Fərqli dadlara malik balqabaq mürəbbələri

Balqabaqdan müxtəlif cür mürəbbə hazırlamaq olar. Yəni «bax əsl balqabaq mürəbbəsi budur» demək mümkün deyil. Bu səbəbdən bir neçə tərifi diqqətinizə çatdırırıq.

Sadə balqabaq mürəbbəsi

Tərkibi:
1 kq balqabaq
1,5 kq şəkər tozu
1 x.q. soda
0,75 st. su

Balqabağın qabığını soyun, dənələrini çıxarın. İri dilimlərə doğrayıb 1 sutka sodalı suda saxlayın. 1 sutkadan sonra balqabağı çıxarıb aşsüzənə yığın. Suyu süzüləndən sonra xırda kubiklərə doğrayın. Su və şəkər tozundan şərbət bişirin. Doğranmış balqabağı əlavə edin, qaynara düşəndə ocaqdan götürüb 2 saat soyudun. Sonra yenə, bu dəfə hazır olanadək bişirin.
Steril bankalara yığın, qapağını bağlayın.

Balqabaqlı konfitür

Tərkibi (yarım litr üçün):
300 q balqabaq
3-5 x.q. limon şirəsi
50 q ərik qurusu
350 q şəkər tozu
2 x.q. alma sirkəsi (əgər sirkə vurmaq istəmirsinizsə, o zaman limon şirəsinin qədərini artırın)
1 qırmızı istiotun yarısı
2 x.q. su

Balqabağı təmizləyib xırda kubiklər şəklində doğrayın. Ərik qurusunu da yuyub doğrayın. İstiotun toxumlarını təmizləyib xırda doğrayın. Tələb olunan bütün ərzaqları qarışdırıb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 45 dəqiqə vam odda bişirin. Bankalara doldurub soyudun.


Limonlu balqabaq mürəbbəsi

Tərkibi:
1 kq balqabaq
1/2 budaq vanil
1 limon
800 q — 1 kq şəkər tozu

Balqabağın qabağını soyub dənələrini təmizləyin. Kubik doğrayıb şəkər tozunun yarısını üstünə səpin, 6-8 saat saxlayın.
Limonun üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Dilim, yaxud kubik doğrayın. Bunu şəkər tozunun qalanı ilə birlikdə balqabağa əlavə edin.
Vanil budağını ortadan bölün, içinin toxumlarını çıxarın, hamısını birlikdə balqabağa əlavə edin. Ocağın üstünə qoyub qaynara düşməsini gözləyin. Qaynara düşəndə 10 dəqiqə bişirin. Sonra ocaqdan götürüb tam soyudun. Daha iki dəfə bu üsulla bişirin (10 dəqiqə bişirib tam soyutmaqla). Bankalara doldurmazdan öncə vanil budağını mürəbbənin içindən çıxarın.

Çaytikanı ilə balqabaq mürəbbəsi

Tərkibi:
2 kq balqabaq
5 st. şəkər tozu
300 q çaytikanı (yaxud iki ədəd portağal)

Əvvəlcə şərbət hazırlayın. Böyük ləyəndə 1 stəkan su ilə 1 stəkan şəkər tozunu bişirin. Daim qarışdırın. Şəkər tozu tam əriyəndə çaytikanını əlavə edin. Giləmeyvəni azca əzin. Qaynara düşən kimi götürün (qaynatmayın). İstəsəniz, bu şərbəti içindəki giləmeyvələri tam əzərək süzgəcdən də keçirə bilərsiniz.
Balqabağın qabığını soyun, dənələrini çıxarın. Dilimləyib, 1x1x1 sm doğrayın. Meyvəli siropun içinə tökün. Qarışıdırıb ocağın üstünə qoyun. Qaynara düşəndə ocağı azaldın. Balqabaq şəffaf olana qədər bişirin.
Bankalara doldurub plastik qapaqlarla ağzını bağlayın. Tam soyuyandan sonra soyuq yerdə, soyuducuda saxlayın.

Portağallı balqabaq mürəbbsi

Tərkibi:
3 kq balqabaq (təmizlənmiş)
1 kq şəkər tozu
0,5 l su
1 iri limon
2 iri portağal

0,5 l su və 1 kq şəkər tozundan şərbət hazırlayın.
Balqabağı təmizləyin. Limon və portağalları qaynar su ilə yuyun.
Balqabağı iri doğrayıb kombayndan, fri kartoşkası gözlüyündən keçirin. Limon və portağalları doğrayıb içinin dənələrini çıxarın, ət maşınından keçirin.
Bunların hamısını ləyənə yığın. Üstünə şərbət tökün. Ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 15 dəqiqə bişirin. Təxminən 2 saat soyudun. Bu qayda ilə daha 3 dəfə bişirin (2 saat soyutmaqla 15 dəqiqə).
Bankalara doldurub soyuq yerdə saxlayın.
 

0 şərh