girmək, ünsiyyət yaratmaq uşaq şəxsiyyətinin inkişafında böyük əhəmiyyətə malikdir. Məktəbəqədər uşaqlarda özünü sevmə, dərketmə motivləri də müşahidə olunur və bununla uşaq özünü başqalarından ayırır. Məktəbəqər yaşın axırlarında motivlərin yeni növləri-idrak motivləri özünü biruzə verir və uşaq böyüklərə müxtəlif suallar verməyə başlayır. 
Bu dövrdə uşaqlarda başqa adamlara münasibətini ifadə edən əxlaqi motivlər də özünü göstərir. Məktəbəqədər dövrün axırlarında əxlaqi motivlər içərisində ictimai motivlərə də təsadüf etmək olur. İctimai motiv məişətdə, ailədə, bağçada bəzi əmək tapşırıqlarını yerinə yetirərkən özünü göstərir. Uşaqlar xüsusilə də 5-6 yaşında öz bədəninin sxemini anlamağa, dərk etməyə başlayır. Xüsusilə də oğlan və qız olmasını dərk edir. Bu dövrdə həmçinin uşaqların şəxsiyyət kimi səciyyələnən cəhətlərindən biri də həya hissinin təşəkkülüdür. Ailədə ata-ana, ana-uşaq, bacı-qardaş, bacı-bacı, qardaş-qardaş arasındakı münasibətlər böyük tərbiyəvi əhəmiyyətə malikdir.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlanmalarında uşaq bağçasının böyük və hazırlıq qruplarında aparılan xüsusi tərbiyəvi iş də müəyyən rol oynayır. Belə şəraitdə uşaqlar ümumiləşmiş və müəyyən sistemə malik olan biliklər qazanırlar. Böyüklərin tələbi ilə uşaq yeni sosial törəməyə, özünü təsdiqə çalışır. Uşağın özünü təsdiqə cəhdi əxlaqi hisslə bağlı olur. Əxlaqi hissin formalaşması uşağın onu əhatə edən adamların davranış adətlərini mənimsəməklə, uğurla əlaqədardır. Unutmaq olmaz ki, valideyn uşağa ən yaxın olan adamdır və uşaq onlara etibar edir, inanır. Uşaq şəxsiyyətinin təməli ailədə və uşaq bağçasında həmyaşıdları ilə ünsiyyətdə qoyulur.
Sual 3. Uşaq şəxsiyyətinin əxlaqi cəhətdən inkişafında davranış normalarını bilmək, onlara uyğun davranmağı adət etmək, o cümlədən öz mövqeyinə və əxlaq normalarına emosional münasibət mühüm rol oynayır. Həmçinin uşağın sosial varlıq kimi inkişafında insanın müsbət keyfiyyətlərinə, davranışnormalarına yiyələnməsi I dərəcəli əhəmiyyətə malikdir.
Məktəbəqədər dövrdə uşaq onu əhatə edənlərlə, xüsusilə həmyaşıdlarilə ünsiyyət zamanı sosial davranış adəti formalaşır. Bu dövrdə əxlaq nöqteyi-nəzərindən uşaq böyüklər tərəfindən qiymətləndirilərkən müəyyən qaydalar gözlənilməlidir. Uşaq sual verən zaman onun sualları cavablandırılmalıdır. Uşağın tələbatı başqalarilə ünsiyyətdə təmin olunmayanda iddia səviyyəsi tam təsdiq olunmur. Bu da uşaqda mənfi halların meydana gəlməsinə səbəb olur.
Əxlaq normalarına istinadən uşaq belə davranır:
a) əxlaq qaydalarına düzgün əməl edir
b) öz tələbatını ödəyərkən qaydaları pozur, lakin yaşlılardan gizlətmir
c) uşaq qaydaları pozur və onu gizlədir. Çünki cəzalandırılmadan qorxur.
Uşaq şəxsiyyətinin inkişafı çox vəziyyətlərdən, amillərdən asılıdır. Burada fərdi psixoloji fərqlər əsasında təşəkkül edən uşaq fərdiyyətinin mənbələri mühüm rol oynayır.
Uşaq fərdiyyətinin mənbəyinə aşağıdakılar daxildir:

