Böyük Sui-qəsd nəzəriyyəsi - II hissə- I fəsil


VIII  FƏSİL

 Böyük gözləntilər

Sümükləri gecənin qaranlığında qaçmaqdan zingildəyirdi. Ürəyi durmadan sürətli ritmlərlə döyünüb, nəzərdə tutulduğu hədəqədən çıxmaq təhlükəsində idi. Və ya ən azından təzyiqin son həddə çatmasından ürək damarlarını param-parça edə bilərdi. Səlim böyük səhvi onda buraxdı ki, magistraldan – insanların daha sıx olduğu yerdən uzaqlaşıb amansız təqib altında Razin spusku kimi tanınan bir tərəfi kiçik meşəlik olan istiqaməti seçdi. O qədər də hündür olmayan daş hasarı, üst başını cıza-cıza aşdı.

Təqib edənin isə yalnız bir məqsədi var idi: onun böyük sirrini aşkar etmiş Səlimi sözün əsl mənasında ləğv etmək.  Qaça-qaça üzü aşağı bir neçə cərgə iri şam ağacını adlayıb, nəfəsini ötürmək üçün üç-dörd saniyəlik fasilə etdi. Bərəlmiş gözlərlə ilk öncə arxaya nəzər yetirdi. Əlli metr yuxarıda arabir maşınların gur fənər işıqları ötüşürdü. Razin spusku yolunun öz dirək fənərlərinin olmaması isə maşın keçmədiyi anlarda bütün nəhəng ərazini tükürpədici zülmətə qərq edirdi. Təqib edəndən iz yox idi. Onsuz da belə gecədə təqib edəni axtarmaq, qaranlıq otaqda qara pişik axtarmağa bərabər idi. Bununla belə arxaya baxanda adama bir təsəlli verirdi, hərdənbir evə tələsən avtomobil işıqları. Qorxa-qorxa üzünü tədricən çevirib önünə baxdı. Vahiməli meşəliyi dəlib Razinə çıxmaq üçün ən azı üç yüz metrə qaçmalı idi. Halbuki bu vəhşi ərazidə on metrə irəlini görmək olmurdu. Üstəlik Səlimə elə gəldi ki, (ətrafda belə şey gözə dəymirdi) meşənin içindən dumana bənzər çətin gözə görükən buxar göyə qalxır. Başının üstündən ani olaraq gələn vıyıltı və sinxron budaq xışıltısı onu reflektiv olaraq yerə aşırdı. Ürəyi bir neçə saniyə şok vəziyyətinə düşüb vurmadı. Başını yuxarı qaldırdıqda, iri bir bayquşun parıldayan gözləri ilə iti nəzərlər altında Səlimi süzdüyünü gördü.Bayquş qanadlarını bir neçə dəfə çırpsa da, qarşısındakının təhlükə mənbəyi olmadığını hiss edib, uçmaq fikrindən daşındı.

-         Lənətə gələsən! –deyə mövhumatdan uzaq olan insan tipinə məxsus hərəkətlə (“Bayquşu vurma ki, yasın gec gəlsin”kimi məsəllərə əhəmiyyət verməyərək) ayağının altında xırda daş parçası götürüb, quşun düz sağ ayağından vurdu. Bayquş sanki qarğış yağdırırmış kimi, qəribə şikayət səsləri ilə bir havaya qalxdı və gözdən itdi.

Hava isti olsa da, həyacandan yarpaq kimi əsirdi. Səlim  hələ lap balaca vaxtlarından qandan qorxurdu və qorxudan əlavə qana qarşı sanki alergiyası var idi. Alergiyadan da güclü təsiri olan bir hal idi, qan və Səlim tək-bə-tək qalanda. Qanı görən kimi, qeyri-iradi şəkildə əlinin və ayaqlarının əzələləri boşalırdı. Addımlamaq istəsə də addımlaya bilmirdi. Əlində saxladığı istənilən şey özündən asılı olmayaraq yerə düşürdü.  İndi də oxşar vəziyyət idi. Qorxudan ayaqları sözünə baxmırdı.

-         Belə baxanda heç 150 metr qalmayıb, kafenin yanından çıxmağa, oradan qaçqınların məhəlləsinə daxil olub, podyezdlərin birində gizlənərəm –deyə düşünürdü ki, tarappıltı səsi ilə təqib edən şəxsin otuz metr arxada qalmış daş hasardan atıldığını eşitdi. İmpulsiv qorxu bu dəfə əksinə onun sinir sisteminə yüksək akselerasiya verdi.  Vaşaq tək pəncələri üzərinə atılıb, iri addımlarla qaçmağa başladı. Özü də bilmirdi hansı istiqamətə qaçır. Krasovkası, yağış kiçik meşənin torpağını yumşaltıdığından, lil içində idi. Bununla belə durmadan, arabir geriyə boylanırdı ki, bu da təqib edənlə şikar arasındakı məsafəni xeyli azaldırdı.

-         Ay axmaq, bəlkə heç daha sənin dalınca qaçmır,...yaxşı bax. –deyə daxilindəki müdrik SƏLİM həyəcan təbili ilə, onu yenidən geriyə dönməyə məcbur etdi. Geridə arxasınca qaçan təqibçi yox idi. Arxaya baxa-baxa qaçdığından ayağı çuxurların birində burxulub, üzü üstə nəm torpağa sərildi. Ləngimək olmazdı, əmin idi ki, ən azı 60-70 metr qət etmişdi. O saniyə qalxıb yenidən sürət verdi. Bu dəfə gözündən qaçırdığı önünə çıxmış iri şam ağacına ilişdi. Kaş qorxulu yuxu olaydı, oyanaydım...real dünya ilə qeyri-real düşüncələri birbirindən seçmək olmurdu. Yenidən ani baxışla (hərəkətdə ikən) geriyə göz gəzdirdi. Bu dəfə yumşaq bir şeylə toqquşdu.

-         Aahhhhhh....- önündə peyda olmuş qara köynək, qara cinsdə olan Murad, əlindəki armaturla Səlimin alnını parçalayır. Sən demə zavallı Səlim həyəcandan çaşıb, eyni ərazini dövrə vururmuş.   

 

***                          ***                        ***

Meyiti sürüyərək ən gözdən uzaq yerə daşıyır.  Mobil telefonunun işığını yandırmaq fikrinə düşsə, də tez bu fikirdən daşındı. Qaranlıqda diqqət çəkmədən, mümkün qədər tez vaxt ərzində cinayət yerindən uzaqlaşmaq lazım idi.  Meşənin içi ilə Səlimin torpağla təmasdan çırpıldaşan, ziqzaq şəklində altındakı torpaqda iz qoyan meyitini ağır-ağır arxasınca çəkirdi. Öndə şam ağacları bir qədər seyrəldiyi yerdə, köhnə məişət texnikalarının tullantıları və lazımsız dəmir-dümür qalaqları gözünə sataşdı. Bir qədər sağda o qədər də dərin olmayan yarğan uzanırdı. Çox güman əvvəllər istifadə olunmuş kiçik təyinatlı suvarma kanalının qalığı idi. Buludların səma cisimlərini bağlaması yarğandan yarım metrə üzə çıxmış iri bir materiyanın nə olduğunu aydınca seçməyə imkan vermirdi. Meyitin ayağını buraxıb, həmin yarğana yaxınlaşdı. Məlum oldu ki, yarğanın içi zir-zibillə doludur. Həmin iri materiya isə yalnız skelet dəmirləri qalmış Raf markalı mikroavtobus idi. Kuzovu (çox güman) nəvaxtsa iri yük maşını ilə qarşı-qarşıya toqquşduğundan ön tərəfdən xəşil şəkildə idi. Tünd rəngli həmin mikroavtobusun avadanlıqlarından  əsər əlamət tapılmazdı. Maşının arxa və yan (şüşəsiz)qapıları pərçimləndiyindən maşın cəsədinə yalnız əzilmiş olduğu hissədən girmək olardı, əzilən yer bir növ pilləkan formasını almışdı. Həmin yerə ayağını qoyub maşının içinə boylandı. Ayağı sovet qeydiyyat nömrəsi lövhəsindən sürüşdü. Müvazinətini bir təhər saxlayıb, önə boylandı ki, atılmış maşının içində nə olduğunu müəyyən etsin. Başını dürtən kimi burnuna kəskin nəcis iyi gəldi. Milçəklərin də sakit tonla vıcıldaşmasını eşitdi. Bilirdi ki, meyiti qazmağ əlavə vaxt itkisi və baş ağrısı olacaqdı. Ancaq onu hardasa müvəqqəti gizlədə bilərdi. Rafın içi isə bunun üçün ən ideal yer idi. Onsuz da meyit parçalanma prosesi zamanı, kəskin qoxu versə idi belə, həndəvərdə dolaşanlar, yaxınlıqdan keçənlər, iyin Rafın  içindəki tullantılardan və ifrazatdan gəldiyini güman edəcəkdi.

