Müxtəlif bitki yağları

Küncütün vətəni Cənubi Afrika sayılır. Lap qədim dövrdə onu buradan Həbəşistana aparıblar. Küncüt oradan da Hindistanın Xarappa şəhərinə düşüb.
Herodot Babilistanda hündür küncüt ağaclarının olduğu barədə məlumat verir. Orada küncütdən yağ çəkirdilər, Həmin yağ ərzaq kimi əhəmiyyətli yer tuturdu. Küncütü çörəyə, onun dadını artırmaq üçün vururdular.Küncüt Urartu dövlətində də geniş yayılmışdı.Soya tərkibcə çox zəngin və ecazkar ərzaq bitkisidir. Onun dənələrində orqanizm üçün xeyirli olan 20 faiz yağ, 40 faiz zülal, 25 faizdən çox karbohidrogenlər vardır. Soyadan həm ərzaq, həm də texniki məqsədlər üçün geniş istifadə olunur.Soya yağı marqarin və zülallı kolbasa istehsalında, həmçinin qənnadı sənayesində əvəzsiz rol oynayır.
Təqribən 4300 il bundan əvvəl yaşamış Çin imperatoru Xa-Di xalqa bir neçə bitki ilə yanaşı soyanı da becərməyi məsləhət görürdü.Lakin Çində soya xalqın diqqətini daha əvvəl cəlb etmişdi, onu altı-yeddi min il əvvəl mədəniləşdirmişlər.
Soya Çindən Koreyaya, Yaponiyaya, XVII əsrdə İndoneziyaya, daha sonra isə Hindistana və başqa ölkələrə yön alır.Soya 1779-cu ildə Parisin botanika bağında əkilib, lakin burada özünə layiq yer tuta bilməyib.XIX əsrin 90-cı illərindən etibarən soyanın yeni vətənlərindən biri Amerika Birləşmiş Ştatları olur.

Yağ bitkilərindən araxis geniş yayılmışdır. Onun vətəni Cənubi Amerikadır. Bu bitki vaxtı ilə Molukk və Filipp adalarından Cənub Şərqi Asiya ölkələrinə - Hindistana, Çinə düşür və bu ölkələrdən isə Avropaya keçir.
Peru tarixçisi Karsiloso (1539-1616) hinduların yerfındığından istifadəsi barədə söz açarkən yazır ki, onu qovuranda çox dadlı olur. Ondan bal ilə yaxşı halva hazırlanır. Araxis yağından xəstəliklərin müalicəsi üçün istifadə olunması da xüsusi olaraq qeyd edilir.Araxis Afrikaya XVI əsrdə gətirilib. O, burada kök salıb. Portuqaliyalılar araxisi «çin qozu» adıyla vətənlərinə gətirirlər, sonralar İspaniya və Fransa da bu bitkini tanıyır. Araxis Rusiyaya 1792-ci ildə Türkiyədən gətirilib. Araxisi XII əsrdən də əvvəl Peru hinduları (hindu dilində «anxuk») becərmişlər.Hazırda bu qiymətli bitki isti və mülayim iqlimli ölkələrin yağıntı görən torpaqlarında becərilir.

 

Arxiyepiskop İoanın məlumatına görə XIV əsrdə Şəkidə (daha doğrusu, o zamankı Şəki əmirliyində) qozdan yağ çəkir, onu həm yemək üçün, həm də çıraqları yandırmaq üçün işlədərdilər.
İndoneziyada bitki yağları içərisində ən çox istifadə olunan, daha doğrusu, 90 faiz yağ kokos palması qozalarından alınır.
Orta Asiya xalqları xörək hazırlayanda pambıq yağından da istifadə edirlər.Güman edilir ki, pambığın vətəni Cənubi Ərəbistandır. Bununla belə, bu bitkinin 4500 il bundan əvvəl Hind çayı vadisində becərildiyi məlumdur.
Delikates sayılan qarğıdalı yağı müxtəlif xörəklər hazırlanmasında, konservləşdirmədə istifadə edilir. O, marqarinin tərkibinə də vurulur. ABŞ-da qarğıdalı yağından kütləvi istifadə edilir.
Yuxarıda adaları çəkilənlərdən başqa, az miqdarda da olsa digər bitkilərdən də yağ çəkilir. Yaponiyada düyüdən də yağ alırlar.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 
 

0 şərh