Sonet sevgisi.

İngilis intihabının nəhəngi Vilyam Şekspirin (1564-1616) “hamlet” faciəsindəki “Olum, ya ölüm?” monoloqu ilə 66-cı soneti bir mövzu birləşdirir. Amma sonetdə “ölüm istəyi”nə qarşı son misrada şairin (lirik qəhrəmanının) “qələbə hökmü” yaşatmaq yanğılı ürəyinin odundan xəbər verir:

Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq!
- deyən Şekspirin işıqlı qəlbininin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta sədaqətinin, qadına mehr-ülfətinin, məhəbbətinin... gözəl, yadda qalan bədii lirik lövhələrini yaratmışdır.

“Hamlet” faciəsi şair-dramaturq Şekspirin yaradıcılığının, eləcə də ingilis intihabının şah əsəri kimi qiymətləndirildi. Bir müddət “kölgə”də qalan “Sonetlər” isə şairin zəngin ədəbi irsində öz ideya-estetik dəyərinə görə “Hamlet”dən sonra ikinci yeri qazandı.

V. Şekspirin müasiri Frensiz Merez 1598-ci ildə nəşr etdirdiyi “Zəka xəzinəsi” əsərində şairin “...yaxın dostlarına məlum olan dadlı-ləzzətli sonetlər” yazdığını göstərmişdir. Həqiqətdə isə onun şair qəlbindən doğan şaqraq nəğmələri – “Şekspirin əvvəllər heç vaxt nəşr olunmamış sonetləri” adı ilə 1609-cu ildə işıq üzü görmüşdür.

Amma nədənsə şairin ölümündən sonra küliyyatı nəşr olunanda (1623) sonetlər unudulmuşdur. İngilis şairi Con Benson sonetlərin ilk nəşrindən təxminən 30 il sonra onları yenidən nəşr etdirmişdir (1640).

Əlbəttə, sontelərin doğurduğu böyük əks-səda sonrakı əsrlərin payına düşmüşdür. V. Şekspirin özünü əslində XVIII əsrin ortalarından klassik şair-dramaturq kimi tanımağa başlamışlar.

Sonet nə vaxt yaranmışdır? Qərbi Avropa ədəbiyyatında bu janrın geniş yayılmasına səbəb nə olmuşdur?

Əvvəla, orta əsrlər dövründə Şərq xalqları ədəbiyyatında, o cümlədən Azərbaycan poeziyasında qəzəlin, yapon şerində tankanın, fransız və İtaliya ədəbiyyatlarlnda “doğulan” triolet, virile, sekstina kimi... Qərbi Avropa intibahının beşiyi sayılan İtaliyada ədəbiyyata vəsiqə alan sonet (sətri tərcümədə “şaqraq nəğmə” deməkdir – Ş. X.) sonralar İspaniya, Portuqaliya, Fransa, İngiltərədə geniş yayılmışdır. İtaliya şairi Jakopo (Cakomo) da Lenti sonet janrında yazan ilk müəllif sayılır. XIII yüzilliyin əvvllərində yaranmış sonetin bu gün 750 “yaşı” vardır.

İtaliya intibahının astanasında “orta əsrlər dövrünün sonuncu” habelə “yeni dövrün birinci” şairi (F.Engels) sayılan Aligyeri Dante Beatriçeyə, dostlarına, intibahın nəhəngləri Françesko Petrarka Lauranın ölümünə, Covanni Bokkaçço (məşhur “Dekameroan” əsərinin müəllifi) həyata, sevgiyə həsr etdiyi sonetləri ilə ədəbiyyatda özlərinə məxsus iz qoymuşlar. İtaliya poeziyasının ələlxüsus da Petrarkanın son dərəcə sehrli-ovsunlu sonetlərinin İngiltərədəki şairlərin yaradıcılığına təsirini isə unutmaq olmaz.

Bir sıra mötəbər alim-tədqiqatçıların hesablamalarına görə Qərbi Avropa ədəbiyyatında intibah mədəniyyəti dövründə təxminən üç yüz min sonet nəşr edilmişdir. İngiltərədə isə yalnız XVI əsrin axırıncı onilliyində bu say üç minə çatmışdır.

