Uşağın çimməsi və tərbiyə

Südəmər uşaq ilk günlər çimməyi xoşlamırlar. O, həmçinin paltarının, döşəkağısının dəyişdirilməsini, böyrü üstə çevrilməsini, ələ götürülməsini və ya çarpayıya qoyulmasını da xoşlamır. Uşaq özünün narazılığını ağlamaq və qışqırmaqla bildirir, əzələlərini gərib müqavimət göstərir.
Uşaq müvazinətinin pozulmasına daha həssasdır və anası onu çarpayıdan götürüb vannaya qoyduqda əzələlərini gərib reaksiya göstərir. Uşaq yumruğunu bərk sıxıb başının yanında saxlayır, yaxud anasının əlindən yapışır.
Uşaq ilıq suda, xüsusən onu düzgün saxladıqda, sakitləşir və əzələlərini boşaldır.
Onu sudan çıxaran kimi təzədən qışqırıb ağlamağa başlayır; onu qurulayıb geyindirəndə də ağlayır. Uşaq bütün əməliyyatlar qurtarandan sonra sakitləşir.
Uşağın ağlamağını tez kəsmək üçün ana uşaqla nəvazişlə və xoş rəftar etməlidir. Uşağın nə vaxt çimməyi xoşladığına fikir vermək və mümkün qədər buna əməl etmək lazımdır. Həmçinin uşağın hansı temperaturlu suyu xoşladığına da fikir vermək lazımdır. Uşağın qulağını təmizləməyi xoşlamamasına əhəmiyyət vermək olmaz, lakin mümkün qədər onu incitməmək lazımdır.
Bu məsləhətlərə əməl olunarsa, bir neçə gündən sonra südəmər uşağın davranışı xeyli dəyişər. Anası onu soyunduranda o daha ağlamaz, cürbəcür əməliyyatları rahat keçirər, müqavimət göstərməz. Bir neçə gündən sonra o, qorxsa da suda əl-qolunu atacaqdır.
Uşaq təkcə qurulanmağı və geyindirilməyi xoşlamır. 6-8 həftəlikdə onu çimdirdikdə özünü yaxşı aparır, paltarını dəyişəndə ağlamır.körpəni çimizdirmək
Südəmər uşaqla ilk gündən danışmaq lazımdır. Ana uşağı çimdirəcəksə, onu çarpayıdan dinməz-söyləməz götürməməli, ona mehribancasına belə deməlidir, «Gedək çimməyə!». Uşağı çimdirən vaxt da ona müraciət edib deməlidir: "İndi sənin qulağını təmizləyəcəyəm. Bilirəm ki, bu sənin xoşuna gəlmir, lakin nə etməli, qulağın çirkdir", «ağlama, indi isinəcəksən» və s. Doğrudur, ilk günlər uşaq anasının nə dediyini başa düşmür, lakin o, ilk gündən onu sakitləşdirən danışıq dili eşitməlidir, belə olduqda çimmə və paltarının dəyişdirilməsi nisbətən xoş gəlir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, ilk gündən uşaqla danışanda o, anasının aydın və düzgün tələffüz etdiyi sözləri daha tez başa düşməyə başlayır.
3-6 aylıq uşaq onu çimdirəndə fəal iştirak edir. Anası onu çarpayıdan götürəndə nəinki müqavimət göstərmir, həm də sevinir, anası onun dirsək büküşünü, yaxud qoltuğunu təmizlədikdə qollarını boşaldır və yanlara aparır. Anası onu geyindirəndə ona «kömək edir». Danışıq səslərinə diqqətlə qulaq asır, anası ona müraciət edəndə, paltarını geyindirəndə yaxud çimdirəndə sevinir.
6-9 aylıq uşaq anası onu vannaya aparanda sevinib gülür: çimdirən vaxt özü əllərini və ya ayaqlarını boşaldıb növbə ilə anasına uzadır, suda çapalayır, bərkdən gülür, anasına baxıb cürbəcür səslər çıxarır, öz dilində anası ilə «danışır».
Get-gedə uşaq deyilən sözü ,:başa düşür", anasının ondan tələb etdiyi şeyi («başını çevir», "əlini ver", «gözlərini yum» və s.) yerinə yetirir.
9-12 aylığında uşaq çimdiriləndə dəcəllik etməyə başlayır. Ana onun bir əlini yuyub deyir: "İndi də o biri əlini ver", uşaq bərkdən gülüb təzəcə yuyulmuş əlini uzadır. O biri əlini, ayaqlarını yuyanda da o, bu cür oynayır. Ana uşağı dəsmala bükən kimi o dəsmalı üstündən açır və sakit-sakit anasının onu bir də bükməsini gözləyir. Beləliklə, o, sakit-sakit, tərpənmədən uzanır, sonra birdən gülüb əsgini üstündən atır və ana təzədən bələməli olur.
Uşaq oyuncaqlarla maraqlanmağa başlayır, şeylərlə tanış olur. Vannada suyu şappıldadır, lifi götürür və onu əlindən buraxmaq istəmir. Bu yaşda uşaq bədəninin vəziyyətini dəyişməkdən qorxmur. Şotkanı, darağı və əlinə düşən hər şeyi götürüb tez qarnı üstə uzanır. İstədiyini "ələ keçirib" arxası üstə çevrilir və əlindəki şeyi diqqətlə öyrənir. Uşaq nəinki müxtəlif şeyləri öyrənir, həm də aşağı əyilmiş anasının üzünü və saçlarını tutmağa çalışır.