Rafın ön çərçivəsindən çıxıb, torpağa düşdü. Meyitin üstünə gedib, bu dəfə onu başqa yöndəmdə qaldırmağa çalışdı.Meyitin əllərini qaldırıb, qoltuqları arasına girdi, onu qucaqladı, sanki, yolda dili qatlanmış birini saxlayırdı. Özü arxaya addımlaya adımlaya, çətinliklə də olsa Səlimin o qədər də ağır olmayan meyitini, Rafın təbiətin yaratdığı (daha doğrusu qəzanın nəticəsi olan) piləkanlarına kimi daşıdı. Meyitin üzü Muradın arxasına baxırdı. Özünü qaranlıqda o qədər itirmişdi ki, ağlına belə gəlmədi ki, alnı dağılmış Səlimin qanı üstbaşını yaxşıca bulayacaqdı. Axı əsas məsələ cinayət yerindən izsiz-tozsuz uzaqlaşmaq idi.

Sanki arxadan qulağına isti hava üfürdülər. Sonrasını isə yalnız meyiti əlindən buraxdıqdan bir neçə saniyə sonra hiss etdi. Öldüyünü zənn etdiyi Səlim, qulağını zəif də olsa elə dişlədi ki, az qan itirmiş olsaydı, bəlkə (daha güclü dişləməklə) Muradın qulağını yerindən qoparmış olardı. Dəhşətli ağrı hissi bütün beyninin sinirlərini oyatdı. Murad qışqırmamaq üçün baş barmağını ağzına salıb ön kəsici dişlərilə möhkəmcə sıxdı.

Səlim çox zəiflədiyindən yerdə sərilib qalmış və boğazına bıçaq dirənmiş qoyun kimi yazıq baxışlarla ölməməyin son əlacını axtarmağa çalışırdı.

-         Sən də həmin əclaflardansan? – Sən də ölməli əclafsan. Məni gələcəyə aparmağınız baş tutmayacaq. Qardaş....-deyə cümləsini tamamlamaq istəyirdi ki, ani olaraq beyninin impuls mübadiləsi dəyişdiyindən başqa (daha əmin tonla): — Sizin hamınızın axırı çatıb, Sizi bir bir yox edəcəm. Ən yaxşısı isə bizim milləti xəbərdar edəcəm. Yazıq camaatın sizin məxfi agentliyin hoqqalarından xəbəri yoxdur.

Səlim şokdan hələ çıxmadığından bu, onsuz da alim adamı da çaşbaş qoya biləcək söz yağışından bir şey anlamayıb, öz ölümünü gözləyirdi. Artıq səsləri də qulaqları eşitmirdi. Sadəcə transformator səsinə bənzər boğuq uğultu var idi. Nəhayət  Muradın ağzının bağlanması və dodaqlarının daha açılıb-yumulmamasından başa düşdü ki, Murad çıxışını bitirdi. Həyatının sonuna bir neçə saniyə qalıb. Murad yaxınlıqdan iri bir mişar daşı qaldırıb Səlimin paralizə olunmuş bədəni yaxınlığında başı hündürlüyündə qaldırdı. Üstünə atacaqdı ki,:

-         Hey, Siz orda neylirsiz....-qalın kişi səsi eşidildi...- Hə, səni deyirəm, sənin burda nə işin var? – Murad heç nəzərə almamışdı ki, belə iri, tərk edilmiş ərazidə qaçqınlar məskən sala bilər. Sən demə yaxınlıqda bir neçə ailə qanunsuz tikilidə yaşayırmış. Çox güman meşənin qurtaracağında idi. Naməlum şəxs qarşı tərəfin heç bir reaksiya vermədiyini görüb, yad adamları qanunsuz da olsa legitim ərazisindən çıxarmaq üçün Murada tərəf addımladı. Murad həmin adamı vecinə almayıb kubiki var gücü ilə başından aşağı Səlimin üstünə atdı. Bayaqdan ölümünü sakit şəkildə gözləyən kimi görükən Səlim sən demə anında manevr etmək üçün güc toplayırmış. Vaxtında sağa tərəf burulmasaydı döş qəfəsi və çox güman ki, çənəsi darmadağın olacaqdı.  On metrlik məsafədə olan naməlum şəxsi qarşısındakının digərinin həyatına qəsd etməyə çalışdığını görüb üstünə cumdu:

-         Dayan, dayan dedim sənə Murad əlacsızlıqdan aradan çıxmalı oldu,...soyuqqanlığını itirmədən armatur əlində (armaturu – cinayət alətini və əsas dəlilini heç bir vəchlə yerə atmaq olmazdı bu hadisələrin gedişini alovlandıra bilərdi.) gəldiyi yerə tərəf daban açdı.  Naməlum adam da elə bunu istəyirdi. Onsuz da özü də qorxduğundan potensial qatilin ardınca qaçacaq axmaq deyildi. Qəsdçinin hasarı aşdığına (enən ayaqqabı səslərindən ) əmin olub, qan axmadan, huşu getmiş və ya ölmüş Səlimin qarşısında əyildi.

 

***                     ***                        ***

Evin qapısından içəri keçən kimi krasovkalarının altını dəhlizin girişindəki nimdaş əskiyə sildi. Ryuk-zakı çiynindən sağ əlinə aşırıb, asılqana keçirdi.  Krasovkalarını həmişəki kimi səfərdən sonra ilkin baxışdan keçirib, bağlarını boşaltdı və bir kənara qoyub, usanmış ayaq barmaqlarını xırçıldatdı.

Dəhlizin divar kağızları o qədər də köhnə üslubda olmasa da, qışda evin yaxşıca isidilməməsi səbəbindən yaxşıca nəmlənmiş və qabarmışdı. Qəhvəyi rəngli, həyatda olmayan sürrealistik palma yarpaqlı güllərin həkk olunduğu bu primitiv divar kağızları digər otaqların interyeri ilə qram qədəri ayaqlaşmırdı. Oboyların qurtaracaqları  xüsusi yapma daşlarla bəzədilmişdi.

Başının üstündəki  dəftər ölçüsündə olan, mənzərə rəsminin çərçivəsinin əyri durduğunu gördü.  İki çiyin arasında olan planeti bir qədər geri verib, gözəyarı şəkildə rəsmin mövqeyini tarazladı.  Nədənsə yeməyin iyi gəlmirdi.

Bir başa mətbəxə keçdi.Anası həmişəki kimi arxası ona, yeməyi hələ təzə bişirməyə başlamışdı. Üzünü çevirmədən:

-         Yenə başlama ki, niyə yemək hələ hazır deyil...Özün bilirsən pomidor-badımcan dolması beş-on dəqiqəyə bişən deyil.

