O hərfi ilə başlayan fəlsəfə terminləri

OBYEKT — göz önündə olan, qarşıya qoyulan şey.

OBYEKTİV — obyektlə əlaqəsi olan, onunla həmahəng olan. Fərdin şəxsi görüşündən asılı olmayan. Yaxud ümumiyyətlə hər növ düşüncə tərzinə uyğun gələn.

OBYEKTİVLİK — fəlsəfi mövqe; buna görə fəlsəfi idrak tədqiqatı tənqidi qiymətləndirməyə, dəyərlər haqqında mülahizələr söyləmək səviyyəsinə çatdırmağa qadir deyil, buna görə də həmin idrak bunlardan əl çəkməlidir.

OLİQARXİYA — bir neçə nəfərin suverenliyi, dövlət gücünün az saylı şəxslərin yaxud da ailələrin əldə olduğu dövlət forması.

OKKAZİONALİZM — ruhun və bədənin qarşılıqlı təsirinin izah olunmazlığını aradan qaldırmağa çalışan XVII əsr dini-idealist doktrinası.

OKKULTİZM — dünyada fövqəltəbii, elmi tədqiqata müyəssər olmayan fenomenlərin və qüvvələrin mövcudluğunu qəbul edən və onlara qarşılıqlı təsir üçün [magiya, spiritizm] “əməli” üsullar işləyib hazırlayıb təlimləri ifadə edən termin.

OPERASİONALİZM — müasir fəlsəfədə öz təbiəti etibarilə məntiqi pozitivizmin və praqmatizmin sintezindən ibarət cərəyan.

OPTİMİZM - bax. Nikbinlik

ORQANON — hərfi mənası vasitə, alət deməkdir. Aristotelin məntiqlə əlaqədar işlərin hamısına verilən ad. Lakin Aristotel sırf məntiq mənasında analitik terminindən istifadə edirdi. Aristotelə görə məntiq düzgün düşünmənin metodu və sənətidir.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 
 

0 şərh