Milli kitabcıq müsabiqəsi

Azərbaycan absurdistan olmalıdır əslində.Bu ölkədə hər şey qəribədir. Elə ədəbiyyatı da.
Günlərin bir günü Əli və Nino adlı kitab mağazasının böyüyü Nigar Köçərli başına bir dəstə adam yığıb deyirlər ki,gəlin Milli Kitab müsabiqəsi keçirdək.Qalibə də pul mükafatı verək. Deməli Milli Kitab Mükafatına 265 əsər qəbul edilir. Ekspertlər (Yaşar, Etimad Başkeçid, Zahir Əzəmət, Mahir Qarayev, Muxtar Kazımoğlu) həmin əsərlərdən 10-nu seçərək münsiflərin ixtiyarına buraxmışdılar. Münsiflər heyətinə isə bu adamları dəvət etmişdilər:
Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Fətəliyev, Elçin Şıxlı, Rəşad Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Balaş Qasımov, Elnur Baimov, Hamlet İsaxanlı, Rəbiyyət Aslanova.
Özlərinə yaxşı sponsor da tapırlar. səsvermə müddətində baş-beynimizi xarab edirlər. Qəzet,televiziya,internet bu müsabiqə haqqında bar-bar bağırır. Kayzen.az saytından başqa hansı saytı açırdın müsabiqədən danışırdılar. Yaman günün ömrü az olur deyirlər.Axır ki müsabiqə başa çatır.Qaliblər elan olunur. 
Birinci yeri Elxan Qaraqanın “A” romanı(3000 manat), ikinci yeri Əjdər Olun portret hekayələri(2000 manat), üçüncü yeri Fəxri Uğurlunun “Tanrı dağları” hekayələr toplusu və Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” (hərəsi 500 manat) alır.

Bu Elxan Qaraqan məşhur HOST qrupunun üzvüdür.Özü də hərbi xidmətdə idi(təzəlikcə gəlib). təbii ki qaliblərin kitablarını özlərindən başqa heç kim oxumayıb. Amma maraqlı cəhət başqa şeydir. Mikrobloqda Türkel adlı istifadəçi xəbər verəndən sonra bildim ki,sən demə bu roman plagiatdır.Yaxşı ki Absurdistanda ağlı başında olan adamlar var.Onlardan biri olan Cavid Ramazon Azadlıq radiosunda açıb sandığı,töküb pambığı-http://www.azadliq.org/content/article/2093771.html

Qaraqanda günah görmürəm. 19 yaşlı,hərbi xidmətdə olan cavan uşaqdır.Günah münsiflərdədir. Cındo-münsiflərin xəvbəri olmayıb ki, dünyada David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” (“fight club”) filmi deyilən bir şey var.Yazıçıların Çak Panaik,kino mütəxəssisinin isə Бойцовский  клуб filmindən xəbəri olmayıb. Kitab müsabiqəsinin təşkilatçılarının fikri varmış ki kitabı ingilis dilinə tərcümə etsinlər. Təsəvvür edin ki,yazıq ingilis bu kitabı oxuyanda hansı hisslər keçirəcək.
Bu müsabiqənin yaraşığı olan Rəşad Məcid kimilər durduqca,"A" romanları,plagiat,düşüklük də olacaq.
Təklif edirəm ki sayt istifadəçiləri yeni kitablar nəşr etsin.Plagiat obyekti kimi Homerin "İliada",Şekspirin "Otello", Dostoyevskinin "Cinayət və Cəza" romanlarını tərcümə edib, adları milliləşdirək, milli toy səhnələri,qədim adət-ənənələri ilə zənginləşdirib kitab nəşr edək. Bestseller olacağına əminəm.
 