Sanki heç mətbəxə girən ciyər-parəsi, tutqun qara dumanlı həyatının, qara buludlarını qovan yegənə bəşər qüvvə- oğlu İmran deyildi. İmran ailədəki böyük problemlərin fəsadları sonrası anasının soyuqqanlı bir xanıma çevrildiyini, xasiyyətinin birə-beş dəyişdiyini bütün varlığı ilə duymuşdu. Son vaxtlar ümumiyyətlə İmranla az danışar, İmranın işdə başına gələnlər haqqında söhbətlərinə ümumiyyətlə heç bir isti-soyuqluq verməzdi. Məsələn, iki il bundan qabaq anası xəbər tutsa idi ki, oğlunun sevdiyi qız var, o qızı ilkini olan İmrana almaq üçün olmazsızın işlər görər,  pullu-pulsuz dəridən qabıqdan çıxardı. İndi isə, ona oğlunun Ayan adlı iş yoldaşını sevməsi barədə artıq bir ay məlum olmasına rəğmən, İmranın qız haqqında şərhlərinə saymazyana yanaşardı. Mütləq neytralitet. Nə tənqid edər, nə də oğlunun bu dünyəvi eşqinə sevindiyini yalandan da olsa sözlə ifadə edərdi.

Atası da eləcə. Sanki pozitiv ata-anasını paralel dünyadan neqativ valideynlərlə əvəz etmişdilər. Hər gün işdən saat onda qayıdır, təkbaşına mətbəxdə əlinə keçəndən yeyir, çaydan sonra bir boşqab günəbaxan tumu götürüb, qonaq otağında televizoru həvəssiz şəkildə seyr edərək, yarısını mədəsinə yarısını isə qalıqlar üçün nəzərdə tutulmuş külqabıya boşaldırdı. Ata-anasının gözlərindən həyat yanğısı ünvanlı şəkildə köçmüşdü.  Elə bil göz bəbəyi daha gördüklərini əks etdirmirdi, qayığ yelkəni tək bəyaz və yorucu idi.

İmran da adeqvat çıxış yolu kimi, belə yaşayış şərtlərinə alışmışdı artıq.

Acından mədəsi muğam oxuyurdu. Soyuducunu açıb, bir sərin xama çıxardı, qapağını açıb, ağ məzəli kremin içinə bir çay qaşığı basıb, (bu dəfə əlinə qatı bir xama keçmişdi) o biri ilə  qapaqlı çörək qabıdan iki fal çörək dartışdırdı, öz otağına keçdi. Kompyuter masasından toz basmış kitabları və qeyd dəftərlərini götürüb çarpayısının üstünə tulazladı. Rahat yeyə bilmək üçün klaviaturanı keysin üstünə qoydu. Disk “D”-də yerləşən  DVD konvertasiyası olan  sıxlaşdırılmış  *.avi kodekli  film seçib, smetanı yeyə yeyə, evə qayıdarkən onu boğan həmişəki melanxolik fikirlərdən müvəqqəti kənarlaşmağa çalışdı.

Boşalmış  mini vedrə formalı xama qabını zibil yeşiyinə atmağa gələndə anası hələ də arxası İmrana yemək bişirməkdə idi. Yarım saat keçsə belə, dolma hələ də hazır deyildi. Heç dolmanın reyhan və bolqar bibəri ətirli o möhtəşəm qoxusu belə dəymirdi burnuna. Onsuz da mədəsi daha tox idi. Başını bulayaraq anasının yanından keçib, yenidən otağına qayıtdı.

“Lazımı Əşyalar” adlı qorxulu filmə çoxdan bəri baxmaq istəyirdi. Blurey formatında 6 qiqabaytlıq bu  filmi torrentdən 3 günə yükləmişdi. Özü naşükür insan olmadığından torrentdən istənilən şeyi yükləyəndən sonra proqramın yükləmə siyahısından silməyib, həmin filmin başqalarına paylanması üçün ən azı 3-4 gün gözləyərdi.

Film çox maraqlı və çəkici olmasına rəğmən, Ayanın son günlər içində  gizlətdiyi “naməlum naməlumlar” onu çox narahat edirdi.  Nə qədər israr etdisə, bir o qədər də Ayandan təpki gördü.  Ayan hər dəfə bu söhbət düşəndə  mövzunu yumşaq şəkildə dəyişərdi. Kifayətdir!-deyə  Media Player Classic-in X düyməsini basıb, ekrandan yığışdırdı. Mobil telefonunu götürüb Ayanın nömrəsini yığdı.

-         Alo...Ayan bu dəqiqə evə zəng vuracam...yox yaxşısı budur özün bizə zəng vur.Axı sizinkilər artıq evdədi. Gözləyirəm zəngini – deyə onsuzda dənəylə sayılacaq konturlarına qənaət etdi.

Dəhlizə yürüyüb, qapının çərçivəsinə paralel şəkildə divardan asılmış distansiyon telefonu götürdü.

-         Salam.

-         Salam.

-         Necəsən?

-         Belə də ...evləri yığışdırırdım. Sənə neçə dəfə demişəm evə zəng vurmayasan, əlacsızlıqdan mətbəxin qapısını bağlayıb orada pıçıltıyla danışıram. Üstəlik hamımız təzə gəlmişik –deyib xəttin o biri ucundan eşidiləcək tonda udqundu. İmran durmadan Ayanın ağzından qaçırdığını daha müfəssəl aydınlaşdırmağa cəhd etdi:

-         Hardan gəlmisiz? Bəs deyirdin bu gün heç yerə getməyəcəkdiz?-deyə aqressiv şəkildə soruşdu. Ayan artıq gizlətməyin mənasız olduğunu bildi.

-         Xalam gildən gəlirik.

-         Hansı xalan gildən...O iki qızı olan.

-         Hmm… Bilirsən sənə bu vaxta qədər deməmişdim. Lazım bilmirdim deməyi...İndi isə görürəm ki, bir quyudan ki hər gün su çıxarırsan, içinə pişik ölüsü düşdüyü axır əvvəl aşkar olur. Əslində onların bir oğulları da var idi, daha doğrusu var, sadəcə il yarıma yaxındır ki, oğullarından əsər əlamət yoxdur. Nə ölüsünü tapa biliblər nə də ki, dirisini.

-         Bəs bu vaxta qədər məndən niyə gizlədirdin ay axmaq?

-         Bəsdidə İmran, nə olsun yaxın dostumsan...axı mən öz ailə problemlərimizlə sənin başını ağratmaq istəmirəm...- İmran cümləsini tamamlamağa  imkan vermədi.

-         Sənə min dəfə demişəm oğlanla qız dost olmur. Mən səni sevirəm. Sən mənim Leylimsən, dost-most sonrakı pillədə gəlir...-yenidən əvvəlki söhbətə qayıtdı- həmin uşağa nə olub ki?

 

-         Bilirsən necə çox istəyirdim Ramizi, bacıları ifritənin dal ayaqlarıdı. Özlərini həmişə boğan olublar. Sözün düzü, yalan danışmamaq üçün deməliyəm ki, xalama yaman çəkiblər. Xalamın əri isə çox səxavətli və xoş təbiətli insandır. Sən təsəvvür elə atası dediyim tip insandırsa, Ramiz onun on beş dəfə yaxşı forması idi, çox üzüyola uşaq idi. O mənə doğma qardaşımdan yaxın idi. Universitetə hazırlaşanda onların evində düz üç ay qalmışdım...-deyə ürəyinin dolu olmasından, heç İmranın sualını eşitməyib ürəyini boşaltmağa çalışdı.

-         Ətraflı danış uşağın başına gələnlərdən!

-           Ramizi axırıncı dəfə keçən ilin yanvarında, bayram günündə görüblər. Anası – yəni xalam Almaz onu bir yetim uşağın evinə (yazığı gəlib,) göndərib ki,  insan qayğısından məhrum olmuş həmin kimsəsiz cavana yeni il yeməyindən aparsın. Almaz xalamın əri çox uzaqgörən insan idi. Hər dəfə deyərdi ki: “Bu ...(adı yadımdan çıxdı) uşaqdan gözüm su içmir”.  Hələ yaxşı sözü də var idi, deyirdi ki: “Məzlum yetimdən çox yaxşılıq umma!”. Xalam isə, Allah ona uşağı göndərən yerdə dilini qurudaydı, (başqasına yazığı gəlməyi ucbatından oğlunu bada verdi), uşaq o göndərəni, yoxa çıxdı. Əvvəl Ramizin qayıtmadığını görüb, elə biliblər ki, ya həmin yetim onu evinə dəvət edib, ya da yeməyi mənzilinə çatdırandan  sonra tez çıxıb aradan həyətə. Sən saydığını say gör fələk nə sayır. Ramiz qayıtmaq, bilməyib ki, bilməyib. Şübhəli danışan yetimin evinə gedəndə, artıq narahat olmuş Ramizin valideynlərinə and-aman edib ki, guyam Ramiz onun evinə ümumiyyətlə gəlməyib. Məhləni, yaxın məhlələri, kafe,bar,restoranları, (əxlaqsız yuvalara kimi) hər yeri hələk-vələk ediblər. (Ramiz həmin gün küçədə görən bir nəfər şahid də tapılmayıb) Sabahı gün açılan kimi, polisə xəbər veriblər və yetimin evində axtarış aparmaq üçün prokurorluqdan sanksiya tələb ediblər. Sanksiya da alıblar amma nə xeyri, həmin yetimin evində bir iz belə tapa bilməyiblər. Təhqiqatçılar həmin yetimi xeyli sorğu-suala tutublar. Yetim onları inandırıb ki, Ramizin heç sifətini görməyib. Raportlarında da qeyd ediblər ki, ekspertizanın nəticəsi kimi, Ramiz bu evdə ümumiyyətlə olmayıb. Amma Vüsal dayı (xalamın yoldaşı) yetimin doğrunu danışdığına çox şübhəli yanaşırdı. Elə məqam olmuşdu, yetimi Vüsal dayının əlindən güc-bəlayla almışdılar. Bir ay keçdi… işə daha baxmadılar.  Vüsal dayı and içmişdi ki, nəyin bahasına olursa olsun, Ramizin qatilini və ya onu əsir saxlayan adamı (əslində bu versiyaya heç özü də inanmırdı) tapıb onu ya qanunla, ya da ki, yazılmamış ədalət prinsipləri əsasında cəzalandıracaq. Yazıq kişi, uşağın qırxı çıxmamış miokard-infaktdan dünyasını dəyişdi.

-         Allah rəhmət eləsin...Bir neçə dəqiqəyə aylardı məndən gizlətdiyin illərin söhbətini bölüşdün. Bəs nəyə görə əminsən ki, Ramizin itməyi həmin yetimlə bağlıdır.

-         Dediyim kimi, həmin yetim  Vüsal dayı deyəni özünü çox şübhəli aparırdı. Dayı onu bir neçə dəfə güdmüşdü. Qapını həmişə bağlı saxlamağa çalışırdı. Bağlıyanda da açarı burub ətrafa elə göz gəzdirirdi ki, sanki  içində milyard manat dəyərli əmanət olan  seyfi bağlayır. Həm də bir-iki aydan sonra gözlənilməz şəkildə həmin mənzili tərk etdi. Polis ondan (xalamın təkidi ilə ) şifahi izahat alanda, mənzili tərk etməyini onunla izah etdi ki, onu Ramizin ailə üzvlərinin təqib etməsi bezdirib, qonşularının ona pis gözlə baxmağı rahat həyatına son qoyub. Məcbur olub başqa yerə köçməyə.

-         Sən özün həmin yetimi görmüsən?

-         Yox görməmişəm. Amma deyirlər sifətdən elə manyaka oxşayır, köpəy oğlu. Onu görüm qara taxtada qalsın.  Bircə o əclafın evinə girmək olsaydı...Əminəm Ramizlə bağlı hansısa izə çıxmaq olardı.

-         Sənin xalangil hansı ünvanda qalır?

-         Indikini deyirsən yoxsa oğlu itgin düşməzdən əvvəlki ünvanı?

-         Köhnə adresi.-deyə Ayanın axmaq sualına qıcıqlandı.

-         Qara Qarayev metrosunun yaxınlığında, İMPERATOR şadlıq sarayının arxasındakı doqquz mərtəbəli bina. Birinci blok, səkkizinci mərtəbə.

-         Bəs “yetim” hansı mərtəbədə qalırdı?

-         Doqquzuncu mərtəbədə- Ayanı sanki birdən silkələdilər. İmranın israrlı sualları onu düşünməyə vadar etdi.- ...axı bunlar sənin nəyinə lazımdır, İmran? Niyə soruşursan.

-         Olar əvvəl sualıma cavab verəsən.

-         Doqquzuncu mərtəbədə (həmin blokun).

Xəttin o biri ucundan dəftərdən səhifəni qoparan zaman çıxan səsi eşidib, hiss etdi ki, İmran dediyi ünvanı özündə qeyd edirdi.

-         İmran...İmran...-deyə artıq səs telləri həyəcandan xırıldaya-xırıldaya- İmran, sənə and verirəm, birdən çaşıb həmin yerə getmək istəyərsən. – çay şırıltı səsləri müşayəti ilə axdığı kimi göz yaşları da ah-vay səslərinin çələngində qarşı tərəfin ürəyini dəldi – qardaşımı itirdim, indi də ən yaxın dostumu itirmək istəmirəm...Mənim hissiyatım çox güclüdür. Bilirəm ki, o yaramaz çox təhlükəli adamdır. Nə olar qurbanın olum axmaqlıq eləmə. Dostluğumuzun xətrinə

-         Sən nə qədər demişəm. Oğlanla qız dost olmur. Sən məni sevməsən də olar, ancaq mən sənin dərdindən necə deyirlər dəli divanəyəm. Narahat olma elə bu gün sənin iztirablarına son qoyacam.

-         Yox qurbanın olum...getmə ora İmran...Qurbanın olum.

Sonuncu cümləni deməyə heç ehtiyac qalmadı. Onsuz da İmran artıq dəstəyi asmışdı. Çöldə narın yay yağmuru yağmasına baxmayaraq, əyninə idman pencəyi belə keçirməyib, qısa qol futbolkayla evi tərk etdi.

***                        ***                        ***

 