Əlbəttə, V. Şekspir İngiltərədə sonet yazanların birincisi olmamışdır. (Amma sonet janrının zirvəsi əslində onun adına yazılmışdır). Hələ XVI əsrin 30-cu illərində ingilis şairi Tomas Uayet ilk sontelərini yazmış, sonet janrının doğma ədəbiyyatında “yaradıcısı” sayılmışdır. Şairlərdən Henri Hovard, qraf Serrey də bu janrda bir sıra gözəl nümunələr yaratmışlar.
Sonet janrının yayılmasında “ingilis poeziyasının atası” Cefri Coserin (1340-1400) böyük xidmətləri olmuşdur. Belə ki, o, Petrarkanın (C.Coserin İtaliyada olarkən Petrarka ilə şəxsən tanış olduğu göstərilir – Ş. X.) 102 sonetini tərcümə etmişdir. Bu tərcümədə sonet forması qorunub saxlanılmasa da, həmin nümunələr İngiltərədə sonet janrının yayılmasında “körpü” rolu oynamışdır. Hələ öz sağlığında “şairlər şairi” adına layiq görülmüş intibahınböyük şairi Edmund Spenser (1552-1599) də özünün məşhur sonetlərini yazanda bu sonet möcüzəsinə ürəkdən vurulmuşdu.

Amma V.Şekspirin sonetləri ingilis ədəbiyyatında yeni səhifələr açdı.
Şairin sonetlər silsiləsinin gözəlliyi, məftuediciliyi ondadır ki, burda şerin dili ilə həyat, sevgi həqiqəti bəşəri duyğularla yoğrulmuşdur. Hər misranın arxasında şairin özü, sözü oxucu ürəyindən xəbər verir, onu düşündürür, narahat edir. Bax, sonetin ecazkarlığı, böyüklüyü də elə bundadır.

Başlıcası budur ki, sonetlər V.Şekspirin özü və sözü haqda oxucuda müəyyən təsəvvür yaradır, hər dəfə onları oxuduqca şairin mənəvi zənginliyinin dərin ideya-estetik, fəlsəfi duyğularının poetik ifadəsinə heyran olursan.

O, sonetlərində qeyri-adi, bənzərsiz bir gözəllikdən söhbət açmışdır. “Qara rəng gözəllik olaydı gərək” deyən şairin qadın gözəlliyini ilhamla vəsf etmişdir.

Gözəl sayılmazdı əvvəl qara rəng,
İndi gözəlliyə tək odur varis.
Sünilik hər yerdə adlanır qəşəng,
Təbii boyadan qalmayıb bir iz.

Əsl gözəlliyi süni boyalar
Gizlədib, gözəllik dustaq olubdur.
Onun nə adı var, nə ünvanı var,
Bütün gözəllərdən uzaq olubdur.

Qarğa qanadıdır yarın qaşları,
Gözləri gecədən heç cür ayrılamaz,-
Geyinib əyninə matəm paltarı,
Gözlər gözəlliyə sanki tutur yas.

Bunu hər gördükcə qəmlənir ürək;
Qara rəng gözəllik olaydı gərək.

Sonetlər həmişə 14 misradan ibarət olmuşdur. Amma, Şekspir soneti eyni saylı misralardan ibarət olsa da, klassik İtaliya sonetinin düzümündən-quruluşundan fərqlənmişdir. Onun qafiyə sistemi belədir: abab cdcd efef gg.

sonet-129 (Sonetin qafiyə sistemi)

Bəzən bu normaya sonetlərdə riayət olunmamışdır. Əslində 126-cı sonet 14 yox, 12 misradan iabrətdir. İkincisi isə Şekspir dövründə kiçik şerlər də sonet adlandırılırdı.

Romantik ingilis şairi Con Kits Şekspir sonetləri haqda yazırdı: “...Əfsuslar olsun ki, əvvəllər “Sonetlər”dəki bu gözəlliyi bilməmişəm. Burda qəfil spylənilmiş əla şerlər vardır, bütün bunlar poetik obrazlıarın dərinliyi ilə seçilir”. Şairin sonetlərində həqiqətlə məkrin, həyatla ölümün, sevinclə kədərin... keçdiyi “qoşa yol”da sözün sehri ovsunu ilə ürəkləri oxşayır.

V.Şekspir sonetlərinin rus dilində tərcümələri O.Rumer, S. Marşak, B. Pasternak, A.Finkelə... məxsusdur. 42 il əvvəl- 1949-cu ildə tanınmış rus sovet şairi, mütərcimi C.Marşak sonetlərin gözəl tərcüməsini yaratmışdır. (Həmin tərcüməsinə görə  o, Dövlət Mükafatına layiq görülmüşdür – Ş. X.)

