Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Sergey Prokofyev

Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlə-ini şok vəziyyətinə salsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır.
Davamı →

"Qüdrətli dəstə"

1855-ci ildə Nijni Novqoroddan Miliy Balakirev (1837 — 1910) adlı gənc bir bəstəkar və pianoçu Peterburqa gəlir. Cəmi 18 yaşında olan bu istedadlı musiqiçinin sənətində və şəxsiyyətində sanki qeyri-adi bir cazibə qüvvəsi varmış. Çox keçmir ki, musiqi ilə ciddi məşğul olan bir neçə gənc -Preobrajen polkunun zabiti Modest Musorqski (1839 — 81), Dənizçilər Korpusunun tələbəsi Nikolay Rimski-Korsakov (1844 — 1908), kimyaçı-professor Aleksandr Borodin (1833 — 87), hərbi mühəndis Sezar Kui (1835 — 1918) Balakirevin başına toplaşır və onun rəhbərliyi altında rus musiqisində yeni yollar aramaq niyyətinə düşürlər. Qısa bir müddətdən sonra musiqi adi məşğuliyyətdən, əyləncədən onların həyatlarının mənasına çevrilir.
Davamı →

Sergey Raxmaninov

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov(1873 — 1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir.


Ardı →

İtalyan musiqisinin "Antonioni"si

Uliyam Folkner özündə mədəniyyətləri təsnifləşdirərkən İtalyan mədəniyyətini “Bütün insani hisslərin mədəniyyəti” adlandırmışdı. Maraqlı yanaşmadır, məncə. Hələ o vaxt bu cümlənin məna yükünü başa düşməmişdim, ta ki İtalyan filmləri və musiqiləri ilə yaxından tanış olana kimi. Yəni Fellininin, Antonioninin, Pavarottinin, Andrea Boçellinin sehrinə düşüb, yaxşı mənada onlarla xəstələnənə qədər.

Təbii ki bir xalqın mədəniyyəti bununla məhdudlaşmır, əgər geniş mənada mədəniyyət deyiriksə bura rəssamlıq, ədəbiyyat da daxildir, amma mən italyanların daha çox filmləri və musiqiləri ilə tanışam.

Mənə görə Fellinini sevmək həm də Pavarottini sevməkdir, Antonionini sevmək elə Boçellini sevməkdir. Bu sənətçilərin nəsə mistik bağlılığı var, məsələn Pavarotti musiqidə Fellini kimidir, xəbərin olmadan (musiqinin romantikasında itib-batanda) səni qaldırıb yerə vura bilər, amma Antonioni belə deyil, Boçelli kimi həlimdir, qətiyyən səni incitməz, nə də səni xəlvəti zərbə ilə nokauta salmaz.

İndi mən sizə nə Fellinidən, nə Pavarottidən nə də Antonionidən danışacam. İtalyan mədəniyyətinin dünyaca tanınmış siması, məni əzəmətli səs tembri ilə heyrətləndirən Andrea Boçellidən danışmaq istəyirəm. Həm də ona görə Boçelli mənə maraqlıdır ki, o fiziki qüsurlu sənətçidir — gözləri görmür. Amma ürəyi onun hər şeyi deməkdir, o ürəklə nə şedevrlər yaratmayıb ki…
Davamı →

Edit Piafdan sitatlar

Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır.

Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram.

Mən hər gecə azı 500 dəfə sevgidən ölürəm.

Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur.

Artistlə publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır.

Sevgi yoxa çıxanda onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin yerdə saxlanılası ərzaq deyil.

Sevgi yanğından sığortalanmır.

Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram.

Həyat ən yaxşı özünü öldürmə vasitəsidir.

Mən istəyirəm ki, «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də «o bağışlanacaq, çünki o sevirdi» desinlər.


Ardı →

Cabbar Qaryağdıoğlu

Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 31.03.1861, Şuşa — 20.04.1944, Bakı) — xanəndə. 

Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır.

Rus şairi S.Yesenin onu "Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır.

Qarabağ,Gəncə,Şirvan,Bakı məclislərində çox məhşur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdır. Cabbar Qaryağdıoğlu musiqi taxrixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olmuşdur. O, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş və öz coğrafiyasının böyük musiqiçiləri ilə bir məclisdə çıxışlar etmişdir.

Cabbar Şuşada Mirzə Sadıq Əsəd oğlunun sazandalar dəstəsi ilə, 1900-1905 ci illərdə Bakıda tarzən Mirzə Fərəc və kamançaçı Məşədi Qulu ilə çıxış etmişdir. 1905-ci ildə Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvilidən ibarət trio qurmuşdu. Bu trio 20 ildən artıq birlikdə fəaliyyət göstərmişlər.1906-1912-ci illər ərzində «Sport-rekord”, Ekstrafon” və „Qrammafon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava şəhərlərində Cabbar Qaryağdıoğlunun səsi qramafon valına yazılmışdır.
Ardı →

Səid Rüstəmov

Səid RustəmovAzərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov (12 may 1907 — 10 iyun 1983) Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.

Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.
Ardı →

Vasif Adıgözəlov

Vasif AdıgozəlovGörkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» və «İstiqlal» ordenli, professor Vasif Adıgözəlovun (28 iyul 1935 — 15 sentyabr 2006)  yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Çexoslovakiya, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

 Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakı şəhərində, görkəmli xanəndə, Azərbaycan muğamlarının mahir bilicisi və təfsirçisi Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini o, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbində fortepiano və uşaq yaradıcılığı siniflərində almışdır.
Ardı →

Əmirov Fikrət

Azərbaycan musiqisində simfonik muğam janrının banisi, instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarı Fikrət Əmirov dövrünün məşhur sənətkarlarından biri idi. Onun musiqisi ötən əsrin sənət zirvələrini fəth edərək bu unudulmaz və görkəmli bəstəkara dünya şöhrəti gətirmişdi. Fikrət Əmirov hələ 1967-ci ildə yazırdı: "Üzeyir Hacıbəyov mənim sənət müəllimim olub. Milli musiqimizin incəliklərini mən ondan öyrənməyə çalışmışam. Yaxın və Orta Şərq professional musiqisi üçün Üzeyir Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək".
Davamı →

Dahi bəstəkar Üzeyir Hacıbəyov

Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli musiqi sahəsindəki xidmətləri ilə yanaşı, qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan musiqisinin inkişafı üçün bir tərəfdən gözəl əsərlər — operalar, operettalar yaradırdı, romans, kantata, müxtəlif simfonik əsərlər, mahnılar bəstələyirdi, digər tərəfdən isə ölkəmizdə musiqi təhsilinin təşkili üçün gənc kadrların yetişməsinə çalışır, bu sahədə müxtəlif kollektivlərin formalaşmasına can atırdı. Bu səbəbdən də görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi kimi geniş şöhrət qazanan Üzeyir Hacıbəyli, eyni zamanda görkəmli ədib, böyük jurnalist idi.
Davamı →