Yalançı hüzur

Xaosla kosmos arasındakı məsafə demək olar ki, mövcud deyil. Bu məsafə həm də fərq və müqayisə anlamına gəlməkdədir. Kainat həqiqətən də bir simulyasiyadan ibarətdirsə, o zaman bütün keyfiyyət və kəmiyyət göstəricilərinin bir müəllifi var — o da insan düşüncəsidir. Fərdilik o qədər mühüm, o qədər qaçılmaz bir gerçəklikdir ki, konkret olaraq, xaosla kosmosun nə demək olduğunu sadəcə anlamaq mümkün deyil. Fərdi düşüncə toplumsal zorakılığa yol açdığı zaman keyfiyyət və kəmiyyət göstəriciləri ortaya çıxır. Halbuki, yaradılış qanunsuzluqdan qanuna deyil, qanundan qanunsuzluğa doğru istiqamətlənmişdir — əgər yaradılış deyə bir şeyin mövcudluğuna inansaq.
Dağıtmaq istəyənlərlə qurmaq istəyənlərin arasında potensial fərq yoxdur. Hər ikisi fərdi düşüncəni toplumsal düşüncəyə çevirmək məqsədini güdür. Hər ikisi üstünlük və seçilmişlik iddiasındadırlar. Lakin onları birləşdirən əsas amil hər ikisinin kosmos yaratmaq niyyətidir. Halbuki, ortada olan xaosdan başqa bir şey deyil. Yenidən qurmaq istəyən müharibələr də, dinc quruculuğa meylli formasiyalar da ancaq və ancaq dağıtmaqla məşğuldur. Hər ikisi yaşatmaq üçün öldürür. Həyat qurmaq anlayışı bütün qatilləri günahsız edir. Arzu edilən kosmos hər cür xaosu məsuma çevirir.
Yalançı hüzur
Gedişat isə, tamamilə başqa bir həqiqəti diqtə edir; ya dini düşüncənin «qiyamət» dediyi gün hər an, hər saniyə yaxınlaşır, ya da düzənsizliyin sonu yoxdur. Üçüncü və ən xaotik versiya isə, düzənsizliyin özünün bir düzən olmasıdır. Bu da qəribə və bir qədər də gülməlidir. Ancaq buna rəğmən, deyəsən həqiqət deyilən şey xaos dediyimiz düzənsizliyin həqiqətən gələcək zaman şərtiliyidir. Yəni, sabah hər zaman var və mütləq xaos onunla bərabər yenidən və bir addım irəlidə doğulur.

Fəqət simulyasiya bir gerçəklikdirsə, o zaman həmin bu zaman dediyimiz məfhumun bir anlamı qalmır. Milyonçu təriqətlər aşkarda yarandıqdan sonra gizlinə çəkiliblər. Çünki, onların doğuluşunda da bir məsumiyyət var. Belə ki, insan ağlı cəhaləti qəbul etməmklə bərabər, varlığın büsbütün ağılla dərk oluna bilməyəcəyini də bilmişdir. Daşyonanların, aydınlanmışların hamısı gələcək batində şübhə dolu məxfiliyə sahib olsalar da, keçmiş zahirdə sadəlövh xilaskarlıq dolu aşkarlığa sahibdirlər. Bütün iddiaçılar kimi onlar da Dünyanı xilas etmək məsumluğuyla işə başlayıb, Dünya müharibələriylə bu işi bitirdilər. Halbuki, simulyativ sferada bir insanın ölümü bütöv bir Dünyanın ölümü deməkdir. Kimi yaşatmaq üçün kimi öldürmək lazım olduğunu hansı təriqətdə, hansı məktəbdə təlim edirlər — bu da hələlik məlum deyil. Elmi üsullarla dini düşüncəni zorla bir araya gətirib, üstəlik onu bir məktəbə çevirmək günümüzün ən yayqın sosial texnologiyalarından biridir. Həqiqət isə, iddia və yaxud da ideologiya deyil. Həqiqət keçmişin əzəmətli xatirəsi və yaxud da gələcəyin arzuedilən xoşbəxtliyi də deyil. Həqiqət bu anın, bu günün göz önündə bulunanlarıdır. Yəni varlıq özü-özünü yönləndirir, özü özünü öz idarəçilik mexanizminə tabe etdirə bilir. İdeologiya isə, heyvan təlimçiliyinə bənzəyir. Kulisdə ikən qamçılardan qorxan atlar, zəncirdə ikən ayağının altı yanan ayılar səhnədə azadlığa çıxan zaman neçə rəqs edirlərsə, ideologiyalar, dövlətlər, dinlər də insanlığı o cür oynadır. Güc sahibləri insanlığa rol biçir, onlara məhz səhnədəykən azadlıq verir. Hər kəs həm fərd olaraq, həm toplum halında məlum ssenariləri oynamaqla məşğuldur. Halbuki, yaradılışın təbiəti zora və gərginliyə tamamilə ziddir. Əsrlər öncəsindən iş o yerə çatıb ki, insan təbiətinin özü qeyri-təbii yollarla «bərpa edilir». Ya da ki, daha doğru desək, buna cəhd edilir. Nəticədə isə, bütün cəhdlər uğursuz olur. Çünki, gedişatdakı ən böyük yanlışlıq qayıdışdır, dönüşdür. Qayıdış yalnız keçmişə ola bilər ki, bu da termodinamikanın ikinci qanununa əsasən, mümkün deyil. Keçmişi gələcəyə daşımaq istəyənlər uşaqların, yarpaqların, quşların böyüməsindən xəbərsizdirlər deyəsən...
 