  1.  Anadan gəlmə xüsusiyyətlər
  2. Uşağın inkişaf etdiyi mühit
  3. Uşağın həyatda öz mövqeyi

Bu mənbələr əsasında uşağın fərdi xüsusiyyətləri, əqli inkişaf fərqləri, psixi halı, həmçinin özünüdərketmənin quruluş xüsusiyyətləri təşəkkül edir. Beləliklə, uşağın fərdi xüsusiyyətləri, əqli inkişafı psixi halı, həmçinin dərk etməsinin strukturu əsasında onun fərdiyyəti əmələ gəlib formalaşır, müstəqilliyi artır və bir şəxsiyyət kimi inkişaf edir.
Məktəbəqədər yaşlı uşaq şəxsiyyətinin strukturunda tamamilə yeni xüsusiyyətlər təşəkkül tapmağa başlayır. Məlumdur ki, məktəbəqədər yaşlı uşaqların rəftar və davranışı, habelə fəaliyyət növləri üçün təqlidetmə və təlqinəqapılma xüsusiyyətləri xarakterikdir. Odur ki, onun bir sıra bacarıq, vərdiş və adətləri məhz böyükləri təqlidetməsi sayəsində meydana çıxır. Uşaq bu zaman böyüklərin təsirilə hərəkət edir, onların tələblərini yerinə yetirir. Bu tələblər yerinə yetirilmədikdə isə, məzəmmətlə qarşılaşırlar. Tələbləri icra etdikdə isə, təriflənir, təqdir olunurlar. Nəticədə uşaqda bu tələblərə uyğunlaşma vərdişi əmələ gəlir, o, səliqə ilə geyinməyə, üst-başını təmiz saxlamağa alışır, oyuncaqlarının taleyi onu hər şeydən çox maraqlandırır. Uşaq onların qayğısına qalır. Eyni zamanda uşaq kollektivdə davranmağı, ictimai yerlərdə mövcud qaydaları gözləməyi də tədricən öyrənir. Bütün bunlar isə uşaqda yeni bacarıq- cəmiyyətin, ailənin, kollektivin həyat şəraitinə daxil olmaq bacarığını formalaşdırır. Bu mərhələdə uşağın inkişafı, bilavasitə yaşlıların rəhbərliyi altında həyata keçirilir, yaşlılar onun həyatında gözə görünən və ya görünməyən şəkildə iştirak edirlər. Beləliklə, uşaq onu əhatə edənlərin nümunəvi cəhətlərinə, davranışlarına yiyələnməyə səy göstərir, bu gözəl keyfiyyətləri özündə möhkəmlətməyə çalışır. Eyni zamanda uşaq özünün zərərli və qüsurlu cəhətlərini də yaşlıların təsiri altında tədrican islah edir. Məktəbəqədər yaşlıların həyat təcrübəsi artdıqca onlar ətraf mühitlə daha ətraflı tanış olur və xarici aləmin zənginlikləri onları cəlb edir. Bu da uşaqda yenilikləri öyrənmək, mənimsəmək adətini, başqa sözlə desək, idrak maraqlarını inkişaf etdirir. Uşaq ətrafı mənimsəyib, qavradıqca onda müxtəlif bacarıq və vərdişlər formalaşmağa başlayır. Bu cür vərdiş və adətlər isə uşaq şəxsiyyətini tədricən formalaşdırır. Uşaqda təqlidedici fəaliyyətlə yanaşı, getdikcə müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlər də özünü göstərir. Buna ən çox oyunlarda, tədris xarakterli məşğələlərdə təsadüf edilir. Məktəbəqədərki dövrdə uşaq tədricən əxlaq normalarını və davranışlarını gözləməyə alışır, öz hərəkətlərinə verilən qiymətə münasibətini ifadə etməyi bacarır, yoldaşlarına qayğı ilə yanaşır, böyüklərə hörmət edir.
Məktəbəqədər yaşın axırında uşaq bağçada aparılan müvafiq məşğələlərdə müəyyən bilik-bacarıq əldə edir, ana dilində yazıb-oxumağı öyrənir, bədii ədəbiyyatla tanış olur, saymaq və rəsm çəkmək bacarığına yiyələnir. Bunların hamısı nəinki məktəbə hazırlıq dövründəki təlim prosesinə, həm də onun nəticəsinə dərin maraq oyadır. Məktəbəqədər yaşın sonunda uşaq bağçada özünü böyüklər kimi aparır və I sinifə getməyə hazırlaşır.

