Cənub materiklərinin bioehtiyatları

Antarktida istisna olmaqla cənub materiklərinin – Cənubi Amerika, Afrika və Avstraliyanın ekvatora yaxın yerləşməsi onların təbii zonalarında öz əksini tapır. Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vegetasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi bioloji ehtiyatların növlərində və miqdarında, eləcə də onların istifadəsində oxşarlıq yaratmışdır.

Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşələri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçilməz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə əhali məskunlaşmasına maneçilik yaradır. Burada daimi yaşayanlar yerli qəbilələrdir.

cənub materikləri

Rütubətli ekvatorial meşələrin təbiəti hər zaman tədqiqatçıları, oradakı təbii sərvətlər, qiymətli ağac növləri, müalicəvi bitkilər, ilboyu əkinçiliyə imkan verən iqlim şəraiti isə sahibkarları özünə cəlb edir.

Amazon meşələrinin sahəsi sürətlə kiçilir, buna səbəb oduncaq tədarükü, tropik bitkilərin plantasiyalarının genişləndirilməsidir. Selvasda heveya, kinə ağacı (bu ağacın meyvələrindən malyariya xəstəliyinin müalicəsi üçün dərman hazırlanır), qırmızı ağac, balsa (dünyada ən yüngül ağac), qovun ağacı (papayya), batat, maniok və s. bitir. Cəngəlliklərdə təkcə palmanın 100-dən çox növü vardır.

Savannalar Afrika ərazisinin 40%, Cənubi Amerikanın və Avstraliyanın isə 20%- dən çox hissəsini əhatə edir. Savannalarda əkinçilik ərazinin yağıntı göstəricilərinə uyğun olaraq aparılır.

Ərazinin iqliminə uyğunlaşdırılan bitkilərdən biri pambıq və şəkər qamışıdır. Bu bitkilərin ixracına görə, Braziliya və Avstraliya fərqlənir. Məhsuldarlığın yüksək olmasının səbəbi pambıq və şəkər qamışının genetik cəhətdən modifikasiya olunmuş yeni sortlarının əldə edilməsidir.

Tropik səhralar Afrika və Avstraliyada geniş sahə tutur. Lakin onlardan istifadə istiqamətləri fərqlidir. Afrika səhraları təbii halda, demək olar, əkinçilik üçün yararsızdır. Əkinçilik yalnız vahələrdə xurma palmasının becərilməsi və yarımsəhralarda qummiarabik bitkisinin meyvələrinin yığılması ilə məhdudlaşır.

Avstraliya səhra və yarımsəhralarında bitki örtüyü nisbətən çoxdur. Bu səhralar qoyunçuluq üçün otlaq kimi istifadə edilir.

Cənubi Amerikanın subtropik iqlim qurşağında çöl zonası – pampa formalaşmışdır. Pampa La-Plata ovalığında, Argentina və Uruqvayda ərazicə geniş yer tutur. Rütubətli subtropik iqlim şəraitinin hakim olduğu bu ərazidə münbit qırmızı-qara torpaqlar yayılmışdır. Pampada birillik otlar daha hündürdür. Pampa Cənub yarımkürəsinin ən məhsuldar və geniş taxılçılıq zonasıdır. Taxılçılığın inkişafı Argentinada heyvandarlığın da inkişafına səbəb olmuşdur.

Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova

 

0 şərh