HANSI DAHA VACİBDİR: AĞIL YOXSA TƏCRÜBƏ?


            
İnsanlarımızın nitq və düşüncələrində, hər zaman bir “təcrübə”, “yaş” «faktoru» müşahidə olunur; onlar, hər zaman “təcrübə”dən və “yaş”dan danışırlar. Bu durum, az qala bütün sosial status, peşə, kateqoriya və demoqrafik və gender xüsusiyyətlərə sahib insanlara aiddir: istər müəllimi olsun, istər həkimi, istər fəhləsi olsun istər jurnalisti, istər alimi olsun, istər siyasətçisi olsun ya da başqa bir sahənin nümayəndəsi olsun və ya istər qadını olsun istər kişisi olsun, istər yaşlısı olsun istər cavanı olsun; hər kəsin dilində və şüurunda bir “təcrübə”, “yaş” və ya “görmək“, “duymaq”, “eşitmək” fenomeni” var...
Bəs bu nə anlama gəlir?.. Doğrundanmı “yaş” və ya «təcrübə», ya da “görmək”, “duymaq”, “eşitmək”, belə avtomatik, həlledici və xüsusi bir anlama sahibdir?..
Ümumiyyətlə bir ilginc məqam var ki, yaşı və ya təcrübəni, “üstünlük” və «müdriklik»lə eyni mənalı qavram hesab etmə anlayışı, sadəcə bizim dövr və bizim məkan üçün deyil, bəşər cəmiyyətinin bütün dövrləri və məkanları üçün xarakterik olan bir təmayüldür ki bu da, bu tendensiyanın, ən azından fitri və instinktiv bir təməli ola biləcəyini də göstərir.