28 şərh

2ral
Qaraqan qanı qaraltdı:)
Türkəl
Utanmaz-utanmaz kitabın girişində «Həmişə mənimlə olan Taylerə həsr edirəm» yazıb. Söhbət original kitabın/filmin qəhrəmanlarından olan Tyler Durden'dən gedir. Kitabı oxumamışam amma filmi çox sevirəm. Bəlkə gələcəkdə ona resenziya post etdim.
Əliyev
Münsiflər heyətində Çingiz Abdullayev var.Səncə o cındo-münsifdir?
Hamlet İsaxanlı(Xəzər universitetinin rektoru) yaxud Rəbiyyət Aslanova(deputat) 3000 manata görə durub nəsə haqsızlıq edər? Münsiflərin hamısı səviyyəli adamlardır.Onlar tapışla yaxud pula görə kimisə qalib etməz.
Mən o kitabı oxumamışam.Amma 19 yaşında kitab yazmaq hər adamın işi deyil. Bəs sən nə etmisən?
r9perviz
Əslinə qalsa ədəbiyyatda xarici müəlliflərin əsərlərinə milli elementlər qataraq, onu yeni adla, yenidən nəşr etmək ənənəsi mövcuddu. Azərbaycan dilində, səhv etmirəmsə, buna «təbdil» deyilir.
Türkəl
Məncə bu zaman kitabın üstünə «dostum Taylerin əziz xatirəsinə» əvəzinə "Çak Palanikin «Döyüşçü Klubu» əsəri əsasında" yaza bilərdi. Bəlkə onun heç buna da haqqı çatmırdı, belə ki, ola bilər o kitabının heç üzünü görməyib, yalnız mənim kimi filmə baxmaqla kifayətlənib. Onda mən də keçən həftə haqqında yazdığım «12 Qəzəbli Kişi» filminin əsasında lap iki kitab yazım, amma bu məni yazıçı etməyəcək, o ki qaldı milli kitab müsabiqəsinin qalibi!
r9perviz
Mən müəllifi müdafiə eləmirəm e, amma ola bilsin ki kinoya baxandan sonra ağlına əsər yazmaq gəlib, o ideya əsasında, öz təsəvvürləri ilə bir əsər yazıb, bəlkə də, siz dediyiniz kimi, tamamilə kitabı plagiat edib. «Müəllif» özü bu haqda nə deyir? 

Türkəl
bir saat bundan qabaq azadliq radiosunda müsahibə verməliydi. yəqin sabah saytlarında müsahibə dərc ediləcək.
r9perviz
Görək «müəllif» nə deyir, əgər həqiqətən plagiatdısa, onda onu «topa qoyub atmaq» olar.
r9perviz

Dediyiniz kimi «A» romanı bu mükafata layiq deyildi, bəs 2-ci və 3-cü yerlərin sahibləri? Onlar layiqdilərmi?

Bilici

mizantrop, sən nikivi mizanmillətim kimi dəyişsən daha yaxşı olar


tənqid etmək kifayət deyil bacarırsan mübarizə et

Türkəl
mizanmillət sözünün mənası olmayacaq. belə ki, latın dilində misos nifrət, antropos insan deməkdir.
Bilici

millətinə nifrət edən də mizanmillət olur, çünki mizantrop adlı istifadəçi ancaq öz millətinin insanlarına nifrət edir


 

Türkəl
yox onu demək istəyirəm ki mizan — nifrət sözünü əvəz etmir, əksinə an — inkar şəkilçisidir, onda mis-an-millət, qeyri-millətə nifrət edən deməkdir.
Sufi

Azadlıq radiosunda bu yazını yazmış Cavid Ramazanovun özü nəsə yazıb?Yox


Cavid Ramazanov Azərbaycan gənclərinin ən sevimli qrupunda iştirak edib?Yox.


Cavid Ramazanov da Qaraqan kimi gəncləri nəyəsə səsləyib? Yox.


Cavid Ramazanov özü 19 yaşında nə edib? Heç nə.Mən heç onu tanımıram. Adını bugün gördüm.Amma Qaraqanı hamı tanıyır. Yəqin ki Cavid Elxanın hesabına populyarlaşmaq istəyib.

Türkəl
Yanlış məqntiqlə çıxış edirsiniz. Ramazanov iddia etmir ki, Qaraqan pis reperdir, pis yazıçıdır, və ya pis oğlandır. Deyir ki, əsər plagiat idi və bu əsərə bu cür mükafat düşmürdü. Hər gün ekranlara çıxmış filmələrə və nəşr olunmuş kitablara yüzlərlə tənqidçi rəy verir, həm pozitiv, həm də neqativ. Lakin bu o demək deyil ki, bu mütəxəssislər tənqid etməzdən əvvəl kino çəkməli və ya bədii əsər yazmalıdırlar.
Məqalədən görünür ki, Ramazanov bu sahələrdən məlumatlı adamdır və qarşıya faktlar qoyur. Onun əsas tənqid hədəfi Qaraqan yox, Milli Kitab Müsabiqəsidir.
kastanka
Buyurun bu daQaraqanın cavabı. Bu cavablardan sonra hələ də onun" istedad" olduğunu deyenler varsa daha mənim sözüm yoxdur..Əsl istedad təvazğkarlıqdır." Ağac bar verdikcə başını aşağı əyər" Nə olub bəyəm bi dənə kitab yazıb day bilmir neynəsin… Bu ölkədəki müsabiqələr hamı bilir ki, necə və hansı yollarla keçirilir və necə qalib olunur…
kerimovv

