1.6. Prinsip 6

Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlve­rişli üsuludur
SSRI və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələ­rində dövlət iqtisadi fəaliyyəti idarə edən, hansı əmtəə və xidmətləri istehsal etmək, hansı miqdarda və bu işlə kimin məşğul olacağı barədə qə­rarlar qəbul edən planlaşdırma mərkəzi kimi çıxış edirdi. Mərkəzləşdirilmiş planlaşdırma yalnız dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çi­çəklənməsini təmin edəcək səviyyədə təşkil etməsi imkanına malik olması haqda nəzəriyyəyə əsaslanırdı.
Bu gün iqtisadiyyatları mərkəzləşmənin yüksək həddi ilə fərqlənən bir çox ölkələr bu sistemdən imtina etmişlər və bazar təsərrüfatının əsasla­rını yaratmağa çalışırlar. Bazar iqtisadiyyatında planlaşdırma mərkəzinin qərarları milyonlarla firma və ev təsərrüfatlarının qərarları ilə əvəz olunur. Kompa­ni­yalar kimi işə götürmək və nəyi istehsal etmək barədə qərarları yalnız özləri qəbul edirlər. Ev təsərrüfatları öz üzvlərinin hansı firmalarda işləməsi və onla­rın gəlirlərindən necə istifadə etmək barədə qərarlar qəbul edirlər. Firma və ev təsərrüfatları bazarında qarşılıqlı əlaqəli qərarların qə­bul olunmasının əsasın­da qiymətlər haqda informasiya və şəxsi maraq du­rur.
Ilk baxışdan bazar iqtisadiyyatının müvəffəqiyyətləri təəccüb doğu­rur. Bəzən elə görünə bilər ki, şəxsi maraqları olan milyonlarla ev təsərrü­fatları və firmalar tərəfindən qərarların qeyri-mərkəzləşdirilmiş surətdə qə­bul olunması mütləq hərc-mərcliyə gətirib çıxaracaqdır. Lakin əslində, ba­zar iqtisadiyyatı­nın iqtisadi fəaliyyəti səmərəli təşkil etməsi və bunun da iqtisadi çiçəklənməyə gətirib çıxarması üzə çıxdı.
1776-cı ildə məşhur şotlandiyalı Adam Smit «Xalqların sərvəti» ki­tabında iqtisadi nəzəriyyənin məşhur müddəasını ifadə etmişdir: ev təsərrü­fat­ları və firmalar bazarda qarşılıqlı əlaqədə olaraq sanki «görünməz əl» vasi­tə­silə idarə olunurlar və bu əl onları arzuolunan bazar nəticələrinə gə­tirir. Kitabın məqsədlərindən biri də bazarın «görünməz əl» sehrli mexa­nizmini hissələrə ayırmaqdan ibarət idi. Iqtisadi nəzəriyyəni öyrənərkən siz «görünməz əl» vasitəsilə iqtisadi fəaliyyətin idarə olunmasının əsas alətinin bazar qiymət­ləri olduğunu biləcəksiniz. Qiymət həm əmtəələrin cəmiyyət üçün dəyərini, həm də onların istehsalına çəkilən ictimai xərcləri əks etdi­rir. Beləliklə, ev təsərrüfatları və firmalar alış və satış barədə qərarlar qəbul etdikdə, ilk növbədə, qiymətlərə istiqamətlənirlər, onlar özləri də bilmədən öz fəaliyyət­lərinin sosial fayda və məsrəflərini qiymətləndirirlər. Sonda alı­nan nəticə bir çox hallarda bütövlükdə cəmiyyətə maksimal fayda gətirmiş olur.
Digər çox mühüm nəticə aşağıdakından ibarətdir: qiymətlərin tələb və təklifin səviyyəsinə təbii uyğunlaşmasına təsir etməyə cəhd göstərdiyi hallarda dövlət iqtisadiyyatın əsasını təşkil edən milyonlarla ev təsərrüfat­ları və firmaların qarşılıqlı əlaqəsinin koordinasiyasına maneə törətmiş olur. Buna görə də, dövlət tərəfindən qoyulan vergilər resursların bö­lgüsünün optimallığı səviyyəsinə mənfi təsir göstərir: vergilər qiymətləri təhrif edirlər və deməli, ev təsərüfatları və firmalar səhv qərarlar qəbul edirlər. Dövlətin qiymətlərə nəzarət etməsi daha çox zərər gətirir. Yuxarıda göstərilənlərin hamısı kommu­nizmin süqutunun iqtisadi səbəblərini izah edir. Kommunist ölkələrində qiy­mət­lər bazarla müəyyən edilmir, mərkəzi plan orqanı tərəfindən diktə edilir­dilər. Sonuncu isə azad bazar qiymətləri­nin özündə əks etdirdikləri analoji informasiyanı almaq və təhlil etmək im­kanına malik deyildi. Mərkəzləşdirilmiş planlaşdırılma ona görə süquta uğradı ki, hökumət iqtisadiyyatı «görünməz əl»siz idarə etməyə çalışırdı.
PRINCIPLE #6: MARKETS ARE USUALLY A GOOD WAY TO ORGANIZE ECONOMIC ACTIVITY
Həmçinin bax:
 

0 şərh