Mikayıl Useynov

XX əsrin incəsənəti bütün növləri ilə yanaşı, müasir memarlığı da əhatə etmişdir. Memarlıqda ən geniş inkişaf etmiş istiqamət konstruktivizm idi. “Qənaət, fayda və gözəllik” — konstruktivizmin əsas devizi idi.
Bu üslubun yaranmasının ilkin işartıları XIX əsrin sonlarında özünü göstərdi. Memarlar daş və ağacdan imtina edərək şüşə, dəmir-beton konstruksiyalardan istifadə sayəsində irihəcmli tikililər yaratmağa nail oldular.
Azərbaycan konstruktivizminin görkəmli nümayəndəsi, sovet memarlığının yaradıcılarından biri olan memar Mikayıl Useynov XX əsr milli memarlıq tarixində xüsusi yer tutur. Müasir Bakı şəhər memarlığının ən yaxşı nümunələrinin müəllifi Mikayıl Useynovdur. Həmin nümunələrin ideyası və ifadə üslubu indi də paytaxtımız üçün aktuallığını saxlamaqdadır. Bu sənətkarın yaradıcılığında ən vacib olan məqam — dünya memarlığının qabaqcıl və yeni meyillərindən imtina etmədən Useynov Mikayıl Ələsgər oğluAzərbaycan memarlığına milli koloriti gətirməsidir.
Onun layihələndirdiyi tikililər milli memarlıq üslubu ilə seçilib. O, sonradan Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanaraq əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Onlardan bu gün Bakının yaraşığı olan Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına Milli Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını göstərmək olar.
M.Useynov hələ Azərbaycan Politexnik institutunun (indiki Azərbaycan Texniki Universiteti) tələbəsi olarkən onun konstruktivizm üslubunda yaratdığı layihələrin bir qismi reallaşmışdır. Bu layihələrdə həndəsi lakonizm, üfüqi və şaquli xətlərin kəsişməsi, həcmli formaların və səthlərin, bütöv kütlənin və şüşəli səthlərin ziddiyyəti vurğulanırdı. işlək dam örtükləri, yüngül talvarlar, qalereyalar, artırmalar, günlüklər — isti iqlim üçün daxili həyət kimi vacib elementlər bütün tikililərin dəyişməz atributu idi. M.Useynov hələ ali təhsil aldığı illərdə Avropa klassikası onun təxəyyülünü “zəbt etmişdi”, o həm də memarlıqda rus klassisizminin irsini ətraflı öyrənirdi.
Yeni tərzdə əsərlər yaratmaqla yanaşı, M.Useynov yaradıcılıq axtarışlarında sırf ənənəvi — Azərbaycan milli üslublarına da toxunurdu. Belə ki, 1924-cü ildə Mikayıl Useynov tərəfindən Şirvanşahlar sarayı kompleksinin ölçülərinin dəqiqləşdirilməsi mütəxəssislərin arasında sensasiya doğurmuşdu. Ənənəvi üslubda nümunəvi layihələrindən biri XII əsr Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məzarı üzərində abidə müsabiqəsində qalib gələn (1926-cı il) layihəsidir. Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Azərbaycanın digər şəhər və rayonlarında binalar tikilib.
M.Useynovun yaradıcılığının ilkin mərhələsi sovet memarlığında konstruktivizm dövrü ilə üst-üstə düşürdü. Bakı 1920-1930-cu illərdə Cənubi Qafqazın ən mühüm sənaye və intellektual mərkəzi idi. O zaman hələ çox gənc olan memar M.Useynov ümumi ruh yüksəkliyindən ilhamlanaraq memarlığın yeni dilini öyrənməyə cəhd göstərirdi.

Memar M.Useynovun əsl yetkin yaradıcılıq dövrü müasir Azərbaycan memarlığının yaranmasında milli irsin yeri və rolunun dərk edilməsi ilə başladı. Memar yaratdığı bir çox tikililərdə Azərbaycan milli memarlıq elementlərindən başqa, həm də Şərq forma və motivlərini tətbiq etmişdir. Bu tikililər arasında Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunu, Bakı metrosunun “Nizami” stansiyasını və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini nümunə göstərmək olar.
Memarlıqda konstruktivizmin banisi Le Korbuzye sayılır. O, memarlıqda yenilik edərək binanın konstruktiv hissələrindən fasada gözəllik verən elementlər kimi istifadə etmişdir. Le Korbuzye yaradıcılığında konstruktivizmın beş prinsipindən istifadə edirdi: sütunlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiyası, zolaqvarı pəncərələr, konstruksiya daxilində sərbəst planlaşdırma, düz terras-dam.
M.Useynov yaradıcılıq baxımından həqiqətən də tükənməz memar idi. Onun zəngin irsinə 200-dən artıq layihəsi daxildir və demək olar ki, hər biri gerçəkləşdirilib. Yaradıcı irsdə ən başlıcası — ənənələrə hörmət və ondan bədii təcəssümlü formalarda istifadədir.
Dünya memarlıq irsinin və ən yeni meyillərin bilicisi olan Mikayıl Useynovun dünyagörüşü öz xalqının milli mədəniyyətindən formalaşmışdı.
Onun yaradıcılığı müasir Azərbaycan memarlığında yeni bir dövr açmış və bu sənəti beynəlxalq miqyasda tanıtmışdır. Mikayıl Useynov milli Azərbaycan memarlığını bənzərsiz, nadir dəstxəti ilə önəmli dərəcədə zənginləşdirmişdir.
 
Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
 

0 şərh