Bura Azərbaycandi dəə bəs necə olmalı idikiii hara gedirsən pul yada day-day birdəki caşıb getdiyin yerdə deyəsənki yerliyəm vay halına nəysə eyy əsərədəəə deməyə bir sözüm yoxdu cünki o əsəri oxumamışam

Leyla
Getdim «Ь» romanı yazmağa.
Magicboy
Çox təəssüf ki bu şəxs və onun əlyazması haqda burda xəbər tutdum… Hələ üstəik Azadlıqdakı səs yazısını yarıyadək dinlədim də… Bu Kayzenin mənə tanıtdığı ikinci «dahi» şəxsiyyətdi. Birincisi də Yetim Eyvaz idi :D Hə, yaddan çıxmamış bu gün bir də Vidadi Bərdəlini də tanıdım:))
Sufi
Bu məsələdə Elxanın günahı yoxdur. O gəncdir.Onun yaşında olanda çoxları nəinki kitab yazır,heç kitab oxumur da. Bu məsələdə günahkar münsiflərdir. Milli kitab müsabiqəsini yaradan Nigar Köçərli günahkardır. Facebookda eşələnəndə onun yazdığı statusu gördüm: Mənə «privetik!» yazanlar nədən düşünürlər?
Azərbaycan dilində normal danışa bilməyən adamın milli kitab müsabiqəsi keçirməsi kimi şey yalnız Azərbaycanda mümkündür.
HTML
Sizi privetikdən yazanlar yazıq dilimizə düşünüblər.
Westsider
-1. Rusca oxumuş(mən bilən) bir şəxsin Azərbaycan dilini öyrənməyə çalışması və üstəlik bir çox gəncdən fərqli olaraq heç olmasa «bele shekilde klaviaturani kechirtmeden» yox, normal hərflərlə yazması sevindirici haldır.
bankir
35 yaşında hələ də Azərbaycan dilini mükəmməl bilməyən kitab satışına baxan qadına haqq qazandıranlar olduğuna görə bu gündəyik.
tenqo
Azərbaycan dilini heç filoloqlarımız, jurnalistlərimiz mükəmməl bilir ki, kitab satışı ilə məşğul olan kimsə bilsin? Əgər insan öz ana dilini bilmirsə, vaxtında öyrənməyibsə, amma sonradan öyrənməyə cəhd edirsə, burada pis heç nə yoxdur. Amma kim ki bilmir və öyrənməyə belə cəhd etmir, onlara irad tutmaq lazımdır. Onun haqqında bu gün bildim və həqiqətdə dilini öyrənməyə çalışıb-çalışmadığını da bilmirəm heç. Amma öyrənmək istəyirsə, həqiqətən, onda pis hal deyil bu.
Westsider
Məncə Elxan Zeynalovun səhvi onda idi ki, o, bu kitabı yazmağa başlamazdan dərhal qabaq «Döyüş klubu» kinosuna baxıb. Misal üçün, hər hansısa gözəl mahnıya qulaq asandan sonra insan musiqi yazmaq istəsə, bir çox motivlər həmin mahnıya oxşayacaq. Bu da onu kimi.

Amma başa düşməyib ki, plagiarizm deyilən şey var. Əgər mətnin 30%-i(təxminən) üst-üstə düşürsə, bu plagiat sayılır. Bunu yazmaqdansa, yaxşısı Elxan götürüb Palanikın kitabını tərcümə edərdi=)
E1000

Elxan yaxşı oğlandır.Onun etdiyinin yüzdə birini bizim gənclər etməyib.HOST qrupunu hamı tanıyır.
mizantrop,bütün yazıların maraqlıdır,amma bu yazındə şəxsi-qərəzlik var elə bil.Yəqin sənə mükafat verməyiblər.Eybi yox,bu dəfə Elxan alar,gələn dəfə başqası(bəlkə də sən)

ARİF

www.azadliq.org/content/article/2112536.html


Bir de görüm A!


