Reklam işi Azərbaycanda

Reklamçıların indi hər bir istehlakçının “beyni” üçün vuruşduğu dövrdə yaşayırıq. Əslində Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərində başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növ “qida” mənbəyi rolunu oynadı. Həmən dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, İnternetdə banerlər, magazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabcalardan, belə demək mümkünsə, təngə gəlirik. Bizim üçün yeni olan reklamın bu və ya digər dərəcədə bazarı formalaşmaqla ənənələri yaranıb. Reklam işini nəzərdən keçirəndə demək olar ki, bu sahədə reklam verən, reklam vasitəsi və istehlakçı arasında dairə qapanmadığından bizdə reklam mədəniyyəti tam formalaşmayıb.

Reklamı harda izləyərlər?


Televiziya əsas reklam mənbəyimiz olaraq qalır. Demək olar ki, reklam izləyənlərin yarısı televiziyanın imkanlarından bəhrələnir. Və bunların da müəyyən hissəsi burada nümayiş etdirilən reklamlara etibar edir. Maraqlısı da odur ki, TV reklamı çox cüzi faiz insanı reklam olunan məhsuldan istifadə etməyə həvəsləndirir. Deməli, televiziyada gedən reklamlara hələ də etibar yoxdur və onların yalan olduqlarını hesab edənlər var...Məşhurluğuna görə ikinci yerdə küçədə yerləşdirilən reklam şitləri (bilboard) və magazalardakı plakatlar durur. Lakin əgər 5 nəfər küçə reklamlarına fikir verirsə onlardan yalnız biri həmin yerlərdə gördüklərinə inanır. Radio reklamı diqqəti cəlb etməsinə görə reytinqin üçüncü pilləsində saymaq olar. Burada da reklamı izləyənlərlə, ona inananlar arasında ciddi faizli fərq var. Son dövrlərdə daha geniş yayılmış avtobusların üzərində olan reklamlar isə yeni məlumat mənbəyidir. İnsanların avtobuslarda olan reklamları görmələrinə baxmayaraq, demək olar ki, nəqliyyatda reklamı söhbət mövzusuna çevirib, reklam olunan məhsula maraq göstərən yoxdur. Bir faktı xatırladım. Mətbuat aləminə qədəm qoyan bir qəzetin marşrut avtobuslarına böyük həcmli reklamı yerləşdirilmişdi. Lakin reklam effekt vermədi və qəzet də uğursuzluğa düçar oldu. Avtobuslarda reklam yerləşdirənlərin düşünməklərinə dəyər… Bunun ardınca isə metro stansiyalarında, qəzet və jurnallarda reklam, İnternetdə reklam və sairlərini göstərmək olar.

Reklam və inam


Görəsən, biz niyə reklamlara etibar etmirik? Hələ də çoxluq bu fikirdədir ki, reklam malın keyfiyyətli olmasına zəmanət verən göstərici deyil. Bəlkə ona görə ki, bu gün pul verib keyfiyyətsiz nəsnəni də reklam etmək olar. Amma əslində reklam şəffaflığın sinonimi olmalıdır. Hər hansı bir mal reklam edilirsə, demək, o, bazarda öz yerini tutur və hansı malın reklamı yoxdursa, ondan ehtiyat etmək lazım gəlməlidir. Bilməliyik ki, mal səhiyyə nəzarətindən, ekspertlərin rəyindən keçərək reklam olunur. Tutaq ki, bir telekanal qənd sexlərindəki antisanitariyadan qalmaqallı verilişi ekrana çıxarır və üstündən az keçməmiş bu sexlərin malı elə həmən telekanaldaca reklam olunur. Halbuki həmən verlişə qədər heç həmən sexlər o telekanala reklam vermirdilər. Küçə reklamlarında isə istehlakçıya düzgün informasiya verilmir. Burada “ən”, “təkcə”, “yalnız” kimi qeyri-dəqiq terminlərdən geniş istifadə olunur. Eyni ərzaq məhsulu istehsal elən müxtəlif şirkətlərin hər biri özü-özlüyündə, məsələn, ”ən yaxşı" və ya “ən dadlı” sözünü işlədir. Burada da istehlakçıda çaşqınlıq yaranır. Yaddan çıxarmaq olmaz ki, “ən yaxşı”, “ən dadlı” və digər bu kimi sözləri yalnız və yalnız tamaşaçı, istehlakçı deyə bilər. Ümumiyyətlə isə kreditli mal alışı ilə bağlı olan reklamların əksəriyyətində məlumatlar bilərəkdən tam verilmir. Deyilən ünvana yollanan alıcı isə şərtlərin heç də sərfəli olduğunu görmür.