Sual 4. Psixologiya müəyyən etmişdir ki, məktəbəqədər yaşda emosional-iradi cəhət sürətlə inkişaf edir. Bu dövrdə uşağın hissləri dəyişkən və qısa müddətli olub, tədricən mürəkkəbləşməyə başlayır. Nitqin inkişafı ilə əlaqədar uşaq 3 yaşdan etibarən ətraf aləm cisim və hadisələrinə, ünsiyyətdə olduğu adamlara öz emosional-hissi münasibətlərini bildirmək imkanına yiyələnir. Uşağın ümumi davranış qaydalarına uyğun gələn hərəkətləri, rəfta və davranışı yaşlılar tərəfindən bəyənilir, təriflənir, uyğun gəlməyənlər isə pislənilir. Bu da öz növbəsində uşaqda borc və utancaqlıq hislərinin meydana gəlməsinə səbəb olur.
Borc hissinin ilkin təzahürünə 3-4 yaşlı uşaqlarda rast gəlmək olur. Valideynin təklifi əsasında uşağın evi yığışdırması, süpürüb səliqə-səhmana salması borc hissinin ən sadə forması hesab oluna bilər. Bu hiss ilk zamanlar çox məhdud sahəni əhatə edir, 5-6 yaşlarında isə borc hissi adamlara kömək göstərmək, onların tələbini yerinə yetirmək, yersiz hərəkətlərdən imtina etmək halında özünü büruzə verir. 6-7 yaşlı uşaqlarda borc hissinin məzmunu xeyli dəyişir: uşaqlar bir çox işlərin icrasında yaşlılara kömək etməyə çalışır, balacaların, quşların və heyvanların qayğısına qalır, onlar üçün narahat olurlar.
Məktəbəqədər yaşlılarda borc və utancaqlıq hislərinin inkişafı uşaqlarda həm də dostluq, başqalarının dərdinə şərik olmaq, həssaslıq kimi hisslərin inkişafı ilə bağlı olur. Bu yaş dövründə hətta şəxsiyyətlərarası münasibətlər, daha dəqiq desək, balacaların öz yaşıdlarına humanist münasibəti də müşahidə olunur. Bu yaşda uşaqlarda öz həmyaşıdlarına humanist münasibət uşaqların cinsi mənsubiyyətindən asılıdır: oğlanlar qızlara nisbətən öz həmyaşıdlarına daha çox humanist münasibət bəsləyirlər.
Məktəbəqədər yaş dövründə uşağı gördüyü işə görə tərifləmək, mükafatlandırmaq, rəğbətləndirmək, onda razılıq, məmnunluq və şəxsi ləyaqət hisslərinin meydana gəlməsinə səbəb olur. Bu yaş dövrünün ayrı-ayrı mərhələlərində uşağın emosional həyatı müxtəlif məzmunlar kəsb edir. İlk mərhələdə təzahür edən hislər, adətən, bu və ya digər şəraitdən asılı vəziyyətdə olur: uşaq kimisə, nəyisə, hansı əşyanısa gördükdə onlar öz görünüşü, forması, rəngi və bu kimi əlamətlərilə ya uşağı özünə cəlb edir, ya heç bir münasibət yaratmır, ya qorxudur, ya da sevinc hissi əmələ gətirir.
Uşaqda qorxu hissini yaradan səbəblər müxtəlifdir, onlar hələlik uşağın həyat təcrübəsində olmamış, belə əhvalatlarla o bilavasitə rastlaşmamışdır. Bunların hamısını (cin, şeytan, adamyeyən, təpəgöz, canavar və s.) uşağa yaşlılar söyləmişlər. Sonra isə bunlar uşağın əsəb sisteminin tipindən, beyində gedən prosesdən asılı olaraq davamlı, əyani sürətlərə çevrilir; uşağı əsəbləşdirir, sıxır, sarsıdır, narahat edir, onda qorxu hissi əmələ gətirir. Ona görə də axşamlar uşağa qorxulu əhvalatlar, nağıllar danışmaq məsləhət görülmür.
Hazırda uşağın əsəbini, emosiyalarını oynadan, psixikasını tarıma çəkən yeni səbəblər meydana çıxmışdır. Belə ki, müasir incəsənətdə, xüsusən də, kinozallarda, televiziya verilişlərində uşağı daha çox qorxudan dedektiv filmlər, dəhşətli hadisələr nümayiş etdirirlər, hətta valideynlər belə verilişin nəticələrinə əhəmiyyət vermədən özləri də onlara böyük həvəslə, maraqla tamaşa edirlər, baxırlar. Bunlar isə uşağı daha da qorxudur, sarsıdır, müxtəlif emosiyalar yaradır.