Azərbaycan oxucusu isə Şekspirin sonetləri ilə 1955-ci ildən-sonetlərin istedadlı şairimiz Tələt Əyyubov (o, Azərbaycanda Şekspir yaradıcılığının ən məhsuldar tərcüməçisi sayıla bilər: “Hamlet”, “Qış nağılı”, “İki veronalı”, “Antoni və Kleopatra”nı, poemaları dilimizə tərcümə etmişdir) tərcüməsinin ilk nəşrindən tanışdır. Ədəbi fikir tariximizdə bu haqda maraqlı mühakimələr söylənmiş, tanınmış alim və ictimai xadim Cəfər Cəfərov “Vilyam Şekspir. Sonetlər və poemalar” (Bakı, 1964) kitabına yazdığı ön sözdə sonet tərcümələrini T. Əyyubovun “ən yaxşı xidmətlərindən biri” kimi qiymətləndirmişdir.

S. Mustafanın Şekspirdən etdiyi tərcümələr bütövlükdə uğurludur. Sabir Şekspirin sənət dünyasına yaxşı bələddir.
Orijinaldakı sonetlərlə Sabirin etdiyi əksər tərcümələri müqaisə etdikdə bu fikrə gəldik: mütərcim ingilis sözlərini heç də Azərbaycan sözləri ilə əvəz etməmişdir. O, sonetlərdəki Şekspir “mən”ini, Şekspir ruhunu Azərbaycan şerinin gözəl deyiminə çevirmişdir. “...Şekspir poeziyadır, tapmaca, bilməcə deyildir. Ona görə də mütərcimin şair kimi hərəkət etmək qüdrəti olmalıdır” ( V.Petrov).

Əgər sözlərimdə yoxsa həqiqət,
Nə mənim şerim var, nə də məhəbbət,
- deyən Şekspir poeziyasının bu gözəl, şaqraq incilərini  oxuyan hər kəs hələ bundan sonra onun mənəvi zənginlik çələnginin görünməz “qatlar”ına enəcəkdir.

Müəllif: Şahin Xəlili (filologiya elmləri namizədi)
Mənbə: “Vilyam Şekspir. Sonetlər” (Bakı -1992)

 

3 şərh

bloqçu

Güzgü sübut etməz qocalığımı;
Sənin gəncliyinlə uşan quşam mən.
Üzündə açanda illər şırımı
Bir anda bilərəm qocalmışam mən.

Olduğu sinədə döyünmür ürək,
Sevdiyi sinədə çırpınır hər dəm.
Qəlbimiz dəyişib yerini, gerçək,
Səndən necə yaşlı ola bilərəm?

Özünü mənimtək gözlə hər zaman, -
Düşərəm sənin çün qara, borana,
Könlünü saxlaram dərddən, bəladan
Körpəni beləcə qoruyar ana.

Köksümdə daima vurar ürəyin,
Ürəyim susanda susar ürəyin.

bloqçu

Güzgüdür göstərən sənə hüsnünü,
Gözəllik ömürlük qalırmı məgər?!
Əgər yaratmasan ömür güzgünü,
Qadınlar da səndən küsər, inciyər.

Hansı gül əsirgər öz gülşənini,
İstəməz sən onda əkəsən çiçək?!
Bəlkə, təkəbbürün qoymayır səni,
Bəlkə, düşündürmür səni gələcək?!

Ömür güzgüsüsən öz anan üçün,
Ona baharından bir yadıgarsan.
belə bir güzgüdə özün də bir gün
Ötən gəncliyinə baxar, baxarsan.

Vaxtını qayğısız keçirsən, yəqin,
Öləndə özünlə ölər surətin

bloqçu
Dərk etdin suçunu, yanma atəşdə;
hər bir qızılgüldə tikan var, şəksiz.
Tutulur, qaralır ay da, günəş də,
Bulaq qumsuz olmur, çiçək böcəksiz.

Mən də səhv əlində dustağam, dustaq,
Məndəki qüsurlar yoxdur heç kimdə;
Sənin nöqsanını bağışlayaraq
Günaha batıram hər sətirimdə.

Əqlin məhkəməsi qurulan zaman
Sənə həm qəniməm, həm də ki vəkil.
Məhəbbətlə nifrət qəlbimdə hər an
Çarpışır, vuruşur, düşmən kimi bil.

Əziz oğru məni soydunsa nə qəm,
Suçunla, cəzanla hər vaxt şərikəm.