Məmməd Araz - Göydən dörd alma düşdü

GÖYDƏN DÖRD ALMA DÜŞDÜ

Nağıl istəyirəm, şirin bir nağıl,               
Nağıl istəyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər — görmədik;
Fillər məğlub oldu qarışqalara,
Şirlər təslim oldu qarışqalara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərçə — görmədik;
Üç alma düşmədi göydən — görmədik;
Heç alma düşmədi göydən — görmədik.
Bu il nağılçılar göylə danışıb:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılçı dostlar;
Nağıl dinləyənlər siz də tələsin,
Göyün də vədinə inanmaq olmaz:
Nağıl qurtarmamış düşsə almalar...
Onda nağılçıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...
 

2 şərh

pascal
Əla.
Lap Bəxtiyar Vahabzadənin «Nağıl — həyat» şeiri yadıma düşdü. Hər ikisində oxşar mənalar var. 
tarixci1919
Şeiri indi oxudum, həqiqətən gözəldi. İstədim hansısa misraları şərhdə qeyd edim. Amma seçə bilmədim, bütün sətirlərdə məna var. Ədəbiyyat ayrı bir dünyadı.