Toğrul Nərimanbəyov

Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, monumentalist və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox kənarda da tanınır və sevilir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı həm vətənimizdə, həm də bütün dünyada böyük şöhrət qazanmışdır. T.Nərimanbəyovun bədii monumental rəngkarlığı
Təsviri sənət qalereyası
Toğrul Nərimanbəyovun bir çox əsərləri Şərq əfsanə və nağıllarının motivləri əsasında yaradılıb. Rəssamın Azərbaycan Dövlət Kukla Teatrının foyesini bəzəyən “Nağıllar aləmində” adlı monumental əsərində sanki hər şeyin xoş sonluqla bitdiyi canlı bir aləm yaşanır.
Rəssam monumental divar rəngkarlığına üz tutmasını kətanın onun fantaziyasına darısqallıq etdiyini duyması ilə izah edirdi. O, dəfələrlə divar rəngkarlığına müraciət edərək unikal sənət nümunələri yaradıb.
Toğrul Nərimanbəyov divar rəngkarlığının daha məsuliyyətli olduğunu söyləyirdi: “Kətan üzərində çəkilən əsərlər elədir ki, xoşuna gəlməyən yeri olanda əl gəzdirib düzəliş edə bilərsən. Heç ürəyinə yatmayanda gizlədib üzə çıxarmırsan… Amma divara çəkilmiş əsər divara köçdü, qurtardı. Daha onu nə düzəldə, nə də məhv edə bilərsən. O, necə var, eləcə — bütün qüsurları, kəm-kəsirləri ilə birlikdə həmişəlik qalmalıdır”.
T.Nərimanbəyov bir çox teatr tamaşalarının və bayram təntənələrinin, dekorativ səhnə tərtibatının müəllifi kimi də məşhurdur.
 
Şərq miniatür sənətinin cazibədar ahəngi, Qərbə məxsus barokko üslubunun təmtəraq və qotika memarlığının sərtliyi, Delakrua sənətinə xas olan romantik gözəllik, Cotto əsərlərindən süzülüb gələn səmimiyyət, Rembrandtdakı tragik vüsət, Sezandakı rəssam fikrinin ifadə dəqiqliyi onu valeh edirdi. Toğrul Nərimanbəyov Van Qoqu həmişə özünə ruhən yaxın sənətkar hesab edirdi.
Rəssamın yaradıcılığı Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini, məişət tərzini özündə qabarıq əks etdirməklə çox qiymətlidir. Onun tablolarında gah İçərişəhərin qədim, dar və sirli küçələrini, bənzərsiz memarlığı, gah da Xəzərin şahə qalxan dalğalarını, Azərbaycanın, digər ölkə və şəhərlərin füsunkar mənzərələrini görmək olar. O, narı elə böyük məhəbbətlə çəkərək təqdim edirdi ki, bu yumruq boyda meyvənin timsalında vətəni göstərə bilirdi.
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. O, klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.
Görkəmli rəssamın Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Toğrul Nərimanbəyov öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermişdir.


Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmmədova
Mənbə: Təsviri İncəsənət 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
 

0 şərh