Heç bir ağac kiçilmir, yalnız böyüyür. Heç bir insan cavanlaşmır, yalnız qocalır. Ancaq bu necə simulyasiyadırsa, bütün gözəlliklər sanki keçmişdə qalır. İnsanlardakı keçmiş həsrəti bitmir ki, bitmir… Tibetdəki rahiblərin hüzurlu oturuşu məndə gülüş doğurur. Beş-on nəfər müridin iştirakıyla oynanılan bu tamaşaya nə ehtiyac var?! Kosmosu milyonların əlindən qurtarıb dağın başına qaldırmaq, onu orada kiçik bir qəsəbəyə, kəndə çevirmək sizcə də gülməli deyilmi?! Əlbəttə, bir insanın ölümü bir Dünyanın ölümü olduğu kimi, bir insanın xilası da bir Dünyanın xilası deməkdir! Mən buna inanıram. Ən azından ona görə ki, simulyativ düşüncə bunu diqtə edir. Ancaq həm də inanmıram. Əvvəla ona görə ki, bəlkə elə doğrudan da heç nə gerçək deyil? Hər şey bir simulyasiyadan ibarətdir? İkincisi isə, o xilas olmuşların həqiqətən xilas olduğu fikri çox şübhəlidir. Çünki, bu aləmdə yaradılışdan güclü heç nə yoxdur. Kodlanmış xilqəti müsbət yöndə dəyişdirmək mümkün deyil! Onu ancaq dağıtmaq və pozmaq olar. Dağ başındakılar isə, iddia edir ki, biz pozulmuş xilqəti yenidən bərpa edirik. Bu mümkündürmü? Mənim bu qurtuluşa inanım çoxdan sarsılıb! Ən azından ona görə ki, hər hansı bir bərpa prosesi yer altından tapılmış incəsənət əsərləri üzərində mümkündür, yaradılış üzərində deyil. Üstəlik «bərpa» sözünün özü keçmiş zaman şərtiliyi daxilindədir. Hətta Da Vinçi freskasını bərpa etmək istəyənlər belə, şou yapmasalar da bir neçə faiz cüzi nəticəyə, özü də çox zaman uğursuz nəticəyə nail olurlar. Pozulmuş bir qrafada Da Vinçinin həqiqətən də hansı rənglərdən, hansı texnologiyalardan istifadə edə biləcəyini bəzən təxmin belə etməyin mümkün olmadığı bir dünyada bu qədər inandıqları Xaliqin əsl xilqəti nədən, necə yoğurduğunu bunlar hardan, hansı üsulla bilə bilərlər?!
Bizə görə isə, insan həqiqətən də Tanrıdır. Lakin bərpa olunan bir tanrı deyil, yaşayan, hərəkət edən və deməli, dəyişən bir Tanrıdır.
 