Uşaqda baş verən qorxu hissinin qarşısı mütləq alınmalıdır. Belə ki, qorxulu verilişlərə uşağın baxması qadağan olunmalıdır, digər tərəfdən isə, əgər uşaq qaranlıq otaqda yatmaqdan imtina edirsə, hətta ağlayıb işıqlı otaqda yatırılmasını istəyirsə, onun arzusu nəzərə alınmalı, hətta həmin yataq otağında zəif lampa yandırılması yaxşı olardı.
Balaca uşaqlarda müşahidə olunan hisslərdən biri də estetik hisslərdir. Bu hislərin növlərindən musiqi və nəğməyə olan hiss çox tez təzahür edir. Uşaq gözəl musiqiyə, mahnıya maraqla qulaq asır, musiqinin təsirilə əlini, ayağını oynadır. 2-3 yaşlı uşaqların bəziləri musiqinin incəliklərini dərk edir, yaxşı və pis musiqiyə öz münasibətlərini bildirirlər. Bədii şəkillər, məzəli və əyləncəli nağıllar da estetik hislərin inkişafına müsbət təsir göstərən amillərdir. Müxtəlif məzmunlu oyunlar, yaşlılarla birgə fəaliyyət uşaqlarda ali hislərin müəyyən ünsürlərinin inkişafına səbəb olur. Uşaqda hislərin inkişafı özbaşına getmir; onlar müxtəlif fəaliyyət növlərində təzahür edir, ətraf aləmə olan sosial münasibətlərin dəyişməsi sayəsində baş verir.
Məktəbəqədər yaşlı uşaqda iradə də müəyyən qədər inkişaf edir. 3 yaşlı uşaq hər hansı bir işi icra edərkən burada iradi işin əsas mərhələləri bəsit şəkildə də olsa təzahür edir. Uşağın iradəsinin inkişafında oyun mühüm yer tutur. Bundan əlavə iradənin inkişafında uşaqlardan onlara məxsus mədəni davranış və əxlaq qaydalarını daim yerinə yetirmələrini müntəzəm olaraq tələb etməyin, onlara müxtəlif xarakterli tapşırıqlar verməyin çox böyük əhəmiyyəti var.
Uşaqlarda təlqin deyilən xüsusiyyətin inkişafına da təsadüf olunur. Təlqin, uşağın onu əhatə edən adamların təsiri altına düşməsində ifadə olunur.
Ailədə təlim-tərbiyə işi düzgün qurulmadıqda, uşaqda şıltaqlıq, höcətlik, tərslik kimi iradi nöqsanlar təşəkkül etməyə imkan tapır. Bu nöqsanlar bəzən ailənin çox cüzi qüsurları sayəsində təzahür edir.
Tərslik çox ciddi iradi nöqsandır. O, uşağın öz şəxsiyyətini başqalarına qarşı qoymasında, valideyn, tərbiyəçi və yaşlıların tələblərinin əksinə getməsində ifadə olunur. Uşağın bu hərəkətləri ona zərər gətirsə də o, tərsliyində davaç edir və məqsədinə nail olmağa çalışır. Tərsliyi doğuran səbəblər bunlardır: 1. Uşağın necə olursa olsun öz bildiyi kimi hərəkət etməsi; 2. Əqli inkişafın məhdudluğu ilə əlaqədar uşağın onun üçün yeni olan məsələləri qavraya bilməməsi; 3. Uşağın özünə az, başqalarına qarşı isə çox tələbkar olması; 4. Uşağın öz qüvvəsinə inamsızlığı.
Məktəbəqədər yaşlı uşaqlarda müşahidə olunan iradi nöqsanlardan biri də tənbəllikdir. Tənbəllik uşaq ailədə əzizləndikdə, onun bütün arzu və istəkləri yerinə yetirildikdə, özünə inam hissi yaradılmadıqda baş verir. Qeyd olunan iradi nöqsanların qarşısı elə onların təzahür etdiyi ilk anlardan alınmalıdır. Əks təqdirdə, uşağı yenidəntərbiyə edərkən valideynlər çox ciddi çətinliklərlə qarşılaşmalı olacaqlar.

