4.4 Texnoloji mühit

XX əsrin sonu sənayenin bütün sahələri praktiki olaraq texnoloji dəyişikliklərin təsirinə məruz qaldı.
Məsələn, mikroprosessor postindustrial dövrün müjdəçisi oldu və ehtimal ki, heç bir digər iotira deyil, məhz o, müasir həyata çox güclü təsir gös­tərdi. Mikroprossesorlar məlumatların yığılması, onların işlənməsi və yayıl­masına inqilabi surətdə təsir etdi. Onlar istehsal texnologiyasında əhəmiyyətli dəyişikliklərə səbəb oldu və texnoloji dəyişikliklərin artım tempini sürət­ləndirdi. Kotlerin göstərdiyi kimi (Kotler, 1997), bütün bəşəriyyət tarixində yaşayan və işləyən alimlərin 90%-i indiki dövrdə yaşayır. Elmi-tədqiqat fəa­liy­yətinin müasir presedentsiz səviyyəsi texnoloji proseslər və dəyişikliklərin artım tempinə əhəmiyyətli tövhə vermişlər.Bütün bunlar yeni ixtiraların kommersiyalaşdırma dövrünün qısalması ilə bağlıdır. Misal üçün, fotoqrafiyanın ixtirasından onun kommersiyası dövrünə qədər təxminən 100 ildən çox vaxt keçmişdir. Telefon üçün anoloji dövr 56 il, radio üçün 35 il, televizor üçün 12 il, tranzistor üçün isə ancaq 3 il təşkil etmişdir. Digər tərəfdən, telefonun ilkin satışından bütün dünya üzrə 10 mln. abonentin telefon şəbəkəsinə qoşulmasınadək 40 il lazım olmuşdursa, televizor üçün buna 18 il, fərdi kompüter üçün 15 il, ümumdünya hörümçək toru üçün isə ancaq 5 il lazım gəlmişdir. 2002-ci ildə kompüter sahəsində mil­yardıncı kompüter satılmış və qarşıdakı 6 ildə daha bir milyard kompüterin satılacağı gözlənilir.       
Kommersiyalaşdırma dövrünün belə qısalması öz növbəsində məhsulun həyat tsiklinin də qısalmasına səbəb oldu: indi əvvəlkinə nisbətən daha tez qocalma gedir. Misal üçün, yapon elektron sənayesində yeni məhsula tələbatın və ya tələbin yaradılmasından bu məhsulun iri partiyalarının yüklənməsinə qədər zaman müddəti 5 aydan az ola bilər (misal üçün, Matsushita rəngli televizorları). İstehsalın və dizaynın kompüter inteqrasiyası yeni məhsulların hazırlanması dövrünün qısalmasına səbəb olur. Mövcud qiymətləndirmələrə görə avtomobil sahəsində bu qısalma 25% təşkil etmişdi. 
Bütöv sahənin və ya sferanın texnoloji dəyişməsi sayəsində məhsulların tətbiqi radikal surətdə dəyişir. 1977-78-ci illərdə, ABŞ-da diaqonal kordlu şin istehsalçıları şin bazarının 50%-ni cəmisi 18 ay ərzində radikal tipli şin istehsalçılarına verdi (Foster, 1986b).
Yeni texnologiyalar marketinqin müəyyən sahələrinə güclü təsir göstərir. Mikrokompüterlərin meydana gəlməsi və onların idarəetmə prosesinə geniş tətbiqi bazarın mürəkkəb modelləşdirmə sisteminə marağı artırdı və qərarların qəbuluna müsbət mənada təsir göstərdi. İndi əvvəlkinə nisbətən daha sürətlə daha çox informasiyaları saxlamaq, təhlil etmək və hasil etmək mümkündür. 1965-ci ildə İntel kompaniyasından Qordon Mur inteqral sxemlərdə tran­zis­tor­ların sayının mümkün artım əmsallarını proqnozlaşdırmışdı. İndi Mur qanunu kimi tanıdığımız bu proqnoza görə “silikon çiplərin hesablama gücü hər 18 ayda 2 dəfə artacaqdı”. Proqnoz heyrətamiz dərəcədə dəqiq çıxdı (şəkil 4.4). 1970-99-cı illərdə baş verən presedentsiz dəyişikliklər idi.  The Economist jurnalında (2000-ci ilin oktyabrı) qeyd edilirdi ki, 1 Mhs hesablama gücünün qiyməti 1970-ci ildə 7601 dollardan 1999-cı ildə 0.17 dolara qədər düşmüşdü. Eyni zamanda, həmin dövr ərzində 1 meqabayt informasiyanın saxlanma dəyəri 5257 dollardan 0.17 dollara, 1 trln bit informasiyanın ötürülmə dəyəri isə 150 000 dolardan 0.12 dollara qədər yenmişdi.