Bununla belə, hər kəsin tanrısı özünə bənzəyir. Birininki tacir, o birininki məsum və gözəl üzlü, digərininki isə, özü kimi hərəkətsiz və heykəl bir tanrı! Hamısı da iddialı və ideyalı! Bir dənə «tanrı» görmədim ki, öz yaratdığını dəyişdirməyə çalışmasın! Bu, necə məntiqdir! Əgər yaradılış belə olmayacaqdısa, niyə belə yaradırdı?! Özü də bu iddiaları qaldıranlar onu tanrı adına etməsələr, daha məntiqli olardı. Həqiqət isə budur ki, bu iddia və ideyaların arxasında bir zərrə də olsun Tanrı və Onun iştirakı yoxdur (əgər bir az diqqət etsəniz görərsiniz ki, yazı müəllifi olaraq mən bizi yaradan «Tanrı”nı böyük hərflərlə, bizim yaratdığımız „tanr”ını isə, kiçik hərflərlə yazıram. Əmir Xanı da sağ olsun, iki tanrı haqqındakı sonuncu ifadəni isə, onun filmindən almışam. O da birilərindən alıbsa, onlar da sağ olsun).
Əyilən ağacı düzəltməyə bənzəyən hüzurlu oturuşlar, tərki-dünya xarakteri verilən inzivalar həqiqətən də xalisdirmi? Özümüz-özümüzü inkar edərək, bu dəfə soruşaq ki, bir insanın xilası bütün bəşəriyyətin xilasıdırsa, bəs onda bəşəriyyət niyə qurtulmur? Mənim bu sualımda da bir iddia olduğu üçün onun yanına əlaqəsi olmayan başqa bir sual da qoymaq istəyirəm; bəşəriyyət nədən, nələrdən qurtulur?! (ancaq bu sualı da hələlik cavabsız buraxaq, çünki həqiqətən mövzuya dəxli yoxdur). Yaxşı, bəlkə elə həmin fikir, yəni bir insanın qurtuluşu bütün insanlığın qurtuluşudur düşüncəsinin özü də simulyativdir? Yəni, insan öz düşüncəsində qurtuluşa nail olduğu üçün, bütün Dünya onun gözlərinə gözəl, hüzurlu və kosmik görünür? Halbuki, sadəlövhlüklə ifadə etsək, onun paralelindəki gerçək dünya heç də belə deyil. Bu bir az da narkotik qəbul etməyə bənzəmirmi? İşi-gücü başqalarından sitat gətirmək olan bir dostumuzun da dediyi kimi, bəlkə elə Marksın işlətdiyi o məşhur ifadənin altında yatan həqiqət də elə budur: “Din xalq üçün tiryəkdir». Axı tiryək təkcə sərxoş etmir, həm də ağrıları, acıları azaldır. Fəqət yalnızca müvəqqəti azaltdığı və müalicə etmədiyi üçün insan ona aludə olur. Eyni şeylər hər dəfə ona yeni gəlir. Çünki onun fərdi və müvəqqəti qurtuluşu həmin o ssenaridəki yalançı hüzurda və simulyativ əlaqədədir. Amma və lakin, xilqətin gərəyi və gerçəkliyin amansız feiliyyəti bu sərxoşluğun onsuz da qısa olan ömrünü yarıda qoyur. Şəxsi azadlıqlar qeydsiz-şərtsiz, tamamilə hər şeydən arınmış, müvəqqəti bir xoşbəxtliyin aktyorluğundan ibarətdir. Əgər o xoşbəxtliyə bir zərrə dünyəvi qayğı, nəfsani ehtiyac-filan qarışarsa, o zaman hüzurun məhlulu tutmaz, reaksiya düzgün getməz. Bunlardan birdəfəlik can qurtarmaq üçün və özlərinin iddia etdiyi "əbədi hüzur«a yetişmək üçün dağ başındakılar hətta rahibliyi seçdilər. Sanki mafiyayla çarpışan fədakar polis rəisləri kimi onlar da ailənin, evin, malın, mülkün onlara mane olmaması üçün həmin şeylərdən imtina etdilər. Sonra da ailəsini-uşağını aranda ac-susuz buraxıb min bir əziyyətlə dağ başına qalxan çöməzlərə ağıl öyrətməyə başladılar — »dünyaya uyma, ailə, ev qayğısına aldanma, sənə tanrıdan daha əzizi yoxdur" və sairə,..
 