28.07.2010
Ədəbi tənqidçi Əsəd Cahangir Milli Kitab Müsabiqəsinin qalibi olmuş Elxan Qaraqanın «A» romanı ilə bağlı Azadlıq Radiosunun «Oxu zalı»nda gedən diskussiyaya qoşulur.

BİR DE GÖRÜM A!

Elxan Qaraqanın “A” romanı Milli Kitab Müsabiqəsində birincilik qazanmaqla böyük mübahisələrə səbəb oldu.

Bəziləri bunu qanuni nəticə, bəziləri isə ədalətsizlik kimi dəyərləndirdi.

Məncə, Elxanın romanını bəyənməyənlər çağdaş dünya ədəbi-bədii prosesi, xüsusən də nəsrin ən son nailiyyətlərindən sadəcə xəbərsiz olmaları, yaxud ən adi filoloji terminləri belə dəqiq anlamadıqlarını göstərdilər.

Roman haqqında fikirlərimizə keçməzdən öncə, E.Qaraqana qarşı irəli sürülən ittihamlara ötəri də olsa, nəzər salaq.

Əvvəla, plagiat məsələsi barədə.

Bəziləri romanın məşhur portuqal yazıçısı Paolo Koelyonun “Portobelli cadugər” romanı, bəziləri isə Çak Palanikin “Döyüş klubu” romanı, yaxud da kinossenarist Cim Ulsun roman əsasındakı ssenarisi üzrə rejissor Devid Finçerin eyni adlı filmindən plagiat olduğunu sərgilədilər.

Bir müəllifin digərinə münasibətinin sözügedən konuda üç dərəcəsi var: plagiat, təqlid, yaradıcı təsirlənmə.

Məncə, “A” romanı ilə “Portobelli cadugər” arasında sözün ciddi mənasında bunların heç biri yoxdur.

Sadəcə olaraq, portuqal yazıçısının qəhrəmanı Afina xanım doğrudan da qaraçı əsillidir. Anası onu qeyri-qaraçı bir oğlandan dünyaya gətirib və atmaq zorunda qalıb.

“A”nın qəhrəmanının da qaraçı əsilli olduğu zənn olunur. Amma bu, onun mənşəyi, şəxsiyyəti haqqında çoxsaylı versiyalardan sadəcə biridir.

Birinci romanın qəhrəmanı cadugərdir, ikincisinin isə cadugər olduğu zənn olunur. Amma bu da onun haqqındakı çoxsaylı zənlər, gümanlardan sadəcə biridir.

Bununla da iki roman arasındakı münasibətlər bitir. Və burda nəinki plagiat, heç təqliddən də danışmaq çətindir.

Uzaq başı zəif təsirlənmə ola bilər, özü də ayrı-ayrı faktlar səviyyəsində.

Çak Palanikin “Döyüş kliubu” romanına gəlincə isə, Dərviş Məstəli şahın diliylə desək, bu hekayət xeyli deraz əst, yəni bu xeyli uzun hekayədir. Çakın romanı ilə “A” arasında müqayisəolunmaz dərəcədə ciddi paralellər aparmaq olar. Nədir bunlar?

— hər iki roman alternativ nəsr nümunəsidir;

— hər iki roman klassik nəsr ənənələrinə etinasızlığın ifadəsi olan yüngül, çaparaq üslubda, vulqarizmlərlə zəngin dildə yazılıb;

— hər iki romanın qəhrəmanında ikiləşmə baş verir:

“Döyüş klubu”nun qəhrəmanı özünü Tayler adlı bir nəfərlə əlaqələndirir: “A”nın qəhrəmanı Anar isə A ilə: finala doğru məlum olur ki, Tayler “Döyüş” klubunun qəhrəmanının, A isə Anarın alter eqosu, gizli, daxili mənidir; yeri gəlmişkən müxtəlif xalqların simvolik ədəbiyyatında çox zəngin anlamlara malik A hərfinin ən geniş yayılmış mənalarından biri də onun insanın ruhu, daxili məni, eqosunu bildirməsidir;

Elxan Qaraqan Azadlıq Radiosunun Bakı studiyasında. 12 iyul 2010
— hər iki romanın ideyası da oxşardır: dünyanı dağıtmaq və yenidən, daha ədalətlə qurmaq;

indiyə qədər formalaşmış, daşlaşmış, stereotipləşmiş düşüncəyə qədər kontrkultura mövqeyindən çıxış etmək; odur ki, hər iki romanın qəhrəmanları üçün nitsşeçi-anarxist ruh səciyyəvidir.

