Bir gün evdə - İstirahətdə

Bir stəkan pürrəngi çay süzüb, mürəbbəni qoyursan qabağına. Kresloda yerini rahatlayıb, televizoru işə salırsan. Axı bu gün sənin istirahət günündür. Pultun düyməsini basıb, tele-kanalları yoxlayırsan. Efirdə gözünə ilk öncə qurumuş tut ağacına oxşayan aparıcı, onun çılpaq çiyinləri, qoşa nağara çubuqlarını bənzədən əyri ayaqları görünür. Üzünə süni təbəssüm verərək, paytaxtın«donqili»restoranlarını tərifləyir. İkinci düyməni basırsan, efirə hamam paltarında çıxmış şou-biznes əhlinin iki nümayəndəsi tovuz quşu kimi bəzənib, öz səviyyələrinə uyğun söhbətlər edirlər. Hərdən nəzərini aparıcının dişləri, saxta gülüşü cəlb edir. İyrənirsən. Əsəbləşib, pultun üzərinə«3»yazılmış düyməsini sıxırsan. Rejissor Vaqif Mustafayevin kinoteatra döndərdiyi«Spase»-də nöyüt iyi verən köhnə kinolar nümayiş etdirilir. Yox, buna azı 100 dəfə baxmısan. Cəld kanalı dəyişirsən.  Budur! Dördüncü telekanalda«maraqlı»anonslar gedir: -«Azərbaycanın hansı müğənnisi bu həftə özünə yubka aldı?»,«Müğənni Bozbaş efirdə kimi hədələdi?»,"Şou-biznesin hansı nümayəndəsi avtoyumada maşınını yudurarkən əməkdaşlarımızı n kamerasına tuş gəldi?","Şok, şok, şok, əməkdaşımız ulduzun əlini sıxmaq xoşbəxtliyinə nail oldu. Müxbirimiz necə də xoşbəxtdir!«Elə bunun ardınca aparıcının boğuq səsi eşidilir -»Bütün bunlar az sonra!«Beləcə, yeni veriliş başlayır. İki dəfə ərindən boşanmış aparıcı həyat yoldaşlarından ayrılan qadınlara mənəviyyat dərsi keçir. Deyir ki, siz mənə bənd olmayın, ər nədi, sözə baxdı nədi. Beşinci düyməni necə sıxmağından xəbərin olmur -»Super«tele-kanal. Verilişin aparıcısı evdən arvad əlindən bezib, çıxmış 6-7 kişini, əri çay süzdürə bilməyən 8-9 arvadı səhnədə tamaşaçı kimi əyləşdirib. Budur, onun təqdimatından sonra səhnəyə çılpaq şəkilləri cürbəcür saytların bəzəyi olan»müğənni«daxil olur. Yaşı 45-50-dən ötmüş kişilər, 40-55 yaşlı işsiz-gücsüz arvadlar gurultulu alqışlarla özləri səviyyəsində olan»müğənni«ni qarşılayırlar.»Müğənni«də nə müğənni — köhnə hamamların kisəçilərinə oxşayır yubkasının ətəyi göbəkdən bir az aşağı. Elə bilərsən ki, paltarı nənəsinin nənəsindən miras qalıb. Böyüklər geyə-geyə donu qısaldıblar. Üzünə bir kiloya yaxın pudra, pomada,»kraska«yapışdırıb. Bu yerdə evdə uşaq sənin otağına daxil olub, səhnədəki çılpaq»müğənni«ni görcək,»Allah baba, noolar, bu«kasıb»müğənniyə bir qədər pul ver, gedib özünə yubka alsın. Pulu olmadığına görə lüt gəzir"- deyir. «Müğənni»özü səviyyəsindəkil ərin alqışları ilə gəlib oturur divanda. Aparıcının təqdimatından sonra səhnədə iki aşpaz da peyda olur. İştirakçıların hamısı əllərini göyə qaldırıb, səhnədəkiləri«göylərə ucaldarkən»özləri alçalıb, düşürlər quyunun dibinə. Xoş beş-on beşdən sonra«müğənni»keçmiş sevgililərini yada salaraq, oxumağa başlayır. Fonoqram bir neçə dəqiqədən sonra bitir, müğənniciyəz divanda yayxanıb, yerini rahatlayır. Aparıcı aşpazlara göz vurur — məharətlərinizi nümayiş etdirməyin vaxtıdır. Birinci aşpaz:  — Əziz tamaşaçılar, bizi adam yerinə qoyub bura dəvət etdiyinə görə,«Super»kanalın rəhbərliyinə minnətdarlığımı zı bildiririk. Bu gün sizə qayğanaq bişirməyi öyrədəcəyik.İkinci aşpaz: — Deməli belə, bir xörək qaşığı yağ götürüb tökürük tavaya, iki ədəd ağ yumurta seçirik. Yağın tam əriməsini gözləyirik. O, dağ olana qədər yumurtanı sındırıb, boşqablarda qarışdırırıq.Etik rəftar qaydalarından bixəbər aparıcı onun sözünü kəsib səhnədəcə pərt edir: — Əziz tamaşaçılar, bu yerdə reklamlara keçid edirik. Kanalı dəyişməyin, bir azdan sizə qayğanağı necə bişirmək qaydasını öyrədəcəyik.Beləcə, verilişdə«qısa»- 15-20 dəqiqəlik reklam fasiləsi yaranır. Fasilədən sonra tamaşaçılar qayğanaq bişirməyin üsullarını seyr edirlər. Bu da olur sənin«istirahət»günün.
  Sonda: — böyüyüb boya-başa çatdığım Ucarda qurbağaların qurultusunun eşidildiyi çirkab su axarlarına KANAL deyirlər. Əcəb omonimlərdir.
 
 
Anar Tağıyev
 

5 şərh

LatifaHasanova
Super. cox guldum.Twkler
soni_memmedzade

sataşmağa yer tapmadın deyəsən.əməllicə güldüm.oyunun olsun.elə bu üzdən də sonuncu dəfə televizora nə vaxt baxmışam yadıma düşmür.maraqlı nə qoyublar ki,qalsın.???

 

MaksiMuS
Dəyməz :)) təsadüfə baxee :))
soni_memmedzade
heç də təsadüfə oxşamır
_BUMERANQ_
Televiziyamızın bu halını görəndə sadəcə ürəyim ağrıyır.
Artıq ətrafımda öz kanallarımızı  izləyən çox az insan görürəm. Bədbəxtlikdən, balacalarımız da dilini türkcə açır.
Bu gedişlə hara gedirik görəsən?.. Təəssüf :(