Ancaq həmin o Tanrı şahiddir ki, mən bunları ironiya olsun deyə xatırlamıram. Bunlar gerçəkdən də var. Var olan bir şeyi necə inkar etmək olar? Lakin mənim ironiyam bunun üçün deyil. Həmin ustadların, həmin şagirdlərin nəyi nəyin uğuruna qurban verməsidir məni düşündürən şey! Tamam, tanrıya hər şeyini verdin. Bəs əvəzində ondan nə aldın?! Sadəcə hüzura yetişmək üçünmü qurban verdin bütün həyatını? Hanı sənin içindəki Tanrı? Hanı iddia etdiyin o tanrısallıq? Sənin içinə girən tanrı nəylə məşğuldur? Sən Tanrı olandan sonra nə etdin? Yazıq Fəzlullah Nəsimi olmasaydı özünü kimə verəcəkdi? Bəs o biri fəzlullahlar nə iş görür? Onlar nə işə yarayır? Mənim ironiyam bundan ibarətdir? Tanrı insana dönüşəndən sonra belə sakit, hüzurlu, fəaliyyətsiz, bəhrəsiz və cılız olacaqdısa, bu «tanrılaşmaq»dan məqsəd nəydi?
Yox, Tanrı sadəcə bir hüzurdan ibarət deyil. Mən hətta tamamilə əksini düşünürəm; Tanrı əsla hüzurdan ibarət deyil. Hüzura yetişməklə Tanrıya yaxınlaşmaq, hətta tanrı olmaq tamamilə fərqli şeylərdir. Əvvəla, hüzur yoxdur! Bu qədər qısa və sadə! Nədir hüzur? Sözün kökünə baxsaq, ərəbcədə «hazır» deməkdir. Hazır olan hər şey isə, yox olmağa məhkumdur. Yemək də hazır olduqdan sonra yeyilir. İnsan da ölümə hazır olduqdan sonra gedir bu həyatdan. Deməli, hüzur deyilən nəsnə sona yaxınlaşmaq deməkdir. Halbuki, «hüzura yetişənlər»in heç də ölmək fikri yoxdur. Hər kəs kimi onlar da yaşamaq istəyir. Yaşamaq bir yana qalsın, üstəlik yaşatmaq da istəyir. Belə çıxır ki, onların hüzuru yalançı hüzurdur. Əgər tanrı da Buddanın heykəli kimi, hüzurlu və səssiz-səmirsiz otursaydı, hətta müridlərinin daha çox sevdikləri bir variantda, yəni əli qulağının dibində uzanmış bir şəkildə olsaydı, kainatda hərəkət, partlayış, Yer üzündə maqmatik dəyişilmələr, zəlzələ, vulkan-filan olardımı? Maraqlıdır, əli qulağının dibində uzanıb xəyallara dalın deyən də odur, mübarizə aparın, insanları pisliklərdən xilas edin deyən də odur. Bunun hansını edək? Hüzurda qalaq, yoxsa "əmr be məruf, nəhy əz münkər" eləyək? Dünyanın fani, axirətin əbədi olduğuna inanıb, yalnızca Allaha bağlanıb ibadət edək, yoxsa «fani», «puç”, „boş” və deməli “mənasız” adlandırdırdığımız bu Dünyanı düzəltmək üçün əlimizə dəmir silahlar alıb cihad eləyək?! Olmadı, baş tutmadı iddiaçıların bu sevdası! Onların ideyası hər şeyi dəlib keçdi — insan ağlından başqa. Çünki insana verilən ağıl və mühakimə qabiliyyəti sırf, özbəöz xilqətin gərəyidir. Bunu mənə sizin yaratdığınız tanrı yox, bizi yaradan Tanrı verib!
 
 
Müəllif: Fəxrəddin Salimin
Mənbə: sputnik.az
 

0 şərh