Bu məqsədi həyata keçirmək üçün Palanikin qəhrəmanları “Döyüş klubu”, Elxanın qəhrəmanları isə “Episentr” yaradırlar və s.

— hər iki romanın sonunda qəhrəmanların yeni dünya qurmaq illüziyaları alt-üst olur: “Döyüş klubu”nun qəhrəmanı ölür, “A”nın qəhrəmanına isə məlum olur ki, bütün bunlar sadəcə bir qallüsinasiya imiş.

Amma bütün bunlar doğrudanmı, “A” müəllifinin Çak Palanikdən plagiat etdiyini göstərir. Məncə, yox! Sadəcə, olaraq plagiat anlayışına münasibəti dəqiqləşdirmək lazımdır.

Bunun üçün ədəbiyyatşünaslıq terminləri lüğətinə baxmaq kifayət edər.

Başqasının mətnini oğurlayıb öz adına dərc etdirmək! Məsələn, F.Bodenştet M.Ş.Vazehin şeirlərini Almaniyaya aparıb öz adına dərc etdirdiyi kimi.

Bu baxımdan E.Qaraqanın Ç. Palanikdən plagiat elədiyini demək, ən azı nadanlıqdır.

Burda ancaq təqlid və təsirdən danışmaq olar.

Bu da elə bir dəhşətli hadisə deyil.

M.Cəlal “Dirilən adam”ı yazanda O.Balzakın “Polkovnik Şaber”indən, İ.Əfəndiyev “Dağlar arxasında üç dost”u yazanda E.M.Remarkın “Karl və üç dost”undan, İ.Şıxlı “Dəli Kür”ü yazanda M.Şoloxovun “Sakit Don”undan, Y.Səmədoğlu “Qətl günü”nü yazanda” M. Bulqakovun “Ustad və Marqarita”sından, Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazanda Q.Floberin “Madam Bovari”sindən, M.Süleymanlı “Köç”ü yazanda Q.Q.Markesin “Yüz ilin tənhalığı”ndan, A.Məsud “Azadlıq”ı yazanda Q.Q.Markesin “Patriarxın payızı”ndan, Ə.Əmirli “Köhnə ev”i yazanda A.P.Çexovun “Albalı bağı”ndan təsirləndiyi kimi… Misalların sayını istənilən qədər artırmaq da olar.

Amma yuxarıda göstərilən nümunələr də fikrimizin təsdiqi üçün artıqlaması ilə kifayət edir.

Əgər bu qədər adlı-sanlı, yaşlı-başlı yazıçılar belə dünya ədəbiyyatının bu və digər nümayəndələrindən təsirlənirsə, onda nə üçün ədəbiyyatda hələ ilk addımlarını atan on doqquz yaşlı bir gənci hansısa yazıçıdan təsirlənməkdə ittiham edək, bunu onun ayağına ədəbi oğurluq kimi yazaq?!

Bəli, ən ümumi süjet və ideya, obrazlar, stilistika, emosional və sadə təhkiyə üslubu baxımından “A” ilə “Döyüş klubu” arasında danılmaz oxşarlıq və paralellər var. Amma sadəcə parallellik və oxşarlıq, daha eyniyyət yox.

Çünki Elxan Amerika yox, Azərbaycan həyatından yazıb.

Üstəlik o, yaşının azlığına baxmayaraq diqqətimizi dünya bədii nəsrinin ən son nailiyyətlərinə cəlb edir, nəsr təfəkkürümüzün gələcək inkişafına öz töhvəsini verir və buna görə hətta onu alqışlamaq olar.

“525-ci qəzet”də bu günlərdə işıq üzü görəcək yazımda “A” romanı ilə bağlı fikirlərimi geniş ifadə edəcəyimdən indi roman barədə ən qısa mülahizələrlə kifayətlənmək fikrindəyəm.

Bu roman son illər dünya nəsrində getdikcə daha geniş yayılmağa başlayan, Duqlas, Stoqaff, Palanik və s. kimi dünya çapında tanınmış nümayəndələri olan kontrkultura və alternativ nəsr xəttinin miili bədii nəsrdə ilk təzahür cəhdidir.

