Ləziz Pip dolması

Bildiyiniz kimi Azərbaycan kulinariyası ləzzətli olmasıyla yanaşı həm də faydalı təamlarla zəngindir. Hər bölgəsində fərqli ləzzətə sahib olan mətbəximizin ləziz yeməklərindən biri də Pip dolmasıdır. Azərbaycan mətbəxində 381 çeşid dolma var. Fərqli dadlara və görünüşə sahib olan bu dolmalar, bizim əvəzolunmaz mədəniyyətimizin bir parçasıdır. Bu dolma növü Azərbaycanın gözəl guşələrindən biri olan İsmayıllıya xasdır. Pip dolması yarpaq-vələs ağacının yarpağından hazırlanır. Müalicəvi, yumşaq və çox incə yarpaqlara malik olan vələs ağacının yarpaqları, dolmaya xüsusi dad və ətir verir. Pip yarpağı il ərzində cəmi bir dəfə, bahar fəslində, may ayında vələs ağacından yığılır. Dolma üçün yalnız nazik yarpaqlar yığılır. Pip dolmasını məşhur üzüm yarpağından hazırlanan dolmadan fərqləndirən isə nisbətən açıq rəngi və özünəməxsus ətridir.

Pip dolmasının ərzaqları
  • 1 kq orta yağlı dana qiyməsi
  • 3 ədəd soğan
  • 200 qr quyruq
  • 1 dəstə şüyüd-keşniş
  • 150 qr yumru düyü
  • 3 xörək qaşığı nanə qurusu
  • duz, istiot
  • pip yarpağı

Hazırlanma qaydası
Dana ətini ətçəkən maşından keçirin. Quyruğu və soğanı da çəkib qiyməyə əlavə edin. Qiyməyə xırda doğranmış göyərti, duz və istiot əlavə edib yaxşı-yaxşı qarışdırın. Təzə pip yarpaqlarını qaynar suya salıb 2-3 dəqiqə saxladıqdan sonra sudan çıxarın. Əgər duza qoyulmuş yarpaqlardan istifadə edəcəksinizsə, sadəcə yarpaqların duzunu azaltmaq məqsədilə ilıq sudan  keçirin.
Daha sonra hazırladığınız içliyi yarpağın üzərinə qoyaraq bükün. Bu qaydayla yarpaq və içlik bitənədək dolmaları büküb qazana səliqəli, kip formada yığın. Daha sonra dolmaların üzərinə dayaz bir boşqabı ağzıüstə, dolmaların üstünü örtəcək formada qoyun (bu üsulla dolmalar qaynayan zaman dağılmayacaq, tərpənib açılmayacaq). Qoyduğunuz boşqabın üstünə çıxacaq qədər qaynar su əlavə edin. Qiyməyə quyruq vurulduğu üçün əlavə yağa ehtiyac yoxdur. 
Təxminən 40-45 dəqiqə az odda bişdikdən sonra pip dolması hazır olacaq. 
Sarmısaqlı və ya sarmısaqsız qatıqla süfrəyə verə bilərsiniz.



Nuş olsun!
 

0 şərh