Uşaq çimməklə əlaqədar olan bütün əməliyyatları yaxşı keçirir. Bundan başqa, ana hər hansı bir şeyə görə çimdirməyi dayandırıbsa, uşaq vannada dəcəlliyini saxlayır və anasına baxıb gözləyir, sanki çimməyi davam etdirməsini istəyir. Bu yaşda uşaq çimməyi çox xoşlayır və çiməndə dəcəllik edir. Çox vaxt anası onu vannadan çıxarmaq istəyəndə müqavimət göstərir.
Uşağı çimdirəndə ardıcıllığı gözləyin, onu vannada oynamağa və dəcəllik etməyə qoymayın. Bu vaxt böyüklər də onunla oynaya bilərlər, lakin lap əvvəldən uşağı istədiyi hər şeyi etməyə icazə vermək olmaz. Onu şüşə və iti şeyləri, məlhəm və s. əlinə götürməyə qoymayın. Uşaq çox çevik olub nəyin bahasına olur-olsun bu şeyləri götürməyə çalışarsa, bunları padnosda onun əli çatmayan yerdə qoymaq lazımdır. Lakin uşaq qadağan olunmuş hər hansı bir şeyi əlinə keçirə bilibsə, çox sakit əlindən götürüb əvəzinə zərərsiz başqa bir şey vermək olar. Uşağa zərərsiz hər cür şeyi götürməyə icazə vermək olar. Bu yolla o, şeylərlə və cisimlərlə tanış olur.
Uşağa şeylərin adını və bunların nə üçün olduğunu demək, yavaş-yavaş bunlardan istifadə etməyi öyrətmək lazımdır. Vaxt gələcək ki, o, daraqdan və saç şotkasından istifadə edəcək, özünü liflə və ya əlliklə sabunlaya biləcəkdir. Uşaq yerə bu və ya başqa bir şeyi atsa, eybi yoxdur. Ana bunu yerdən götürüb ona verməli və belə izah etməlidir: «biz daha belə oynamayacağıq», yəni o, yerə əyilməkdən yorulub və s. Uşaq həmin şeyi bundan sonra da atarsa, ağlasa da, daha vermək lazım deyil.
Çalışmaq lazımdır ki, uşaq da çimmədə iştirak etsin. Südəmər uşaq sadə buyruqları tez öyrənir ("əlini ver", «indi isə köynəyini geyindirəcəyəm», «sakit uzan, səni bələmək lazımdır» və s). Beləliklə, uşağın fəal və xoşluqla çimib geyinməsinə nail olmaq lazımdır.
Uşaq ayağa durmağa başlamışsa, çimdirmə qaydasını müvəqqəti dəyişmək olar. O, nəyin bahasına olur-olsun, hətta vannada da ayağa durmağa çalışır. Belə halda bütün çimmə qaydasına tam ciddi əməl etmək lazım deyil. Ona zorla oturtmağa çalışmayın, dolça ilə su töküb ayaqüstə çimdirin. Bir müddətdən sonra çimdirəndə uşaq təzədən dinməz-söyləməz oturacaqdır.
2 yaşına yaxın uşaq get-gedə çevikləşir və müstəqil olur. Böyüklər onu çimdirəndə, başını darayanda çox vaxt qoymur. Bunları o özü eləmək istəyir. Belə halda anadan çox hövsələli və səbirli olmaq tələb olunur. Uşaq hələlik bacarmır, anaya mane olur, lakin ona bunu hiss etdirəndə inciyir və passivləşir.
Uşağın ilk yöndəmsiz hərəkətlərinə qarşı hövsələsizlik göstərməyin, onun «kömək etmək» həvəsini öldürməyin. Doğrudur, çimdirəndə uşaq suyu sıçradır, sabunu suya atır, əlini və ya üzünü özü yuduqda paltarının qollarını, bəzən də tumanını isladır, əl-üzü isə çirk qalır. Bunun üçün uşağı danlamayın, bunu nə cür etmək lazım gəldiyini hövsələ ilə göstərin. Uşaq hər gün təzə bir şey edir, ana bun­ları diqqətlə izləməlidir. Uşaq hər hansı bir işi görə bilmədikdə ona ürək-dirək vermək, görə bildikdə isə tərifləmək lazımdır. İlk vaxtlar uşaq çox kömək tələb edir, lakin bunu elə etmək lazımdır ki, uşaq inciməsin. Həmişə uşağa göstərmək lazımdır ki, o, bu və ya başqa işi əvvəlkindən yaxşı görmüşdür; hər hansı bir işi eləyə bilmədiyinə görə heç vaxt onu danlamaq olmaz.
Uşaq 3 yaşında əl-üzünü özü yuyur, dişlərini özü təmizləyir və s. Bunları ona zorla gördürmək lazım deyil, qoy özü istəyəndə eləsin.
Bütün bunların körpə uşaq üçün məcburiyyət olmasına yol vermək olmaz; uşaq yorulduqda yaxud kefi olmadıqda ona kömək etmək lazımdır.
Mənbə Ananın məlumat kitabı
Müəllif Laslo Maqda,Peterno Pikler Emmi

0 şərh