Qurani-Kərimdə dində məcburiyyət yoxdur ideyası

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur, çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal “əməllər niyyətlərə görədir” prinsipinə də uyğun gəlmir. Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır.
İslamda tolerantlıq o qədər genişdir ki, din zorla qəbul edilə və ya etdirilə biləcək bir sistem deyildir. Onda hər şeydən əvvəl iman əsasdır. İman isə tamamilə vicdan və qəlbə aid bir məsələdir. Məcbur edərək qəlb və vicdana təsir edə bilmərik. Bir sözlə, əgər insanın ürəyindən gəlirsə və qəlbi imana meyllidirsə, iman edə bilər. Bu mənada da dində məcburiyyət yoxdur. Həzrəti Adəmdən bəri din heç kimi onu qəbula məcbur etməmişdir. Bu mövzuda güc tətbiq etmək daim küfür cəbhəsinin əxlaqı olmuşdur. Onlar insanları dinlərindən çıxarmaq üçün güc tətbiq etmişlər, fəqət heç bir mömin bir kafiri zorla müsəlman etməyə çalışmamışdır.
Qurani-Kərimdə dində məcburiyyət yoxdur ideyası
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256) İslam dini gözəllik və sevgi dinidir. İslam dinini yaşayan insanlar bu gözəl dini və onun dərinliyini yaşadıqca daha da həyəcanlı və şövqlü olurlar. İslama olan bağlılığın qaynağı Allaha olan eşqdir. Bir müsəlman Allah eşqindən namaz qılar, Allah eşqindən ibadətlərini yerinə yetirər və Qurana görə yaşayar. Allah Quranda müsəlmanların bu xüsusiyyətini “qəlbən iman gətirmiş”, “qəlbən inananlar” ifadələri ilə xəbər vermişdir. Bir müsəlman Allahın ucalığını və İslamı ağlı ilə dərk edər və qəlbən də təsdiq edər. Əgər bir insan təzyiq yolu ilə ibadətə məcbur edilirsə, bu, onu müsəlman deyil, əksinə, bir münafiq halına gətirir. Bu şəkildə, İslamın tamamilə qarşı olduğu bir insan modeli ortaya çıxır. İslamın təbliğ edilməsi və İslamın hökmlərinin təqdim etdiyi gözəl əxlaqın tanıdılması hər müsəlmanın üzərinə düşən vəzifədir. Lakin bu, Quranın hökmünə görə, əsla təzyiq yolu ilə reallaşa bilməz. Quran xristianlara da, yəhudilərə də təbliğ edilər, lakin bu insanlar əgər öz dinlərini yaşamaq istəsələr, artıq onları məcbur etmək olmaz. Məhz bu səbəbdən, Allah: “Dində məcburiyyət yoxdur”, -deyərək imanın sevgi ilə və qəlbən olduğunu xəbər vermişdir. Təzyiq altında müsəlmanlıq İslam dinində qadağan edilmişdir.
Allah Qurani-Kərimdə Peyğəmbərinə belə buyurur: “Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir” (“Ənam” surəsi, 107; “Ali-İmran” surəsi, 20), “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz” (“Ənam” surəsi, 164) ayələrində birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır. İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq…” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. Allah həmişə dözümlülüyü, tolerant olmağı əmr edir. Bu əmr güclü, yaxud zəif olan dövrlərə deyil, bütün vaxtlara şamil olan bir qaydadır.     İnsanlar eyni cür yaradılmayıb. İnsanlar eyni yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq qarşımıza çıxır.
Azərbaycanda İslam İslam ibrahimi dinlərin sonuncusu sayılır. “Təslim olmaq, boyun əymək, itaət etmək” mənalarında işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına gələn “silm” kökündən yaranıb. Bu dinə inananlar ərəb dilində “müslim”, dilimizdə isə “müsəlman” adlanır. İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə çıxmışdır. Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır. Müasir dövrdə İslam dini xristianlıqdan sonra mənsublarının sayına görə dünyanın ən böyük dinidir.
İslam inancın güclə qəbul etdirilməsinin əleyhinədir. Quranda bu iş Allahın iradəsinə bağlanır. “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin işin ancaq İslamı təbliğ etməkdir).” (Yunus, 99). Tarixi faktlarda İslamın digər inanc sahiblərinə mülayim davranmasını təsdiq edir.
Qeyd edək ki, İslam dini özü ilə bərabər bəşəriyyətin tarixinə yeni tipli bir mədəniyyət gətirdi. Bu mədəniyyət, İslam dinini qəbul edən millətlərin birgə səyləri ilə meydana gətirdikləri ortaq bir mədəniyyətin adı idi. Bu mədəniyyət uzun əsrlər üçün İslamı qəbul edən xalqların dünyagörüşünü, ənənələrini, həyat tərzini, mənəvi norma və ideallarını, psixologiyasını, ictimai təsisatlarını və davranış modellərini müəyyən etmişdir. İslam həm din olaraq, həm də bir dünyagörüşü və mədəniyyət kimi özündən əvvəlki və mövcud dünyadakı mədəni dəyərlərdən faydalanaraq bu mədəniyyəti ortaya qoya bilmişdir.
 
 

Müəllif: Sərvanə Qarabağlı
Mənbə: kafkazh.com
 

0 şərh