Amma necə deyərlər, zatən fitri olan heç də hər şey, doğru və anlamlı deyildir və insan, xilqətən yanlışa meyilli və zəiflikləri olan bir varlıqdır.
Və istər şüurlu şəkildə deyilsin, istərsə də yox, «mənim yaşım çoxdur» və ya «mən təcrübəliyəm» kimi ifadələr, mahiyyətcə təcrübəni; informasiyanın, bilginin əsas qaynağı hesab etmək anlayışının sonucudur.
Bu anlayışa görə insan, hansısa olay və ya proses barədə məlumat sahibi olmaq üçün, mütləq o hadisənin iştirakçısı və ya subyekti olmalıdır. Bu təfəkkürə görə, məsələn SSRİ dövründə yaşamayan bir insanın, SSRİ barədə yetərli anlayışa sahib olması mümkün deyil. Və ya tutaq ki bir kəs, evlənmədən; evliliyin nə demək olduğunu bilə bilməz. Ya da məsələn bir insan, soyuq havada islanmanın sonucunda xəstə olmaq ehtimalı olduğunu, bu durumu yaşamadan bilə bilməz.
Yəni bir sözlə, bu təfəkkür; ağlı, çox da önəmli olmayan bir amil hesab edir və təcrübəni, insan həyatının mərkəzində görür.
Halbuki bəşəriyyətin, insanlığın, indiyəqədərki ən böyük yanılqılarından biri, elə ağlı deyil də «təcrübə»ni, bilginin əsas qaynağı hesab etməkdir. Çünki prinsipcə təcrübənin, praktiki və aktual önəmi çox azdır. Zatən həyat, hər şeyi biləvasitə yaşayaraq bilmək üçün, çox qısa və qeyri-əlverişlidir. Biz hansısa hadisə və ya proses barədə məlumatlı olmaq üçün, hər dəfə biləvasitə o hadisənin subyekti, iştirakçısı ola bilmərik; hansısa bilgini, məlumatı bilmək üçün, hər dəfə o bilginin situasiyasını birbaşa yaşaya bilmərik; bu, praktiki olaraq imkansız və qeyri-realdır. Əgər təcrübənin ümidinə qalmış olsaydı insan, uzaqbaşı cəmi bir neçə il yaşayardı. Çünki adicə məsələn, soyuq hava şəraitində, üşümək və xəstələnmək ehtimalı olduğunu, biz yalnız xəstələndikdən sonra bilməli olsaydıq, dünyada sağlam insanların sayı, indikindən xeyli az olardı. Və ya tutaq ki həkimlər, hansı orqanın harda yerləşdiyini hər dəfə təcrübə ilə müəyyən etməli olsaydılar, o zaman əməliyyatdan, sağlam şəkildə çıxan xəstə, demək olar ki, olmazdı. Ya da məsələn, hansısa binanı tərk edərkən, pilləkən və ya liftlə deyil, pəncərədən tullanmaqla bunu etməli olsaydıq, yəni bunun, təhlükəli və sağlamlığa ziyanlı olduğunu, təcrübə ilə müəyyən etməli olsaydıq, o zaman, şikəst olmayan insan, çox az mövcud olardı. Və ya tutaq ki elektrikə toxunmağın, təhlükəli olduğunu, hər birimiz, ağıl ilə deyil təcrübə ilə yoxlamış olsaydıq, zatən dünyada çox az sayda adam qalardı.
Dolayısıyla da, elə təcrübəni həlledici və ya yeganə amil hesab edənlərin özləri də, təcrübə hesabına deyil, elə ağlın önəmli rolu hesabına, mövcudiyyətlərini sürdürür və ətraf aləmi dərk edirlər.
Heç şübhəsiz, bilginin qaynağının, təcrübə olduğuna inanışın yayğın olmasından asılı olmayaraq ortada olan reallıq budur ki əslində informasiyanın əsas, təməl qaynağı, elə ağıldan başqa bir şey deyildir. Təcrübə isə mahiyyət etibarilə bilgidən, informasiyadan başqa bir anlam ifadə etmir. Məsələn; madam ki biz, tutaq ki, ac qalmağın, sağlamlığa ziyanlı ola biləcəyi reallığını, ağıl ilə yoxlaya bilərik; o zaman zatən bunu təcrübə ilə yoxlamağa gərək və ehtiyac yoxdur. Ya da deyək ki yağış yağdıqdan sonra palçığın olacağını, zatən ağıl ilə biliriksə; şərt deyil ki biz mütləq də biləvasitə palçığa batdıqdan sonra bunu anlayaq.
Onsuz da insan, gərəkli və yetərli zəka və ağla, yəni analiz və müqayisə qabiliyyətinə sahib olmalıdır. Zəka; dünyanın və varlığın, hərtərəfli və gərəkdiyi şəkildə idrakı və qavrayışı deməkdir. Yəni ağıl və zəka; zatən avtomatik bilgiyə sahib olmaq mənbəyi və ya bilgi yaratma və bilmə məxəzi və qabiliyyəti deməkdir; bunun köməyilə insan, sahib olduğu, tutaq ki iki bilgidən, üçüncü bilgini yarada bilir.
Başqa sözlə desək, hazırki sivilizasiya şəraitində dünyaya gələn insan, onsuz da cəmiyyətin, mövcud genəl şüur və informasiya nailiyyətlərinə avtomatik sahib olmuş olur, amma bu nailiyyətlərdən, yenilərini yaratmaq isə, artıq ağıl və zəkanın funksiyası və gərəyidir.
Sadəcə olaraq, (xüsusən də bizim toplum reallığında) əslində ağıl və zəka səviyyəsi və «yeni bilgi yaratma» potensialı yetərli səviyyədə olan insanlar, çox kiçik bir faizi təşkil edir və beləliklə də, əsas bilgi əldə etmə qaynağı olan ağıl amili; toplumumuzun, genəl və yayğın informasiya alma mexanizmi rolunu oynamır və öz funksiyasını, lazımınca həyata keçirmir. Bunun əvəzində isə cəmiyyətin, məlumat mənbəyi və bilmə qaynağı rolunu, əsas etibarilə; elə praktik önəmi çox az olan, təcrübə amili oynamaq durumundadır. Yəni cəmiyyətlərin, təcrübəyə yüksək önəm vermələri və təməl bilgi əldə etmə mexanizmi kimi görmələri, məhz ağıl və zəka yetərsizliyinin nəticəsidir. Zəka artdıqca; təcrübənin, həm fərd, həm də cəmiyyət üçün önəmi, avtomatik olaraq azalır. Çünki ağıl, təcrübə ilə müqayisədə daha praktik, daha funksional və daha mühüm bir bilgi qaynağıdır.
Prinsipcə təcrübə, yalnız; çox az hallarda və ağıl ilə çözülməsi və dərk olunması mümkün və real olmayan durum və şəraitlərdə praktik önəmə sahib olur. Məsələn, biz adi şəkildə, yəni ağıl ilə, bilə bilmərik ki tutaq ki cəmiyyətdə əhalinin sayı nə qədərdir və boşanmalar və nigah nisbəti, faizi necədir. Bunu, yalnız təcrübə ilə, yəni statistik məlumatların toplanması ilə müəyyən edə bilərik. Ya da məsələn, sabah havanın necə olacağını, normalda, ağıl ilə çözmək mümkün deyil, yalnız metereologiya elminin təcrübi bilgilərindən yararlanmaqla bu barədə real bir anlayışa sahib olmaq olar.
Odur ki gerçəkdə, bilginin əsas qaynağı ağıldır və əlavə, yardımçı qaynağı təcrübədir və insanların əksəriyyətinin, bu sahədəki düşüncəsi (təcrübəni əsas amil hesab etmələri) isə, zəka və məlumat səviyyəsinin yetərsizliyindən və fitri və instinktiv yanlışlıqdan başqa bir şey deyildir.

P.S. Bir də bunu əlavə etmək gərəkir ki, yuxarıda qeyd olunan, ağıl(əsas qaynaq) və təcrübə(yardımçı qaynaq), bilginin, yalnız adi şəkildəki və ya praktiki olan qaynaqlarıdır.
Bir də, qeyri-adi, fövqaladə durumlarda; fərqli səciyyə və mahiyyətə sahib olan sezgi amili, alternativ ola bilir ki bu da; çox az insanın sahib ola biləcəyi(və ya yetərincə sahib ola biləcəyi) bilgi əldə etmə yetisi olduğu üçün və (ən azından indiki elmi və düşünsəl bilgilər və reallıq fonunda) ağıl və ya təcrübə ilə yoxlanılması imkansız olan bir mənbə olduğu üçün, praktik əhəmiyyəti və tətbiqi də zatən az və zəifdir.


Yunis Dürüst, elmi tədqiqatçı
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub