İdman etməyin faydaları

İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır. 

İdman — tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki, əksər idman növləri qrup halında olur və bu da yeni çevrə qurmağı, yeni insanlarla ünsiyyətdə olmağa zəmin yaradır. İdmanla məşğul olan insanların əhatəsində siz də sərbəstləşirsiniz, öz fikirlərinizi bölüşürsünüz, sağlamlıq haqqında informasiyalar əldə edirsiniz.

İdman — səyahət etməyə bəhanə ola bilər
Xizək sürməyi az-çox öyrəndikdən sonra digər qış turizmi olan kurort ölkələrə getmək və öz təcrübənizi artırmaq istəyiniz yaranacaq. Bu, təkcə xizək sürməyə deyil, sörfinqə də aiddir. 

İdman yaşlanma əleyhinə vasitədir
İdmanla təkcə gözəl formaya sahib olmaq üçün məşğul olmuruq. Düzgün olunan hər bir fiziki hərəkət orqanizmə yaşlanma əleyhinə təsir göstərir. Belə ki, hüceyrə membranlarının təzələnməsinə stimul verir, maddələr mübadiləsini normallaşdırır. Bu da orqanizmin immun sistemini daima saz vəziyyətdə saxlanması deməkdir. İdman təkcə fiziki inkişafa səbəb olmur, o, həm də beyin fəaliyyətini nizamlayır. Kopenhagen universitetinin mütəxəssislərinin araşdırmasına görə əzələlərin daimi məşq etdirilməsi beynin yaxşılaşmasına zəmin yaradır. 

İdman — yeni həyat tərziniz ola bilər
İdmanla məşğul olmağa qərar verdiyiniz andan etibarən sizin tərziniz dəyişəcək: ən azı siz özünüzə yeni idman forması və ayaqqabıları alacaqsınız, tez-tez rahat geyinəcəksiniz, məşqçinin dediyi kimi qidalanacaqsınız, sağlam qidalanmaq və sağlam yaşamaq haqqında informasiyalar daha çox almış olacaqsınız və bunu başqaları ilə də bölüşməyə başlayacaqsınız.

İdman öz üzərində çalışmaqdır
Siz artıq idman zalına üzv olmusunuz, ya da sadəcə evdə özünüz üçün idmanla məşğul olmaqdan ötrü hər bir vasitəniz var (yeni idman kostyumu, xüsusi şarlar, qantellər, iplər və s.), amma yenə də başlamağa ərinirsiniz… Bu zaman psixoloji olaraq öz üzərinizdə işləyib bütün mənfi fikirləri bir kənara qoyun, fikrinizi «Məndə hər şey yaxşı alınacaq!» düşüncəsinə cəmləyin. İdmandan sonra özünüz-özünüzü mükafatlandıra bilərsiniz, sevimli bir içkini (çay, kofe, süd və s.) içmək, rəfiqələrlə görüşüb idmanın təsiri barədə fikirlərinizi bölüşmək kimi ideyalar haqqında düşünə bilərsiniz.

İdman — sağlam qidalanmaya gedən yoldur
Əldə etdiyiniz nəticələr sizin üçün çox vacib olduğundan tədricən qazlı içkilər, şirni, «fast-food» kimi qidalar sizin yemək rejiminizdən çıxacaq.

 

0 şərh