Ləzzətli Göyərti Qutabı (Göy qutabı)

Bu gün, Azərbaycan mətbəxinin ləzzətli «fast food»u, qutabın hazırlanma qaydasını bölüşəcəyik.
Fərqli içliklərlə fərqli dadlara sahib qutablar var.
Biz sizinlə göyərtidən hazırlanan, bəzi regionlarımızda «gör kətəsi», «Göy qutabı» deyə adlanan qutabı bölüşəcəyik.

Lazım olan ərzaqlar:
Xəmiri üçün:
  • 4-5 stəkan un
  • 1 ç/q duz
  • İlıq su
İçliyi üçün:
  • Keşniş
  • Şüyüd
  • Dağ keşnişi
  • Nanə
  • İspanaq
  • Cincilim
  • Göy soğan
  • Turşəng
  • Quşəppəyi
  • Quzuqulağı
Zövqə görə göyərti əlavə edə və ya siyahıdan çıxara bilərsiniz.

Hazırlanma qaydası:
  1. İlk növbədə göyərtiləri təmizləyib yuyun. Və tamamilə suyu süzülsün deyə süzgəcə yığıb bir kənara qoyun.
  2. Sonra keçin qutabın xəmirini hazırlamağa. Unu geniş bir qaba ələdikdən sonra ilıq su və duz əlavə edib sadə, orta bərklikdə xəmir yoğurun. Daha sonra xəmiri kəsib, kündələrə ayırın. Kündələri qazana yığıb üstünü dəsmalla örtüb kənara qoyun. 
  3. Və keçin göyərtini doğramağa. Göyərtilərin suyu tam çəkildikdən sonra onları xırda-xırda doğrayın. Doğranmış göyərtiləri qarışdırıb kənara qoyun. 
  4. Hazırladığınız kündələri yaymağa başlayın və yaydıqdan sonra bir boşqabla dairəvi formada kəsin. Dairənin yarısına göyərtilərdən qoyub, zövqə görə duz əlavə edin. Daha sonra açdığınız xəmirin içliksiz tərəfini göyərtili tərəfə örtərək yarımay formasında, barmaqlarınızla sıxaraq bərkidin.
  5. Zövqə və şəraitə görə tavada yağla və ya sacda yağsız hər iki üzünü bişirin.Bu üsulla bütün qutabları hazırlayıb yığın (qutablar sacda yağsız bişirilərsə onları kənarda yağlamağı unutmayın). 

Süfrəyə sumaq və ya qatıqla təqdim edə bilərsiniz.

Kayzen.az ilə ləzzətləri kəşf edin
 

0 şərh