Sakit Məmmədov

Azərbaycan incəsənətinin dünyada təbliğində böyük xidmətləri olmuş istedadlı rəssamlarımızdan biri də Sakit Məmmədovdur.
O hələ məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirmişdi. Rəssam gənc yaşlarından öz dəstxəti və üslubunun yaranmasına can atırdı. Onun tələbəlik işləri dəfələrlə sərgilərdə nümayiş etdirilmiş, böyük uğurla qarşılanmışdı. Sakit Məmmədov rəngkarlıq əsərlərini onların bütün detal və incəliklərini — rəng, ton, forma, üslub və cərəyanları öyrənərək yaradırdı. Zaman keçdikcə o, şux kolorit və qüsursuz kompozisiyanın hakim olduğu öz dəstxətini dəqiqləşdirdi. O, ətraf mühiti tükənməz rəng zənginliyi ilə görən rəngkardır.Sakit Məmmədov Küsmüş mələk əsəri
Onun istedadının formalaşmasına müxtəlif dövrlərin rəssamları təsir göstərmişdir. Sakit Məmmədov Şərqin dərin fəlsəfi düşüncəsini və təmtəraqlı şux boyalarını rəngkarlığa gətirdi. Rəssamın uğurunun səbəblərindən biri də onun yaradıcılığında müasir və klassik üslubun sintezini yarada bilməsidir.
Rəssamın hər bir əsəri həm də müəmma və xəfifliyi ilə fərqlənir. Sakit Məmmədovun istedadı məhz portretlərdə daha dolğun ifadə olunur.
Onun portretlərində simalar sanki zamanın axarından qoparaq əbədiyyət üçün həkk edilib.
O, portretləri insan qəlbinə dərindən nüfuz edərək çəkir və bu, rəssamın əsl istedadının əsas fərqli xüsusiyyətidir. Lakin rəssamın yaradıcılığının ana xəttini qadın portretləri təşkil edir. S.Məmmədov zərifliyi, saflığı, nəcib ləyaqəti və ruhun gözəlliyini çatdıran xeyli sayda qadın simasını kətan üzərində canlandırıb.
İncə zövq və ölçü hissi rəssamın bayağılıq hüdudunu keçməyə qoymur, onun hər mənzərəsi, əsasən, təbiət gözəlliyinin doğurduğu ovqat kimi baxılır. Rəssamın palitrası daha çox ilıq noxudu rənglə dolğun mavinin çalarlarından, zeytun yaşılı və tünd-qəhvəyi rənglərdən ibarətdir. Məkana bütövlük bəxş etməsi əsərlərinə dərinlik və xüsusi ifadəlilik bəxş edərək təbiətin əsrarəngiz gözəlliyini və möhtəşəmliyini duymağa imkan verir.
Sakit Məmmədov — Azərbaycanda ilk dəfə əsasını qoyduğu opalizm məktəbinin yaradıcısıdır. Opalizm — əsərin təsvir üslubudur. Opal daşı — zərgərlik sənətində geniş istifadə edilən mineraldır. Sakit Məmmədovun əsərləri də hər bir opal daşının rəngarəngliyi və parıltısı kimi bir-birinə bənzəmir.
Rəssamın əsərlərindəki parlaq qırmızı, əlvan göy, mavi, sarı kimi dolğun rənglər onun tamaşaçısını valeh edir. Ən maraqlısı isə odur ki, bu rənglər sanki bir-biri ilə qarışır və eyni anda parlayır.
Sakit Məmmədov bir çox janrlarda eyni uğurla işləyən müasir rəssamlardandır. Rəssamın işlərinin əsas hissəsi onun şəxsi qalereyasında saxlanılır. Onun əsərləri Rusiya, Qərbi Avropa və ABŞ-da əksər muzey və şəxsi qalereyaları bəzəyir.


Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK
 

0 şərh