Reklamını göstər,deyim kimsən


Reklamın əhəmiyyəti əmtəə və xidmətlərin mövcudluğunu geniş auditoriyaya çatdırmaqdır. Reklam pullu fəaliyyət növüdür, həm də incəsənətin bir çox elementlərindən istifadə baxımından mədəniyyət aktıdır. Lakin informasiya vasitələrində yayımlanan reklamların əksəriyyəti xarici reklamların dilimizə tərcümə edilmiş formasıdır və bu reklamları təkrar-təkrar o qədər verirlər ki, əslində izləyicilərdə həmin məhsula qarşı mənfi rəy formalaşır. Yerli reklam bazarına əcnəbi reklam çarxlarının buraxılması milli reklamçılığa da böyük zərbə vurur. Yəni hər hansı şirkət Ukraynada reklam hazırlayarkən bilir ki, heç bir xərc çəkmədən reklamlarını bizdə nümayiş etdirmək imkanına malik olacaq. Həmin şirkət Azərbaycanda hansısa reklam şirkətində sifariş vermədən televiziya kanallarından birində reklamını yayımlamaq imkanı qazanır. Beləliklə də öz məhsulunu Azərbaycan bazarına gətirən şirkət ikinci dəfə reklam çəkmək problemi ilə üzləşmir. Belə reklamlar isə auditoriyanı qıcıqlandırmaqdan başqa heç bir rol oynamır. Ən azı qüsurlu tərçümə reklam işinə olub-qalan inamımızı da sarsıdır. Ümumiyyətlə, bizdə reklam mətnləri qədər fantaziyadan və yaradıcılıq elementlərindən uzaq, şablonluq üzərində qurulmuş heç nə təsəvvür etmirəm. Bunun üzərinə dilimizin bərbad günə qoyulmasını da konkret faktlarla əlavə etmək olar.

Fantaziya yox, mətn yox


Xarici ölkələrdən götürülən reklamlar elə tərcümə edilir ki, bilmirsən, bu uşaq səsidi, kişi səsidi, yoxsa qadın? Demək olar ki, bütün telekanallarda diş məcunları (guya həkim ancaq bunu məsləhət bilir), şampunlar, kompyuterlər, özəl səhiyyə xidməti tam eyni mətn, eyni üsulda reklam edilir. Səhiyyə reklamları, elə bil orada işləyən həkimlər haqqında sənədli filmdir, iclasa toplaşıblar. Digər mallar isə reklamdan çox elana bənzər təqdim edilir, əladır, filan ünvanda və sairə. Xüsusilə şadlıq evlərinin şablon reklamı elə bil toy videoçuları tərəfindən çəkilir. Əvvəlcə dəbdəbəli bina görünür, sonra bəy-gəlin taxtı, sonra mətbəx təqdim edilir. Məgər toy mərasimi ilə bağlı fantaziyamız işləmir? Əksinə, belə evlərin reklamında mətbəx imkanları təqdim edildikcə adam toya atmalı olduğu paranı fikirləşib kanalı dəyişmək istəyir. Daha bir fakt. Nədənsə yerli reklamlarımızda hətta xarici malı övlad-valideyn, qayınana-kürəkən çəkişməsi fonunda reklam edirlər. Bu, bəsitliyin, reklam ciddiyyətinin elementar məişət səviyyəsinə endirilməsidir. Biz hələ reklama çəkilən aktyor və müğənnilərimizin bu işdə səmərəsizliyindən də söhbət aça bilərdik. Amma yəqin ki, reklam bazarı formalaşdıqca bu səmərəsizliyə son veriləcək.

 

Yaradıcılıqdan keçməyən reklamlar


Səmərəli reklam üçün yaxşı rejissor, ssenarist, keyfiyyətli avadanlıq və səs operatoru tələb olunur. Rejissorlarımız reklamların yüksək səviyyəli olmamasını lazımi texniki avadanlıqların yoxluğu ilə əlaqələndirirlər. Amma hər bir problemi texniki avadanlığın olmaması ilə əlaqələndirmək də düzgün deyil. Ciddi tələblərlə yanaşma məqsəd olaraq seçilməlidir. Bu gün reklam bazarı pis-yaxşı inkişaf edir. İndi institutlarda reklam fakültəsi açılıb. Gənclər hazırda bu işə çox maraq göstərirlər. Reklamla məşğul olmaq o demək deyil ki, təkcə küçədə bilboard qoyasan. Bu iş yaxşı rəssam, dizayner istəyir. Bu gün Azərbaycandakı böyük şirkətlərdə yaxşı marketoloqlara, piar işləri görən yaxşı menecerlərə ehtiyac var. Bunlar çox vacib və incə işlərdir. Çünki milli reklamımız həm də mədəniyyətimizin xidmətçisi olmalıdır.
Müəllif: Sabutay
Mənbə: Mədəniyyət qəzeti
Həmçinin bax:
Reklam işinin əlifbası

3 şərh

şərh silinmişdir
şərh silinmişdir
adman
Azerbaycanda reklamin en boyuk problemi odur ki musteriler keyfiyyetli ise,yaxsi neticeye pul vermek istemir.
Her seyi pulsuz ya da ucuz etmek isteyirler.Ona gore de Azerbaycan reklam bazari bu gundedir.