Vağzalda 1A-ya minib Qara Qarayev metrosunun yolunun üstündə düşdü. Deməli oriyentiri bilən qədəri, köhnə Almalının döngəsi deyil, ondan əvvəlki kəsişmədən sağa dönməli və 150-200 metrə yaxın məsafə getməli idi.  Döngədən burulan kimi yaxınlıqda olan  gül dükanına daxil olub, səbirsiz şəkildə İmperator şadlıq sarayının yerini soruşdu. Düz get, deyə gülsatan İmranı başından elədi. İmranı sifətini turşutsa da bir söz demədi. On metr getməmişdi ki, yolun sağ tərəfində Jalə gözəllik salonundan biri orta yaşlı, sarı saç, qaşları Neftçilər körpüsünün altında duran şortumlar kimi nazik və kobudcasına tatuajlanmış, kərkədan baldırlarını əyninə keçirdiyi qara (dam-dar) “altıncı sinif” reytuzla formalara və bucaqlara həssas kişilərin gözünə soxmağa çalışan (reytuzu necə deyərlər rajokla geyinmişdi)  saç ustası çıxıb çox güman müştərinin başını yenicə quruladığı məhrabanı salonun divarından dəmir dirəkləri arasına olan balaca zivədən asdı.  Yaxınlıqda yolun əks tərəfində səkidə uzanmış bomjdan başqa bir kəs yox idi. Utanmaz-utanmaz, İmranın keçdiyini görüb, guya yerə düşmüş sancağı qaldırırmış kimi dombalıb, açıq sinəsini tam şəkildə İmranın gözlərinə həvalə etdi. Heç çimərlikdə belə lüt sinə görmək olmazdı. Nəisə bu sancaq məsələsi çox uzandı- deyə hiddət və nifrət dolu hisslərlə özlyündə fors üçün yaşı keçmiş bu yüngül təbiətli qadının hərəkətini şərh edərək,“çoxlarının qapalı bardel” saydığı gözəllik salonunun önünə çatdı. Nəhayət sancağ yerdən qalxdı. Həmin bərbər xanım İmrana baxıb primitiv  hisslər oyada biləcək ehtirasla gülümsədi. Doğrudan da yalnız sima və daxili gözəlliyinə görə başqaları ilə rəqabətdə uduzan xanımlar, daha çox ən asan yola ataraq, onsuz da istənilən qadına xas olan, kök və ya arıq, yaşlı və ya cavan fərq etməz, Allahverən  ancaq ərlərindən başqlarının  sərəncamına haram qılınan estetik bədənlərindən suistifadə edirlər. Belə ki, həmin “sərbəst” bərbər qadının üz cizgiləri çox qaba idi. Almacıq sümüklərinin iri olması, onun “dağdan düşənlərdən” olduğundan xəbər verirdi. Üstəlik alnı da (ağardıcı kremin nəzərə çarpacaq dərəcədə izafi sərfiyyatına rəğmən) qara xırda ləkələrlə əhatələnmişdi. Sanki həmin xanım uşaq ikən aşsüzənlə “zaqar” almışdı. Kim bilir, bəlkə bu xanım gülümsəməyib,ağzını açmasaydı, ən yaxşısı, ehtiraslı geyimi və çılpaq zina yerləri ilə kənddən şəhərə yenicə gəlmiş “ac” kişiləri ovlaya bilərdi. Ancaq qadının gülümsəyən zaman ön qızıl dişlərini nümayiş etməsi, İmranın ürəyini lap bulandırdı. Bu qadına çox tamaşa etməklə ümumiyyətlə qadınlara olan maqnit hissindən məhrum olmaq olardı.

Bərbər qadın İmranın onun demək olar ki, çılpaq bədənini görcək ağzının suyunun axmamasını görüb, gülümsəməyi dayandırdı və bir söz demədən, şüşəbənddən içəri daxil oldu.

“Dünyada ən axırıncı iş yeri parixmaxerlik olsa belə, qızımı (əlbəttə əgər gələcəkdə olsa) heç bir halda gözəllik salonunda – bu “qapalı əxlaqsız yuvada” işləməyə qoymaram”-deyə fikirləşirdi ki, birdən içəridə olan qadınların, iki digər bərbər xanımın və başına salafan keçmiş (yəqin ki, həmin –çox güman- tələbə qızın başına rəng qoyulduğundan)  müştərinin İmrana şüşə qapılardan diqqətlə və maraq dolu nəzərlərlə baxdığını gördü. Özündən asılı olmayaraq yerində dik qalıb, məsələni aydın etmək üçün qarşı tərəfə baxdı. Ona əvvəl elə gəlmişdi ki, bayaq sancaq qaldırmaq adıyla əyilən ortayaşlı bərbər qadın yüngül təbiətindən irəli gələn nəfsani   tələbatlarını ödəmək məqsədilə ona gülümsədi. İndi isə aydın oldu ki, məsələ heç də göründüyü kimi bəsit deyil. Həmin çirkin sifət bərbər şüşə qapılara ən yaxın durmuş qadının qulağına nə isə pıçıldadı. İkinci bərbər, 25-27 yaşlarında cavan, girdə sifət, refle saçlı bir gözəllik qiymətləndirmə sistemi ilə 3 (kafi) verilə biləcək bir qadın idi. Heyf ki, İmran dodaqlardan oxuya bilmək istedadına malik deyildi. Eşitdiklərinə inanmayırmış kimi, “nə danışırsan...ola bilməz...de Vallah” tipli baxışlarla həmkarına qaşlarını çatlatdı. Birinci bərbər xanıma ona təsdiq olaraq baş hərəkəti etdi və yenidən nəisə qısa bir şey mırtıldadı. Kresloda oturan cavan müştəri xanım da sanki serialın növbəti seriyalarından birini müzakirə edirlərmiş kimi salafanlanmış başını onlara tərəf döndərib, xırda detalları belə qaçırmamaq üçün diqqətlə qulaq asırdı.

İkinci – resepient bərbər xanım – yuxuda ikən hündür mərtəbədən yıxılanda ruh bədənə qayıdaraq insan necə dik atılırsa, ona deyilənlərinə fərqinə varıb, özünü itirdi. Nəzərləri İmrana qayıtdı. Gözləri birdən-birə suyla doldu, həyəcandan əlində tutduğu peşəsinin sehirli çubuğu olan — darağı yerə saldı. Sonra bütün nəzərlər  İmrana yönəldi – kimisi böyük gözləntilərlə, kimisi üçüncü tərəfin isti simpatiyası ilə, kimisi sadəcə növbəti yeni hadisənin canlı şahidi kimi.

İmran ümumiyyətlə çaşdı. Yadından çıxdı ki, bu yerlərə niyə gəlmişdi. Yəni onu tanıyırdılar. Axı o Qara Qarayevə on beş yaşından bəri (on birinci sinifdə oxuyanda aylıq üzgüçülük rüsumu burada daha sərfəli olduğundan  məhz Qarayevdəki su hovuzuna gəlirdi)  bir dəfə də ayaq basmamışdı. Yeniyetməlik dövründə isə özünü tanıyanı, çox çirkin olduğundan qızlar ondan uzaq durardı. Bəlkə onu kiminləsə səhv salıblar. Elədir ki, var onu kiminləsə səhv salıblar.

Birinci bərbər xanım yenidən ölüm dolu qızılı dişləri ilə gülümsəyərək əli ilə İmranı içəri çağırdı və artıq göz yaşı tökən ikinci bərbər xanımın çiynini sıxdı.

Yox...Belələrinin caynağına keçdin çətin ki, onlardan yaxa qurtarasan. Lap maraqdan ölsəm belə içəri girməyəcəm. Hər şey plan üzrə getməlidir. Ayanla tezliklə nişanlanmalıyam. Dayan-dayan, bəlkə bu elə Ayan tərəfindən hazırlanmış bir yoxlamadır. Bir növ sevgiyə sədaqət testi.  Yox qəti mümkün deyil. Ayan hara, belə yüngül rəfiqələri olmaq hara, tam cəfəngdir. Ən yaxşısı mümkün qədər tez bu potensial günah mənbəyini tərk etməkdir- deyə fərqli fikirlər metamarfozasının məntiqi nəticəsi kimi ayaqlarını yenidən işə salıb, çevik addımlarla yuxarı istiqamətdə hərəkəti davam etdirdi.

Arxaya çevrilməsə də, şüşə qapının açılma səsindən kiminsə çölə çıxıb, onu baxışları ilə yola saldığını hiss etdi.

  Xeyli yol getmişdi ki, kəsişmə asfalt yola çatdı. İmperator şadlıq sarayı, gözəl iki mərtəbəli eksteriyerlə sağda onun sərəncamında idi. Qalmışdı bircə ...əşi nə bircə...onsuzda yalnız bir doqquz mərtəbə var türkün məsəli İmperatorun dalında-deyə bir qədər əvvəlki fikirlərdən ayılmaq üçün özüylə məzələnməyə çalışdı.  Binanın məhəlləsinə ayaq basan kimi, Çernoblın tərk edilmiş yaşayış sahələrindən birinə daxil olduğu hissi yarandı İmranda. Gözəl oyun meydançası, nərd atmaq üçün xudmanı üstü (kustar şəkildə köhnə şiferlərlə) örtülü köşkü, uşaqlar üçün yelləncəkləri olan məhəllədə   bir nəfər olsun belə canlı gözünə sataşmadı. Aha. Bir ağsaqqal  dayı mayka ilə balkona çıxdı və qollarının balkonun taxta dirəyinə söykəyib, papiros alışdırdı. Artıq radiasıyadan qorxmamaq olar. Deməli nüvə zad partlayışı olmayıb.