Mur qanunu reallıqda

Marketinq tədqiqatları ilə məşğul olan işbaz kompaniyalar yeni tex­no­logiyaların təqdim etdiyi  imkanları dərhal ələ keçirdilər ki, müştərilərinə informasiyanı rəqiblərinə nisbətən daha tez verə bilsinlər. Kiçik müştərilərə audit xidməti göstərənlər (6-cı fəsilə bax) 24 saat əvvəl yekunlaşmış yoxlama nəticələrini on-layn rejimində müştərilərinə təqdim edə bilərlər. Sürətlə dəyişən bazar şəraitində uğuru uğursuzluqdan, ancaq, an ərzində ötürülən informasiya nəticəsində cəld reaksiya göstərmək qabiliyyəti ayırır.
Müştərilər haqqında toplanmış informasiya ilə yaradılan “məlumat anbarı” rəqiblərinə nisbətən müştərilərilə daha möhkəm və uzunmüdətli əlaqələr formalaşdırmaq potensialı olan kompaniyalar üçün indi daha tez-tez əsas marketinq resursuna çevrilir. Misal olaraq TescoSainsbury kimi pərakəndə ticarət kompaniyalarının müştərilər arasında yayılmış loyallıq kartoçkalarına görə yaradılmış məlumat anbarını göstərmək olar; aviakompaniyalar tez-tez səmada səyahət edən müştərilərin istehlak davranışlarının surətini çıxarmaq üçün informasiya toplayırlar; məh­sulların birbaşa marketinqi vasitəsilə də müştərilər haqqında məlumatlar var, misal üçün, maliyyə xidməti.
İnternet – elektron kommunikasiyanın qlobal şəbəkəsi – təkcə yeni mar­ketinq kommunikasiyası vasitəsi kimi deyil, həm də müxtəlif sahələrdə rəqabət strukturunu radikal dəyişməyə qabil olan bazara çıxışın potensial yeni yolu kimi sürətlə inkişaf edir (fəsil 18). İstehlakçı artıq “virtual ticarət pasajında” veyillənə və qida məhsullarından tutmuş avtomobillərə sığorta polisi və müxtəlif nəqliyyat vasitələrinə biletə kimi buradan ala bilər. Hətta lap kiçik müəssisələr belə (kiçik məbləğlə şəxsi vebsaytını yaratmaqla) əlavə xərclər çəkmədən dünya bazarına çıxa bilər. Beləliklə, müxtəlif bazarların rəqabət strukturu və bazara daxil olmağın dəyəri köklü surətdə dəyişir.

4.4.1.Təşkilata texnoloji təzyiqin növləri

Texnologiyanın inkişafı daha da sürətlənir və bu inkişaf təkcə tele­kom­munikasiya və fərdi kompüterlər kimi “yüksək texnologiyalar” sahəsini deyil, həm də yüksək texnologiyalardan istifadə edən sahələri öz təsiri altına salır. Bill Geyts özünün “Dünya 2003-cü ildə” məqaləsində (Fishburn and Green, 2002) daha da irəli gedərək indi istifadə etdiyimiz kompüterlərin tezliklə yox olacağını proqnozlaşdırmışdır. İndi daha tez-tez kompüterlər digər məhsullara birləşmiş formada olur. Mövcud qiymətləndirmələrə görə ABŞ sakinləri gündə 150 quraşdırılmış “ko­mpüter” sistemləri ilə əlaqədə olur (mobil telefonlar,  avto­yanacaq­dol­durma kolonkaları və pərakəndə ticarətdə uçotun kompü­ter­ləş­dirilmiş sistemi kimi məhsullarla). Bu sistemlərin payına istifadə edilən mikro­prossesorların 90%-i düşür. Anoloji qaydada yarımkeçiricilər sənayesi Assosiasiyası (bu informasiya da Fishburn və Green, 2002 işindən götürülüb) belə hesab edir ki, mikroçiplər istehsalı sahəsində ancaq 2001-ci ildə uşaqlar da daxil olmaqla Yer kürəsinin hər bir sakininə təxminən 60 milyon düsşəcək tranzistor istehsal edilmişdir. Bu göstəricinin 2010-cu ildə 1 milyarda qədər qalxacağı gözlənilir.
Kompüter mikrosxemləri istehsalı üsullarının dəyişməsi yəqin ki, hesab­lama maşınlarının gücünü arıtracaq və maya dəyərini daha da aşağı sala­caq. Ən yeni lazer texnologiyasının birbaşa təsirləri əridilmiş silisiumun ən kiçik komponentlərini belə çap etməyə imkan verir. Yəqin ki, bu, bir mik­rosxemdə olan tranzistorların sayını 100 dəfələrlə artmasına, həm də xərclərə əhəmiyyətli dərəcədə qənaətə imkan verəcək.
Firmalar öz məhsullarını qlobal bazara irəlilədərkən İnternet şəbə­kə­sin­dən istifadə etməklə zamanı və məsafəni həddən artıq ixtisara edirlər. Müasir dövrdə bu təmayülün göstəricilərindən biri əmtəə və xidmətlər bazarının millətlər arası seqmentlərinin təkcə sürətlə qidalanma, kitab və oyuncaq sahələrində deyil, həm də kompüter və avtomobil satışı sferalarında inkişaf et­məsidir. Omeyin (Ohmae, 1990) yazdığı “Sərhədsiz dünya” indi kiberməkanda da mövcuddur.
 

0 şərh