Sual 5. Xarakterin rüşeymləri uşaqda iki yaşın sonu, 3 yaşın əvvəllərindən etibarən temperamentin tipləri əsasında inkişafa başlayır. Onun ilk təzahürlərini oyun prosesində müşahidə etmək mümkündür. Oyunlar da uşağın xarakterinə müəyyən təsirlər göstərir. Oyun fəaliyyəti eyni zamanda uşaqda yoldaşlıq və kollektivçilik, dözümlülük və müstəqillik kimi xarakter əlamətlərini təşəkkül etdirir. Məktəbəqədər uşaq bir çox hallarda öz yaşına müvafiq faydalı əmək fəaliyyəti ilə də məşğul olur. Əmək prosesində uşaq həm də müəyyən əxlaq qaydalarına və davranış normalarına yiyələnir. Elə bu əxlaq qaydalarının və mədəni ictimai davranış tələblərinin özü də bir sıra xarakter əlamətlərinin inkişafına səbəb olur. Xarakterin formalaşmasında yaşlıların, xüsusən də valideynlərin şəxsi nümunəsi, uşaqların onları təqlidi və nitq ünsiyyəti böyük rol oynayır. Bu dövrdə uşaq artıq nəyin “yaxşı”, nəyin “pis” olduğunu dərk etməyi, öz şəxsi rəftar vədavranışını qismən qiymətləndirməyi bacarır. Bununla əlaqədar böyüklərin onların hər bir müsbət hərəkətini vaxtında, lazımınca rəğbətləndirməyi bacarmalıdırlar.
Valideynlər arasındakı şəxsiyyətlərarası münasibətlər də uşaq xarakterinin təşəkkülünə həlledici təsir göstərir. Əgər ailədə sağlam psixoloji mühit hökm sürürsə, uşaqlarda müsbət qeyri-sağlam psixoloji mühit mövcuddursa, sözsüz ki, mənfi xarakter əlamətləri təzahür edir. Valideynlərin bir-birinə olan münasibətilə yanaşı, uşağa bəslənilən şəxsi münasibətin özü də onlarda müəyyən xarakter əlamətlərinin yaranmasına səbəb olur.Məktəbəqədər uşaqlar həddən artıq emosional təbiətli olduqlarından onlar ədalətsizliyə həssaslıqla reaksiya verirlər. Odur ki, onları aldatmaq, onların düzgün olmayan hərəkətlərinə, ifadələrinə gülmək, istehza ilə yanaşmaq qətiyyən olmaz. Acığını uşaqların üstünə tökmək, onları əsəbləşdirmək uşaqlarda kobudluq, sözə baxmamaq, inadkarlıq, dəcəllik, nadinclik kimi əlamətləri əmələ gətirir.
Məktəbəqədər yaşlılarda qbiliyyətlərin bəziləri çox erkən təzahür edir. Məsələn, bəzən 3-4 yaşlı uşaq saatlarla musiqiyə qulaq asmaqdan yorulmur. Bu, uşaqda musiqi qabiliyyəti üçün zəruri təbii zəminlər olduğuna işarət edir. Nitqə yiyələnmək qabiliyyəti də məktəbəqədər yaşda sürətlə inkişaf edir. Uşaq bu yaşda hər hansı bir xarici dili çox məharətlə mənimsəyə bilir. Lakin uşağın qabiliyyətinin inkişafı bu və ya digər sahəyə dair müəyyən bilik, bacarıq və vərdişlərə nə dərəcədə yiyələnməsindən asılıdır.
Xarici aləm hadisələrinin dərk olunmasına yönəlmiş maraq və meyllər də qabiliyyətlərin inkişafını təmin edən amillərdəndir. Uşaqların öz əlləri ilə hazırladıqları oyuncaqlar onlarda texniki qabiliyyətlərin təşəkkülünə müsbət təsir göstərir.

Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:

  1. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  2.  Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  3. Кулагина И.Ю., Колюцкий В.Н. Возрастная психология. 2001.
  4. Мухина В.С. Возрастная психология, М., Изд-во «Академия», 1998.
  5. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.

Веб-контент, составленный с помощью бесплатного онлайн-редактора HTML. Пожалуйста, приобретите членство, чтобы удалить рекламные сообщения, подобные этому.

 

0 şərh