Birinci girişə keçib, işləmədiyinə görə liftə liftin yaradanın əcdadlarına ləhnət yağdırıb, piləkanları birbir ayaqla qalxmağa başladı.

Blokun çölə baxan pəncərələri olmadığından, günün belə gur işığında belə pilləkanları zirzəmi qaranlığına qərq edirdi. Üçüncü mərtəbədənin pilləkanlarından sonra isə ümumiyyətlə heç bir şeyi görmək olmurdu. Bəs bu blokun mənzil sakinləri işdən gecənin qaranlığında gəlib, kor-koranə doğma mənzillərinə necə qalxırdılar. Korlar kimi toxunuş hissiyatı ilə?! İmranın halı dəyişirdi. Hərbi xidmətdə qulyabani söhbətindən sonra isə ümumiyyətlə qaranlığa nifrət edərdi.

-         ...Miqrasiyadan spravkeyi, metrikeyi isteyrlər –deyə Gürcüstan azərbaycanlısınızı ləhcəsi eşidildi.- Yaxşı mən ta gedeyim- sözlərinin müşayəti ilə birinci mərtəbədən qəribə heyvan səsil gəldi. Həmin heyvan görünür çox təngnəfəs, qan-təlaş içində olduğundan çığırtısını da çıxarmağa tam gücü çatmırdı. Çığırmaqla səsini kəsməyi bir oldu. Elə bil başına da nəyləsə vurdular (ət ətə şillə səsi eşidildi)-

Gürcüstanlı oğlanın  iri ayaq atışlarıyla pilləkanları iki –iki qalxdığını eşitdi. Həmin səs də sinxron olaraq yaxınlaşırdı. Deməli həmin heyvan idisə, nəidisə əlində və ya dalınca gətirdiyi, gürcüstanlı oğlanın  hər zaman yanında idi. Bəlkə də qulağına eşidilirdi bütün bunlar, bəlkə əslində pilləkanları heç kim qalxmırdı. Sadəcə  dünən cəmi 3 saat yatdığından yaranması adi hal olan halüsunasiyalar da ola bilərdi. İkinci mərtəbəni də adladıqdan sonra üçüncü mərtəbənin alt piləkanlarında durub nəfəs ötürdüyü aydın oldu. Çox güman əlində ağır bir şey vardı. Yəqin ki, mərtəbələri adlayan zaman tərlədəcək dərəcədə ağır bir şey. Beşə kimi sayılacaq tezlikdə, tənəffüsünə xitam verib üçüncü mərtəbənin piləkanlarına doğru qalxdı. 

İmran sadəcə yerində donub qalmışdı. Gün işığının özünü boğub-sıxıb liftin yanındakı xırda aradan içəri salmasaydı, yəqin ki, Gürcüstanlı oğlan İmranın xəbəri olmadan onunla toqquşacaq və İmranın ruhunu bədənindən qovacaqdı. Xəfif günəş işığı Gürcüstanlının siluetini görməyə imkan verdi. Gözləri istənilən yeniliyə həssas Gürcüstanlı oğlan da onu gördü.  Gövdəli bir cavana oxşayırdı və hər iki əlində nəisə tutub yenə də iti sürətlə bir piləkan iki piləkan  az qala yuxarı hoppanırdı. İmrana lap yaxın duranda İmran bir qədər büdrədi. Hələ də gördüklərinin  real və ya qeyri real olduğuna tərəddüd edirdi. Bircə arzu edirdi ki, qeyri-real olmasın. Çünki belə sayıqlamalar, qorxulu yuxular zamanı hər zaman üstünə gələn subyekt heç də ona xoş niyyətlərlə yaxınlaşmırdı. Əksər hallarda çevik hərəkətlə onun döş qəfəsindən xəncəri və ya bıçağı sapına kimi soxub, bu yolla onu tər qan içində yuxudan oyadırdılar. İndi də İmran özünü olmasızın itirmişdi. Axı tanımadığı, bilmədiyi biri onun üstünə az qala qaçırdı. Çevrilib bir əlini pilləkanlarla perpendikulyar şəkildə ta doqquzuncu mərtəbəyə kimi burulub-uzanan taxta dirəkdən tutub, o biri əlini  hər ehtimala qarşı yumruğ halına gətirdi, sayıq duruş vəziyyəti aldı. Gürcüstanlı gördü ki, bir dəfə də atdansa düz İmranın üstünə dırmaşacaq.  Ona görə İmranla özünü ayıran ən son piləkanın altında durub, dilləndi

-         Ə, qağa, bu qaranlığda yuxarı çıxeyrsan, üstəlik liftə işdemeyr, niyə ÇITMA VURMURSAN?

İmran hər şeyə hazır idi. Hər cür hadisələrin hər cür variantlarını məntiqi təhlil edən biri idi. Özüvü ələ al, sakitləş, dərindən nəfəs al, sinir sonluqlarını sərbəst vəziyyətə gətir, 2 x 7 = 14, bəs, bəs...yox o bu SANCTUM...xeyr, belə adda...yox bu adda maddə yoxdur Mendeleyev cədvəlində, İmran özüvü ələ al, hər şeyi məntiq çərçivəsində təhlil et. Səmərəli düşün, səmərəli nəticə çıxart!

Hər zaman elə olur ki, təşkil olunmasına  aylar hətta illər sərf olunmuş  qətli  və qəsdləri xırda qarışına kimi hesablayan, saniyə bə saniyə, ölçü bə ölçü, addım-bə-addım sinxronlaşdıran Raskolnikovlar, “gözlənilməz qonaqlar” və ya ümumiyyətlə xırda detallar ucbatından özlərini ələ verirlər.  Necə ki, alçaq boylu Napaleon böyük dünyanı fəth etmək astanasında, Vaterloo-da böyük zabitinin alçaq qətiyyətsizliyi, Napaleonun gözlədiyi halda, düşmənə arxadan hücuma keçməməsi, -ümumiyyətlə dağa bənzər hadisələrdə  daş dənəsi ölçülü bir gediş bütün planları təməlindən aşırırdı, eləcə də İmran “niyə çıtma vurmursan” sözü ilə beynini “restart” / “reboot” etmək məcburiyyətində qaldı. Söz nəhəng bir qüvvədir. Hardansa eşitmişdi ki, keçmişdə yaşamış bir alim 3 sözdən ibarət cümlə ilə istənilən adamı paralizə edəbilir, istənilən adamı özünə tərəf çəkib, istənilən adamdan öz məqsədləri üçün suistifadə edə bilirdi. İndi də bu iki kəlmə, “çıtma vur” onu bir neçə saniyə reaksiyasız, mum heykəl şəklinə saldı.Görəsən bu nə mələm cadu-ipləmə söz birləşməsi idi.  Gürcüstanlı oğlan qarşısında duran naməlumun qımıldamadığın görüb, sağ əlindəkini  yerə qoydu (həmin boğuq vəhşanə səs sən demə toyuq səsi imiş. Gürcüstanlı hər iki əlində evə, üstəlik bina evinə diri toyuq  aparırmış....GƏl bu rayondan təzə gələnlərə mat qalma) Boşalmış əli ilə sehrbazyana jestlə çıtma çaldı və üçüncü mərtəbənin sanki günəş dənizinin  nuru doldurdu – lakin mərtəbəni, üstəlik alt və üst mərtəbələri işıqlandırmış həmin işıq mənbəyi günəşin işığı deyil mərtəbədəki mənzillərin arasında olan girdə şüşə kalpakın içinə keçirilmiş 200-lük neon lampası idi. Gözləri bir neçə dəqiqə sərasər zülmətə alışdığından, mərtəbənin ani yanan gur işığı o dəqiqə İmranın nazik gözlərini qamaşdırdı.Avtomatik olaraq qalxan şəklində dirsəyi ilə işığın qabağını  tutmağa çalışdı. Yenə başa düşmədi ki, bu müəmmalı gürcüstanlı nə iş tutdu ki, bir çıtma ilə blokun işığı yandı. Axı bunun məntiqi bir izahı olmalı idi. Məsələni Gürcüstanlı oğlan özü aydın etdi:

-         Qağa sən bilmirəm dağdan düşmüsən ya nədi (adi halda İmran bu sözlərdən sonra qarnı tutub gülməkdən ölüb gedərdi- dağdan düşənin biri ona dağdan düşən deyirdi, lap güzgüyə baxan meymun məsələsi idi, ,xxx görməyən aftafa, aftafa görməyən xxx məsələsi idi)

-         Dağdan zaddan düşməmişəm...QA-ĞA—deyə kinayə ilə özünəməxsus şəkildə sancdı.