Alternativ nəsrin postmodernizmə oxşar cəhətləri var (dekonstruktivizm, ironiya, avtoritetlərə qarşı qiyam və s.).

Bəzi tənqidçiləri öz “dahiyanə” şərhlərində “A”nı postmodernist roman sayması da bu oxşarlıqlardan irəli gəlir.

Alternativ nəsr nəinki postmodernizmlə üst-üstə düşmür, hətta bəzi məsələlərdə (xüsusən də postmodernizmə məxsus cansıxıcı intellektualizm məsələsində) ona qarşı çıxır.

Bu xəttin təmsilçilərinin həddən artıq sadə, axıcı üslubda yazmalarının səbəbi də budur.

Mən indi romanın məzmununu təkrar etmək fikrində deyiləm.

Sadəcə, bunu demək kifayətdir ki, həyatdan, sosial ədalətsizlikdən narazı bir dəstə gənc gizli HOST adlı inqilabi dərnək yaradaraq yaşlarına uyğun bir sadəlövhlük və çılğınlıqla fəlaiyyətə başlayırlar: əxlaqsız qadınların sifətinə “A” hərfini damğalayır, rüşvətxor müəllimləri liftdə tutub döyürlər və s.

Yeni ədalətli cəmiyyət uğrunda mübarizə proqramı getdikcə genişlənərək siyasi quruluşa qarşı açıq çıxış həddinə qədər gəlib çatır...

Finala yaxın məlum olur ki, bütün bu inqilab olayları MTN-nin rəhbərliyi və göstərişi ilə həyata keçirilən oyun imiş.

Lakin məsələ bununla bitmir.

Final bütün bunların psixuşkada yatan paranoik bir gəncin qallüsinasiyaları olduğunu ortaya qoyur. (Əlbəttə, belə final gənc müəllifin konspirasiya, özünü sığortalamaq məqsədindən də irəli gələ bilər).

Odur ki, finalın guya zəif olmasına dair “tənqidçilərin” fikirləri də özünü doğrultmur. Çünki finalda bir-birinin ardınca şok effekti doğuran iki gözlənilməz dəyişiklik baş verir.

Roman maraqla, birnəfəsə oxunur, yaşının azlığına baxmayaraq müəllifin ən müxtəlif elm sahələrinə (tarix, ədəbiyyat, sosiologiya, ezoterik simvolika, fəlsəfə, dinlər tarixi və s.) bilgiləri xüsusi razılıq doğurur.

Romanla bağlı əsas irad ondan ibarət ola bilər ki, Elxan bütün bu olayları göstərməkdən daha çox danışır.

Yəni olaylar sanki diktor mətni ilə nəql olunur. Biz isə radio yox, artıq yarım əsrdir ki. televiziya erasında yaşayırıq.

Burda Folkner, ya Heminqueyəmi məxsus olduğunu dəqiq xatırlaya bilmədiyim bir fikri vurğulamaq yerinə düşərdi.

Yazıçı fikirlərini deməməli, yazmalı, göstərməlidir. Onun demək istədiyi qənaətləri isə oxucu mətndə göstərilənlərin bilavasitə özündən hasil etməlidir.

Elxan düşünmək, nəsə tapmaq üçün oxucuya şans qoymur. Məsələn, Elxandan fərqli olaraq, Palanik deməkdən daha çox, göstərmə yolu ilə gedir.

Amma nəzərə alsaq ki, “A” vur-tut on doqquz yaşlı gəncin kompyuterindən çıxıb, bunu tamamilə təbii qarşılamaq lazımdır.

Bizim ondan Dostoyevski, Kafka qələmi tələb etməyə haqqımız yoxdur.

Amma Elxanın bu yaxınlarda işıq üzü görən “Bir milyon dollarım olsaydı” romanı göstərir ki, gənc müəllif xeyli irəliləmiş, püxtələşmişdir.

Əgər hər növbəti romanda bu qədər irəliləyiş olsa, düşünməyə əsas var ki, yaxın beş ildə Azərbaycan nəsri Elxanın timsalında özünün ən maraqlı imzalarından birinə sahib olacaq.

“A”nın müəllifini qələbə münasibətilə təbrik edir, öna öz nəsr əlifbasının B, C, və s. hərflərini də yaratmaqda uğurlar diləyirəm, ta ki, Z-yə qədər.

İnanmaq istəyirəm ki, bunlar həm də yeni Azərbaycan nəsrinin əlifbası olacaq.