-         Başa düşmədin eh, brat...demək istədiyim odur ki, işığın yanmağına çox qəribə hal kimi baxeyrsan. Burda nə qəribəlik var axı?! Hərəkətə çustvitelnıy lampışka görməmisən? İndi təzə motdu. Mərtəbələrə axı bizim əclaf Barmek pulsuz işığ vermir, deyir canınız çıxsın blokun, mərtəbənin işığını atışıb öz hesabınıza, öz liniyanızdan  çəkin-yandırın. İşıq olmasa pəncereyləri olmayan bu mərtəbələri ümumiyyətlə çıxmağ olmaz, əkə. (Əkə...yəni İmran o qədər enlikürək idi ki, yaltaqlıq əlaməti olaraq onu belə çağırdılar) Onçun da, mərtəbələrə işığa ekonomya eləməyçin  bu çustvitelnıy lampoçkadan qoyeyrlər.

Dəlidən doğru xəbər buna deyirlər. Sən demə rayondan gəlməklə, dağdan düşməklə deyil, sadəcə gərək hər zaman hadisələrin önündə olasan, bir addım qabaqda (yəqin çox bilmişliyindən pilləkanları cüt-cüt qalxırdı).

-         Məsləhətə görə çox sağol, ancaq mən belə işığı görəndə sən hələ Gürcüstanda çobanlıq edirdin –deyə özünü sındırmamaq üçün qarşı tərəfi sındırmağa çalışdı. Qarşı tərəf isə yenə də göznəlilməz halda bir söz demədən, nəzərlərini qorxu içində İmrandan uzaqlaşdırıb yenidən  (artıq) qakkıldayan toyuqları əlinə aldı və beş pilləkan da qalxıb, sağdakı yola çıxmış qatarın qapısından girirmiş kimi mənzilin seyf qapısından özünü içəri salıb, arxadan qapını çəftələdi.

Məgər bu zırpı-heybətli dağlar oğlu onu yaxşıca şilləməli deyildi-deyə fikirləşib artıq öyrəndiyi şəkildə çıtma vuraraq  hərəkətsizlikdən sönmüş işığı yenidən yandırdı və sinəsinə xeyli hava alıb, nəfəsini tam ötürmədən, düşdü mərtəbələrin canına.

Yeddinci mərtəbəylə səkkizinci mərtəbəni beş-altı pilləkan ayırırdı.

-Hə, sağdakı qapı qırmızı qapı Ayanın xalasıgilin qapısıdır.- qulağınamı pıçıldadılar, içindənmi gəldi bu əminlik, sonra da heç cür müəyyən edə bilmədi. Bildiyi qədəri Ayan ona xalası gilin mənzilinin sağ və ya sol qapı olduğunu xatırlatmamışdı. Hardan idi bu qədər əminlik hissi? Görünür intuitiv olaraq fikrində tutmuşdu bu qapını.

Səkkizinci mərtəbədə burnuna çox tutqun turşu iyi gəldi. Qapağı açılmış köhnə şor qazanından belə kəskin üfunət gəlməzdi. Qaranlıq isə həmin öldürücü qoxunun mənbəyini müəyyən etməyi çətinləşdirirdi. Niyə qaranlıq? Ona görə ki, ÇITMA VURMAQDAN barmaqlarının ucu göyərsə də, mərtəbənin işıqları yanmaq bilmədi. Məlum olanı o idi ki, səkkizinci mərtəbə sakinləri bir o qədər müasir texnologiya və elektronika ilə ayaqlaşmayan və ya əksinə ayaqlaşıb, sadəcə ovucları bağlı, hədsiz dərəcədə xəsis biriləri idi.

Yol kəsişməsi qarşısında duran dərviş tək, iki qapının arasında dayandı, xəyallar onu gözlənilmədən, uşaqlığın zaman dondurucu xatirələrinin ağuşuna apardı. Hardadır o gizlən-qaç, o yeddi şüşə, o səndə-məndə oynadıqları günlər. Hanı o xəlvətcə qonşuların alça, xar tut ağaclarının ən hündür budaqlarına dırmaşıb, danışa-danışa, tələsmədən meyvə yedikləri günlər. Hanı o binanın daha az deyinən mənzil sahibələri olduğu mərtəbələrdə, indiki kimi iki qapı arasında yerə çömbəlib Mortal Kombat fişkaları döyüşdürdükləri günlər, saatlar, dəqiqələr, saniyələr,… Yadında idi ki, hər gün  atasından (əvvəllər indiki kimi atası xəsis və soyuq deyildi) pul çırpışdırıb iyirmiyə yaxın yeni, üzərində Mortal Kombat video oyunu qəhraman və anti-qəhraman döyüşçülərinin həkk olunduğu  yumru kartondan olan fişka alıb, döyüşdürəndə əfəllənib hamısını uduzardı. (Fişkanı adətən mano-a-mano yəni iki nəfər döyüşdürürdü, qaydalar isə belə idi ki, tərəflərdən hər biri bir fişka təqdim edir, və hər biri bu fişkaları birləşdirib, kimi var gücü ilə, kimi yavaşdan, kimi də özünməxsus bicliklə, baş barmaqla işarə barmağı arasında sıxıb yerə çırpırdı. Kimdə bu fişkaların ikisi də çırpılmaqdan o biri üzünə çevrilərdisə, həmin tərəf rəqibin fişkasına sahib olardı). Məğlub olmaq, uduzmaq insanı bərkidir, insanı təmkinli edir deyirlər, ancaq,ta bu qədər də uduzmaq olardı.

Zaman İmran üçün dayanmışdı. Gülümsədi və kəpənək dodaqları çarpayıya salınan qırmızı prostina tək yanlara süzüldü. İlk dəfə içində formalaşmağa başladığı hiyləgərliyi elə o zamanlar tətbiq etmişdi. Uduzmaqdan bezar olmuşdu. Axşam  məktəbin yanında olan budkadan yeni, üzərindəki plyonka qatı pırıl-pırıl parıldayan, rəngarəng fişkalar topası alıb, evə tələsdi. Hamı küçədə yeddi şüşə oynayırdı, İmranı da çox gözləməyib, onsuz oynadılar bu dəfə. O isə otağına xəlvətcə keçib, ən çox bəyəndiyi qəhramanı – SUB ZERO həkk olunmuş fişkanı əməliyyata hazırladı. Dərs hazırlıqları üçün atasının ona aldığı masa üstü elektrik lampanı yandırıb, oturacağını qabağa çəkdi. Qalan fişkaları çarpayısının üstünə vızıllatdı. Ehtiyatlı şəkildə nazik rapira ülgücü tutub, fişkanı yavaş yavaş ortadan iki qata ayırdı. Artıq fişkanın bir üzü bir əlində, digər üzü o biri əlində idi. Özü də şahidi oldu ki, fişkanın içi sadəcə ən adi kartondan ibarət idi. İndi isə əməliyyatın ikinci ən əsas mərhələsinə keçid almaq vaxtı idi. Hələlik fişkanın hər iki qatını geniş masasında bir qırağa qoydu. 100 vərəqli dama-dama dəftərinin arxa səhifəsindən yarım çimdik kağız qopaşdırıb, tut yeməkdən qaralmış balaca barmaqları ilə kağız parçasını yumurladıb,sıxa-sıxa, presləyib bir xırda düyün şəklinə gətirdi. Əlinə super yapışqan alıb fişkanın hər iki qatına bolluca yaxdı. Çox ləngimək olmazdı. Super yapışqan, super möhkəm yapışdırdığı kimi, super də tez quruyurdu. Həmin düyün kağız dənəsini alt qatın üstünə qoyub, qatları bir-birinə elə yapışdırdı ki, düyün kağız qatlarına arasında qaldı. Öncə əli ilə sürüşdürməklə qatları içində hava qalmasın deyə bir-birinə yaxşıca hopdurdu. Sonra həmin fişkanı kitab rəfindən düşürdüyü  900-səhifəlik qalın kitabın – ümumi illustrasiyalı ensiklopediyanın arasına qoyub yarım saata yaxın arasında saxladı. Axşam yeməyini yarımçıq yeyib, ekperimentin nəticəsini görmək üçün  dərhal “labaratoriyasına” şığıdı. SUB ZERO əla vəziyyətdə idi. Bircə ortasında xəfifcə qabarma hiss olunurdu, (qatların arasında qalmış düyün kağız ucbatından) ki, bu da “İmranın böyük hiyləsindən” xəbəri olmayan kimsənin heç ağlına belə gəlməzdi ki, cığallığın belə yolu da ola bilər, nəzərə çarpacaq dərəcədə aşkar deyildi, fişkaya edilmiş yarım saat öncəki dəyişiklik. Hiyləyə gələndə isə, əməliyyatın əsas predmeti ondan ibarət idi ki, belə halda fişka artıq nahamar olduğundan, döşəməyə çırpılan zaman güc ən çox ortaya düşdüyü halda, mərkəzdə süni qabarma olduğundan, fişka demək olar ki hər atışda çevrilməkdən yanaşı, üstəlik rəqibin fişkasının da çevrilməsinə şərait yaradırdı.

Yenidən gülümsədi və başını bir az buladı.

İmran heç vaxt   səhərin tez açılmağını, sabahın belə çabuk gəlməsini  o günki kimi gözləməmişdi. Gibrit SUB ZERO o qədər uğurlu alınmışdı ki, 3 gün ərzində 280-a yaxın fişka qazanmışdı,  qonşu uşaqlar arasında SUB ZERO fişkası əfsanəsi  yaranmışdı. Hər kəs bu məğlubedilməz SUB ZERO-nun dalına keçmək istəyirdi. SUB ZERO-nu 500 fişkaya dəyişmək təklifi belə almışdı.

Sol qapı elə ani açıldı ki, hələ bir neçə saniyə özünə gələ bilmədi. Ancaq evin işığı gözləri qaranlığa alışmış gözlərinə toxunanda, işığa acıyıbmış kimi gözləri gizildədi. Görəsən, mən bu səkkizinci mərtəbədə nə qədər vaxt dayanmışdım?-deyə lap-çaşbaş qalmışdı.

Qapının arxasında 6 yaşlı bir şirin oğlan durmuşdu. Çox güman qapını açan da elə o idi.  Balaca uşağın əynində ağ-mavi zolaqlı, üzərində hörümçək adam filmindən baş və mənfi qəhrəmanların cizgili rəsmləri olan pejama var idi. Sümbülü sarı saçları elə düzümdə idi ki, uşağın başına girdə forma verib, qulaqlarını tam gizlədirdi.

-         Qusik, ti tam skem razqovarivayiş...-evin lap dibindən rus dilli ananın səsi eşidildi.

Şirin uşaq İmrana gülümsəyib

-         Ne skem mama...eto tot dyada- hi-hi-hi- deyə kişmişi gülüşlə qapını örtüb, İmranı yenidən qaranlıq bir məkana yenidən çaşqınlığa qurşadı.

Uşaq elə bil onu, çaşqınlığa saldığı qədər də ümumi çaşqınlıqdan qurtardı. Yadına düşdü ki, bura gəlməkdə əsas məqsədi, Ayanın iztirablarına son qoymaq, Ayanın ən sevimli xalası oğlunun potensial qatili barədə hərhansı bir dəlil-sübut aşkar etmək idi. O əclafın ağciyərlərinin azadlıq havası udmasına çox qalmayıb. Bununla belə ehtiyatlı olmaq lazım idi. Həyəcan dolu doqquzuncu mərtbəni İmrandan sadəcə onaltı pilləkan ayırırdı. Heyf ki, uzaqgörənlik istedadı yox idi. Bütün olanlarını verərdi bircə həmin anda bu istedada malik olmağdan ötəri. Axı necə bilsin ki, təlaş içində “yetim”-in mənzilinə daxil olandan sonra başına nələr gələcək, ürəyi qorxudan, mənzilin içində istənilən ani vibrasiyadan və ya cüzi hərəkətdən partlayacaqdımı, partlamayacaqdımı?!

 Doqquzuncu mərtəbədə 2 yox  yüzlərlə mənzil qapısı olsaydı belə, bircə dəfə baxmaqla, Yetimin qaldığı mistik abu-havayla dolu mənzil girişini müəyyən edərdi. Çox qəribə hiss idi. Ağ boyalı örtüyünün cızıqları qaranlıqda belə gözə sataşan bu qapı qeyri-adi şəkildə İmranı özünə çəkirdi. Nəbzinin bərk vurduğunu hiss etdi. Udqunub, ürəyini dişləri arasına alıb, həmin “canlı” qapının önündə durdu.  Çıtma!Daha bir çıtma! Yox...görünür, bu mərtəbə də hərəkətə həssas işıqlandırma sistemi ilə təchiz olunmamışdı. Qaranlıq isə onsuz da tükləri biz-biz edən atmosferə bir az da qorxulu abu-hava qatırdı. İmrana elə gəldi ki, indi özü hərəkətə həssas bir qurğuya çevrilib. Bircə taqqıltı, bircə kənar toxunuş onu yerindəcə iflic edə bilərdi. Əvvəllər həmin “yetimi” görməsə də,  onun tükürpədici təsviri və ödü işə salan görünüşü beynində durmaq bilmədən, mərtəbənin zülmətində belə, rəngarəng və ağ-qara tonlarla metamorfazlar şəklində  təcəlli edirdi. 

Yetimin mənzilindən çıxan ani qadın harayı İmranı dərhal qapıya atılmağa məcbur etdi. Qapının arxasına qulağını dirəyib, potensial təhlükə ocağına daxil olmazdan əvvəl içəridən çıxan səslər əsasında daxili şərtləri müəyyən etməyə çalışdı.

-         İndi sənin kürəyinə əl toxunacaq

Qulaqları ilə bu qısa cümləni çırpışdırsa da əvvəl onun batinə varmadı. Sonra isə sözün əsl mənasında İmranı əsməcə tutdu. Yəni içəridə olan kimsə onun qapının arxasında olduğunu bilib, onu təhlükədən xəbərdar edirdi. Axı İmran 100 faiz əmin idi ki, ona müraciət edirdilər.

Dayan,dayan. Ürəyin nəbzi bir qədər də sürətləndi. “Bəlkə həmin cümlə ancaq mənim beynimdə səsləndi”-deyə düşünüb qorxudan dilini dişlədi.

Xarici xəbərdarlıq və ya daxili səs!- deyə iki variant arasında seçim etməyə çalışırdı ki, anidən belinə soyuq və iri insan əlinin toxunması ilə huşunun tədricən özündən getdiyini duydu.

 

0 şərh